Страницы

29.10.2012

20 yanvar faciəsi haqda əsl həqiqətlər


Filologiya elmləri namizədi, Azərbaycan Sosial Demokrat Partiyasının ilk sədri Zərdüşt Əlizadənin “İkinci respublikanın sonu” kitabından bir hissə



 20 yanvar günü axşam 11-də AXC sədri Əbülfəz Əliyev qəlb dostu Becan Fərzəliyevin yanına getdi və qırğın gecəsi orada gizləndi. Növbəti bir neçə gündə də Becanın evində gizləndi. Rəsul Quliyev gizlicə müzakirə üçün tez-tez onun yanına gəlirdi. Daha sonra Əbülfəz Lahıca gedir və orada bir müddət gizlənir. Az sonra heç kimin “ələkeçməz Co”nu axtarmadığına əmin olub, heç nə olmamış kimi xalqın qarşısına çıxır və AXC-yə rəhbərlik etməyi, Milli Məclisdə sessiyalar keçirməyi və Hökuməti idarə etməyi tövsiyə edir.
 İsa Qəmbər həmin gecəni Yusif Səmədoğlunun mənzilində keçirir. Birlikdə paytaxtdakı divan barədə dünyanı məlumatlandıran radionu dinləyirlər.
 Etibar Məmmədov barrikadaları gəzir və mətin olmağı tələb edirdi.
 20 yanvara kimi “Qarabağı müdafiə etmək üçün” vəsait toplayan Nemət Pənahov qırğın başlayandan sonra meqafon vasitəsilə sakinləri mənzillərindən küçələrə çıxıb şəhəri qorumağa çağırırdı.


Xalqla hesablaşma və AXC [1] avtoritetinin süqutu

Qoşunun şəhərə daxil olmasından qabaq baş verənlər – hansı ki, işğal olunmuş ərazilərə nasist qoşunlarının yeridilməsini həyata keçirənlərlə eyni cəza aktıdır – bir çox məqalələrdə və bu hadisələrin nüfuz sahibi tədqiqatçıları – bəstəkarlar, SSRİ xalq artistləri və Xalq deputatları qurultayının deputatı Arif Məlikov və professor Çapay Sultanovun iki kitabında ətraflı təsvir edilmişdir. Mən isə yalnız xatirələri bölüşə bilərəm – özümün və dostlarımın xatirələrini.
19 yanvar öz maşınımla şəhərin cənub çıxışındakı qəsəbəyə – Lökbatana gedirdim. Yolayırıcında barrikadalar qurulmuş, insanlar düzülmüşdü. Maşını saxlayıb onlara yaxınlaşdım və soruşdum ki, onları buraya kim və nə üçün yığıb. Cavab belə oldu – “Biz cəbhəçilərik. Burada dayanmışıq ki, qoşunları şəhərə buraxmayaq”. ”Bəs bunu necə etməyi düşünürsüz?” – deyə maraqlandım. “Bizə silah və tezalışan maye ilə dolu şüşələr çatdırmağı söz veriblər”.
Burada qeyd etmək lazımdır ki, talançıların silahı 1 metrlik ucu şişlənmiş armatur parçaları idi və ordu ilə toqquşma üçün yararsız idi. Və hətta buna baxmayaraq Milli Təhlükəsizlik Şurası AXC adından zavodlarda dayaq qruplarına bu “silahları” hazırlamağı göstəriş vermişdi. Bakı metropoliteni mühəndisi, cəbhəçi Sahib Məmmədov danışırdı ki, şəxsən özü işçilərə yarım tonluq armaturlar kəsməyi əmr etmişdi.
Sonra mən şəhərdən digər çıxış nöqtəsi olan Qurd Qapısına getdim. Orada da eyni səhnə idi. AXC provokatorları silah və “Molotov kokteylləri” söz verərək insanları barrikadalara çıxarmışdı. Boş şüşə ilə dolu yeşiklər vardı. Tezalışan mayeni sonradan gətirəcəklərini demişdilər. Qəribəsi o idi ki, kişilər qayğısız görünürdülər. Günün ikinci yarısında atamı Bilgəhə bağa apardım. Yolda Maştağa qəsəbəsinə girişdə qalanmış tonqallar və guya yolu “bağlamış” insanlar gördüm. Atamı bağda qoyub şəhərə “hökumətin trassı” ilə Zağulba qəsəbəsinin içindən qayıtdım. Artyom adasına döngədə də insanlarla birgə barrikadalar düzülmüşdü. AXC liderlərinin çağırışı ilə onları yollara “şəhəri qorumaq” adı ilə çıxarmışdılar.
23:00-dan 23:13-ə kimi qardaşımla MK binasının yanında hələ meydandan bizə tanış olan provokatorların səslərini eşidirdik.Vəkil Hacıyev, “Həsənovun adamı”, mikrofonla bildirirdi: “Bizə Salyanski kazarmadan çıxışları bağlayan barrikadalarda adam çatmadığını xəbər verdilər. “Baksovet” metro stansiyasının yanında yük maşınları dayanır, 50 nəfərdən xahiş edirəm ki, Salyanski kazarmasına getsinlər!” İzdiham tərpənməyə başladı, bir neçə 10 nəfərlik “vətənpərvər” ayrılıb metro stansiyaya tərəf getdilər. Hər şey aydındır, provokasiya mexanizmi artıq işə düşüb. Mən qardaşımla sağollaşdım, hərə öz evinə doğru getdi.
Evimin yanında Zaqafqaziya hərbi dairəsinin Hava hücumundan müdafiə (HHM) komanda heyəti məntəqəsi və HHM ordusunun qərargahı yerləşirdi. Məhəllənin gəncləri tonqal yandırıb hərbi obyektin darvazalarına aparan yola köndələn ətdən zəncirvari sədd qurmuşdular. Həyət sakinləri – köhnə qonşularım yığılmışdılar. Onlardan biri – ADU-nin müəllimi – məndən soruşdu:
-       Nə olacaq, Zərdüşt bəy?
-       Qan axacaq, provokatorlar silahsız insanları tanklar qabağına çıxarırlar – deyə cavab verdim.
-       Xalqın birliyini dağıtmaqdan yorulmadınmı sən? – dosent hirslə dişlərini qıcadı.
-       Mən heç nəyi dağıtamıram, buyurun, həmrəylik və qırılmaz birliklə məğlubiyyətə və ölümə doğru gedin – cavabını verib evimə doğru getdim.
Həmin gecə və sonra nə dosent, nə də onun dostlarına heç nə olmadı. Allaha şükür! Ancaq 131 nəfər həlak oldu. Yüzlərlə adam yaralandı.
Əsgərlərlə dolu yük maşınları sırası asayişi pozmadan evimizin yanındakı hərbi obyektə daxil oldu. Maşından zabit düşdü və həyətdəki oğlanlarla danışıb onları dağılmağa razı saldı. Onlar həmin hərbi dəstəni buraxdılar, ancaq vətənpərvərlik ehtirasını tutmayaraq həyat yoldaşı və oğlu ilə ayın 16-sı Bakıdan Tulaya yola düşmüş əslən Qarabağdan olan bakılı, savadlı mühəndis, ittifaqın tabeçiliyində olan zavodun direktor müavini, möhtəşəm insan, Bakı patriotu Georgiy Vladimiroviç Abramovun evini yardılar. Vətənpərvərlər “qisas ala” və mənzildən oxumadıqları və heç vaxt da üzünü açmayacaqları kitabları oğurlaya bildilər.
Həmin gecə xalqın “ataları”, xalq “qəhrəmanları”, Vətəni “qoruyanlar” harda idilər?! Bu da müxtəlif mənbələrdən mənə çatan məlumatlar.
Ali məktəb dosenti, riyaziyyatçı Səddədin Əfəndiyeb xatirlayır ki, 19 yanvar 18:00da o XI Qızıl Ordu abidəsi önundə idi və Əbülfəz Əliyevin çıxışını dinləyirdi. AXC sədri kişiləri şücaətli və mətin olmağa çağırır, qadınlar və uşaqları isə evlərə dağılışmağı məsləhət görürdü. Çıxış zamanı kimsə ona yaxınlaşıb çatdırdı ki, MK-nın mitinqindən gəlir və orada hamı deyir ki, bu gecə yarısı şəhərə ordu yeridiləcək. Əbülfəz ona susmağı və panika yaratmamağı əmr etdi və təhlükəli heç nə olmayacağına inandıraraq çıxışını davam etdirdi.
Axşam saat 8 radələrində Maştağadan olan bir neçə cəbhəçi onu tapıb, keçirdikləri piketlə Qarabağ arasında nə kimi bağlılıq olduğunu başa salmağı tələb etdilər. Əbülfəz boynuna almalı oldu ki, piketlərin Qarabağla heç bir əlaqəsi yoxdur, onların məqsədi – MK-nin birinci katibi Vəzirovu vəzifəsindən kənarlaşdırmaqdır. Bunu eşidən maştağalı cəbhəçilər kəndlərinə geri döndülər, piketi buraxıb bir neçə nəfəri də qonşu kəndlərdə toplanmış insanları dağıtmaq üçün göndərdilər. Onlardan birini gecə yarısı yolayrıcında, Artyom adasına olan döngədə öz “Jiquli”sində olarkən əsgərlər güllələdilər.
Axşam 11-də AXC sədri Əbülfəz Əliyev qəlb dostu Becan Fərzəliyevin yanına getdi və qırğın gecəsi orada gizləndi. Növbəti bir neçə gündə də Becanın evində gizləndi. Gələcək parlament spikeri və o zaman AXC-nin havadarı olmuş, neft emalı zavodunun direktoru Rəsul Quliyev müzakirə üçün onun yanına gəlirdi. Daha sonra Əbülfəz Əliyev XX əsrin əvvəli məşhur siyasi xadimi olmuş Məmməd Əmin Rəsulzadənin marşrutunu təkrarlayaraq İsmayıllı rayonunun Lahıc kəndinə gedir və orada bir müddət gizlənir. Az sonra heç kimin “ələkeçməz Co”nu axtarmadığına əmin olub, heç nə olmamış kimi xalqın qarşısına çıxır və AXC-yə rəhbərlik etməyi, Milli Məclisdə sessiyalar keçirməyi və Hökuməti idarə etməyi təklif edir.
İsa Qəmbər həmin gecəni Yusif Səmədoğlunun mənzilində keçirir. Birlikdə paytaxtdakı divan barədə dünyanı məlumatlandıran radionu dinləyirlər.
Hikmət Hacızadə saat 3-ə kimi evində yatırdı, dəstəkdə “Siz nə etdiniz?” deyə qışqıran Leyla Yunusovanın zəngi onu oyadana qədər. Onun bu sualına Azərbaycan liberal düşüncəsinin atası – Hikmət Hacızadənin məntiqli cavabı “Mən nə edə bilərəm ki?” oldu. Və gedib yatmağa davam etdi. Haqlı idi, edə biləcəkləri hər şeyi artıq 20 yanvara kimi etmişdilər.
Sabit Bağırov həyatını riskə ataraq Lenin rayonundakı insanları dağıdırdı. Eyni şeyi Nəcəf Nəcəfov etmişdi. Pənah Hüseynov və Vurğun Eyyubov Salyanski kazarmada qurulmuş barrikadalara baş çəkmiş və atəş altına düşmüşdülər.
Etibar Məmmədov barrikadaları gəzir və mətin olmağı tələb edirdi.
20 yanvara kimi “Qarabağı müdafiə etmək üçün” vəsait toplayan Nemət Pənahov Şmidt adına zavodun ətrafındakı yaşayış məhəllələrinin qoşunlar tərəfindən güllələnməsi başlayandan sonra meqafon vasitəsilə sakinləri mənzillərindən küçələrə çıxıb şəhəri qorumağa çağırırdı.
SSRİ xalq deputatları Qurultayında akademik Saxarov açıq bildirmişdi ki, Sovet Ordusu Əfqanıstan dinc sakinləri ilə vəhşicəsinə hesablaşırdı. Onu susdurur və orduya şər atmaqda günahlandırırdılar. 1990-cı il 20 yanvarında marşal Yazov, akademik Primakov və Bakıda Sovet Qoşunlarının fəaliyyətinə rəhbərlik edən digər SSRİ-nin yüksək vəzifəli şəxsləri Akademik Saxarovun haqlı olduğunu təsdiqlədilər.
Tanklar insanlar üzərinə gedərək, onların bədənlərini qan palçığına çevirirdilər. Mərkəz yerlərini dəyişərək avtomat silahlardan insanları güllə yağışına tuturdular. Yaşayış binalarına və təcili yardım maşınlarına atəş açırdılar. Həbs edilənlər vəhşicəsinə döyülür, soyulur, şikəst edilirdi. Hətta həmin dəhşətli gecədən bir neçə gün sonra özündən çıxan “BTR”-li hərbçilər Bakı-Sumqayıt yolunda “Jiquli”nin üstünə çıxaraq içəridə olan 4 kimyaçını ölümcül əzdilər, o cümlədən yaxın tanışım, elmlər doktoru İbrahim İbrahimov da daxil olmaqla. Lənkəran və Neftçalada həbs edilmiş cəbhəçilərə işgəncə verir, əllərini tikanlı məftilərlə bağlayırdılar və hətta onlardan birini Bakıya göndərilən vertolyotdan aşağı dənizə atmışdılar. Bu hərbi cinayətkarların heç biri indiyədək qanun qarşısında cavab verməyib.
Dünya Bakı sakinlərinə tutulan divan barədə informasiyanı bütövlükdə səbrlə qarşıladı. Demokratik ölkələrə bu hesablaşmanın bəhanəsi daha inandırıcı gəlirdi: talanlar, itaətsizlik, hakimiyyət çevrilişi.
Bir neçə ay əvvəl iki böyük derjava liderlərinin Malta adası ətrafındakı hərbi gəmidə haqqında danışdıqları ehtimalları artıq AXC liderləri xüsusi xidmət orqanları ilə əlbir olaraq həyata keçirmişdilər. Mən, Yaxın Şərqdə qarşı tərəfin arxa cəbhəsindəki əməliyyatlar üçün diversant hazırlığı üzrə hərəsi 45 günlük olan 3 hazırlıq keçmiş, ehtiyatda olan Hava Desant qüvvələri zabiti üçün bu cəzalandırıcı əməliyyata Şimalı Qafqaz hərbi dairəsinin erməni mənşəli “partizanlarının” cəlb edilməsi gözlənilməz idi. Aydındır ki, hərbi intizamdan uzaq və belə əməliyyatlara “əylənmə” imkanı kimi baxan bu kontingent Bakıda özünü işğalçı kimi aparır, sakinlərinə amansızcasına davranırdı. Bir neçə gündən sonra onların yığışdırılması da göstərir ki, hətta axmaqbaş komandanlıq belə bu biabırçı qanunsuzluğu və fəaliyyətlərinin cinayət xarakterini dərk etmişdi.
Əhali güllə boranından qaçırdı, lakin çoxları yaralılara kömək etmək, güllədən qorumaq və onları xəstəxanaya aparmaq üçün geri dönürdü. Artıq yanvarın 17-sində xəstələr əvvəlcədən şəhər xəstəxanalarından boşaldılmışdı. Həkimlər qəhrəmancasına yaralıların həyatı üçün mübarizə aparırdılar, lakin çox az adam xilas edilə bildi. Yeri dəyişdirilərək atılan güllələr bütün daxili orqanları parçalayır, qan damarlarını kəsdiyi üçün yaralıların xilasını mümkünsüz edirdi. Rejim çürüntü və ölüm yayaraq can çəkişirdi.
Şəhərlə hesablaşmadan öncə moskva çekistləri telestansiyanın enerji blokunu partlatmışdılar. Sakinlərə heç bir informasiya çatdırılmırdı. Azərbaycan Ali Soveti bütöv heyətlə yığılmasa da, ancaq, Vəzirov və SSRİ rəhbərliyi “damğalandı”. Həll üçün müxtəlif layihələr müzakirə olundu. Zala daxil olan Araz Əlizadə SSRİ Konstitusiyasının “SovİKP-nın rəhbər və istiqamətverici rolu barədə” 6-cı maddəsinin ləğv edilməsi qərarını qəbul etməyi təklif etdi. Deputatlar Moskva rəhbərliyinə ünvanlanacaq ümumi ittihamla kifayətlənərək bu təklifi rədd etdilər.
Yanvarın 22-si dinc dövrdə sovet şəhəri sakinlərinə qarşı törədilmiş hərbi əməliyyat qurbanlarının izdihamlı dəfn mərasimi keçirildi. Yüz minlərlə vətəndaş bu cəza aktı qurbanlarının tabutlarını Azadlıq meydanından daha sonra Şəhidlər Xiyabanı adı veriləcək Kirov parkına kimi çiyinlərində daşıdı. Burada, əvvəl 1918-ci ildə bolşevik-daşnak ordusunun Bakının müsəlman əhalisi üzərində divanının qurbanlarının basdırıldığı və sonradan torpaqla örtülərək unudulan köhnə qəbirstanlıqda 100-ə yaxın qəbir qazıldı. Qazarkən insanlar orada çoxlu sayda sür-sümüyə rast gəlirdilər. Sonradan Xiyabana Qarabağ müharibəsində həlak olmuş əsgər və zabitlər və bəzən də erməni ordusu tərəfindən öldürülmüş adi azərbaycanlılar buraya gətirilərək dəfn olunmağa başlandı.
Respublikanın tikinti materialları naziri olmuş Arif Mansurov Rəhim Qazıyevin necə matəm mitinqində mikrofona can atdığını mənə danışırdı.
-       Mikrofonu neynirsən? – Arif Mansurov Rəhimdən soruşur.
-       Vacib xəbər çatdırmaq üçün – deyə cavab verdi.
-       Nə xəbəri? Deməsən, sənə söz deməyə icazə verməyəcəm.
-       Xalqa çatdırmaq istəyirəm ki, islam ölkələri ordusu sərhəddi keçib və bizə kömək üçün Bakiya gəlirlər – Rəhim Qazıyev dedi.
Təbii ki, Arif Mansurov belə vacib xəbər üçün “Azərbaycan milli-azadlıq hərəkatının nüfuzlu xadiminə” mikrofonu təqdim etmədi.
Əbülfəz Əliyev dəstəsinin böyük qan bahasına Vəzirovu devirməsindən sonra edilənlərin məsuliyyətindən necə qaçmalı sualı qalxdı. Etibar Məmmədov təcili Balakənə getdi, oradan da onu Gürcüstana keçirdilər. Gürcüstandan Etibar Məmmədov Moskvaya uçdu və orada Azərbaycanın daimi nümayəndəliyində ilk dəfə Heydər Əliyevlə görüşdü. Onun press-konfrans keçirmək cəhdini Moskva OMON-unun daimi nümayəndəliyə hücumu dağıtdı, hücumun nəticəsində Məmmədov həbs edildi. Onun əvəzində mətbuat konfransını sovet rəhbərliyinin Bakıdakı qanlı fəaliyyətini qınayan SovİKP MK Politbürosunun üzvü, KQB generalı Heydər Əliyev keçirdi. Bu konfrans Heydər Əliyevin hakimiyyətə qayıtması zərurətinin siyasi-ideoloji əsaslandırılması üçün təməl daşı rolunu oynadı, hansı ki, “çətin anda imperiya rəhbərliyi və onun yerli satqın güruhlarına qarşı xalqın yanında idi”. Çətin xəstəlikdən sonra zəif və arıqlamış Heydər Əliyevin dinc Azərbaycan xalqına tutulan divana olan qəzəbini ifadə etdiyi kadrlar dəfələrlə efirdə firladılıb. Ancaq gənc jurnalist İlahə Balaxanovanın imperiyanın keçmiş satrapını qəzəblə ifşa etdiyi kadrlar bu lentdən kəsilərək heç vaxt azərbaycanlı izləyicilərə tam göstərilməyib. Orada o, hər azərbaycanlının ürəyindən keçənləri Politbüronun gözdən düşmüş üzvü, totalitar hakimiyyətin respublikadakı dayağı olmuş Heydər Əliyevin üzünə dedi.
20 yanvarla bağlı digər bir fakt da diqqətdən kənarda qaldı. İllər sonra “Həqiqət anı” verlişinin aparıcısı Heydər Əliyevə yanvarın 19-u Sovet Ordusu formasında quduzlaşmış hərbi dəstələrin Bakıya hücum etməsindən bir neçə saat əvvəl onun Mixayil Qorbaçovla etdiyi söhbətin məzmunu barədə sual verəcək. Andrey Karaulovun sualı Heydər Əliyev üçün gözlənilməz olmadı – özündənrazı gülümsəmə ilə o SovİKP MK-nin baş katibi ilə söhbətin “sirlərini” açdı. Onun versiyasına görə, Qorbaçov ona zəng edib “adamlarını” küçələrdən yığmağı tələb edib, cavabında Əliyev ona bunun üçün səlahiyyəti çatmadığı bildirib. Bununla da o açıqcasına Qorbaçova, ona bu səlahiyyətləri verməsi barədə yəni, yenidən SovİKP MK-nin birinci katibi təyin etməsi barədə söz atırdı.
Qanlı provokasiyanın digər qəhrəmanı Nemət Pənahov bir neçə gün şəhərdə veylləndi, sonra özünə “əfsanə” yazmaq üçün İrana getdi. Sərhəddi keçəndən sonra bir neçə ay İranda qaldı, özünün dediyinə inansaq, orada onu iran kəşfiyyatçıları həbs edərək əməkdaşlığa razı salmağa çalışıblar, ancaq Nemət qəhrəmancasına iran həbsxanasından qaçmağı bacarır və oradan ya Türkiyəyə, ya da yenidəın SSRİ-yə qayıdır. Qısaca, o artıq beynəlxalq miqyasda inqilabçı vüsəti qazandı. Ancaq ona hadisələrin avanqardında olmaq nəsib olmadı, o artıq həmişə “əl altında” olacaq,1993-ün yayından 1995-ci ilin yayına qədər Heydər Əliyevin xırda tapşırıqılarını yerinə yetirəcək. Və bu onun üçün bəs idi ki, özünü və ailəsini təmin edə bilsin, Şamaxıda (Bakıdan 120 km uzaqlıqda) “fazenda” alıb Naxçıvandan valideynlərini buraya gətirsin.
Rəhim Qazıyev tutularaq, Etibar Məmmədov, Məhəmməd Hətami, Xəlil Rza və Seyid Tahir Qarabaği ilə birlikdə Lefortovoda həbsə salınır. Daha sonra 1990-nın yayında onlar məhkəmədə mühakimə olundular, lakin ilk ikisi hələ məhkəmə dövründə Azərbaycan MM-ə deputat “seçildi”, son üçünə isə müxtəlif müddətə şərti olaraq iş kəsildi.
Sovet hökumətinin Lənkəranda devrilmiş nümayəndəsi Əlikram Hümmətov ilk əvvəl Talış dağlarının meşələrində gizlənirdi, sonra Bakıya gəlir, açıqca sosial-demokratlar qrupu ilə 9 aprel qurbanlarının ildönümündə Tiflisə səfər edir, orada Soğanlı kəndindəki tələbə yoldaşının yanında qalır, daha sonra Bakıya qayıdıb AXC-nin Zivərbəy Əhmədbəyov küçəsində yerləşən yeni qərargahındakı yığıncaqlarında iştirak etməyə başlayır ki, orada polis onu götürüb aparır. O, məhkəmədə ittiham olunur və şərti iş kəsilir, sonra Lənkərana qayıdaraq orada sosial-demokrat təşkilat yaradır. Ölkənin sonrakı tarixi dövründə o artıq daha sərt və radikal mövqe tutacaq.
20 yanvardan dərhal sonra Hikmət Hacızadə gecə yarı iş yoldaşı, keçmişdə yüksək vəzifə sahibi və ölkənin birinci şəxsləri ilə əlaqələri olan yaxın qohumunu evinə çağırır və ondan xahiş edir ki, qanlı hadisələrə görə məsuliyyəti AXC liderlərinin deyil, Əbülfəz Əliyev çıxmaqla şəxsən Milli Təhlükəsizlik Soveti üzvlərinin daşıdığı barədə məlumatı AKP MK-nin birinci katibi Ayaz Mütəllibova çatdırsın. Yanvarın 27-si Hikmət Hacızadə Sabit Bağırovla birlikdə Baltika Assambleyasının (üç baltikyanı xalq cəbhəsinin ittifaqı) dəvəti ilə Riqaya gedir ki, orada Assambleyanın vasitəçiliyi ilə Erməni Ümumilli Hərəkatı (EÜH) ilə AXC iki respublika arasında vəziyyətin normallaşdırılması barədə danışıqlar aparır, müştərək sənədlər hazırlanır, lakin onu imzalamaq mümkün olmur, belə ki, EÜH Azərbaycanın Xanlar rayonunda ermənilərə qarşı zorakılıq edildiyi barədə informasiya alır və etiraz olaraq hazırlanmış sənədi imzalamaqdan imtina edir. Həqiqətdə isə AXC məğlub edilmişdi və nəsə etmək vəziyyətində deyildi. Və gələcəkdə hər dəfə tərəflər hər hansı bir razılaşma yolu tapdıqda provokasiyalar olurdu ki, bu zaman günah bir tərəfin öhdəsinə buraxılırdı və digər tərəfin əməkdaşlıqdan imtina etməsinə gətirib çıxarırdı, münaqişənin tənzimlənməsində marağı olmayan nüfuzlu üçüncü tərəfin olması məcburiyyəti yaradırdı.
Yeni Azərbaycan sosial-demokrat partiyasının özəyi (Araz Əlizadə, Arzu Abdullayeva, Əbdülvahab Manafov, Leyla Yunusova, Fəxrəddin Ağayev və Zərdüşt Əlizadə) gizli qazet çıxararaq, 20 yanvar həqiqətini “dünyaya çatdırmaq” qərarına gəldi. Redaktorluğu mənə tapşırdılar və mən dərhal material hazıladım. Qardaşım əməkdaşını Tallinə ezam etdi, o,  tipoqrafiya ilə məşğul olub qazeti çap etdi və tirajı Bakıya göndərdi. Bağlamanı (16 min nüsxə) artıq yanvarın 30-u aldıq və yaymağa başladıq. Eyni zamanda qeyri-leqal Azərbaycan Dirçəliş partiyası və onun rəhbəri Azər Qasımzadə respublikadan kənarda ordu divanı qurbanlarının şəkilləri qoyulmuş broşuralar hazırlayıb çap etdirdilər. Narıncı braşuranın başlığı “Aqressiya” adlanırdı. Tirajin çox hissəsi ordunun xüsusi xidməti tərəfindən müsadirə edildi.
Fevralın əvvəlində bir qrup esdek [2] (partiya sıraları bizi tanıyanların sayəsində çoxalırdı) Moskvaya yola düşdü, harada ki, akademik institut kollektivləri və müstəqil hüquq-müdafiə qrupları ilə görüşərək qanlı 20 yanvar barədə informasiya verdi, fotolar göstərdi və xatirələrini paylaşdı.
SSRİ rəsmi dairələri, sovet və hətta Qərb demokratik ölkə liderləri və KİV nümayəndələrinin simasında dünya ictimaiyyəti Qorbaçov və onun ətrafının törətdiyi cinayətə neytral yanaşdı. Bu cür yanaşmaya ən parlaq nümunə Qorbaçova 1990-cı il Nobel sülh mükafatının verilməsi oldu. Həqiqətən də, soyuq müharibədə SSRİ-nin məğlubiyyəti və yaxınlaşan süqutu ilə dünya sosialist sisteminin dağılmasının yanında 131 nəfərin ölümü nə demək idi ki? Azərbaycan deputat dəstəsi təbii ki, Ali Sovetdə debatları uduzdu, hətta bəstəkar Arif Məlikov və fizik Tofiq İsmayılovun qəzəbli ifşaedici nitqləri Azərbaycana qarşı ordu dəstələrinin törətdiyi cəza aktı ilə razılığı barədə bir çox deputatların yanaşmasına təsir edə bilmədi. İki təşkilat – 20 yanvar cinayətini SSRİ xalqları üzərində bolşeviklərin cəza praktikasının davamı kimi qəbul edən “Memorial” hüquq-müdafiə təşkilatı və xalqa qarşı repressiyalara ordunun cəlb edilməsinə qarşı və zabit hüquqlarının qorunması lehinə mübarizə aparan “Şit” (“Sipər”) zabitlər təşkilatı material yığımı, onların araşdırılması və dinc əhaliyə qarşı törədilən cinayət barədə informasiyanın ictimaiyyətə çatdırılması üçün çox böyük işlər gördü.
Respublikanın hüdüdlarından kənarda, SSRİ və Qərb ölkələrində yaşayan azərbaycanlılar dinc sakinlərə edilən vəhşi hesablaşmaya qarşı çoxlu sayda etiraz aksiyası keçirdilər. Bu faciə etnik eynilik faktorunu aktivləşdirdi və “perestroyka” ruhunda hər cür demokratik reform perspektivlərinə son qoydu. On minlərlə partiya üzvü partbiletlərindən imtina etdi.A ncaq daha sonra onları geri götürən də az olmadı, lakin kompartiya ilə xalq arasında uçurum qeyri-müəyyən idi. AKP MK binasını əhatə edən qara mərmər üzərində ağ boya ilə yazılanlar açıqca kütlənin kompartiyaya münasibətini göstərirdi: onu faşist adlandırırdılar.
Martın əvvəli Moskvada Azərbaycanın daimi nümayəndəliyində respublikadakı demokratik hərəkatın perspektivləri barədə konfrans keçirildi. Bu konfransda AXC-ni təmsil edən Hikmət Hacızadə açıq bəyan etdi ki, 20 yanvarın baş verməsində günah AXC-nin də üzərinə düşür. AXC içərisində isə AXC Məclisinin sessiyalarında Şamaxı, Astara, Lənkəran və Qubada «uçuşların araşdırılmasını»həyata keçirmək cəhdləri nəticə vermədi. Sabiq AXC MTM [3] -dən kimsə hərəkatın məğlubiyyətinə gətirən səhv kursa görə Sədrin daşıdığı məsuliyyət barədə danışmağa başlayırdısa, onun tərəfdarları, Əbülfəz Əliyev tənəffüs elan edənə kimi səs-küy qaldırıb bağırırdılar.Tənəffüsdən sonra artıq heç kim AXC rəhbərliyinin məsuliyyəti sualına qayıtmırdı.
AXC Məclis sessiyalarında Sədr tərəfdarları artıq Heydər Əliyevin dəstəyi və əməkdaşlığı barədə suallar qaldırırdı. Partokrat-satqınlara qarşı kinlə bəslənmiş kütlə heç cür başa düşmürdü ki, niyə onların ən mürtəce nümayəndəsi Cəbhənin müttəfiqi olmalıdır və Sədr və onun ətrafının həyata keçirmək istədiyi implantasiyaya qarşı çıxırdı. 1990-cı il Gəncədən olan Milli Məclis üzvü, elmlər namizədi Nadir İbadov danışır: “20 yanvardan sonra olan dörd sessiyada Fəzail Ağamalı, Tağı Xalisbəyli və Sədrin digər tərəfdaşları yerli-yersiz Heydər Əliyev şəxsiyyəti və AXC-nin ona istiqamətlənməsi barədə müzakirələrə təşəbbüslük edirdilər. Bu mövzu ilə də Məclisdə gündəlik məsələlərin müzakirəsi yarım qalırdı. Qubada AXC Məclisinin sessiyasında Sədrin dəstəsi iki gün arxa-arxaya Heydər Əliyev məsələsini müzakirə etdikdə mənim səbrim tükəndi, Sədr isə inadla susur və saqqalını oxşayırdı. Mən dayana bilmədim və ondan tələb etdim ki, gündəlik müzakirə mövzusu olmayan məsələ barədə diskussiyalara son qoysun. O həmişə olduğu kimi sadəlövhcəsinə cavab verdi ki, bu guya demokratiyadır. Məhz elə bu anda mən AXC sıralarını tərk etmək qərarına gəldim.”
Sovet rəhbərliyinin fəaliyyətinə qarşı etiraz olaraq spontan qırx günlük ümumirespublika tətili və ölənlərə tutulan yas bitdikdən sonra baş verənlərin dərk edilməsi və geridə qalan gücün gözdən keçirilməsi, gələcəklə bağlı fəaliyyətin götür-qoy edilməsi başlandı. Aydınlaşdı ki, ümumxalq hərəkatı deyilən şey yoxdur. 1990-cı ilin 20 yanvarından başlayaraq bütün respublikada AXC-nin ilkin kütləvi özəklərinin formalaşdırılması prosesi davam edirdi, sıravi üzvlər təşkilatın yuxarı mərtəbələrində nə baş verdiyindən xəbərsiz Cəbhəyə inanır və ona sadiq qalırdılar. Sıravi cəbhəçilər və AXC arasındakı münasibətlə əlaqəli adi iki faktı gətirmək bəs olar. Hakim Tahir Kərimlinin başçılıq etdiyi İsmayıllı rayonunun cəbhəçiləri Bakıdan Milli Təhlükəsizlik Sovetindən kömək üçün çağırdılar. 19 yanvar axşam vaxtı bir neçə maşınla Ağdaş yolu ilə “kömək” üçün çıxdılar, ancaq elə yolda öyrəndilər ki, “Bakını tutublar”. O zaman Tahir Kərimli bir neçə rayondan cəbhəçiləri çağırıb yığıncaqda “Girdiman Respublikasının” (adına görə bu rayonların olduğu ərazidə) yaradılması və onun SSRİ-dın çıxması barədə bəyanat verir. Bundan sonra Tahir Kərimli rayonuna qayıdır, məhkəmə yığır və çoxlu sayda vətəndaşların da iştirakı ilə Mixail Qorbaçov üzərində qiyabi məhkəmə qaldırır. Proses tez və ədalətli oldu, hakim Tahir Kərimli SovİKP MK-nin baş katibini yüksək cəza tədbirinə – güllələnməyə məhkum etdi. Məhkəmə qərarı eyni zamanda epik və praqmatik bitdi: “Məhkəmə hökmü vətəndaş Mixail Qorbaçovun İsmayıllı rayonuna ayaq basdığı andan icra edilməlidir.”
Qəbələ rayonu cəbhəçiləri eynən AXC liderlərinin çağırışına cavab verdilər, bir neçə maşına minərək Bakıya yola düşdülər. Onların qarşısını Vəndam kəndində kənd müəllimi, aktiv cənhəçi Aslan Dəmirov alır və məsləhət görür ki, “ilk əvvəl təşkilati formalaşma prosesini bitirmək lazımdır, daha sonra isə nə edəcəyimizə baxarıq.”
Həyəcan sakitləşəndən sonra, aydın oldu ki, AXC Azərbaycan Kompartiyasından az tələfat gətirməyib, hətta demək olar ki,daha çox. AXC-dən çoxlu mötədil insanlar ayrıldı. O cümlədən, qorxaq və ehtiyatlı olanlar da. Geridə özək qaldı, hansılar ki, AXC-ni erməni ekspansiyasından yeganə müdafiəçi və karyera yüksəlişi perspektivi kimi görürdü, o cümlədən AXC fəaliyyətini təhlil etmədən kor-koranə sovet sisteminə nifrət edirdi. AXC-nə simpatiya ilə yanaşanların bir çoxları xalq hərəkatının süqutunu kədərlə etiraf edirdi.
AXC sədri AXC strukturunun dağılması ilə bağlı qınaqlara cavab tapır: “Marşal Yazov AXC strukturlarını dağıtmağa gəlmişdi. Gələndə isə gördü ki, heç bir struktur belə yoxdur”. Bir kəlam müəllifinin Yazovun aşkar etdiyi struktursuzluq barədə düşüncəsi onun rəhbərlik bacarığını üzə çıxarmalı idi. Necə olursa olsun, axı mindən yuxarı Azərbaycan vətəndaşı həbs olunub müxtəlif müddətə azadlıqdan məhrum olunmuşdu. Məhkumların çoxu həbs müddətini Azərbaycanda keçirirdilər, ancaq onların bir hissəsi Rusiya həbsxanalarında idi, hətta Leninin vətəni Ulyanova kimi gedib çatmışdılar. Lakin dövlət hərbi qulluqçusu və vəzifəli şəxslərindən heç biri 131 dinc vətəndaşın öldürülməsinə görə cinayət məsuliyyətinə cəlb edilmədi.
AXC həvəssiz də olsa, Etibar Məmmədov və Rəhim Qazıyevin – “siyasi məhbusların” müdafiəsi kampaniyasına başladı. Bu kapmaniyada təşkilatın aşağı qatlarında olanlar daha çox can yandırırdılar, hansılar ki, AXC rəhbərliyinin qanlı provokasiyadakı rolları barədə həqiqəti onlardan gizlətdiyini bilmirdi. Və burada AXC rəhbərliyi “liberallarının” mənəvi mahiyyəti ortaya çıxır: bir tərəfdən respublika rəhbərliyinə siqnal göndərirdi ki, qanlı hadisələrin məsuliyyətini Etibar Məmmədov və Rəhim Qazıyev daşıyır, digər tərəfdən fəaliyyətdə olan şəxslər barədə həqiqətin gizlədilməsi sayəsində yaranan “ictimai rəyin” təzyiqi altında açıq-aşkar bu iki təxribatçının həbsinə etiraz olaraq “aclıq aksiyası” üçün matraslara uzanırdılar. Müxalif qazetlərdə çap edilən fotolarda rəngli matrasda uzanmış və deşik corablı ayaqlarını sərgiyə qoymuş Pənah Hüseynov və digər “azadlıq məşəli daşıyıcılarının” təsvirləri milli-azadlıq hərəkatının şanlı tarixinə yazıldı, hansılar ki, əslində qəlbən bu iki nəfərin məhkum olunmasını, dinc vətəndaşların kütləvi öldürülməsinə görə onların məsuliyyətinin məhkəmə qərarı ilə təsdiq edilməsi və digər şəxslərin ləkələnməməsi üçün arzulayırdılar.
Azərbaycan Kompartiyasnın qurultayı həmişəki kimi baş vermiş hadisələrin dərininə varmadan keçdi, amma akademik Əfrənd Daşdəmirov qurultayda hadisənin mahiyyətini açıb böhranın günahkarlarının adlarını çəkməklə ətraflı məruzə etdi: Mərkəz, Respublika rəhbərliyi və AXC. Bu dəfəki qurultayın digərlərindən fərqi onda idi ki, AKP MK-nin keçmiş baş katibi xalq düşməni elan edilmədi və baş verənlərin günahkarı yalnız onun olduğu beyan edilmədi. Bununla belə, bir müddət daha hansısa fırıldaqçılar idarələri gəzərək “satqın Vəzirovun” öldürülməsinin təşkili üçün pul yığırdı.
Əbdülrəhman Vəzirov həmişəlik getdi.Özünün də dəfələrlə təkrarladığı kimi – “gedərkən get. O, göründüyü kimi, deyəsən, bu 2 illik katibliyi ərzində baş verənlərdə öz alçaldıcı rolunu başa düşmədi. Bəziləri tamamilə ədalətli olaraq işarə edirlər ki, Vəzirov respublika rəhbərliyində mafioz olmayan tək-tük adamlardan biri idi və qalacaq da. Ancaq onun qanlı hadisələrdən əvvəl “AXC və AKP-nin birliyi” barədə dediklərini nəyə aid etmək olar ki? Kim AKP-nın rayon və şəhər təşkilatlarına cəbhəçiləri aldadıb öz binalarına salmaq əmrini kim verə bilərdi? Aydındır ki, AXC-nin aşağı təşkilatları işğal üçün yox, kompartiya rəhbərlərinin çağırışına gəlsəydilər və Lənkəranda olduğu kimi, raykom və qorkomun binalarına girsəydilər, onda hökumət “çevriliş” versiyası lehinə sübutlar əldə etmiş olardı. Bu versiyanın hər ehtimala qarşı işlənməsi E.M Primakovun məntiq və sovet qanunlarına rəğmən Nemət Pənahov və Şeyxülislam Allahşükür Paşazadənin “respublikaya başçılıq etməsi” barədə qəribə təkliflərini təsdiq edir. Əgər Düzəlməz yalançı biri kimi Nemət Pənahovun bu sözlərini şübhə altına almaq olsaydı, onda Allahşükür Paşazadənin hadisələrdən sonra dedikləri, həqiqətə uyğun olmasaydı, təkzib etmək olardı.Təkzib edilmədi. Bütün bunlar çox gözəl “islamist və ekstremistlərin çevrilişi” versiyası kimi uyğunlaşdırılardı. Təsadüfi deyil ki, KQB sədri Kryuçkov SSRİ-nin təhlükələri barədə danışanda “islamistləri” vurğulayırdı. Bu primitiv versiyanı hansısa hadisələrlə bağlamaq lazım idi və 20 yanvar buna uyğun idi. Ancaq hadisələrin gedişatı “SSRİ-nin islamist təhlükəsini” yalana çıxardı. SSRİ-ni gözləyən təhlükə içəridən gəlirdi, ölkənin rəhbərliyindən.

Qeydlər:
1. AXC – Azərbaycan Xalq Cəbhəsi.
2. esdek – sosial-demokrat.
3. AXC MTM – Azərbaycan Xalq Cəbhəsi Müvəqqəti Təşəbbüs Mərkəzi

solfront.org

Комментариев нет:

Отправить комментарий