Günel Eyvazlı
Hər gün səni düşünmək, hər gün səni unutmaq
Tök daşı ətəyindən,
Ağırdır yıxılarsan,
Yıxılıb ağlayarsan.
İstəmirəm göz yaşı,
Ələxsus gözlərinin,
Duyğusuz gözlərinin.
Yollar çoxdan öyrənib,
Addımına, izinə,
Mən də sənə öyrəndim,
Öyrət səni özümə,
Ələxsus ürəyinə,
Duyğusuz ürəyinə.
Ağlamağa mövzu yox,
Ağlatmağa adamım,
Düşməyə gecələrim,
Açmağa sabahlarım.
Ələxsus fəsillərim,
Ağ, qara fəsillərim.
Hər gün şimşəklər çaxır,
Otağımın içinə,
Kor edib işıq məni
Qaranlığın yerinə,
Ələxsus ümidlərim,
Tükənməz ümidlərim.
Qulpu sınmış fincanam,
Qaynar sudur içində,
Od səni yandıracaq,
Bişəcək əllərində,
Taqətsiz əllərində.
Məcazi danışıram,
Nə edim işim budur,
Bu gün hava yağmurlu,
Sabah da buludludur,
Ələxsus istilərdə,
Sopsoyuq istilərdə.
Sən məni anlamadın,
Sözlərimə gülürsən,
Bir ömür axtardığım,
Yəqinki sən deyilsən,
Ələxsus danışanda,
Mənasız danışanda.
Bağışla mən gedirəm,
Səni sənlə buraxım,
Mənə nə sözün qaldı ?
Verilməmiş sualın,
Ələxsus susqunluğun,
Mənasız səssizliyin.
İtir məni, itmişəm,
İtkin düşüb bir adam,
Sanki balaca sərçə,
Düşüb bu gün yuvadan,
Ağacın koğuşuna,
Yuvasının altına.
İrəlidə şöhrət var,
İrəlidə tanınmaq.
Hər gün səni düşünmək,
Hər gün səni unutmaq.
Ələxsus gözlərini,
Duyğusuz gözlərini,
Hə, sənin gözlərini.
Yuxulu Şeir
Kənardan üstümə küləklər əsir,
Tarla ortasında qarğa qovuram.
Ayağım durmaqdan qışqırır mənim,
Səni gözləyirəm, arzulayıram.
Bu zəmi şumlanmır, biçini yoxdur,
Hər gələn kənardan baxır sadəcə.
Xəyanət edirəm, özüm-özümə,
Fikrimdən mən səni hey keçirdikcə.
Küləyin altında yıxılmaq da var,
Cilovum əlimdə, ayaq üstəyəm.
Soyuq yağış yağır gözümdə mənim,
Tələs gəl, üşüdüm, artıq xəstəyəm.
Kim bilir, kiminin ayağı altda,
Nə qurban kəsilir, hansı qan axır.
Kiməsə taybatay açılan qucaq,
Əslində kim üçün bərk-bərk darıxır.
Məcburam söz yazıb, söz oynatmağa,
Doyuram cümləylə, hekayələrlə.
Üstümə tökülən bir yığın baxış,
Didir bədənimi kinayələrlə.
Kənardan üstümə küləklər əsir,
Tarla ortasında qarğa qovuram.
Ayağım durmaqdan qışqırır mənim,
Səni gözləyirəm, arzulayıram.
Комментариев нет:
Отправить комментарий