Страницы

05.09.2012

İbrahim Sel. Tələbkar tələbə -1

Tale xətti

Tələbəlik illərində bazar günündən
betər gün yoxdur
Bu gün həyat durğun
və duyğular susqun olur
səhər tezdən durub gözümü
telefona çox zilləmişəm
dünən tanış olduğum qıza
zəng etmək istəyirəm
di gəl ki telefonunu almaq
yadımdan çıxıb
heç vaxt bir şeyə yaramadım
bir az üz göstərdilər ki
ağzım qızışır
və əsas məsələlər yaddan çıxır
Neynək yaz ora, Tale
yemədi getdi
bu da bir Tale xətti

qoy rədd olsun
onsuz da biz sevişsəydik
üst paltarlarını çıxarmayacaqdı
nəyimə lazımdır belə sevgi
qoy özünə 18 yaşında
oğlan tapsın
ərincəklik tutub məni
saata da baxmıram
bezmişəm artıq
onsuz da 12 rəqəmindən
birinə ya işləyəcək
ya qalacaq
ya da ən pis halda
tamam olacaq
Atalar deyib
yüz baxmaqdansa
bir çıxmaq yaxşıdır
Duraq çıxaq şəhərə
görək nə gəlir başımıza
Televizorda boş-boş danışan
Mübariz Tağıyev
sən də sus orda
Yenə də bazar dolu ciblər boş
çiynimə atdığım pencəyimin də
cibi boş
vicdanım kimi
Ancaq yox
siqaret varsa cibdə bir qutu
basılmaz vətən
bir də həmişə tapılar
qara bir qəpik
cuppulu bir saqqız almaq üçün
başımızı qatmaq üçün
yaşasın baş nazir
irəli
girirəm marketə
burda da əsəb allahı
kəsir başların üstünü
müdir bağırır yenə
səhərin gözü açılmamış
satıcının üstünə
böyük şey olub
cəhənnəmə tozludur
vitrinlər yenə
bununçün əsəbləşməyə dəyərmi heç?
ancaq heç tozluya oxşamırlar axı
bəlkə sənin eynəyin
tozludur, burjuy?
Və yaxud baxır
hansı tərəfdən baxırsan
bura bax, müdir
bəlkə axşam arvadın
verməyib sənə?
onunçün belə hirslisən
və satıcının üstünə tökürsən
hə, deyəsən korennoylar deyib bunu
ki səhər yuxudan
pis əhval-ruhiyyədə duran adamlar
yaxşı tərbiyə almayanlardı
indi bu ağır təhqiri
öz üzərinə götürəsi deyilsən ki
eh, bizim müdir tayfası da
qəribə məxluqlardı
səhər tezdən qanını
it qanına döndər
bütün günü dilxor gəz-dolan
yerişini-duruşunu itir
içinin acısını zərrə qədər də
günahı olmayan adamların
üstünə tök
nə olacaq axırı
bizə verilən zəhəri
başqasının üstünə ötürməsək
sakitləşə bilmərik
o da qoy başqasını zəhərləsin
tale xəttimiz bax beləcə
dövrə vursun
düşüncəsiz hərəkətlərimiz
neçə nəfərin ovqatını təlx edir
indi nə edək ki
arvadın sənə verməyib, əclaf
heç xoruzlanma
danlama bu zavallı qızı
dirol da almaram
problem yox bu sarıdan
onsuz da ac tələbə
heç kimlə öpüşməz
özünə saxla dirolunu
axşam məşuqənlə çeynəyərsən
bəli, insan sevişəndə
daha bol və xoş enerjiylə yüklənir
daha çox çalışır
daha az nifrət edir
və hər kəsə sevgiylə yanaşır
uğurlar sənə
çıxıram küçəyə
yel vurur
əsəbdən portmüş üzümə
siz deyin nədən
yolunu azmış kimi görünür bəzən
gah sağa gah sola düşüb
yanımca yüyürən bu kölgəm
zəhrimar! saatımı unutdum yenə
televizorun üstündəmi
stoldamı
krovatdamı?
Nə bilim
ancaq unutdum saatımı yenə də
yol boyu düzülmüş
fındıq və alça satanları
nifrətlə seyr edirəm
keçirəm
tüklü kişilər
bədənləri portağal qabığı kimi
büzüşmüş yaşlı qadınlar
yarıçılpaq
göbəyi sırğalı gənc qızlar görürəm
bir xəstəxananın qarşısında
ağ xələtli qəssablarımızı görürəm
salam
görəsən sizin həkimliyə
nə qədər dəxliniz var?
Əclaflar
mənim böyrəyimin
hər ikisini çıxarıb
küçədəki itlərinizə atın
pulunuz yoxdursa satın
bölüşün baş həkiminizlə
mən bu azərbaycan adlı palatada
böyrəksiz
hətta ürəksiz də
yaşamaya bilərəm
Küçənin o üzündəki məsciddə
evroremont gedir
yaxınlıqdakı şadlıq evində isə
fışfışanə düdüş toyudu
mənimsə başımda qasırğalar
ağzımın içində nikotin dadı
şalvar beldən düşür
itmişəm bir şalvar bir köynək içrə
cibimin küncləri deşik
yayın istisi
qəmin tüstüsü
çəkir məni imtahana
Daha nələr var tələbə menyusunda
əlbəttə ki yağlı söyüşlər
boş boşuna küçələri gəzərkən
acqarına, yalqızcasına
bu soyuq şəhərdə
daha nələr gələr tələbənin başına
ac qarın tanımaz sevgi-məhəbbət
ac tələbə sevəndə yorğanla əyişər
sonda da yorulub var-yoxunu söyər
siyasət xanımın
davam edək yolumuza
bu də müstəqillik prospekti
dünən hisin-palçığın içindən çıxanlar
bu gün buğlana-buğlana gəzirlər
tələbə isə qırılır
qədimlərdə babamızın düşməni
Təpəgöz olub
bizimki təpəgöz dərd
asif ataları
yumağa döndərən dərd!
Tələbənin həmişəlik
ömür-gün yoldaşı
alın yazısında tərlə yazılmış
parıltılı bir ştrix
qaniçən milli burjuaziya
tıx nə qədər tıxırsan
sıx nə qədər sıxırsan
ordumuz ordunuzdan batıqdı
sönükdü qaçan batayın
ordusu tək
yaxşı ki biz hələ
sizinlə bir arada deyilik
ənamlarınıza aldanıb
qakqıldamamışıq
hardasan 11-ci qızıl ordu?
bəli, yoldaşlar
sovet dönəmində seks yox idi
əsl seks indi gedir
Ac köpəklər
mersedeslərdə gəzir
lopa bığları sallanır
qızıl dişləri parıldayır
yekə qarınları
ulğumlarından başlanır
Görəsən başqa şəhərlərdə də
bu cinsdə
mersedesdə gəzən köpəklər olurmu?
Açıqcasına deməliyəm ki
ac olanda bu suallar
məni mazg edir
Bir az irəlidə bir köpək
boynu kəndirdə
kəndirin bir ucu qoca köpəyin əlində
yoldan keçir qoca dilənçi
kimsə imza atıb
gözünün altına qara yumruqla
yoldan keçir qoca dilənçi
və ehtiyac şaqqıldadır dişini
hürür köpəyə qoca dilənçi
guya niyə kolbasa atır
qudurmuş yiyəsi köpəyə
Eh, dilənçi, nə işin var
köpəklə
o da insandır
bəlkə də insandan da
insandır
Ümumiyyətlə belə görünür
bizdə iki cür olur insanlar
dik duranlar
və C vəziyyəti alanlar
Oppa!
Xanım oçkiniz düşdü
əyilib götür
keçib əziyyətdən
mən əyilən deyiləm
ona görə yox ki
bomba oğlanam
ona görə ki
mən sənin gözündən
çoxdan düşmüşəm
pulsuzluğumla
Opa!
aziya-yevropa
öz aramızdı
Oçki gözünüzdə olanda
avropalıya bənzəyirdiniz
gözünüzdən düşəndə
asiyalı çıxdınız
qıyıq gözləriniz o dəqiqə
bayıra tullandı
O qərbliydi sanki,
bu bir şərqli
burda deyiblər bum!-
sivilizasiyalar toqquşdu
caz və saz duet
Hə, qıyıqgözlü qıpçaq qızı
bilsən maşınım var
bilsən evim var
varım var
yəqin ki sevərsən məni
vidimə də baxmazsan böylə
asiyalısan axı
əvət
pulum olsa mən də
çox orijinal bir oğlan olardım
səninçün
hə sən öl
heç özünü dartma göylərə
sən böyük ola bilməzsən yavrum
kiçiksən çox kiçik
yalnız mənə layiqsən
əyil əyil götür
yerdəki eynəyini
nə olsun böyük şərqin qadınısan
zavallı
duyğuları
içi bomboş
qul kimi satılmış
və izi silinmiş
şərqinin böyüklüyü yox daha
əyil əyil götür
mən əyilməyəcəyəm sənin yerinə
bax belə
asiyalıya əyilmək
necə də yaraşır
davam edək dalşe
küçənin tinində camaat yığışıb
və ans çəkir
nimdaş kostyumlu bir yazıığı
uzadıblar yerə
maşın vurub
nol yeddi imiş deyirlər
çıxıb aradan
uzadıblar üzü qibləyə
belə şeylərə maraqlı xalqımız
yığışıb başına
kimliyi bilinmir
bəs necə
gözlərinə baxacaqlar
ürəyini yoxlayacaqlar
cibinə belə, əl atacaqlar
kimliyin ürəklərindən deyilsə…
Ağzın qanlıdırsa tüpürmə, canım
Burda torpağın da gözü var
alnın fəlakətin aynasıdır indi
Gülüşlərini belə gizlətməyəcək kimsə…
Sus ancaq sus
Burda falş yol tutub gedir…
cibindən qara qəpik pullar
və ağ təbaşir qırıqları çıxır
yarımcan zavallının
Ooo! Aydındır
Gələcək kolleqa!
müəllim olub yazıq
adpu-nu qurtarıb yəqin
o da bizim kimi
ey misir müəllim
gəl işçini apar
cərcənək oldu
uzaqlaşıram oradan
Ah köksümdəki kokos
ürək- bu sirli əzələ
yenə göynətdi şoğərib
belə getsə validolsuz ötüşməyəcək
heyf
mərkəzi küçəni bağlayıblar
fırlanıb keçmək lazım gələcək
heyf
bu gün oralarda sülənəmək
xoşbəxtliyi nəsib olmayacaq bizə
Prezident korteji keçəcək
yəqin yenə də harasa
istirahətə gedir birinci
müxalif kütlə qəzəblə baxır
qoltuqlarında qəzetələri-
bu propoqanda kağızları
nə olub nə gözünüzü zilləmisiniz
naftalin iyi verən biveclər
Prezident yevnux ola bilməz ki
ixtiyarı var yesin
içsin
mahnı oxusun
çünki hər halda adamdı
portret deyil
büt deyil
heykəl deyil
davam edək gedək
rütubətli zirzəmilərin
ofis olmaq sevincinə
şərik çıxan günəşin
utancaq baxışları altında
bu balaca retro ev
gör necə qısılıb binaların altına
şəhərə nəzarət edən o zalım tiran-
“Gilan-xoldinq”in qaldırıcı kranı
onu görməsin deyə
hər yerdə xoldinqlər
həzrəti biznesin seksualları
bütün girişləri kölgələyiblər
dəblər sərgilənib fontan bağında
ağ maya metis qızların
sırğalı göbəkləri üryan
sevdalı duyğular yatırım yığır
bəbəklər bədən yalayır
bir kimsədən utanmadan
havada eşq qoxusu qurtarmaz
bir tərəfdə bir cüt
bir-birinə möhkəm-möhkəm sarılaraq
cənnətə yol arayırlar
dodaqlarının köməyilə
gülümsünə-gülümsünə keçir
başı jellənmiş bəmğəyaz bir oğlan
bəlkə zina cocuğuydu
kim bilir
ortalıqda bir məşhur deputatsa
məşuqəsi olan jurnalist qıza
müsahibə verir
arxası heykələ
xarici görünüşcə cəlbedici
sifətinin rəngi
yetişmiş buğdayabənzər
ucaboy qıyıqgözlü olurlar
bizim deputatlar
elə qız da ona bənzəyir
elə bil bacı-qardaşdırlar
deputat nəsə basıb bağlayır
jurnalist qızsa yalandan gülümsənir
yox day-day
mandatla qəlbə seviş girməz
get seçicilərini otar
Bir qız da sallaşıb
bir oğlanın yaxasından
Tı takoy vkusnıy, yerazik
ey qaqaş, sən deyəsən
işə keçmisən
O oyunu ki, açmısan
bu Yurta adlı
tatar xanımın başına
hökmən onu almalısan
kəbin kəsdirməlisən onunla
başqa yolu yox artıq
başqa yolu yox artıq
yenə də haradasa
səslənir bu mahnı
oyadır məni hisslərdən
Davam elə qaqaş
düz tutmusan
sevginin bir yolu var
o da seksdir
əlahəzrət seks
başqa yolu yox artıq
başqa yolu yox artıq
Nizamidi də
öz leyli-məcnunuyla
saxta ülvi sevgini
sırıdı bizə
atdı bizə atdı
o gəncəli balası
Oho!
tanış üzlər, tanış səslər
budur vaxtilə
mitinqlərdə bar-bar bağıran
qocaman xalq şairi
Parapetdən düşür üzü aşağı
Necəsən şair
Kayfı varmı?
Bir başını qaldır
ətrafa bax
gör nələr var
vaxtilə proletariata
ölürəm səninçün deyən
qızlar indi
səninçün ölərəm
deyir pullu oğlanlara
Bu da bir yenilik
bir  hərf dəyişib
sizin şüar dolu
bağırtılarınızdan
qızların ehtirası
pul kisəsində qaçıb gizlənib
bir daha yüksələn təzyiq
bir daha enməz
istəyirəm qalxam
gicgahımı yüksələn fəvvarənin
altına tutam
bəlkə bu sakitləşdirə əsəblərimi
heç bu da kömək etməz
Hey
uzun dirəklər kimi
arxamca sürünən
kölgəm
Gəl gedək burdan
sürünək üzü bulvara
yoxsa zay edəcək mədəmizi
çürük dönərlərin tüstüsü
dərman reklamlarından baxan
tox yəhudi balalarının
rişxəndli gülüşləri də
kömək etməyəcək bizə
Salam Bakı bulvarı
mənim kirli dənizim
səni salamlayır ac
azəri oğlu
mən Azərbaycan mülkündə
heç bir cənnət görmədim
hər nə gördüm əyri gördüm
başqa halət görmədim
şəmi tək yandı canım
pərvanələr fərağında
qaranlıqlar, bəsdi daha
qoy gündüzə çıxım gedim
həyatım başdan ayağa
ayaqdan başa
səhvlərlə dolu
bezdim daha
əgər bu təhsildirsə
onda mən kosmonavtam
bir-iki dəfə istədim
institutu atım qaçam
atama və onun verdiyi xərcə
yazıqlığım gəldi
eh, dünyaya gəlişim yanlış
yaşamağım yanlış
bir tək budur həyatımın
ən düzgün addımı
intihar
bu yazını oxuyan tələbələr
əzizlərim
siz intihar etmək fikrinə düşməyin
yaşamağa dəyər
bizə udmağa hava veriblər
bəs necə
bir də ki gözəl xanımlara
pulsuz baxırıq
daha nə istəyirsiniz?
Həp bərabər oxuyaq:
sağ ol şəhər meriyası
keçid dövrünü
bir cür bir təhər yaşadıq
müstəqillik illərini də
jımıx yeməklə keçirdik
indiki dövrü ancaq
sağ qalmaq üçün
gəmirişmək dövrü adlandırmaq olar
bu gün aclıq kabusu
məmləkətin üstünü dolaşmaqdadır
irsidir xəsətəliyimiz, irsidir
atamız acgözlükdən öldü
biz də acından ölürük
dua oxuyaq Sovet hökümətinə
həp bərabər
xoşbəxt uşaqlığımıza görə
həp bərabər oxuyaq
qəbri nurla dolsun
qayğıkeş kişi olub Stalin
yazımın bu hissəsini də
uşaqlıq illərinin yarısını
bu xoşbəxt quruluşda yaşamış
yarısını bu quruluşun
dağıntılarında itirən
həmyaşıdlarıma həsr edirəm
uşaqlığımızı pis keçirmədik, dostlar
Sovetin məktəbli konfetlərinə
taxta peçenyelərinə
qırmızı şirin xoruzlarına
gün çatmaz
uşaq bağçalarının
boyalı təpəciklərinə
ağ önlüklərə,
qara donlara
göy məktəbli kostyumlarına
ay çatmaz
pioner qalstuklarına, saç lentlərinə
komsomol nişanlarna
il çatmaz
qaldı arxada artıq
ömrün xoşbəxt anları
dörd mövsum
yeddi qitə
mavi göy üzü-
bütün təbiət, hardasınız?!
Salamat qalın sevgililər
Uşaqlar
universitet tələbələri
gənc qızlar
sonsuz hava dənizi
pionerlər
və ulduzlar
salamat qalın
simfoniyalar
oyun havaları
sevda nəğmələri
və şeirlər
salamat qalın
salamat qalın
dostluq məktubları
səsimizə səs verən şəhərlər
xatirələr dartır məni
ayılıb görürəm ki
bulvarın daşına çatmışam
Gərək hökmən ataq
özümüzü Xəzərə
dalğalar bizi götürə
uzaqlara
çırpa ruhumuzu qayalara
Ancaq onda qurtara
dərdlərimiz?
Yox biz belə etməyəcəyik
Elə deyilmi, dəniz quşları?
Gör necə də xoşbəxtdirlər
biri oturur, biri uçur
yenə qağayıları
yığıb başına
batan gəmilərin və şəhərin
nağılını danışır dənizim
Yelkənlə gəmilər də
dalğaların ritmində
Arxadasa
satıcılar
foto aparatçılar
rəssamlar
boşalmayan oturacaqlarda
əmişən tanışlıq elanları
Qanımın qara vaxtında
hardansa peyda olurlar
züy püfləyənlər
dümbəy dələnlər
buxara papaqlı
girzavoy sapoqlu
aşıqlar dəstəsi
şou yapıyorlar
köhnənin kişiləri
çal aşıq çal
əli dəryazlı ölüm tanrısı
yar olsun sizə
qanım it qanına dönmüş
canım it canı
Bdışş!
Sağ ol ağsaqqal!
bir tuş
bir mahnı çal
nə kitaba yazılıb
nə dəftərdə yer alıb
nə də kişilikdə payı yoxdu
Dalıyca bir atəş
İmza
Ağ çaqqala hörmətlə
Allah özün saxla
nağaraçıya nə oldu
birdən birə
papağın içinə deyəsən
xırda pul atdılar
cingilti diksindirdi onu
qoydu üstə
deşir dümbəyi
eşir yerində
vurub tut arağından
güc nümayiş etdirir
off… baş-qulağımız dəng oldu
zəhrimar lap əsəblərə işləyir
düdük zurna da
kaftar kimi ulayır
əclaf saz isə
lap dənizin dibini silkələyib
o tərəfə keçir
cəhənnəm segahı
başına götürüb bulvarı
Aman allah
burda da qoymurlar
rahat ölməyə.
Mən getdim evə!

Aldanmış ulduzlar

Mən hələ də buraxdığın yerdəyəm
gözlərim dikilib yollara
və gözləyirəm dönüşünü.
                                            Əsən.



Solğun aylı gecədə
ulduzlar sarsıntıda
yenə həmin görüş yeri
Alovlanır köksüm vulkan tək
və ürək
arzularla çırpınır
Danışmırdım ki
qaranlığı diksindirərdim.

Onunsa
gözlərində islaq kipriklər
əlinin arxasıyla silərək
ürəyi qan
köksü qan çanağı
Dinməyirdi
susqun idi.

Ulduzlar
öz yolunu azmış yolçu tək
boylanıb tamaşa edir
ürəklərdəki mehin
gecə rəqsinə.
Bir ulduzsa axır
sanki sevgi dalınca…

Sükutu o pozdu
əzqin qaranlıqlara
çevirərək
donuq baxışlarını.

“Düzmüdür?”
titrək səslə soruşdu.

Yox, belə səhnə
mənlik deyil.
“Hə. Evlənə bilməyəcəyik.
Anam icazə vermədi”-
tez-tələsik söyləyib
qaranlığa sarı
sivişdim.

Amma üşürdüm
soyuq zülmətdə
Gizildəyən şüurumda
çat verir qaranlıqlar…
    
Terror

Bəri başdan deyim ki
gəl bakı-ceyhan kəmərinə
toxunmayaq
onu heç xəyalına da gətirmə
Demək,
Səni günün batısında sevdim
və gecənin qaranlığında
Səhər alatoranlığında
bir başqa ləzzət
Musiqi mərkəzinin
işıqfor fonunda
Xalça tapa bilmədik 
kovralitin üstündə
Hətta manyakın peyda olduğu
meşə massivinə də getdik
körpünün altında alınmadı
çünki polislər gəldi
Eybi yox, baqajın üstündə qalsın
kreditə maşın götürənə
Hətta fürsət tapıb
qardaşının bağ evində
gizlicə sevişdik
Qardaşımın qarajında
saya alınmır
çünki dəmir instrumentlər
yanını yaman əzmişdi
Mətbəxdə stolun üstündə,
vannada
anangildə
demirəm
çünki onu
uşaq da bacarar
Ancaq səni
güzgünün qabağında sevdiyimi
unutmaq olmaz
çünki o zaman
özümü gördüm.

Fəsillər
          
İndi isə səni soruram
Hər əsən yeldən
Hər yağan yağışdan
və
hər solan çiçəkdən.
                            Əsən



Həyat elə yazda
qəfil yağan yağışın
onun yanağında itirdiyi
göz yaşlarıdı
silib itirmisənmi?
Demək hələ yaşamamısan.

Həyat elə yayda
qısqanc dalğalar önündə
onun göbəyinə tökdüyün
qum dənəcikləridi
Küləyə vermisənmi?
Demək hələ yaşamamısan.

Həyat elə payızda
xəzanın tökdüyü yarpaqlar
üstündə uzanaraq baxmaqdı
onun tutqun gözlərinə
bir şey oxuya bildinmi?
Demək hələ yaşamamısan.

Həyat elə qışda
sakitləşən quru qardan
ona atdığın lopalardı
uğunaraq
Hədəfə tutmusanmı?
Demək hələ yaşamamısan.

Комментариев нет:

Отправить комментарий