Страницы

29.10.2012

Yazarı oxucudan çox...

Narıngül

(Bir toy məclisindən qısa reportaj)
 
     Əhvalat vaqe olur bir gənc yazar dostumun  toy məclisində...
     Əvvəldən düşündüyüm kimi toyun əsas hissəsini yazarlar ordusu təşkil edirdi. Məclisdə xeyli adam vardı. və  şübhəsiz ki,   burda  məmləkət yazarlarının yalnız bir qismi iştirak edirdi.  Kənarda  neçə belə böyük  hissə də mövcuddu. Zala daxil olan  dəbə uyğun “mini” və “dekolte” geyinmiş  xanımlarla  ənənəvi  klassik üslubda ağ köynək və qara kostyumlu bəylər maraqlı harmoniya yaradırdı. Bir qədər iddialı görünən yazarların üzündə ritorik əhval, müəmma və tələskənlik hopmuş  bir  aura da   hiss olunurdu.  Qonaqların çoxunun  yazar olması məntiqə uyğundu. Onsuz da  oxucusu az olan  ədəbi meydanda da  yalnız yazarlardı. O da  məlumdur ki,  indiki zamanda yazarın yazar dostları var, oxucu dostları yox.
   Əvvəlcə, hər şey öz qaydasında idi, hərə  bacardığı kimi  öz əhatə dairəsində  əylənirdi.. Məclisə daxil olan bir neçə dövlət məmurundan sonra isə dəstələr qarışqa süfrəsi kimi qaynamağa başladı.
Fotoaparatlar işə düşdü. Məmurlarla şəkilçəkdirmə mərasimi başlandı. Sonra başqa bir məmur zala daxil oldu. Qeyd edim ki, məmurların içərisində sabiq deputatlardan da vardı. Fotoaparatlar şıqqıldayır, müxtəlif pozalarda şəkillər şəkilir, səhər internet səhifələrinə qoyulacaq fotoların fundamenti qoyulurdu.  Şəkillərdə həmin məmura daha yaxın olduğunu hiss etdirmək duyğusu da önə çəkilirdi. Müxtəlif pozalarla şəkil çəkdirən yazarların üzündə elə məmnun ifadə vardı ki, elə bil hansısa keçilməz dağı fəth etmişdilər. Adam onlarla bərabər sevinməkdən, fərəhlənməkdən özünü saxlaya bilmirdi.
      Məclisdə başqa bir yazar da vardı. Yaradıcılığı  təsdiq olunmuş müəllifdi. Heç kim şəkil çəkdirmədi onunla, heç görüşməyə də həvəs göstərmədilər. Adam sakitcə bir kənarda əyləşdi və gözə görünmədən çıxıb getdi. Şəkilçəkdirmə mərasimindən sonra  əhvalı düzəlmiş yazarlar oynamağa, şənlənməyə  başladılar.
     Ortada  bayağı bir rəqs havasına rəqs edən məmur da məmnun idi, onun ətrafında  dövrə vuran  yazarlar da.   Bu ölkənin yazarı məmura bənzəyirdi. Bu  ölkənin məmuru həm də yazara  bənzəyirdi.  
      Onsuz da şəkil çəkdirməyə heç vaxt meylim olmayıb. Bu mərasimdən sonra  olan istəyim də əridi, suya döndü. Mənimlə bir masada əyləşmiş yazar dostum  da  şəkilçəkdirənləri görüb həvəsə gəldi: “bəlkə, biz də bir şəkil çəkdirək”  təklifində bulundu.  
      Sonra yanımda əyləşmiş  yazarlardan biri  oynayanlardan  gözünü ayırmadan bəyan etdi ki, deyəsən hamı yazır. Adamın sifətinə ironiya qarışıq,  şeytani bir təbəssüm qonmuşdu.Bir qədərdən  sonra isə müdrikcəsinə :” Yenə yazdıqları bir şey olsa cəhənnəm, forslarına bax” – deyə əlavə etdi. Yazar – yazarı qıcıqlandırırdı, əsəblərinə toxunurdu. Çünki  bu məmləkətdə yazar  daha çox  cismani şəkildə  müəllifin özünü görməyə alışmışdı, əsərini yox.
     Baxdım ki,  adamda günah yoxdur, əslində. Mətn olan yerdə “müəllifin ölümü” arzuolunandır. Müəllif hər yerdə mətndən irəlidədirsə, ondan “böyük “dürsə, mətnin  öləziyib gözdən itməsi də labüddür.
       Məclisdə hamı eyni havanı oynayırdı, hamının jestləri,  geyimi bir- birinə bənzəyirrdi. Bəlkə də,  bu an hamının ürəyindən  də eyni hisslər keçirdi.    
       Özünü sərbəst aparmağa cəhd  edən, “orijinallıq” edərək   içki içən və nümayişkaranə şəkildə siqaret çəkən  gənc  xanım yazarın da “azadlıq” mücadiləsi  havaya getdi. Hiss olunurdu ki, hər şeyi görüntü xatirinə edir və deyəsən onu anlamadılar.  Məclisi tərk etdikdən  sonra arxasınca xeyli qiybət də aparmalı oldu.          
       Məclisin ortasında, tamada demiş ən gözəl yerində,  istedadlı bir müğənni çox gözəl klassik bir  mahnı oxudu. Amma qulaq asan olmadı.
    Heç kəsə maraqlı deyildi müğənninin  əsrarəngiz  zəngulələri. Bulaq kimi qaynayan şaqraq səs də hay -  küyün içərisində ucuzlaşdı,  boşuna əriyib getdi. Eynən,  bank işçisi olan bir qonşumun toyundakı kimi.Orda da bu müğənni oxumuşdu, bu zəngulələri etmişdi. Və heç kimin vecinə olmamışdı. Amma  fərq ondaydı ki, o toyda   qonaqların əksəriyyəti  biznesmenlər, ticarət işçiləri idi , burdakı kimi özünü hər mətləbdən hali hesab edən  yazarlar deyildi...    
    Bir sözlə, maraqlı və ənənəvi toy idi. Masaların üstü yemək - içməklə dolu, adamlar şən, musiqinin hay küyü...  Dünyanın hər yerində olduğu kimi.  Amma bu yerdə  tam  başqa formada. Elə dünyanın hər yerində yazı adamları  da  bir - biriylə mübahisə edirlər, bir –birinə qarşı   iddialar qaldırır, dalaşır sonra barışırlar.  Amma  yenə də tam başqa formada və  başqa təfsilatlarla. Bu təfsilatları sadalamaq da uzun çəkər...
   Belə... Bu gənc  yazar dostumun toyunda hər gün getdiyim toylarda fərqli, spesifik bir çalar tapa bilmədim və odur ki,  yazımı  sadə və bəsit bir mətnlə yekunlaşdırmalı oldum . Sonda isə   təzə evlənənlərə xoşbəxtlik arzulayıram. Məncə, ən əsası budur.    

Комментариев нет:

Отправить комментарий