Страницы

07.09.2012

OTUZ YAŞIN İLK ŞEİRİ

Elməddin Nicat

Bu günlərin qara günü,
Dünənin ağ yolu dərdim.
Doluların boş ünvanı,
Boşluqlardan dolu dərdim.

Kök-köməcli sal qara daş,
Kəsərli dil, havalı baş.
Qapısında qul-qaravaş-
Özü sevda qulu dərdim.

Səpilməyib qan toxumu,
Ruhum qada, qan qoxumur.
Ürəyimin qan qohumu,
Ululardan ulu dərdim.


Arzularım bala quşdu,
Ağrın, acın bala tuşdu.
Səndən gələn bəla xoşdu,
Nə göndərsən olu dərdim.

Yellər əsdi başındaca,
Kəklik oxur daşındaca.
Ömrün otuz yaşındaca,
Sipsilə, dopdolu dərdim.

Комментариев нет:

Отправить комментарий