Страницы

21.08.2012

Türk tarixi -17


XVII hissə: Tanrının kilsələrini düşərgəyə çevirmişlər…

 OSMANLILAR. Osmanlılar oğuz elinin Qayı boyuna mənsub olub XIII əsrdə (Anadolunun Səlcuqi sultanı olan I Əlaəddin Key Qubad zamanında) başlarında Ər Toğrul bəy olaraq, Ankaranın cənub-qərbində olan Qaracadağ ərazisində yerləşdilər. Bir müddət sonra Ər Toğrul bəy Səqut şəhərini alıb oranı mərkəz seçdi və Səlcuq sultanına bağlı olub bizansçılarla savaşdı. Ər Toğrul bəy 1281-ci ildə öldü, yerinə, Qayıların başına oğlu Osman bəy keçdi. O, bir müddət sonra Osmanlı bəyliyni quraraq istiqlalını elan etdi (1299). 

 Osman bəy və yoldaşları bizansçılarla savaşaraq bir çox şəhər və qəsəbələri əllərinə keçirdilər. Bu zaman Bursa şəhəri Bizansın əlində qalan Anadoludakı ən böyük şəhər idi. Bu şəhəri Osman bəyin oğlu Orxan bəy və ya Orxan Qazi fəth etdi, Osmanlı paytaxtını Bursaya köçürtdü (1326). 
 Orxan bəy bizansçılarla savaşa davam edərək İznik, İzmit şəhərlərini aldı, Üsküdara qədər gəldi. Orxan bəy 1362-ci ildə öldü və yerinə I Murad keçərək özünü padşah elan etdi.
 Bir il sonra Ədirnə şəhəri osmanlıların əlinə keçdi və türklər Balkanlarda irəliləməyə başladılar. Bu hadisədən sonra Avropa dövlətləri xaç yürüşləri təşkil edib, türklərə hücum etdilər. Lakin hər dəfəsində məğlub oldular. Sultan Muraddan sonra onun oğlu İldırım Bəyazid padşah olub Balkanlarda Dunay çayına qədər irəlilədi, İstanbulu iki dəfə mühasirə edib, bizanslılara xərac verməyə və İstanbulda bir türk məhələsi qurmağa müvəfəq oldu.
 Bu zaman Anadoluda Qaraman oğulları hökuməti və Teymurun təhlükəsi İldırım Bəyazidi şərqə tərəf dönməyə məcbu etdi. Qaraman oğulları dövləti digər Anadolu bəyliklərindən fərqli olaraq, özlərini Səlcuqların varisi bilirdilər, bu cəhətdən XIV əsrdə dəfələrlə osmanlılarla savaşmışdılar. Nəhayət, əsrin sonunda bütün Anadolu bəylikləri osmanlı hakimiyyəti altında birləşdi. Lakin bu birlik çox davam etmədi və Teymurun hücumundan sonra yenidən pozuldu.
 İldırım Bəyazid Teymur ordusu ilə Ankaranın şimalında olan Çubukobada qarşılaşdı və çox şiddətli müharibədən sonra məğlub olub əsir düşdü (1402). Teymur onu mehribanlıqla qarşıladı və səkkiz ay müddətində gəzdiyi Anadoluda özü ilə birlikdə gəzdirdi (Gözaltı və nəzarət altında olaraq). İldırım Bəyazid Ağşəhərdə xəstələnib öldü, Teymur isə aldığı şəhərləri yanına gələn bəylərinə verib geri döndü.
 Ankara savaşı adı illə məlum olan bu savaş Osmanlı tarixində bir dönüş nöqtəsi idi. Çünki bu savaşdan sonra yeni birləşmiş Anadolu bəylikləri birliyi yenidən pozuldu, Osmanlı dövlətində də taxt-tac uğrunda İldırımın beş oğlu arasında davalar başlandı, nəhayət 1413-cü ildə Məhəmməd Çələbi I Məhəmməd adı ilə padşah oldu.
 Məhəmməd Çələbi Anadolu və Rumelidə əldən çıxan yerləri geri aldı, Osmanlı birliyini yenidən qurdu. Bu sırada Anadoluda şeyx Bədrəddin üsyan etdi.  
 Şeyx Bədrəddin böyük din alimi idi və padşahın əmri ilə İznikdə otururdu. Orada yeni bir təriqət qurub, gizli şəkildə yaymağa çalışırdı. Türklərin rəsmi tarixlərini (Əmin Oqtay, Tarixi lise; 2-Ətlas yayın evi, İstanbul, 1973) yazdığına görə şeyx Bədrəddin Türkiyədə müxtəlif təriqətləri, o cümlədən ələviləri başına yığıb hakimiyyəti əlinə almaq istəyirmiş.
 Şeyx Bədrəddin üsyanını yatıran zaman beş mindən çox müridləri öldürülüb, özü isə Sərəz alimlərinin fitvası ilə asılmışdır.
***
 Məhəmməd Çələbi 1421-ci ildə Ədirnədə öldü və yerinə oğlu II Murad keçdi.
 II Murad sultanlığı zamanı daxili üsyanlar və xarici savaşlarla məşğul oldu. Anadolu işlərini qurtarandan sonra, Rum elinə yürüş etdi, Səlaniki və Makedoniyanı alaraq Osmanlı imperatorluğuna qatdı. 
 Şərqi avropalılar masonların təhriki ilə bir xaç yürüşü hazırladılar, ordularının başında Macar hökmdarı olduğu halda osmanlılara hücum edib, Sofiyanı türklərdən aldılar və sultan Muradın təklifi ilə barışdılar. Həmin il avropalılar yenidən Varnadan osmanlılara hücum etdilər, lakin məğlub oldular.
 Sultan Murad Balkanlarda, Yunanıstanda türk hakimiyyətini yenidən bərpa etdi. Bu sırada Jan Hunyad macar və almanlardan ibarət mürəkkəb bir ordu ilə osmanlılara hücum etdi, lakin ikinci dəfə olaraq Kosovada məğlub oldu. İkinci Kosova savaşı türklərin Balkanlarda qəti olaraq yerləşmələrini təmin etdi və bir daha səlibçilər hücum etməyə cəsarət etmədlər. 
 Sultan Murad 1451-ci ildə öldü və oğlu Məhəmməd II Sultan Məhəmməd (Fateh) adı ilə padşah oldu. Sultan Murad yaxşı bir şair idi, türk dili və ədəbiyyatında xidmətləri vardır.
 Sultan Məhəmməd Fateh taxta çıxdığı zaman, Osmanlı dövləti Anadolu və Balkanların ən böyük dövləti halına gəlmişdi. Dövlətin hüdudları Rum eli tərəfindən Dunay çayına qədər genişlənmişdi. Bolqarıstan, Qərbistanın böyük bir qismi, Yunanıstanın bütün orta və şərqi hissələri Osmanlı ölkəsinə qatılmışdı.
 Sultan Məhəmməd zamanına qədər İstanbul şəhəri dörd dəfə mühasirə edilmiş, lakin alına bilməmişdi.
 Sultan Məhəmməd əvvəlcədən İstanbulun fəthi üçün hazırlandı. Bunun üçün boğazın ən dar yerində, vaxtilə İldırım Bəyazid tərəfindən tikilən Anadolu hasarının qarşısında Rumeli hasarını tikdirdi və 400 gəmi hazırladaraq, Ədirnədə böyük torpaq tökdürdü. Sonra toplarla bərabər 200 minlik ordu və 400 gəmi ilə İstanbula hücum etdi. Bu zaman İstanbul cəmiyyəti 160 min hüdudunda idi, şəhərdə məzhəb və firqə davaları gedirdi. İmperator əhalidən topladığı 30 min silahlı qüvvəsini İstanbul divarlarına yerləşdirdi. Bu divarların önündə 20 metr genşliyində xəndək var idi. Rumlar körfəzin ağzını zəncirlə bağlamışdılar. Osmanlı dəniz qüvvələri burada toplaşdı və Fatehin təşəbbüsü ilə 72 gəmi quru yerdən, Qalatadan (İstanbulda bir yerin adıdır) körfəzə endirildi. Əvvəlcə yola xüsusi relslər döşəndi (kızaklar) və yağlandı. İstanbul daxildən və xaricdən hücuma məruz qaldı. Türklər İstanbulun ətrafındakı divarları topları ilə yarıb, içəri girdilər. Fateh Aya Sofiya kilsəsinə gedərək, Cümə namazı qıldı. 29 may 1454-cü ildə İstanbul tamamilə alındı. İmpertor isə bir türk əsgəri tərəfindən döyüş zamanı öldürüldü. Beləliklə, Bizans imperatorluğu məhv oldu. Sultan Məhəmməd Fateh ləqəbi aldı.
 İstanbulun fəthini orta çağın sonu- yeni çağın başlanğıcı kimi qəbul etmişlər.
***
 Bizanslı kardinal Bessarion İstanbulun fəthi barədə Venesiya doku Françesko Fosçariyə yazdığı məktubunda belə yazır: «…Amma elə oldu ki, sizin donanma hələ yarı yolda ikən və zəfər ümidiylə düşmənə qarşı təzə qüvvələr gətirilərkən düşmənin yaxın məsafədə olması və mövsümün əlverişsizliyi üzündən, xüsusilə taleyin hökmü nəticəsində barbarlar şəhəri zəbt etdilər. Mövqeyi, qala divarları, möhkəmliyi və hər cür müdafiəsi ilə ən möhkəm şəkildə qorunan bu şəhəri, bəli, bütün bir il boyunca total bir mühasirəyə qarşı dura biləcəyi ümid edilən bu şəhəri barbarlar böyük bir hücumla süquta uğratdılar. İçində bir az insaniyyət qığılcımı olan hər bir kəs, xüsusilə xristanlar tərəfindən təəssüflə qarşılanması lazım gələn və izahı qorxunc olan bir hadisə. Ah, zavallı mən! Ən dərin ağrı-acını duymadan bunu yazmağım mümkün deyil. Belə bir parlaq, belə bir böyük imperatorluğa, olduqca çox ünlü şəxslərə, çox tanınmış və köklü ailələrə sahib olan, bu qədər firavanlıq içində yaşayan, bütün Ellin dünyasının baş tacı, Şərqin şanı və ehtişamı, ən yaxşı elmlərin məktəbi, bütün yaxşı şeylərin sığınağı olan bir şəhər, insanlıqdan ən uzaq barbarlar və xristianlar dininin ən vəhşi düşmənləri tərəfindən, bəli, vəhşi heyvanların ən yırtıcıları tərəfindən ələ keçirilmiş, talan edilmiş, yandırılmış və dağıdılmış, başdan-başa qarət edilmişdir. Dövlət xəzinəsi tükəndirilmiş, xüsusilə sərvət yox edilmiş, tapınaqlar- məbədlər soyulmuş, qızılları, gümüşləri, daş-qaşları, müqəddəslərin müqəddəs əmanətləri və çox qiymətli digər zinətlər aparılmışdır. Kişilər sığır kimi boğazlanmış, qadınlar qaçırılmış, qızlara təcavüz edilmiş və uşaqlar ata-analarının qucaqlarından zorla alınmışdır. Belə böyük bir qırğından qurtulanlar isə zəncirlənərək ya girov aparılmış və hər cür işgəncəyə məruz qoyulmuş, ya da ən utandırıcı köləliyə məcbur edilmişdir. Müqəddəslərə aid tapınaqlar- məbədlər və müqəddəs yerlər lənətlələrlə, işgəncələrlə, tökülən qanlarla və hər cür utandırıcı davranışla ləkələndirilmişdir. Tanrının kilsələrini düşərgəyə çevirmişlər və düşərgələrində Tanrının müqəddəs əşyalarını sərgiləyib nümayiş etdirmişlər». 

(Ardı var)

Комментариев нет:

Отправить комментарий