Страницы

11.08.2012

Rəşad Ələkbərov - Onun arzusu

Onun əziz xatirəsinə həsr olunur

7 avqust 2012-ci il saat 18:02, gündəlik həyatımın 9 saatını keçirdiyim masa arxasından qalxıb ofisi tərk edirəm. İrəliləyən saniyələrdə ağır-ağır addımlarla qulağımda qulaqcıq, qırmızı rəngli “Texet” markalı mp3 pleyerdə Madonnanın “You`ll see” mahnısına qulaq asa-asa “AĞA” İş Mərkəzi deyilən 14 mərtəbəli binanı tərk edirəm. Başım yerə dikili halda, fikirli-fikirli səki üzəriylə irəliləyirəm. İstiqamət “Xətai” metro stansiyasınadır.
Həmin gün günəş gözlüyünü də götürməmişdim. Başımı qaldırıb günəşə baxa bilmirdim. 3 gün əvvəl idman zamanı ehtiyatsızlıq nəticəsində qolumda yaranan yara da sızıldayırdı. Əhvalım yaman təlx idi.
Bilmirəm, günəş gözlüyünün yoxluğundanmı, işin yorğunluğundanmı, yoxsa qolumdakı yaramın sızıldamasındanmı? Bəlli olan o idi ki, əhvalım yox idi. Mahnıdakı ağır ritmlər sanki ağır-ağır atdığım addımlarımla birləşib mənə qarşı çıxmışdı. Təxminən 30-40 addım atmışdım ki, birdən sanki içimdən bir səs “başını qaldır, önünə bax” dedi. İrəlidən biri tünd göy rəngli, digəri isə ağ rəngli qısaqol köynək geyinən 2 nəfər oğlan uşağı gəlirdi. Hardasa 12-13 yaşları olardı. Tünd göy rəngli köynək geyinən oğlanın əlində ağ rəngli sellofan torba vardı və əlini onunla bərabər addımlayan oğlanın çiyninə qoymuşdu. Məndən fərqli olaraq hər ikisi iti addımlarla mənə doğru irəliləyirdi. Gülə-gülə nədənsə danışırdılar. Qulağımda qulaqcıq olduğundan nədən danışdıqlarını eşidə bilmədim. Amma bircə bir şeyə əmin idim. Həmin anda mənə elə gəldi ki, bu uşaqlar dünyanın ən xoşbəxt insanlarıdır. Onları görcək illər öncəyə getdim. Üzümdə, az da olsa, təbəssüm yarandı.
İllər öncə Elvin adlı ağbəniz, qısaboylu bir oğlan uşağı vardı. Eyni sinifdə oxuyurduq. Qışda qara papağını gözlərinin üzərinəcən aşağı salırdı. Adama elə gəlirdi ki, indi bu dəqiqə sənlə toqquşacaq. Elvin sidqi-ürəklə sevdiyim insan idi. O, hamı üçün Elvin idi. Mən isə ona Eliş deyirdim. Bütün günümüz bir yerdə keçirdi. Bütün dərslərdə sonuncu parta arxasında yan-yana əyləşərdik.
Nə gizlədim, dərslərlə bir o qədər arası yox idi. Amma nə olsun?! İnsan adam idi. Necə deyərlər, “qızıl ürəyi” vardı. Onu öz canım qədər çox sevirdim.
Qardaş idik, dost idik, yoldaş idik, yoxsa türklər demişkən, kan kardeşi idik. Bunu bilmirəm. Məncə heç önəmli də deyil bu. Önəmlisi olan odur ki, biz bir yerdə çox xoşbəxt idik. Və bunu həm o, həm də mən çox yaxşı anlayırdıq.
Elişin yaşadığı ev bizim evdən o qədər də uzaqda deyildi. Yay aylarında hər səhər hələ dan yeri sökülməmiş onunla görüşər, birbaşa dəniz kənarına yollanardıq. Dəniz kənarında bir az gəzdikdən sonra yancaqlarımızı qum üzərinə qoyub, günəşin doğmasını gözləyərdik. Hər ikimiz xəyala dalardıq. Sonra da bir-birimizin üzünə baxıb gülümsənərdik. Sanki həmin anda mənim nə düşündüyümü o, onun nə düşündüklərini də mən bilirdim. Çox qəribə hiss idi. Axşamları da dənizkənarı parkda gəzirdik. Skamyada əyləşib şirin-şirin söhbət edirdik. Mövzularımız müxtəlif olurdu. Ya məktəbdəki qızlardan, ya müəllimlərdən, ya da hansısa filmdən danışırdıq. Ən çox sevdiyi film kor Homerin “İliada və Odisseya” əsəri əsasında ərsəyə gəlmiş “Troya” filmi idi.
Yadıma gəlir bir dəfə ona demişdim ki, o filmi ona hədiyyə edəcəm. Bilmirəm necə oldusa, o filmi ona hədiyyə edə bilmədim. Günlərin bir günü axşam saatlarında yenə dənizkənarı parkda skamya üzərində oturub söhbət edirdik. Səhv etmirəmsə, may ayı idi. Çox keçmədi ki, ayağa qalxdıq və park boyunca piyada gəzməyə başladıq. Birdən karuseldə səsləri başlarını götürmüş balaca uşaqların səs-küyü diqqətimizi çəkdi. Hiss etdim ki, Eliş bu uşaqları görcək bir balaca özünü itirdi. Bilərəkdən gözlərini başqa bir yerə istiqamətləndirdi. Ona “Nə oldu sənə, Eliş” dedim.
Susdu, cavab vermədi. Beləcə sükut içində bir neçə metr addımladıq. Qəfil başını qaldırıb: “Bilirsən, Rəşad, bu uşaqları görən kimi öz uşaqlığım gözlərimin önündə canlandı”. - Axı nə olub, deyə ondan soruşdum. Bir az gözləyib: “Mənim uşaqlığım bir o qədər də ürəkaçan keçməyib.
Yadıma gəlir, hardasa 5-6 yaşım olardı. Anamla bura gəzməyə gəlmişdik. Karuselləri görcək, anama: “Ana, mən də karusel istəyirəm, dedim”. Anam isə əllərimi sıxmışdı. O vaxt uşaq idim. Bu hərəkətin nə anlam daşıdığını bilmirdim. Sonradan başa düşdüm ki, anam bunu kasıb olduğumuza görə edibmiş. O hadisədən sonra heç vaxt karuselə minmədim.”
“Zarafat edirsən, Eliş?” dedim – “Ciddi sözümdür” dedi. Yerimdə donub qalmışdım. Əlindən bərk tutub: “Gedək” dedim. “Hara aparırsan məni?” dedi. “Karuselə gedirik” dedim. “Nə? Elə şey olar?! Görmürsən, uşaq-muşaqdır hamısı. Camaat bizə gülər” dedi. “Gedirik, vəssəlam.” Onu çətinliklə də olsa, razı sala bildim. Elə karuselə yenicə əyləşmişdik ki, yağış çiskinləməyə başladı. Gözlərimi ona zilləmişdim. Əllərini yana açıb, başını səmaya qaldırıb, ağzı açılı vəziyyətdə qışqırırdı. Gərək o mənzərəni öz gözlərinizlə görəydiniz. Sanki uzun müddət azadlıq uğrunda qəfəsdə çarpışan quşa bənzəyirdi. Gərgin mübarizədən sonra azad olmuşdu. Xoşbəxt idi. Karuseldən düşdükdən sonra boynuma sarıldı. “Çox sağ ol, dost, minnətdaram” dedi. Ardınca da: “Heç bilirsənmi mənim həyatda ən böyük arzum nədir?” dedi. “Nə?” deməyimə heç aman verməyib davam etdi: - Mənim həyatda ən böyük arzum geniş, eyni zamanda sadə bir əyləncə mərkəzi açmaqdır. Orda çoxlu ağaclar, skamyalar və çeşid-çeşid karusellər olacaq. Hamısı da pulsuz. “Pulsuz?” “Hə, pulsuz” dedi. “İlin 12 ayı bu əyləncə mərkəzi işləyəcək. Uşaqlar bezənə qədər bu karusellərə minəcəklər. Valideynləri də onlara tamaşa edəcəklər.”
Bu hadisədən bir neçə il sonra Eliş mənim köməkliyim, özünün əzmkarlığı nəticəsində ali məktəblərdən birinə qəbul oldu. Özü də ödənişsiz əsaslarla. Amma ürək ağrısıyla deməliyəm ki, may ayında yağışlı havada bəhs etdiyi o əyləncə mərkəzini açmaq ona qismət olmadı. Hər gün ali məktəbə gedib gəldiyi avtobusda qəza keçirmişdi. Avtobusda ondan savayı heç kimə heç nə olmamışdı. Avtobusa yaşlı bir qadının mindiyini görüb ona yer vermişdi, özü isə ən arxadakı oturacağa keçib orda əyləşmişdi. Arxadan gələn iri tonnajlı yük avtomobili idarəetməni itirib avtobusa çırpılmışdı... Bütün bunları mənə avtobusdakı sakinlər danışmışdılar.
Bax o 12-13 yaşlı uşaqları gördüyüm zaman bütün bu danışdıqlarım film kimi bir daha gözlərimin önündən ötüb keçdi. Daha addımlaya bilmirdim. Kənara çəkilib daşın üzərində əyləşdim. Qulaqcıqları da artıq çıxartmışdım. Başımı qaldırıb əsəbi şəkildə: “Hardasan, səninləyəm, Elvin, (əsəbiləşəndə onu belə çağırırdım, özü də bunu bilirdi) hardasan? Yalançı! Bəs deyirdin, biz hər zaman bir yerdə olacağıq”. Aman Allahım, mən nə danışıram?! Allahım, məni bağışla! Elvin, məni bağışla! Başımı çiyinlərim arasında gizlədib hönkür-hönkür ağlayırdım. Ağzımın burnumun suyu bir-birinə qarışmışdı.
 Bir təhər özümü ələ alıb dedim: “Eliş, bilirəm, indi məni görürsən. Ruhun indi səmalardadır. Allahın dərgahındadır. Sənin arzunu Yaradanın köməyilə həyata keçirəcəm. Təkcə ona görə yox ki, bunun həyata keçməsini çox istəyirdin. Həm də ona görə ki... Düşünürəm həm də ona görə ki, bir vaxtlar sənin kimi karuselə minə bilməyən azyaşlı uşaqlar hələ də var. Bəlkə də onların sayı azdır. Amma əminəm ki, elə uşaqlar hələ də var”...

Комментариев нет:

Отправить комментарий