Страницы

28.09.2012

Düşdüm yollarına gedirəm sənsiz

Ziba Xəlil

Getmə

Yuxum  göy üzündə, içimdə əzab.
Mən bir də nə zaman gülərəm, eşqim?!
Bu sevgini  necə yazmışdı  yazan?
Gəlib qollarında  ölərəm , eşqim!

Nə zaman , nə məkan vecimə gəlmir.
Qəlbimdə tək sənsən, beynimdə  tək sən.
Mən nələr  çəkirəm, bir  kimsə bilmir.
Sən də əzabını  göndər-çəkərəm!


Demə heç  kiminəm, özümün belə.
Səni  sevirəmsə, o mənim canım.
Ruhunu ruhumda hiss  edirəmsə.
O canı, o ruhu qorumaq borcun.

Elə uzaqsan ki,  çata bilmirəm.
Min il yürüsəm də bu yollar bitmir.
Elə içimdəsən, ata bilmirəm.
Getmir,  bu sevdanın acısı getmir.

Əlacı zamandı, son həddi - ölüm.
Sağalmaq istəyən varmı bu dərddən?!
Getməsi, bitməsi, qalması  zülüm.
Qurtulmaq mümkünmü acı həsrətdən?!

Bağla qapılarını qoca dünyanın.
Getmə, Yer üzündən heç  yerə getmə!
Harada  olsan da  Sən mənim canım.
Məni  sənsiz  qoyub,  tarimar etmə!!!

Düşdüm yollarına

Sonu görünməyən bu ayrılığın.
Düşdüm yollarına gedirəm sənsiz.
Gözüm nurun yeyər, ürəyim  yağın.
Düşdüm yolllarına, gedirəm sənsiz.

Ayağıma batar daşı, tikanı.
Soyar qaysaqlanmış köhnə yaranı.
O sevgi  üfüqü harada, hanı?
Düşdüm yolllarına, gedirəm sənsiz.

Gedirəm əlimə alıb məşəli.
Gah kədər içində, gah da nəşəlii.
Zülmünə qatlandım yola düşəli.
Düşdüm yolllarına,  gedirəm sənsiz.

Bir  ümid var idi, indi o da yox.
Bir üfüq  var idi, indi o da yox.
Getdiyim yolların önü, sonu yox.
Düşdüm yolllarına, gedirəm sənsiz.

Yanağına axan yaşam

Yanağına axan yaşa-
Bütün dünyanı verərdim.
Ya  mənimçün  ağlamadın,
                                ya gözündə yaş olmadı.
Bəlkə də sənə verəcək mənim bir dünyam olmadı.
Səni  səndən almaq üçün-
                                       özümü bütöv verərdim.
Ya səndə bir Sən  olmadı,
Ya mən tam, butöv olmadım.
Sənə,  sənə çatmaq üçün
 bütün yolları dənərdim.
Ya sən yolun sonundaydın,
Ya mən yolumu azmışdım.
Məni  ölümünə sevib,
                                     sevməni belə bilmədim.
Ya sevməyi bacarmadın,
                                  ya heç sevmək istəmədin.
Yanana yanarlar dedim,
Bəlkə yandın mən görmədim.
Nə çıxardın həyatından,
                                      nə birləşməyə cəhd etdin.
Özünü üzüb danlama.
Acı  soğan soyar kimi birgün dolarsa gözlərin,
                                                  bu həyatın acısından.
 Buluddan o yanağına bir damla yaş süzülərsə.
Səni  uzaqdan uzağa sevməyə belə dəyərmiş.
O  yaşdan savay dünyada -
                                    sanaram  hər şey hədərmiş.
Qəm eləmə, qaragözüm,
Yanağından axan yaşam.
Heyif  ömür ötüb keçdi.
 Artıq gecdi, nə fərq edər,
 Mən ki canımdan bezmişəm...

Kömək elə

Gedirsən yolun açıqdır.
Get! Yaxşı yol ! Gülə-gülə.
Getməmişdən öncə səni.
Unutmağa  kömək elə.

Kömək elə silim səni.
Xəyalımın gözlüyündən.
Təmizləyim  mən dünəni.
Yaddaşın pəncərəsindən.

Gecələr röyamdan çəkil.
Gündüz boğan fikirlərdən.
Yoluna baxmayım təki.
Sil izini səkilərdən.

Düş xəbər manşetlərindən.
Şöhrətin peşini  burax.
Çıx bu şəhərdən,ölkədən.
Gələrsən arabir qonaq.

Get! Nə olar, yalvarıram.
Ürəyimdən sök özünü.
Zaman keçər sağalaram.
Yetər görməyim üzünü.

Gedirsən, yolun açıqdır.
Get! Yaxşı yol! Gülə-gülə.
Getməmişdən öncə səni.
Unutmağa  kömək elə!

Комментариев нет:

Отправить комментарий