Страницы

21.09.2012

Sənin xəbərin olmadı


Kənan Hacı

Sümüyüməcən islandım bu yağışda,
Özümü cəzalandırdım sənin ad günündə!..
Sonra səhərə qədər uçundum qızdırmadan,
Dişimi dişimə sıxıb səsimi çıxarmadım,
Nə qədər aciz və çarəsiz olduğumu anladım...
İçki şüşəsinin qapağını səninlə açdım,
səninlə içdim bütün gecəni,
xəbərin olmadı...
nələr eləmədim, nələr...
keç günahımdan...
özümü yağışa döydürdüm səhərə qədər...


İtmək istədiyim yerdə

Dumandan sıyrılıb çıxdın qəfildən,
qollarımın halqası qədər
kiçildi şəhər,
nəfəsin dəydi üzümə,
bədənin axdı köksümə,
ağız dadını bildim...
səndən əvvəl nəfəsim belə titrəmirdi,
köksüm belə geniş deyildi,
uzaqlar bu qədər yaxın deyildi,
itmək istədiyim yerdə tapdım səni...

......
Adını yazmadığım şeirlərdə
yoxluğun uçurum qədər dərin,
Sənə susamışam,
dodağımdakı uçuq sənsizlikdəndi...
Sən yoxsan, darıxıram,
sənsiz zaman tank kimi keçir üstümdən,
özümü tox tuturam,
təbəssüm işarəsiylə
gizləyirəm kədərimi,
sümüklərimin xırçıltısını
batırır təbəssümüm...

adını yazmadığım şeirlərdən
külək kimi əsib keçirsən,
nəfəsin hopur sözlərə,
nəfəsin şeh kimi üzümdə qalır,

adını yazmadığım şeirlərdə
adının boş qalan yerini
nöqtələr əvəz edir

......
Zaman səni mənə uduzdurmasın,
Sən yaşa dünyada,
mən ölüm sənsiz.
Bir dəqiqəlik şeirlə məni yad etsən,
bəsimdi...
bağışla,
adını yazmadım yenə...

Комментариев нет:

Отправить комментарий