Страницы

29.10.2012

Elitamız

Hilal MƏMMƏDOV

Azərbaycanın öz elitası varmı və yoxdursa, formalaşa bilərmi?

İstər sovet dövrünün, istərsə də bu günün ən görkəmli mədəniyyət və ictimai-siyasi xadimlərindən olan Rüstəm İbrahimbəyov son yüz ildə bəlkə ilk dəfə olaraq elita mövzusunu yenidən gündəmə gətirməklə geniş diskussiya auditoriyası yaratdı. Doğrudur, o, mövzunu əsasən qədim Bakı (o cümlədən Şirvan) əhlinin dədə-baba yurdlarına sahibliyinin itirilməsinə həsr edib və bu səbəbdən də təqib və təzyiqlərə məruz qalıb. Əlbəttə, qəlbində vətən, torpaq, dədə-baba adət-ənənələrinin saf sevgisi yox dərəcəsində olub, fani dünya malını bu müqəddəs dəyərlərdən xeyli üstün tutanlar Rüstəm İbrahimbəyovun bu qəlb yanğısını dərk edə bilməzdilər.

Haqsız hücumlara məruz qalan kinorejissorun kifayət qədər müdafiəçisi də tapıldı, amma əfsus ki, bu müdafiə yetərli deyildi. Odur ki, mövcud şəraiti yaxşı dərk edən Rüstəm İbrahimbəyov bəzi müsahibələrində müəyyən manevrlərə getməyə məcbur oldu. Çünki o başa düşürdü ki, dünya miqyasında həm də Azərbaycan elitasının bir nümayəndəsi kimi tanınması heç də cibinə narkotik atılmasını, sonra da “vətənə xəyanət”də ittiham edilməsini istisna etmir...
Azərbaycan elitası formalaşa bilərmi?
Bu suala cavab verməzdən öncə bir anlıq qayıdaq qədim maqlara və yunan
filosoflarına. Onlar Yaradan tərəfindən seçilmiş (!) xeyirxah iman sahibləri idilər – yəni dillərindən səslənən hər bir söz və bir fikir XEYİRli olub ŞƏRin hiylə-fəsadına söykənən min bir söz və fikri darmadağın edirdi; onların hər bir əməli XEYİRxahlığa xidmət edib dövrünün ən despot padşahlarını belə adil və mərhəmətli olmağa vadar edərdi. Onlar hər hansı formada fani dünya malının ləzzətlərindən qaçıb, o ƏBƏDİ dünyanın əbədi səadəti naminə yaşayıb-yaradan fədailər ordusu idilər...
Elitanın nümayəndəsi olmağın ilk və əsas şərti – bəndənin Yaradana iman gətirib bütün ömrünü və həyat fəaliyyətini XEYİRİN ŞƏR üzərində qələbəsinə həsr etməsidir: zalımın (şərin) açıq-aşkar zülmünü görüb susmaq elə həmin zalıma həmkar olmaq deməkdir!
Sətirlərimizi oxuyan ateist ruhlu, amma hər kəlməsində, fikrində, əməlində adil və xeyirxah olmağa cəhd edən qardaş-bacımızı daha da ucalaraq (!) qəlblərinə bu qədər NUR damlaları çiləyən XALİQə İMAN gətirməyə çağırırıq. Bəzi dindar qardaş-bacılarımıza isə tövsiyə edərdik ki, insanları fərqli din, dil, məzhəb, təriqət baxışlarına görə tənqid etməmişdən öncə özlərinin hər kəlmə, fikir və əməllərini XEYİRxah niyyətli edib qəlblərinin NURlandırılması ilə məşğul olsunlar. Başqa sözlə desək, fərqli dünyagörüşlü bir kimsəni (ateist olsa belə) xoşagəlməz ağır bir kəlmə ilə yaralamaq küfrə uymaqdan başqa bir şey deyil.
Azərbaycan elitasının formalaşmasında hansı şərtlər vacibdir? İlkin şərti qeyd etdik – xeyirxah iman sahibi olmaq! Dilindən, dinindən, irqindən, məzhəb və təriqətindən, məskunlaşdığı regiondan asılı olmayaraq hər bir vətəndaşına hörmət və ehtiramla yanaşan; hər hansı formada dünya malı istəyinə qalib gələrək, ümumxalq mənafeyini şəxsi mənafeyindən üstün tutan; nəfsini kin-küdurət, qərəz, təkəbbürdən qoruyan; zülmlə barışmayan; bəzi vacib məsələlərdə səbirli və hər an ədalətli olan; düşmənlə ləyaqətli mübarizə aparmağı bacaran; beynəlxalq aləmdə də nüfuza malik olub, müəyyən proseslərə müdaxilə etməyi bacaran şəxslərdən ibarətdir elita!
Bu gün Azərbaycan Ziyalılar Forumunu müəyyən mənada elitanın ilkin forması hesab etmək olar. Bu forumda birləşən ziyalılar doğrudan da bayaq sadaladığımız şərtlərin böyük bir qismini özlərində əks etdirirlər, lakin bu, ilk cücərtilərimizdir, bu yolda qətiyyətli mübarizə gərəkdir.
Təbii ki, azlıqda qalan XEYİRXAH qüvvələr ŞƏR qüvvələrlə mübarizədə hədsiz çətinliklərlə üzləşməli olur və olacaqlar da... Amma geriyə yol yoxdur: doğrudan da niyyətimiz nəinki ölkəmizin və onun əhlinin, o cümlədən bəşəriyyətin XİLASINA doğru istiqamətlənibsə, bütün təqib, təzyiqlərə səbirlə dözərək, yolumuzu davam etdirməliyik. Ölüm və zindan xofu belə bizi bu HAQQ yolumuzdan azdırmamalıdır. (Dini-fəlsəfi baxışlarına görə “SƏRHƏDSİZ DÜNYA” tərəfdarı olub, bu istiqamətdə də həyat mübarizəsini quran, o gələcək ƏBƏDİ dünyanı vətəni hesab edən bu sətirlərin müəllifini də çətin ki, ölüm, ya zindan xofu qorxuda...) Odur ki, qəlbində YARADANA inam olan hər bir XEYİRXAH bəşər övladı yalnız və yalnız Xaliqin ipindən tutaraq bəşəriyyətin ŞƏRdən xilası naminə əlindən gələni əsirgəməməlidir...
Yeri gəlmişkən, vacib bir məqama da diqqət yetirmək gərəkdir: bu gün hakimiyyətdə kifayət qədər sağlam ziyalılarımız da var ki, onları da XEYİRXAH missiyaya dəvət etmək vacibdir. Şəxsən öz başımıza gələn xoşagəlməz olaylarda nəinki kifayət qədər azadfikirli və qeyrətli vəkillərlə, hətta bəzi (bəlkə də sabah xilas ola biləcək!) sağlam ruhlu müstəntiq, ya digər hakimiyyət nümayəndələri ilə rastlaşdıq. İnanın ki, onların da əksəriyyətinin ümidləri bizə idi... Onlar da xilas olmaq istəyirlər...
Beləliklə, bu gün qəlbində elita ruhunu yaşayan hər kəs həm ölkəsinin, həm xalqının, həm bəşəriyyətin ŞƏRdən qurtulması naminə əlindən gələni əsirgəməməlidir! İnşallah, bu prosesdə Allah da bizə arxa olaraq ölkəmizin – Azərbaycanın ləyaqətli elitasını formalaşdırar! Ləyaqətli elitası formalaşan xalq isə gec-tez haqqına sahib olar!

Kürdəxanı təcridxanası                     mediaforum.az

Комментариев нет:

Отправить комментарий