Страницы

29.10.2012

Azərbaycan ədəbiyyatşünaslığı: üçdən biri…

Şirindil Alışanov.jpgTehran Əlişanoğlu

Şirindil Alışanlının 60 yaşına

Azərbaycan ədəbiyyatşünaslığının üç mənbəyi var: folklor, klassik ədəbiyyat, müasir ədəbiyyat; və təbii, üç də tərkibi…
İndi bizim AMEA Nizami adına Ədəbiyyat İnstitutunda bunlardan birincisi: İnstitutun direktor müavini, həmçinin “Şifahi Azərbaycan ədəbiyyatı və abidələr” şöbəsinin müdiri, filoloji elmlər doktoru, professor Məhərrəm Qasımlı ilə təmsil olunur. Şair, alim, folklorşünas, ədəbiyyatşünas… Təkcə elə Az TV-nin Mədəniyyət kanalı ilə hər həftə yayımlanan Aşıq verilişlərini yada salsaz, tanıyacaqsız…

İkincini – İnstitutun direktoru (hələlik direktor-əvəzi), AMEA-nın müxbir üzvü, filoloji elmlər doktoru, professor Teymur Kərimli təmsil edir. Klassik irsin araşdırıcısı, Nizamişünas alim; İnstitutun hazırladığı 6 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin baş redaktor müavini… Əslində, yada salsanız, Az TV-də klassik divan ədəbiyyatından yadigar məşhur “Məclisi-üns”dən onu da tanıyacaqsız; habelə özü də qəzəllər yazır, şeirlər kitabı var…
Ən nəhayət, üşüncüsü – Şirindil Alışanlıdır; İnstitutun “XX əsr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, filoloji elmlər doktoru. Tənqidşünas, mətnşünas alim… Son illərdə elə onu da Az TV-də, Mədəniyyət kanalında tez-tez görə bilərsiz, sovet dönəmi ədəbiyyat klassiklərinə dair verilişlərdə, ədəbiyyatşünas-ekspert qismində… Habelə neçə illərdir (əslində, bütün müstəqilliyimiz boyu!) AMEA-nın “Elm” nəşriyyatı kimi nüfuzlu bir təsisatına rəhbərlik edir…
Həə, əsas sözümüz elə bu xüsusda, üçüncü barədədir… Əvvəla, ona görə ki: Şirindil Alışanlının bugünlərdə 60 yaşı tamam olur: mübarək olsun! Qutlayaq, – dedik…
İkincisi, bu ki: Azərbaycan ədəbiyyatşünaslığı dedikdə, məgər elə son yüzilimiz, müasir ədəbiyyatın olduğu-oluşduğu yerlər, ərazilər yada düşmürmü… Firudin bəy Köçərlidən beləsinə milli ədəbiyyat tarixi və tarixçiliyi də burdadır; M.F.Axundzadədən yana, tənqid və tənqidşünaslıq gəlişmələrimiz də… Milli ədəbiyyatımızın özü, bütün sistemi ilə: müasir şeir, roman, hekayə, dram, publisistika… da elə son yüz-yüz əlli ilimizə sığır…
Heç də xətrə dəymək, ədəbiyyatşünaslığımızın payında digər komponentlərin yerini dar eləmək istəmirəm ha! “Azərbaycan tənqidşünaslığının atası”, akademik Kamal Talıbzadə də məşhur “Azərbaycan ədəbi tənqidinin tarixi (1800-1920-ci illər)” monoqrafiyasında (“Maarif”, Bakı, 1984) əvvəl nə varsa da: poeziya, poetika, risalə, şərh elmi, nəqd (tənqid) sənəti… – qaynaqlara, milli ədəbiyyatşünaslığın qaynaqlarına aid edir. Yəni ki, yaxşı düşünsək, əksinədir: orta əsrlərin Aşıq şeiri, klassik Divan ədəbiyyatının bugün milli ədəbiyyatımızda yerini, dəqiq ünvanını tapması ədəbiyyatşünaslığımızın, həmən o F.Köçərlidən beləsinə olan yüz ilimizin xidmətidir. Bilavasitə aşıq-qəzəlxan görkəmində yox ki, bu və ya digər tarixçilik konsepsiyasına uğramış analitik məzmununda…
Ən nəhayət, yazının yazılmasının daha bir (üçüncü) səbəbi də elə bu – analitika məsələsidir. Həmin bu mənim şəxsən dostum, qardaşım Şirindil Alışanlı son illərdə ədəbiyyatşünaslıq elmimiz və ədəbiyyatımızın faydası xatirinə elə gözəl, vacib, gərəkli işlər görübdür ki, bu barədə danışmamaq heç insafdan deyil… Hərçənd: danışdıq guya nə olasıdır, danışmadıq nə; çax-çax ha baş ağrıtsın, dəyirman öz bildiyində ola…
Bu ki, keçən il Şirindil Alışanlı, ən nəhayət “baş ağrıdanlar”ın bəhanəsini kəsib də, doktorluğunu müdafiə elədi: “Azərbaycan ədəbiyyatşünaslığının nəzəri-metodoloji məsələləri” (!) Və başlıcası, əsasında gözəl bir monoqrafiya çap etdirdi: “Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı” (“Elm”, Bakı, 2011). Əsər K.Talıbzadədən beləsinə, milli ədəbiyyatşünaslığın təcrübəsini ümumiləşdirən sayca da, sanbalca da ikinci bir sistemli monoqrafiyadır. Və elə K.Talıbzadənin qurtardığı yerdən də (XX yüzilin əvvəlləri) tutub, üzü bəri gəlir; və əlbəttə, bu işdə (tənqidşünaslıqda) payı olanların (xüsusən Yaşar Qarayevin) zəhmətini də qəti danmadan…
Bilsəniz, nə qədər lazımlı bir işdi bu iş! Əvvəla gərəkməzmidir ədəbi fikirdə bu cızığından çıxmış, başıpozuq, hara getdiyi bəlli olmayan XXI əsri harasa-necəsə otuzdurasan; heç olmaya, XX əsrin elmi-nəzəri müstəvilərinə… Axı nəzəriyyəsiz, nə etdiyini bilmədən yol gedilməz ki… Monoqrafiyada Ş.Alışanlı sanki bugün öz-özünün içində azmış ədəbiyyatşünaslığımızı anlayışlar, kateqoriyalar, elmi qanunauyğunluqlarla düşünmək təcrübəsinə qaytarmağa çalışır…
Bəs bu təcrübə nədən ibarətdir; gərəkməzmiydi bugünün müstəqillik imkanları və ağlıyla kimsə bu işə bir əncam çəkə? Dedik, monoqrafiyada M.F.Axundzadədən beləsinə, məxsusən də XX əsr ədəbiyyatımızın gəlişmə mənzərəsi, fakt və mərhələ təsnifatı əksini tapmış. Bu da onun ikinci önəmi. Götür də, bütöv bir ədəbiyyatşünaslıq biblioqrafiyası, yaxud “hərəkətdə olan estetikamız” qismində yararlan!
Amma özünə baxmaq üçün fövqünə, ya da heç olmasa barmaqların ucunda bir balaca yuxarı qalxmağı bacarmalısan ki, Ş.Alışanlı belə də edir… Çağdaş akademik rus ədəbiyyatşünaslıq və humanitarisinin simasında podiuma qalxıb deyir: baxın, bu – onlar!, bu – onlardan görünən “dünya”!; bəs biz, biz nə edirik? Bu da ola monoqrafiyanın üçüncü məziyyəti…
Hə, bundan da bir il əqdəm (dekabr, 2010) Şirindil Alışanlı daha bir gözəl layihəyə imza atmışdı… Söhbət AMEA Nizami adına Ədəbiyyat İnstitutunun məhz onun təşəbbüsü və çalışqanlığı sayəsində həyata keçmiş beynəlxalq “Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri-metodoloji məsələləri” konfransından gedir. Ş.Alışanlı hələ sovet dönəmində, aspirantlığından əlaqə qurub-kəsmədiyi Moskva elmi mühitindən bir neçə qocaman alimi (o cümlədən məşhur estetik-nəzəriyyəçi Yuri Borevi), habelə türk dünyasından daha bir-iki ədəbiyyat araşdırıcısını cəlb edərək, layiqli bir konfrans keçirə bildi. Və yenə də başlıcası o oldu ki, konfrans materiallarını eyni adlı dəyərli bir kitaba çevirdi: “Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri-metodoloji məsələləri” (“Elm”, Bakı, 2010). Doğrudur, bütün konfrans gedişində o da hiss olunurdu ki, baş təşkilatçı olaraq sanki Şirindil müəllim onu başqalarına qısqanır… Xüsusən də iki cüt bir tək “Moskva qonaqları”na az qala təbərrük kimi yanaşması, nə bilmək olar, bəlkə də ədəbiyyatşünaslığımızın real durumunu əcnəbilərə göstərmək (ya göstərə bilməmək) qorxusundandı. Amma hər halda, mən bu növ ümum-önəmli işlərə yalnız pozitivdən baxmağı vacib bilirəm; odur ki, konfrans materiallarından seçib, (təbii ki, Ş.Alışanlının razılığı ilə) onu öz Tənqid.net jurnalımın salnamə bölümündə, 2010-cu ilin tarixinə də yazdım…
Ümumən, böyük elmi proyektlər Şirindil Alışanlının yaradıcılıq stixiyasıdır… Bəzən başqalarına illüziya kimi görünən məsələlər var ki, istək və iradəsi gücünə gerçəkləşdirməyi sevir. Qoy bir az elə illüziya olsun, görüntü olsun, tam istədiyi kimi olmasın, amma olsun! İnsafən, min bir zəhmət hesabına hazırda “Elm” nəşriyyatının rəhbəri kimi tutduğu post, qazandığı nüfuz da bir-birindən gözəl ədəbiyyatşünaslıq layihələrini realizədə ona imkanlar açır. Hələ 1980-ci illərdə gənc Şirindil göbəkdən bağlı olduğumuz rus ədəbiyyatşünaslığının ardınca gedərək, balaca bir şöbədaxili bölmədə bizdə ilk dəfə Tarixi poetika nəzəriyyəsini gəlişdirməyə nail olmuşdu. Nəticəsi, bəli, yenə kitab: “Azərbaycan ədəbiyyatının tarixi poetikası” (“Elm”, Bakı, 1989)… Sonrasına baxın, üstündən zamanlar ötdü, çox sular axdı-duruldu, əlinə girəvə düşən kimi, Şirindil Alışanlı bir vaxtlar başladığı işi davam etdirdi. Nə az, nə çox: düz 17 il (!) sonra “Azərbaycan ədəbiyyatının tarixi poetikası” sırasından şeirin və şeir şəkillərinin təkamülünə dair 2-ci toplu (“Elm”, Bakı, 2006) işıq üzü gördü… – alim inadı və əzmkarlığına baxırsızmı?! Bugünlərdə isə toplunun artıq hazır, üslublara dair 3-cüsü çapdan çıxasıdır…
On ildir ki (bir az çox, bir az az), Ş.Alışanlı AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda “XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı” şöbəsini yönəldir. Və mən deyirəm: elm və praktikanın vəhdəti nə gözəl olurmuş! Şöbə əməkdaşları qarşısında irəli sürdüyü elmi ideya və layihələri Şirindil Alışanlı çox keçmir ki, təkcə lokal bir kollektiv, yaxud İnstitut səviyyəsində deyil, ümumən ölkə ədəbiyyatşünaslarının və ədəbiyyatşünaslığımızın vahid bir işi kimi elmi-ədəbi ictimaiyyətə təqdim edə bilir. Diqqət edin bu baxımdan “XX əsr Azərbaycan ədəbiyyatı məsələləri” sırasından çıxan kitablara. Birinci kitab “XX əsr Azərbaycan ədəbiyyatı: yeni baxış və ədəbi-metodoloji dəyərləndirmə meyarları” (“Elm”, Bakı, 2006) adlanır və akademik Məmməd Arif Dadaşzadənin 100 illiyinə həsr olunmuşdur. Və: Nizamidən (T.Kərimli, “XX əsr Azərbaycan nizamişünaslığı”) bugünəcən (Ş.Alışanlı, “XX əsr Azərbaycan ədəbiyyatı: tarixi dövrləşdirmənin nəzəri-metodoloji aspektləri”) ədəbiyyatımızın da, ədəbiyyatşünaslığımızın da faktik sərhədlərini görükdürməyə, ehtiva etməyə cəhddən ibarətdir. Demədikmi, bizdə nə varsa, bəs elə burada, XX əsrdədir!
“XX əsr Azərbaycan ədəbiyyatı məsələləri” sırasından ikinci kitab (“Elm”, Bakı, 2008) “XX əsr Azərbaycan poeziyasının müasir dərki” adlanır. Səməd Vurğunun 100 illiyini qutlayır və bütünlükdə ədəbiyyatşünaslığımız burda milli şeir adına Səməd Vurğun poeziyası işığına dolanıb da durur. Üçüncü kitab Mikayıl Müşfiqin 100 yaşını anaraq: “M.Müşfiq irsi və 1920-30-cu illərdə yeni poetik fikrin formalaşması prosesi”ndən (“Elm”, Bakı, 2010) bəhs açır. Təkcə şeirdə yox ki; tədqiqatçısına müvafiq, hardasa nəsrdə, ədəbi proses və tənqiddə də həmçinin… Və onlarla ədəbiyyatşünasın cəlb olunduğu bütün bu ümumi zəhmətin rəhbəri də, redaktoru da Şirindil Alışanlıdır. Hələ onu demirəm ki, “XX əsr Azərbaycan ədəbiyyatı məsələləri” sırasından daha da başqa işlər: dramaturgiya, hekayəçilik və Azərbaycan romanına dair toplular hazırlanma (ideya,tədqiqat, nəşr) mərhələsindədir…
Kolossal işlərdir! Amma yenə hamısı deyil. Ədəbiyyat və tarixsevərlərin nəzərinə!; necə olur ki, yaşanan tarix ədəbiyyata, konkret halda şeirə çevrilir… Şirindil Alışanlının ideya rəhbərliyi və gözəl poeziya araşdırıcısı Safurə Quliyevanın tərtibatçılığı ilə “XX əsr Azərbaycan poeziyası antologiyası” sırasını izləsəz, çox şey qazanarsız. Antologiyanın 1920-ci illərin (“Elm”, Bakı, 2009), 1930-cu illərin (“Elm”, Bakı, 2010), 1940-cı illərin (“Elm”, Bakı, 2011) poeziyasına dair 1-ci, 2-ci, 3-cü kitabları satışdadır (“Akademkitab”dan əldə etmək olar), qalan onillər isə nəşr və hazırlanma prosesində…
Kolossal işlərdir! – dedik; amma həm də diqqət edin, bütün bunlar alim və naşirin fəaliyyətinin əsasən son beş ilini əhatə edir! Demək, Şirindil Alışanlı təkcə ömrün deyil, yaradıcılığının da pik mərhələsindədir! Ümumən normal, tədrici, öz axarında ədəbiyyat həyatı sürmüş alim üçün bu səciyyəvidir: ömrün cavanlığı ahıl çağlarında, məhz ədəbiyyata dolandan sonra başlayır… Eşitdiyim qədər, hazırda Şirindil Alışanlı daha bir nəhəng layihəyə qol qoymuş; gözəl mühacirşünas-alim Nikpur Cabbarlı ilə birgə, uzun zaman Vətəndən ayrı düşmüş mühacirət ədəbiyyatı və mətbu materiallarını Vətəndə nəşr edib, sistemli tədqiqinə yol açmaq… Uğurlu olsun! – deyək.
Ş.Alışanlının iki onil ərzində “Elm”də keçən fəaliyyəti, gerçəkləşdirdiyi miqyaslı işlər barəsində danışmaq mənim hünərimdə deyil. Amma onu bilirəm ki, ədəbiyyatşünas-alimin burda humanitar elmin nəfinə: Azərbaycan tarixinin on cildi, fəlsəfə çoxcildlikləri, teatr və incəsənətə dair nəşrləri bir deyil, iki deyil, onlarla, yüzlərlədir; həm də bir çoxunda adı məsul şəxs, ya redaktor qismində hallanır. O cümlədən Şirindil Alışanlı “Azərbaycan ədəbiyyatı tarixi” 6 cildliyinin də (2004-dən çıxmağa başlamış) hazırlanmasında məsul şəxslərdən biri, məsul katib kimi xatırlanır. XX əsr ədəbiyyatını ehtiva edən son 6-cı cildin məsul redaktoru isə o özüdür; və bu barədə söhbət düşəndə bələdlik və özünəarxayınlıqla deyir: bugünəcən olan cildlər (çoxcildliyin dörd cildi çıxmış, 5-ci hazırlanma prosesindədir) yalnız Azərbaycan ədəbiyyatı materialları və oçerklərini təmsil edir, əsl tarix isə məhz bizim hazırladığımız XX əsr ədəbiyyatı olasıdır…
Şirindil Alışanlı mənim böyük qardaşımdır; heç də ad-soyad yaxınlığını görüb gümanınız başqa yerə getməsin. Mən Bakıda doğulmuşam, əslim isə ölkəmizin Cənubundandır; Şirindil müəllim uca Laçın dağlarının qoynunda dünyaya gəlib, amma Bakıda böyüyüb, təhsil alıbdır. Eləcə azərbaycanlılıq, həmkarlıq mənasında deyirəm. Həm də ona görə deyirəm ki, mentalitetimizdə var; bizdə axı haralı olmağımızın az qala taleyimizdə də yeri var. Nə isə; böyük qardaşımdan fərqli olaraq, mən AMEA Nizami adına Ədəbiyyat İnstitutunda yarımştatam, elə ədəbiyyatşünaslıqda da, demək olar ki, yarımştatam: bir az tənqidçi, bir az ədəbiyyat tarixçisi; elə ümumən də: bir az Azərbaycanşünas, bir az BSU-da professor (psevdo-professor!)… Amma bu o demək deyil ki, ədəbiyyatımızda nələr baş verdiyini tam ştatda görmürəm; böyük həqiqətləri balaca pəncərələrdən də görmək olur…
Bu ki: böyük qardaşdan qürur duymaq, qibtə eləmək adətdəndir; təki ortada paxıllıq-xılt olmaya… İntəhası, son zamanlar bizdə başqasının hünərini, gördüyü filan qədər işləri göz ardına vermək, saya almamaq bir növ dəbə çevrilibdir. Yaxşı, danışmadıq-dinmədik, quruca təbrikə nə gəlib… Həmişə fəxarət duymuşam Şirindil müəllimin böyük-böyük işlərindən; həm də elə hamının əvəzindən, insafən bu barədə dəfələrlə yazmışam da… Ara-sıra adımı kitablarının böyrünə redaktor, ya rəyçi qismində yazanda (məsələn, 2010-cu ildə çıxmış “Ədəbi-bədii düşüncənin sərhədləri” tənqid kitabının redaktoru mənəm!) bir az da artır, böyüyürəm özlüyümdə: demək, biz də nəyəsə yarıyırmışıq…
Hərçənd yubiley qutlaması da bir bəhanə; dedik və göstərməyə çalışdıq: Şirindil Alışanlı işiylə-hünəriylə ədəbiyyatşünaslığımızın bugününü simvolizə edən simalardan biridir. O cümlədən sabahına qarantiya; Azərbaycan ədəbiyyatşünaslığının taleyi xeyli qədər (üçdən birimi?) heç də sayı çox olmayan belə alimlərin əzmkarlığı-inadına bağlı. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun perspektivləri də hakəza.

art.ann.az

Комментариев нет:

Отправить комментарий