Страницы

28.09.2012

"Tarix bilgiləri insanın ağlında deyil, tarix qaynaqlarındadır, kitablardadır"

“Səfəvilər” kitabının müəllifi Güntay Gəncalp ilə müsahibə

Güntay Gəncalp (Cavanşir) 1966-cı ildə Güney Azərbaycanın Muğan bölgəsinin Limili kəndində dünyaya gəlib. İranda fars dili və ədəbiyyatı, Bakıda və Ankarada isə türk dili və ədəbiyyatı üzrə ali təhsil alıb. Bu günə qədər İranda 3, tərcümə əsərləri ilə birlikdə Bakıda 9 kitabı işıq üzü görüb. Tarix, fəlsəfə və ədəbiyyatşünaslıq mövzularında məqalələrin müəllifidir.

- Tarixi əsər yazmaq asan deyil. Bunun üçün tarixi bilgilərin olması zəruridir. Necə bilirsiniz, özünüzdə bu bilgilərin yetərli olduğuna əminsinizmi və kitabı yazmaq qərarına gələndə bu məsuliyyəti hiss etdinizmi?

-Tarix bilgiləri insanın ağlında deyil, tarix qaynaqlarındadır, kitablardadır. Ağıl bu bilgiləri bir araya gətirib, səbəb-nəticə kontekstində yarğılar. Tarixçinin görəvi sadəcə tarixi hadisələri yan-yana düzmək deyil. Tarixdəki ideyaların doğuş səbəbini, inkişaf sürəcini və nəticəsini araşdırmaqdır. Çox əski zamanların tarixi bəlgələri daşlarda, əşyalarda, yerin altındadır. Səfəvi dönəmi çox da əski tarix deyil. Qərbdə renessansın başladığı dönəmdir. Səfəvi sarayının katibləri çoxlu kitab yazıblar. Bu kitabları oxumadan, əlbəttə ki, o dönəm haqqında bilgi əldə etmək olmazdı.
Ancaq sadəcə bu dönəmin siyasi qaynaqlarını, siyasi amacla yazılmış kitablarını oxumaq da yetərli deyil. Bu dönəmdə din üzərinə, islamiyyət üzərinə yazılan kitabların və açıqlamaların da incələnməsi lazımdır. Çünki tarix kitablarını yazanlar ödül almaq üçün yazıblar. Daha sonrakı dönəmlərdə yazılan tarix kitabları tarixi olayların öz zamanında yazılsaydı, tarixçini öldürərdilər.
Səfəvi qaynaqlarındakı ən önəmli dürüstlük budur ki, səfəvilərin sünni əhalini qəddarcasına qətl etmələri haqqında ayrıntılı bilgi veriblər. Bu haqda bütün Səfəvi qaynaqlarında istisnasız olaraq bilgi var. Bu bilgi başqa heç bir yerdə bu qədər ayrıntıları ilə yoxdur. Bunun səbəbi odur ki, Səfəvilər sünni türkü öldürməyi cihad sayır və bunu dini görəv olaraq anlayırdılar. Həzrət Hüseynin intiqamını Təbrizin türk sünni əhalisindən almağı dini hökm olaraq bilirdilər. Ona görə də Şah İsmayılın törətdiyi türk-müsəlman soyqırımı haqqında Səfəvi sarayının tarixçiləri ayrıntılı bilgi veriblər. Mən bu bilgiləri kitabımda qaynaq olaraq qullandıqdan sonra öz açıqlamalarımı da artırmışam. Bu üzdən də kitabımı yazarkən çox böyük məsuliyyət duyğusu ilə yazmışam. Bir məsuliyyətsizlik varsa, bir əskiklik varsa, kitabımı incələyə bilərlər. Artıq kitab çap olunub və hamı öz fikrini yaza bilər. Kitabın iddialarını tartışıb və yalanları varsa, çürüdə bilərlər.

- Bu kitabı yazmaq üçün sizə nə qədər zaman gərək olub? Kitabın yazılma ideyasını bilmək maraqlı olardı...
- Orta məktəbdə oxuduğum zaman ədəbiyyata çox rəğbətim var idi. Şah İsmayıl Xətainin adı ilə çap olmuş divanı almışdım. Çox sevinirdim ki, bizim tarixdə də türkçə şeir yazan şahımız olmuş. Bir çox şeirlərini əzbərləmişdim. İndi də Xətaiyə aid bir çox şeiri əzbər bilirəm. Məktəbimiz Ərdəbildə Şah İsmayılın məzarına yaxın idi. Bir neçə kərə gedib onun məzarını da ziyarət etmişdim. Təsadüfən Şah İsmayılın farsca şeirlərinə rast gəldim. Gördüm ki, farsca ilə türkçə şeirlər arasında çox fərq var. O zaman bu fərqi sezmişdim, ancaq yeniyetmə olduğum üçün çox da ayrıntılara keçə bilməmişdim.
Elə oldu ki, yazım məni Bakıya gətirdi. Bakıda Şah İsmayıla peyğəmbər kimi sitayiş edildiyini gördüm. Bizdə şah İsmayıla Bakıdakı kimi yanaşmırlar. Xüsusən, Xomeyni sonrası Şah İsmayıla baxış kökündən dəyişib. Çünki indiki şiə teokratizminin təməlini Şah İsmayıl və Şah İsmayılın Livandan gətirdiyi mollalar qoyublar. Bu haqda kitabımda ayrıntılı bilgi vermişəm. Şah İsmayılın zamanında Təbrizə axın edən Livanın mollaları onun oğlu Təhmasib dönəmində də İslam və Türk düşmənliyi fəaliyyətlərini sürdürdülər. Bu haqda Azərbaycanda əsla bilgi yoxdur.
Zatən mən kitabımda Azərbaycanda Səfəvilərlə bağlı nə qədər araşdırma və kitab varsa, onlardan da yararlanmışam. Oqtay Əfəndiyevin də kitabından faydalanmışam. Ancaq Azərbaycanda Səfəviliyin gövdəsi incələnib. Bu qədər molla sürüsünün Livandan gəlib yurdumuzu qaranlıq düşüncələrlə işğal etməsi ilə bağlı heç bir bilgi və kitab yoxdur. Vardırsa, biri çıxıb göstərsin. Sadəcə Şahin Fazilin türkçəmizə tərcümə etdiyi İsgəndər bəy Türkmənin “Dünyanı bəzəyən Abbasi tarixi” var. Bundan da yararlanmışam. Bunun həm tərcümə edilmiş variantından, həm də orijinalından yararlanmışam. Hətta Şah İsmayılın əmri üzərinə Qızılbaşların adam əti yeməsi də bu kitabda verilib. Yəni Şahin Fazilin tərcümə etdiyi kitabda. Şah İsmayılın adam əti yeyib-yedirtməsini mən özümdən çıxarmamışam ki! Özümdən çıxarsaydım, kitabım bütünlüklə yalan bilgilərdən ibarət olardı.
Nə isə, Bakıdakı Şah İsmayıl heyranlığına mən heyrət edirdim. Bu haqda araşdırmalarıma başladım. Türkiyədə “Anadolu xətailəri” adında bir kitaba rastladım. Gördüm ki, tarixdə bir tək Xətai adında şair olmayıb. Onlarca Xətai olub. Anladım ki, Şah İsmayılın hecada yazdığı şeirlər ona aid deyil, Anadolu ozanlarına aiddir. Sonra Xətainin Xorasan türkçəsində şeirləri üzərində düşündüm. Xətai 5-14 yaşını türk olmayan bir mühitdə yaşayıb. İndiki Lahicanda. İnsan da bir dili dərinləməsi ilə bu yaşlarda öyrənər. Daha sonra da Şah İsmayılın ömrü savaşlarda keçib. O zaman məndə belə bir sual yarandı: Şah İsmayıl Xorasan türkçəsini necə öyrənib və bu ləhcədə necə bu qədər qəzəllər yazıb? Anladım ki, Şah İsmayıl Xorasanı işğal etdikdən sonra Xorasan şairlərinə şeir yazdırıb öz adına yayıb. Yəni nə heca şeirləri, nə də əruz şeirləri Şah İsmayıla aid deyil. Qədim zamanlarda şahın şair olması bir üstünlük sayılırdı. Şair olmayan da başqasına yazdırıb öz adına çıxırdı. Farsca şeirlərinin də çoxu Hafizdən və başqalarından çalıntıdır. Bütün bunlar Səfəvi tarixi üzərinə həssas olmağıma səbəb oldu. 20 illik oxumalarım, yaddaşlarım və araşdırmalarım geniş bilgi oluşdurmuşdu. Mənim üçün ən önəmli suallar isə bunlar idi: İslam nədir? Türklük nədir? Səfəviyyətin islamiyyəti və türklüyü parçalaması hansı ölçüdə olub? Çünki səfəviyyətin islam və türklüklə ilgisi yoxdur mənə görə. Burada mən türklüyü sadəcə türkçə danışan insanlar olaraq nəzərdə tutmuram. Türklük bir kimlik və bilinc olaraq nəzərdə tutulur. Yoxsa türk olmanın heç üstün tərəfi də yoxdur, hamımız insanıq. Ancaq türklük öz inancını və kimlik bilincini itirdiyi zaman qızılbaşlaşaraq, Şah İsmayılın əmrinə tabe olub adam yeməyə başlamışdır. Bunu bütün Səfəvi qaynaqları yazır. Şah İsmayıla aid edilən şeirlərdə də Hz. Ömərə, Hz. Ayişə və digərlərinə lənətdən başqa elə də önəmli bir şey yoxdur. Yəni türkçə yazılsa da, bu şeirlər oxucuda lənət və nifrət duyqusu oyadır. İnsanın psixologiyasını pozur. “Quran”da lənətlənmişlərin dışında müsəlmanın kimsəyə lənət göndərmə haqqı yoxdur. Bu, Allahın işinə qarışmaqdır. Ancaq “Quran”da açıqca Əbuləhəb və digər zalimlər lənətlənmişlər. “Allah zalimlərə lənət eyləsin!” söyləmək doğrudur və Quran da bunu istəmişdir. Səfəvilər isə bizim dilimizə “Allah Ömərə, Əbubəkirə, Ayişəyə, Müaviyəyə, Yəzidə, Osmana lənət eyləsin!” kimi sayqısız sözləri əkdilər. Budur Şah ismayılın gerçək mirası.

- Sizin göstərdiyiniz qaynaqların əsaslı olduğunu necə aşkarlamaq və inanmaq olar? Bəlkə göstərdiyiniz qaynaqlar da saxtadır, bunu düşündünüzmü?
- Mənim göstərdyim qaynaqlar kitab şəklində dünyanın bir çox yerində çap olmuşdur. O cümlədən daha öncəki sualda dedim ki, bu qaynaqlar Azərbaycanda da türkçəmizə tərcümə edilmişdir. Örnək üçün siz google-da “Dünyanı bəzəyən Abbasi tarixi” yazın, sonra kitabın PDF şəklini endirib 87-ci səhifəni oxuyun. Bu kitab Bakıda çap olmuş. Həmin səhifədə və bu kitabın digər səhifələrində, eləcə də başqa Səfəvi qaynaqlarında Şah İsmayılın adam əti yeyən dəstələr təşkil etdiyi haqda geniş məlumat vardır. Mənim kitabımı tənqid edənlər o zaman nədən bu kitabdakı bilgini tənqid etmirlər? Mən oradan çıxarmışam bu bilgini. Ayrıca, kitabımla bağlı yazılan tənqidləri də sayqı ilə qarşılayıram. Ancaq onlar isbat etsinlər ki, mənim yazdıqlarım doğru deyil. Mən zəhmət çəkib bu kitabı yazmışam. Qaynaqlarımın doğru və ya yanlış olduğunu isbatlamaq mənim vəzifəm deyil ki. Bu, kitabı tənqid edənlərin vəzifəsidir. Qaynaqların yanlışılığını yalanlasınlar.

- Kitabda əsas ajiotaj doğuran, yeni kimi bilinən hadisə Şah İsmayılın öz anasını öldürdüyünü vurğulamanız olub. Buna necə inanmaq olar, axı tarixi mənbələrdə Aləmşahbəyimin İsmayıldan sonra vəfat etdiyi göstərilir?
- Hansı tarixi mənbə onu göstərmiş? Tarixi mənbənin adını və kimin yazdığını göstərsinlər. Kim yazmış o tarixi mənbəni? Şah İsmayıl anasını öldürmüş. Məni tənqid edənlər deyirlər ki, yox, o, ögey anası idi. Nədən öldürdü? Çünki anası sünni Bayındırlı idi. Türk dövlət gələnəyində daha sonra qurulan dövlətlər öncəki dövlətin mədəniyyətini, kültürünü, inancını tarixdən silməmişdir. Örnəyin Səlcuqlunun içindən Osmanlı doğmuşdur. Əmir Teymur Osmanlını yendikdən sonra onun xalqını inancından dolayı qılıncdan keçirməmişdi. Bayındırlı dövləti Qaraqoyunluları yendikdən sonra onun xalqı və xalqının inancı ilə uğraşmamışdı. Bayındırlı dövləti kimsəni inancından dolayı öldürməmişdi. Yalnız Şah İsmayıl belə hərəkətdə bulunmuş və Səfəvi dövlətini qurduqdan sonra Təbriz mərkəz olmaq üzərə Bayındırlı dövlətinin bütün mənəvi mirasını yox etmiş, kitablarını yaxmışdır. “Quran”ın türkçəyə tərcüməsini, Dədə Qorqud nüsxələrini yaxdı. Sırf sünni olmaları üzündən Təbrizdə soyqırımı törətdi. Soyqırımı nədir? Soyqırımı bir toplumu etnik kimliyindən, ya da fərqli inancından dolayı toplu şəkildə qətl etmək deməkdir. Şah İsmayıl da bunu Təbrizdə, Heratda, Şirvanda və başqa yerlərdə etmişdir. Bu soyqırımına onun anası Aləmşah da düçar olmuşdu. Mən də bunun da arxasında başqa qüvvələrin durduğunu isbatlamağa çalışmışam. 14 yaşında uşaq nə bilirdi dövlət nədir, dövlətçilik nədir? Arxasında duran şüubiyə təcrübəsi idi. Şüubiyənin amacı türksüz İran dövləti qurmaq idi və bunu başardı. Səfəvilərdən sonra İranda türk, düşünməyən fars alətinə dönüşdü. Şüubiyə fars milliyətçiliyinin İslam anlayışı olmuşdur. Hədəfi bəlli olmayan, Anadoluda hələ özünə yurd bəlli etməmiş köçəri türkləri şüubiyə bu amac yolunda qullanaraq həm Türklüyü, həm də islamiyyəti parçalamışdır. Çünki əski Sasani xəyalını ancaq bu yolla gerçəkləşdirə bilərdilər. Bu üzdən də mənə görə qızılbaşlıq ideyası Sasaniliyin yenidən İslam sonrası dirilişindən başqa bir şey deyildir. Onun ilk əsasını qoyan Şeyx Bədrəddin və Nəimi Sasani bucağından baxaraq İslamı açıqlayırdılar. Nəimi “Quran” əlifbasını yasaqlamış və yerinə fars əlifbasını yerləşdirmişdi. Səfəvi-Hürufi arasında bağların olduğunu bütün araşdırmaçılar söylər. Hürufilik də fars irqçiliyi ideologiyası olmuşdur.

-  “Əbülmüzəffər” I Şah İsmayılın ləqəbi olub. Tarixçilər Əbülmüzəffərin Xətai olduğunu yaxşı bilirlər. Fərman mənasında “sözümüz” yazılması çox diqqətəlayiqdir, Şah İsmayılın ana dilinə – Azərbaycan türkcəsinə münasibətini bariz surətdə ifadə edir. Fərmanda əmr mənasında doğma dilimizdəki “buyuruq” sözünün işlədildiyini görürük. Ana dilində imzaladığı fərman aşkar edilmiş, buna nə deyirsiz?
- “Əbülmüzəffər” ərəb dilində uğur qazanmış olanın atası deməkdir. Böylə bir qaynaq yoxdur, yalandır. Varsa, niyə göstərmirlər o qaynağı? Çıxarıb yaysınlar, bizlərdə yararlanaq. O zaman dövlət dili ilə bağlı fərman çıxmazdı. Heç bir Səfəvi qaynağında dövlət dilinin türkçə olması ilə bağlı bilgi yoxdur. Bunlar Türkiyə-Türküstan arasında Azərbaycanı Səfəvi yurdu göstərməyə çalışan sovet uydurmasıdır. Amac isə, Türk Birliyini önləmək olmuşdur? Şah İsmayıl Türk dilini bu qədər sevirmişsə, nədən Türk düşməni olan ruslar və Sovetlər onun qabardılmasına izn verirdilər? Türk deyənin başı getdiyi sovet dönəmində niyə Şah İsmayılı qırmızı bayraqlı rəhbər kimi göstərirdilər? Niyə Stalin izn verdi Pişəvəri Təbrizdə “Qızılbaş” adında ordu düzəltsin? Niyə? Çünki bütün bunların hamısı Türkiyə və Türküstan düşmənliyi çağrışdırırdı. Şah İsmayıl elə fərman çxıarsaydı, bütün tarix kitabları türkçə yazılmazdımı? Hər dönəmdə şaha yaltaqlanan və mədhiyyələr yazan bir sürü adam olur. Elə olsaydı, Şah İsmayıla türkçə nəsr və nəzm şəklində mədhiyyə yazanlar olmazdımı? Hanı türkçə o mədhiyyələr? Nədən Səfəvilərdən qalan türkçə miras 4-5 növhə şeirindən başqa bir şey deyil. Bu haqda mən tarixçilərin araşdırmasını tərcümə etmişəm. Səfəvilər dönəmində türkçə məktublar ora-bura yazılmış. Bu haqda mənim tərcüməmi buradan oxuya bilərsiniz: http://guntaytarix.blogspot.fi/2010/05/safaviler-devleti-ve-turk-dili_2009.html. Ancaq bunlar barmaq sayı məktublardır. Səfəvi dönəmindən qalan farsca qaynaqlar qarşısında bunlar heç bir şeydir. Şah İsmayılın elə bir əmri olsaydı, 24 illik öz iqtidarı dönəmində yüzlərcə əsər türkçə yazılardı. Bunların hamısı sovet uydurmasıdır. Bunun doğruluğunu iddia edənlər qaynaq göstərsinlər ki, filan kitabda, filan səhifədə belə yazılmış. Yoxsa adam öz duyğularını tarixə yükləməklə qaynaq oluşmaz. Ayrıca, Şah İsmayılın belə bir fərmanı olsa da, bu, onun törətdiyi yersiz qətllərə bəraət qazandıra bilməz. 20 min adamı Təbrizdə Hz. Hüseynin intiqamını almaq üçün qətl etdi. Hz. Hüseyni türklərmi öldürmüşdü? O zaman biz heç müsəlman deyildik. Ya da Hz. Hüseynin şəhid edilməsindən sünni müsəlmanlar məmnunmu olmuşlar? Hz. Hüseyn şəhid edildiyində zatən şiə-sünni hadisəsi hələ tarixdə yox idi, daha sonra yarandı. Yəni Şah İsmayıl bütün əsərlərini türkçə yazdırsaydı, dövlət dilini Türk dili etsəydi də, suçsuz insanları qətl etməsi qəbul edilməməlidir.

-  Sizin fars rejiminə satıldığınızı və ya hansısa fitva əsasında bu kitabı (yəni, sifarışlə) yazdığınızı düşünənlər var. Buna münasibətinizi bilmək istərdik.
- Mənim kitabım böyük bir zəhmətin və həqiqəti aramanın nəticəsidir. Həqiqət də günəş kimidir. Ona birbaşa baxmaq olmaz, adamın gözünü qamaşdırar. Çox adam həqiqəti duymaq istəməz. Çünki həqiqət insanı düşündürər və düşünmək qədər əzablı bir şey yoxdur. Düşünmək rahat həyatın nəticəsi deyil, narahat insanın işidir. Düşüncə əzabına qatlanmaq istəməyənlər belə sözlər söyləyirlər. Deyəlim ki, onlar doğru söyləyir. Mən farsa satılmışam. Axı mənim yazdığım doğruların farslıqla nə ilgisi? Mən Səfəvi qaynaqlarını qullanmışam. Özümdən çıxarmamışam ki. Özümdən çıxarsaydım, indi bir çox Səfəvi heyranları bir-bir bu qaynaqların yalan olduğunu ifşa edərdilər. Niyə etmirlər? Söz qonusu tarixi olaylar üzərinə araşdırmadır. Bunun satılmışlıqla heç bir əlaqəsi yoxdur. Mən türkəm, müsəlmanam və çağdaş bir insanam. O zaman Səfəviliyi “ipsiz dəlilər” adlandıran Hüseyn Cavid dəmi fars adamıdır? Rəsulzadə Səfəviləri türklüyü yox edən tələ adlandırır. M. Ə. Sabir, Nərimanov Səfəviliyi inanc şəkli olaraq tarixdən yox etmək istəyən Nadir şahı göylərə qaldırırlar. M. S. Ordubadi Nadir Şahı səfəvi xəstəliyini ortadan qaldıran dahi kimi təqdim edir. Bunlar da farsa satılmışlar? Mən Rəsulzadənin, Cavidin və keçən əsr aydınlarımızın yarımçıq buraxdığı aydınlanma hərəkətini davam etdirdim.

 -  Türkiyənin Hatay bölgəsinin Xatai ilə əlaqəli olduğunu iddia edənlər var. Bu haqda bilginiz varmı?
- Bu haqda ayrıntılı bilgim yoxdur. Ancaq Hatay sözünün Xətai ilə bağlı olduğunu sanmıram. Buna nə Osmanlı dönəmində izn verilərdi, nə də Cümhuriyyət dönəmində. Çünki həm Osmanlı, həm də Cümhuriyyət dönəmində Xətaiçilik təhdid kimi idrak edilmişdi. İndi də Şah İsmayılın varsi olan İran İslam rejimi həm Türkiyənin, həm də Azərbaycanın düşmənidir. Bu rejimin ən önəmli şəxslərindən biri olan Haşimi Rəfsəncani açıqca “biz Səfəvi varisiyik” dedi.

P.S. Bu mövzunun hələ çox “su aparacağını” bildiyimdən hər kəsin fikrini bilmək maraqlı olardı.

Gülnar Məsimli, "Discovery Azerbaijan" jurnalının redaktoru

Комментариев нет:

Отправить комментарий