Страницы

05.09.2012

«ERQENEKON» TƏLƏSİ

 Həmid Herisçi

DUQİNİN QIZIL ALMASI. Xətrini çox sevdiyim bir Təbriz fədaisi vardı əvvəlki sovet Bakısında- gözlərini qıyıb bir az diqqətlə baxsan ona deyərdin ki, əsl SS zabitidir, 1945-ci il Berlin xarabalıqlarından birtəhər canını qurtararaq öz ayaqlarıynan durub gəlib uzaq Xəzər sahillərinə. Sübh tezdən oyanar, pencərəni açar, mənzilinə düşən al-əlvan günəş şüalarını ürəkdən salamlayar, başlardı idman etməyə, sonra övladlarını bağrına basar, radioqəbuledicini işə salıb İrandan gələn verilişlərə xüsusi diqqət ayırar, arabir nəsə qeyd edərdi əlindəki meşin üzlü dəftərçəyə. O, öz amallarına nə qədər sədiqdiysə, seçdiyi pinəçiyə, dəlləyə də eyni dərəcədə sədaqət göstərər, heç vaxt onları dəyişməzdi.
Onun seçdiyi pinəçini sonra AZ.TV də «seçdi» özüyçün, Orxan Fikrətoğlunun müəllifliyi ilə bir veriliş hazırladı bu sənətkar pinəçi haqqında. Dəlləyi erməni Serqey idi həmin Təbriz fədaisinin-neynək, bu bir həqiqətdir, gərək boynumuza alaq, biz həmişə başımızı erməni ustasına etibar etmişik. İstəmişik ki, erməni ustası nəinki saçımızı, bir az dərinə gedib, düşünən qafamızı da səliqəyə salsın bəzi vaxtlar. Beynimizdəki xeyir-şərin yerini dəqiq müəyyənləşdirsin, ay brəkallah, düşmənlərimizin acığına, qəşəng bir tağ da ayırsın onların tən arasından.
Həmin bu dediyim Təbriz fədaisi vəfat etdikdən sonra, qəribə əhvalatlar silsiləsi baş verdi Bakıda-təbrizlinin pinəçisi də, dəlləyi də, arvadı da, kababçısı, çayçısı da – siyahını uzatmaq istəmirəm - öz dünyasını dəyişdilər. Beş-on il sonra həmin acı əhvalatı yaxın dostum, filosof, «Rusiya İslam Komiteti» cəmiyyətinin rəhbəri Heydər Camala danışarkən qəribə cavab aldım:
- «Qədim skif tayfalarında rəhmətlik padşahlar bütün xidmətçiləri ilə birgə dəfn olunurdular. Demək istəyirsiniz ki, barəsində danışdığınız Təbriz fədaisi bir skif şahı idi Bakıda? Vəfatından sonra bütün ətrafını özüylə dartıb haqq dünyasına apardı?»
***
Dünya «Avraasiya» hərəkətinin ulu öndəri Aleksandr Duqini, deyəsən, bəli, skif padşahlarının bax bu dəli taleyi, adəti gözləyir yəqin ki. Bildiyiniz kimi Duqin, «Erqenekon» adlı gizli təşkilatın baş ideoloqu elan edilib Ankara məhkəməsinin son iddiası əsasında. Ancaq bilin, işlər belə davam etsə, siyasi məzarlığa bir skif padşahı kimi gedəcək o- özüylə birgə «paşa» Vəli Küçükdən tutmuş vəkil Kamal Kerincsiz, «Cümhuriyyət» qəzeti baş redaktoru Attila İlxan, antiqlobalist Doğu Perincəkə qədər 200 yaxın tərəfdarını da aparacaq siyasi məzarlığa, şək-şübhəsiz. Kremlin son zamanlar xeylax sevdiyi «avraasiya» ideyası da, şayət, həmin skif kurqanında dəfn edilsin.
Bəli, hazırlaşın, Güney Rusiyanın yovşan ətirli ucsuz-bucaqsız çöllərində bir skif kurqanı da arta bilər.
Yaxşı, skif padşahları qalsın bir kənarda, sual olunur, hardan başladı axı bütün bu cəncəl əhvalat?
Deyək dəə hardan.
Nağıllara inansaq, padşahlar qocaldığı vaxt dərindən ah çəkirlər, ancaq, bu ah-nalələri cavabsız qalmır əsla-qapıda elə həmin andaca nurani bir dərviş peyda olur, əbasının cibindən çıxardığı qızıl almanı qocaman padşaha təqdim edir, doqquz ay, doqquz həftə, doqquz gün, doqquz dəqiqə sonrasa…
…Ankara məhkəməsində «Erqenekon»çuların məhkəməsi başlayır.
***
«Erqenekon» əfsanəsinin izahında nağıl təhkiyəsindən istifadəmiz sizləri təəccübləndirməsin haa… Biz «Qoca padşah» deyincə, gözləriniz önünə xeyli yaşlanmış atatürkçüləri, Kreml hakimlərini gətirin. Bəli, neynək, ideoloqemaları xeylax qocalıb bu yazıq bədbəxtlərin, tez-tez bom-boş ətraflarını baxıb dərindən ah çəkirlər.  Bəzi indiki alimlər isə keçmişin qara dərvişləri kimidirlər -qulaqlarını şəkləyiblər çağdaş padşahların saraylarına, təki, ordan qoca şahın bircə «ah!» nələsi sızıb gəlsin, yetər, «alim baba»lar tez həmin ünvandakı qapını döyəcək, «ya qismət!» deyərək, xəstə prezidentlərin ovcuna ölməzlik vəd edən bir qızıl alma basacaqlar.
Həmin «alim baba»lardan biri kim olsa yaxşıdır, soruşuram sizlərdən? –yaxşı, siz susun, cavabı özüm verirəm- Aleksandr Duqin, çağdaş rus avraasiyaçılarının öndəri, məşhur konspiroloq alim, indiysə, «Erqenekon» işi üzrə başlamış məhkəmədə, bu türk sui-qəsdçilərinin baş ideoloqu kimi elan( bəlkə edam?) edilmiş yazıq zavalı bir dərviş baba… İstanbul xotkarının naləsinə cavab olaraq sən gəldin Topqapı sarayına, qızıl almanı-yəni, «avrasiyaçılıq» ideoleqemasını, götürüb basdın əməkli türk generallarının titrək ovuclarına. Görüşləriniz, Hollivud estetikasına uyğun şəkildə, İstanbul Türk Provaslav kilsəsi iqamətgahında keçirilirdi…
Mən isə, bu binanı görüncə anında şübhələnərdim-«Türkiyyə bir müsəlman ölkəsi…Neyçün bizi kilsəyə yığırlar? Bəlkə sabah «gizli provaslav» elan edib türk ictimaiyyəti önündə biabır etmək istəyir hansısa gizli qüvvələr bizi?»
Vallah, mən Duqini çox yaxşı anlayıram-rus provaslavları Konstantinopolu həmişə öz son məqsədləri biliblər, Aya-Sofiya kilsəsi daim onların fikrini məşğul edib, əvvəl, bəli, düşmən kimi baxıb onlar türklərə. Sonra islamla provaslaviyanın oxşar cəhətlərinə fikir veriblər, düşünüblər ki, Aya-Sofya kilsəsini bəzəyən müsəlman yazıları kor təsadüfdən qaynaqlanmır, bəli, İsayla Məhəmmədi sıx tellər bağlayır bir-birinə.
Lakin qədim Roma kotolik kilsəsini, Amerika kəşfiyyatını gərək unutmayaydı bu insanlar, ehtiyatlı davranıb, düşmənə gərək imkan verməyəydilər bu növbəti rus-türk anlaşmasını pozmağa.  
Hə, yoldaş Duqin, QRU general-mayoru ailəsində doğulub boya-başa çatasan, «Konspiroloqiya» əsərində dünya pərdəarxasını ifşa edəsən, ancaq noolsun, lap axırda, ay aman, özün, məhz özün yenə gəlib düşəsən həmin o dediyin quyulara. Belə olmaz.
Yaxşı nə baş verib, nə baş verir indiki Türkiyyədə dediyim məhkəməylə ilgili olaraq?
Gəlin bu barədə bir araşdırma aparaq.
KƏŞFİYYATÇILARIN SAVAŞI. «Dünya tarixi» anlayışını beynimizdə canlandırınca, biz, neyçünsə həmişə hərb salnaməsini vərəqləyir, Normandiya, Stalinqrad, İran-İrak, Koreya, Vyetnamda gedən hərbi əməliyyatları yadımıza salırıq. Lakin, bu o demək deyil ki, sülh dövrlərində, bəli, guya müharibələr olmur. Olur, özü də lap yekəsindən. Adına «kəşfiyyatçı müharibələri» deyilən həmin savaşların gizli xronikasını yaxşıca bilmədən istər köhnə, istər müasir tarixi, hətta, həyatın özünü(!), bəli, qulağınızı sırğa edin- dərindən qavramaq mümkün deyil! Həmin «kəşfiyyatçı savaşların»dan öncə isə, unutmayasız haa! – tarixçi alimlər guya ki, yeni bir «mövzu» ətrafında yorucu müzakirələrə başlayır, «beynəlxalq konfrans»lar təşkil olunur beşulduzlu otellərdə, prezidentlər həmin iclas salonlarına yığılmış «alim»ləri salamlayır.
Keçək dediklərimizin əyani sübutuna.
1968-ci ildən başlayaraq sovet şərqşünaslıq elmi, bismillah edib, bir yeni mövzu atır dünya tarixçilərinin kasıb süfrəsinə – Kuşan imperiyası ideyasını! Kuşanlar, eramızın əvvəllərində Orta Asiyadan çıxaraq indiki Əfqanistan, Pakistan cöğrafi ərazisini işğal etmiş, orda öz imperiyasını qurmuşdular guya ki. Sovet Şərqşünaslıq İnstitutu başkanı Y. Primakov, B.Qafurov həmin ideya ətrafında uzun zaman dinc durmur, bir neçə beynəlxalq elmi konfrans təşkil edirlər həmin mövzuda. Hətta YUNESKO belə bu tədbirlərə qoşularaq bəzi çoxbilmiş, müstəqil alimlərin tənəli qınağına səbəb olur-tədqiqatçılar pıçıldaşmağa başlayırlar ki, «bəli, hazırlaşın, KQB təzə qurğu qurub özüyçün, deyəsən həmin coğrafi ərazidə iş görməyə meyillənib, bir azdan görərsiz bu işin acı nəticələrini. SSRİ Nazirlər Kabineti başkanı Kosıqin, hərif-zaddı bu qədər «alim»i Düşənbədə yeyib-içməyə dəvət etsin, öz təbrik teleqramıyla iştirakçıları alqışlasın? YUNESKO-nu bu işə bulaşdırmaq, bəli, zarafat iş deyil, demək, beynəlxalq güclərin gözəgörünməz iştirakıyla xüsusi məxfi əməliyyat hazırlanır Əfqanistan ətrafında, bir çox ölkələrin məşhur kəşfiyyatçıları həmin görüşlərə dəvət olunur, təlimatlandırılıb əla alınır, yaxud orda bizimkilərin özü satın alınır YUNESKO vasitəsiylə, vəssəlam»
1979-cu ildə sovet ordusunun Əfqanistana girməyiylə «Kuşan imperiyası» əməliyyatı, «elmi» dövrünü başa vurur, başlayır onun hərbi-siyasi mərhələsi. Y.Primakov, bəli, məhz «şərqşünas» Primakov bu əməliyyatı hazırlayıb açarlarını ötürür sovet generallarına. Son nəticədə «Kuşan imperiyası» əməliyyatı kommunizmin məzarına çevrilir. «YUNESKO mütəxəssisləri» bundan sonra həmin mövzunu birdəfəlik unudurlar, indiki şərqşünaslıq elmi kuşanların adını artıq çoxdan öz küt yaddaşından silib.
1958-ci il Fizuli, 1973-cü il Nəsimi beynəlxalq konfransları da elə həmin kəşfiyyatçıların tövləsində balalayıb-o vaxtlar İrakda Kral Feysəl rejimi yıxılır, Surayida İsraillə müharibə başlayır, Bəxtiyar Vahabzadə isə, «diqqət –diqqət!», həmin tədbirlər çərçivəsində «Şəbi-Hicran» poemasını, Habil isə öz Nəsimi dastanını qələmə alırlar. «Xüsusi əməliyyat-konfrans»lara həmişə bu cür dekorasiyalar gərək olub axı! Təki, hələb, Bağdad arasında gəl-get olsun bu «ədəbi mövzu» ətrafında!
Heyif səndən, ay Duqin! Gərək yaxşı öyrənəydin sovetlərin bu təcrübəsini, ən azı, atanla gərək yaxşıca məsləhətləşərdin bir, «Erqenekon»un qulpundan əl atıb yapışdığın vaxt. «Avraasiya» ideyasına bütün türkdilli məkanı qoşmaq istədin, Nazarbayevdən xeyir-dua aldın, gedib çıxdın Türkiyyə Ordu Baş Qərərgahına, əsərlərin orda çap olundu, başına min cür tərəfdar yığıldı İstanbulun asma körpüləri önündə. «Erqenekon»çular guya ki, ideoloq elan etdilər səni özlərinə. Lakin, bütün bunların arxasında gizli bir NATO əməliyyatının keçirildiyini əsla sezmədin.
***    
SSRİ mirasının MDB şəklində indiyəcən yaşaması, bəzi antisovet dairələrini- ay aman!- hələ də rahatsız edir. İyirmi il öncə xəyanət nəticəsində vətənimizi dağıtmış bu xain qüvvələr indi həmin əməliyyatın ikinci-ANTİMDB variantını həyata keçirmək əzmindədirlər. Beləliklə, «diqqət- diqqət!», danışır ölkəmizin bütün radiostansiyaları: « SSRİ-MDB məkanı üzərinə, ayıq olun, 1988-91-ci illərdəkinə oxşar yeni hücum mərhələsi başlayıb!»
BİRİNCİ MİSAL: Öz antisovetizmiylə ad çıxarmış Baltikyanı ölkələrə, Ukrayna, Gürcüstana bu günlər okeanın o tayından eyni oxşar əmr gəlib-«sovet simvolikasını qanunla yasaq edin, kommunizmi faşizmlə eyniləşdirin!» Baltika sahillərində, Ukrayna radasında belə bir qanun artıq qəbul edilib, Azərbaycanda isə xalqın təpkisindən qorxan məmurlar bunu gizlicə həyata keçirir, sovet ulduzlarını, abidələrini şəhərimizin küçələrindən yığışdırırlar. Xoruzun quyruğu isə Zahid Orucun parlamentdəki çıxışında özünü büruzə verdi- həmin əmri öz çıxışlarının birində səsləndirməklə, o, bir çox gizlinləri üzə çıxarıb. Sübut edib ki, okeanın o tayında hazırlanmış yeni siyasi xəritədə Bakının yeri indi ANTİMDB sistemi tərkibindədir. Həmin sistem artıq tam şəkildə okeanın o tayından təlimatlandırılır-siyahıdakı ölkələr, öz ünvanına eyni standart əmrlər, eyni göstərişlər alır. Bəlkə də həmin geosiyasi əraziyə Ağ evdə xüsusi gizli bir kod da əlavə eləyiblər (məsəlçün, belə deyək, «6STD» gizli kodu)
İKİNCİ MİSAL: təxminən 20 il öncə nə oldu, hə?-sovet ordusu ölkəmizi tərk etdi. İndi bunun ikinci mərhələsi başlayır-müdafiə qüvvələrimizin əsaslandığı köhnə sovet sistemi, hə, sən demə, yamanca köhnəlib, onu təcili olaraq NATO standartlarıyla əvəzləmək lazımdır. Hadisələrin 15 il öncə hazırlanmış ardıcıllığına fikir verin bir:1992-də Qızıl ordu vətənimizi tərk edir, indi, 2008-də həmin ordunun «quruluşu» müdafiə sistemimizdən qovulur. Qarabağ münaqişəsini «həll etmək istəyən» Metyu Brayza, Vaşinqton elçisi Enn Derslə birgə gəlir Müdafiə Nazirimiz Səfər Əbiyevin qəbuluna, sonra…sonra, heç nə-«konfliktoloq» Brayzanın nəfəsi «ordu» mövzusuna dəyincə, ay aman, orda yeni «konflikt» yaranır-kimsə, əl telefonuyla orduda(!) çəkiliş aparır, zabitlərin sıravi əsgərləri döydüyü səhnəni lentə alır, ötürür internetə, natopərəst mətbuat anında hərəkətə keçir, politoloqlar başlayır müsahibə verməyə…
Bəli, bu gün bütün Avrasiya qitəsində rus kəşfiyyatı QRU ilə NATO qüvvələri –təəccüblənməyin!- «xəfiyyə müharibəsi» aparır-Baltik sahillərində, Yerevan, Tiflis, Kosova, Kiyev, Bakı, Aşqabad, Varşava, nəhayət Ankarada baş vermiş bir çox siyasi hadisələrin görünməyən tərəfi, bəli, bununla qırılmaz sıx tellərlə əlaqədardır, birdəfəlik biləsiz.
Duqinin müqəssir sayıldığı «Erqenekon» məhkəməsini (məzhəkəsini!) də məhz həmin siyahıya əlavə edək ki, bu acı mənzərə tam dolğunlaşsın. Ən maraqlısı:Burda bir qəliz, çox gizli bir məsələnin izi sezilir-Türkiyyə, Azərbaycan, bütün Avraasiya ərazisi, Rusiyada hədəfə alınmış arzuolunmaz qüvvə təxminən eynidir- ORDU. HƏRBİ QÜVVƏLƏR!
Neyçün? Gəlin bu sualınıza cavab verim, sizə bəlli olsun ki, Türk ordusu, Azərbaycan müdafiə qüvvələri, sovet mirasından əl çəkməmiş QRU niyə bu gün imperialist, əksinqilabçı qüvvələrinin haqsız qəzəbinə duçar olub -«Erqenekon» məhkəməsinin bu işə birbaşa aidiyyatı var.
«XALQ ORDULARI»NA EYNİ ZƏRBƏ. «Türk ordusuyla sovet qoşununu birləşdirən ən ciddi cəhət nədi belə?» sualının, nə cür düşünməsən, bircə cavabı var-hər ikisinin «xalq ordusu» olmağı! Bəli, ümummilli hərbi mükalifiyyət bu iki ordunun necə deyərlər ana nüvəsidir, bunu danmayaq. Belə ordu modelləri isə, hər zaman, xüsusən fəhlə-kəndli inqilabları dövründə öz millətinə güllə atmaz. Amerika hərbi komandanlığı, məsəlçün, bunun acı təcrübəsini Vyetnam müharibəsində görüb, iki əlli qapaz vurub başına ki, vaxsey, xalqı silahlandırmaq, müftəcəsinə hərb meydanına yollamaq lazımı nəticə vermir-istər orduda, istər cəmiyyətdə antiimperialist ovqat yaranır. Lenin özü, 1-ci Dünya Savaşı dövründə imperialistlərin silahlandırdığı geniş xalq kütlələrini «antiimperialist, antimilitarist xalq ordusu» sayır, «tüfəngə sarılmış insan»ı («çelovek s rujyem») inqilabın əsas rəmzi bilirdi. Oktyabr inqilabını yatırtmaq üçün Murmansk, Odessa, Vladivostok limanlarına çıxarılmış anqlo-fransız-amerikan ordusunun az sonra bolşevik təbliğatına yoluxması, fəhlələrə güllə atmaqdan imtina etməsi, kommunizm toxumlarını öz vətəninə daşıması, bəli, hələ  1919-cu ildə U. Çerçilli xeyli təşvişə salmış, son nəticədə həmin hərbi hissələr SSRİ ərazisindən çıxarılaraq təcili olaraq tərksilah edilmişdilər.
İndi «Yeni Orta Şərq» lahiyəsini cızan qara qüvvələr, İrak, Əfqanistan təcrübəsindən  yaxşı bilirlər-gələcəkdə toqquşacaqları müqavimət qüvvələri kimdir, nəçidir. Bilirlər, bəli, bu bölgənin xalqıyla toqquşacaqlar, ordakı satqın hakim elitalarla imperializmin razılaşmadığı bir konu belə yoxdu axı! Hə, bax bu zaman həmin ərazidəki hərbi qüvvələr, milli ordu onlara mane olacaq, doğma millətinə güllə atmayacaq. həmin səbəbdən o bölgədəki öz hərbi qüvvələrini belə, bəli, muzdlulardan təşkilatlandırıblar. Bizim, rus, türk, azəri ordularını da məhz «xalq ordusu» kimi görürlər, buna görə, -ay bərəkallah!- həmin hərbi gücləri yeni, necə deyərlər «NATO standartı» ilə əvəzləmək fikrindədirlər. Yəni xalq ordusu deyil, əli silahlı muzdlular gələcəyin «Yeni Orta Şərq» lahiyəsini xalq qəzəbindən qorumalıdırlar. Dediyimiz o muzdlu ordunun bir qolu da İrakdakı «Azərbaycan leqionu»dur bəlkə də. Bəli, gələcək ordumuz , həmin model, həmin təcrübə əsasında yaradılacaq.
Birdən çaşıb Moskva, Ankara generallarının-qoca qurdların, bu barədə məlumatsız olduqlarını düşünsəz, demək hərifsiz, qanınız getdi, yox, dediklərimizi daha yaxşı bilər onlar. Birləşdikləri nöqtə də elə budur-ordunu qorumaq, xalqa arxa çevirməmək çətinə düşdüyümüz bu dar məqamda.
Rusiya Baş Ordu Qərargahı zabitlərini, QRU-nu elə bax bu da gətirib çıxarmışdı əski Bizans imperiyasının, Türkiyyənin qapısına. Səddam Hüseyna qarşı beynəlxalq muzdlu ordusu yaradılarkən, yadınızdadırsa, Türk mehmetciyi bu əclaflığa qatılmamış, NATO-ya icazə verməmişdi öz ərazisindən istifadə etsin. Burnu ovulmuş Brüssel dərk etdi ki, «Yeni Orta Şərq» lahiyəsini gerçəkləşdirərkən türk mehmetçiyinə güvənmək olmaz.
Duqin vasitəsiylə danışıqların aparıldığına mən qətiyyən inanmıram. Aleksandr Gelyeviç orda ancaq elmi-nəzəri söhbətlərlə bir çoxlarının səbrini tükədib, vəssəlam. Nələr, bəli, nələr yada düşməyib həmin danışıqlar zamanı – başlayıblar Leninlə Atatürkün, Frunzenin hərbi əməkdaşlığından, Moskvanın o vaxtkı ac-yalavac Ankaraya, əliyalın türk ordusuna müftə silah, pul-para verməyini xatırlayıb keçiblər indiki oxşar siyasi durumun müzakirəsinə. Düşdükləri ağır vəziyyət, 1920-ci illəri yenə yada salır deyə, belə nəticəyə gəliblər lap axırda: «Təmasları davam etdirmək gərək».
***
Lakin, bütün NATO ordularında olduğu kimi, türk hərbi qüvvələri nəzdində də gizli bir başqa NATO mövcuddur axı- ümumnato «Qadio» şəbəkəsinə daxil olan tam məxfi «Erqenekon» təşkilatı -diqqət!- bax burda, tarrrap, ortaya hoppanıb başlayır işverənliyə.
Sizdən xüsusi diqqət tələb olunur məqaləmin bu yerində-baxın bir, Türk ordusu 1920-ci illərdə sovet yardımıyla əmələ gəlib, necə deyərlər kor-kor, gör-gör. Məşhur rus yazıçısı Yakob İliçevin «Türk kərvanı» romanını oxuyun barı bir dəfə, day artıq sual verməyin mənə. «Erqenekon»un isə, bax bu «Lenin-Atatürk ordusu» modelinə qətiyyən aidiyyatı yoxdur, əfəndilər, o Moskvayla deyil, Vaşinqtonla imzalanmış 1952-ci il Sürex müqaviləsi məhsuludur, bildizmi, hə?!
Əvvəl, gizlincə, bu türk «Qladio»su millətçilərin əliylə solçuların anasını ağladıb Bosfor sahillərində, dəfələrlə ordunu məcbur edib hərbi çevrilişlər etməyə. Türkiyyə basını, 70-80-ci illər  antikommunist hərbi çevrilişlərinə «modernistik», islamçı Erbakana qarşı 1997-ci il hərbi müdaxiləsinə  isə «postmodernistik hərbi devrim» ayamasını yaxşı yaxıb haa, deyəsən!
Demək, türk «Qladio»su vaxtilə bədbəxt kommunistləri, islamçıların birinci dalğasını siyasətdən yuyub apardığı kimi, indi də, bəli, həmin axarda hərəkət edib-Duqinin «avraasiyaçılıq» hərəkətini salıb öz siçan tələsinə. «Sübut edib» ki, bəli, Kreml, Türkiyyəyə qarşı əvvəlki kommunistik siyasətini hələ də təqib edir, Ankarada yenə müdhiş çevrilişlər etmək niyyətindədir guya. Nəticədə Moskvanın uluslararası imicinə yox yerdən zərbə dəyib.
1924-cü ildə məşhur eser terroristi Boris Savinkov da, QPU-nun belə bir qurama oyununa düşüb, «Trest» adlı antisovet cəmiyyətinin varlığına inanaraq, SSRİ-yə gizlincə qayıdıb, sonra həbs edilərək mühakimə olunub.
Eh, əzizim yoldaş Duqin, rus tarixinin zəngin təcrübəsi neyçün yadınızdan belə tez çıxdı Konstatinopol sokaklarında?
«AVRAASİYA» GƏMİSİ-KƏLMƏSİ. «Avraasiya» kəlməsinin Türkiyyədə həmişə başı ağrayıb, türk MİT-i ilk dəfə bu rəmzi koddan 1995-ci ildə istifadə edib, çeçenlərin qoltuğuna yel verib ki, «gedin, Soçi-Trabzon xəttində işləyən bərəni ələ keçirib sərnişinlərini girov saxlayın, heç nə, dünya basınına həyəcan dəqiqələri yaşatmaq lazımdır bizlərə». Həmin əməliyyatın gizlinləri türk basınında artıq çoxdan işıqlandırılıb- bu barədə  başqa söhbətlərə indi inanın ehtiyac yoxdur.
Türk MİT-inə quzu kəsim! – Duqinin simasında o indi həmin «Avraasiya» əməliyyatının ikinci mərhələsini həyata keçirmək niyyətindədir deyəsən. Ancaq bir az peşəkarlığınızı artırsanız işlər dönüb olar «əla!», əfəndilər -bunca pinti əməliyyat etdiyiz yetər artıq, yorulduq vallah naşı, türklər demiş «amator» fəaliyyətinizdən.
Yazıq Duqin, sən də bu türkləri adam bilibsən, o cür dərin söhbətlər aparmısan Bosfor yaxasında! Hardan biləydin ki, İstanbulda divarların həm qulağı, həm də qulaqcıqları var.
Söz yox, əksər erqenekonçulara mən «gizli xəfiyyə» adını verməzdim. Lakin sıralarında şübhəsiz, bir-iki işverənin mövcudluğunu gəlin danmayaq.
Erdoğan Hökuməti bu şou-məhkəmənin bir paslı qurşunuyla iki anaş dovşan vurmaq istəyir-birinci «dovşan» gizli «Qladio»dur, hə, Vəli Küçük simasında təmsil olunan həmin natoçuların «küçük» takımı, deyəsən öz sonuncu teatr tamaşasını verir, sübut etmək istəyir ki, bu qüvvə daha islamçılara qarşı deyil, yenə də moskvapərəst türk güclərinə qarşı işlədiləcək. İkinci «dovşan» Moskvadır. Daha doğrusu, rus hakim elitasının hərbi qanadı, yəni QRU. Vaşinqton burda, Erbakanın əliylə, onlara ağır zərbə vurmaq istəyir. Axı, 2006-cı il tarixli Duma qərarına görə, vaxsey, bu üç hərifli adın yiyəsinə xaricdə əməliyyat keçirmək imkanı tanınıb…
***
Darıxmayın,Moskva-Vaşinqton münasibətlərinin sonrakı taleyi narahat etməsin qoy sizi. Onlar Türkiyyə barəsində həmişə dil tapıblar. Məsəlçün, 1980-81-ci il Türkiyyə, Polşa hadisələri, təxminən eyni cür həll olunub hər iki dövlətin razılığı əsasında-birində «Qladio» hakimiyyətə yiyələnib (Kənan Evrən), Moskva buna qarşı etiraz etməyərək kommunistlərin qırılmağına göz yumub. Polşada da eyni hərbi çevriliş «Solidarnost»a qarşı yönəlib, Vaşinqton bir az qışqırıb, Şopenin «Polonez»ini radiolarda dəfələrlə səsləndirib, sonra səsini xırp kəsib. Bildüz? - Varşava müqaviləsi, NATO ölkələri həmişə öz aralarında oxşar nöqtələr taparaq onları «razılaşdırma» yoluyla həll ediblər.
Mehmet Əli Aqca kimisinin polyak Roma Papasına güllə atmağına gəlincə, o vaxtlar gizli rəmzi məna daşıyıb bu  –«Polşa, Türkiyyə, Qladio, Solidarnost, bozqurd, kommunist, Kenan Evren, Yaruzelski, kotolik kilsəsi» kimi kodların qırıq-qırıq, ancaq çox mənalı silsiləsi, nə vaxtsa öz dəqiq düzənini tapacaq, bir səlis vahid cümlə şəklində tələffüz ediləcəkdir. Həmin kodları lazımı ardıcıllıqla düzmək lazımdır ancaq.
Fəqət, Duqin, Erqenekonun timsalında, belə oxşar qarma-qarışıq bir mətn, düşünən beyinləri əsla həyəcanlandırmır indi.
Nə varsa, gün kimi aydındır, vəssəlam.

marakaqol@rambler.ru

Комментариев нет:

Отправить комментарий