Страницы

30.08.2012

Skaypa gəl, sevgilim

Xuraman Hüseynzadə

Marixuana kimi

məni
marixuana kimi
ciyərinə çək
məndən asılı ol
necə ki
mən telefondan
asılı qalmışam
səndən başqa kimsəm yox
gözlərinin küncünə
qısılıb qalmışam
aç qollarını
qolların ötürsün məni
ürəyinə...

Skaypa gəl 

nə cavanşir küçəsində yaşayıram
nə babək prospektində
ünvanımı bilirsən
iks-x
görüş yerimiz

nə universitetin həyətidi
nə də şəhərdəki
qoşa çinarın yanı
skaypa gəl, sevgilim
sən Vyanada
mən Bakıda
baxışaq vebkameradan
gözlərimizdən həsrət yağsın monitora
3 D formatlı film seyr edərcəsinə
hiss edim bu həsrət yağışını
bir azca da ümid asılsın
baxışlarımızdan-
və beləcə
taleyin ədalətsiz hökmü oxunsun...
gözlərimizdən...
biz texnolojilər dövrünün sevgililəriyik
ürəyimiz də hiss etmədən sevəcək bir azdan
ölərkən
ruhumuz da
bədənimizi pultla tərk edəcək
aramızda
elektron
uçurum var
sən gedəli
nə adıma toz qondurdum
nə klavyeyə...
ürəyim
sənə sevgisini
e-maillə yollayır daha
skaypa gəl...

Getmək mümkün olsa...
Gözlərimdən sevinc ayrılan kimi
ayrılıb gedə bilsəydim uzaqlara
yaralı ürəyimin qaysağını qoparan kimi
qoparıb baxışlarımı gözlərindən
gedərdim
mümkün olsaydı getmək...
gedərdim yeni sevgilər olan yerə
gedərdim
məsələn
dənizlə göy üzünün öpüşdüyü üfüq xəttinə tərəf
amma sevgilim
ordan da
ayrılıq qoxusu gəlir
orda da
sevgi var
saflıq var
ölüm var...
mümkün olsaydı getmək
ayrılığı tərk edərdim...
***
yoruldum etiraflarını eşitməkdən
yoruldum səhvlərini
bağışlamaqdan
unutma-
səhv
hədiyyə deyil ki ürəyin kimə istəsə
bağışlayasan...
***
Su pərisi olmaq istəyirəm
gözlərində
içərəm göz yaşlarını
kədərin mənim olsun deyə
kişilər ağlamaz
bilirəm..

Sabahım

Çək əlini əllərimdən get daha,
Mən də çəkim bu taleyin əlindən.
Ümid etmə açılmayan sabaha,
Sonra nə mən ağrı çəkim, nə də sən...

Hər sabahım bir gecədə boğulur-
Hər tərəfi yara yeri, qan yeri.
Günəşi də qan içində doğulur,
Yarasından boy göstərir dan yeri.

Yenə günüm göy əskiyə bükülü,
Şimşək mənim ürəyimdə çaxacaq.
Gözlərimdən yaşlar göyə çəkilir-
Yaralansam, göydən duz da yağacaq.

Ölü doğub sabahımı göy üzü,
Tanrı “qara kağız”a da bəxt yazır.
Qara geyib yas saxlayır göy özü,
Yeriyirəm, yeridiyim yol azır...

Комментариев нет:

Отправить комментарий