Страницы

31.10.2012

Birobicandakı ərkivanlı

Təsəvvür edin ki, təkcə indiki Rusiyanın yox, az qala əksər ölkələr üçün uzaq bir məkan olan Yəhudi Muxtar Vilayətinə, onun paytaxtı Birobican şəhərinə səfər etmisiniz. Yəqin ki, burada sizi ən çox narahat edən vətən həsrəti, qəriblik olacaq. Və bu qəribliyi unutdurmaq, həm də yol yorğunluğunuzu çıxartmaq üçün şəhərdəki ən məşhur restorana üz tutacaqsınız. Restoranın möhtəşəmliyi və gözəlliyi sizi heyran edəcək. Görəsən, bu restoranın sahibi kimdir? İstənilən adam bu sualınızı bir kəlmə ilə cavablandıracaq – azərbaycanlı Məmmədov.
Şəhərdəki digər möhtəşəm bina, necə deyərlər, şəhərin baş ticarət mərkəzi ilə tanış olmaq istəsəniz, yenə də eyni suala eyni cavab alacaqsınız – bu obyekt də azərbaycanlı Məmmədovundur.
Şəhərin ən nəhəng aptek şəbəkəsinin də azərbaycanlı Məmmədova məxsus olduğunu eşidəndən sonra yorğunluğunuzu və qəribliyinizi yəqin ki, tamam unudacaqsınız. Bütün bunlardan sonra hətta əylənmək istəyi ilə şəhərin ən gözəl parkına və əyləncə mərkəzinə də üz tuta bilərsiniz.
Heç bura da özgənin deyil. Bu gözəl istirahət mərkəzi də gənc azərbaycanlı sahibkar Məmmədovun yerli sakinlərə hədiyyəsidir.
Bəs bu azərbaycanlı Məmmədov kimdir? Bu da sirr deyil. Məmmədovun tərcümeyi-halı da, biznes fəaliyyəti də çox şəffafdır. Hikmət Məmmədov 1971-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində, ən kiçik və ucqar məhəllə sayılan Zeynobada anadan olub. Atası Əliheydər kişi zəhmətkeş və xeyirxah insanlardan biri idi.
Hikmət Məmmədov Moskvadakı Dövlət Akademiyasında təhsil alıb. Ət və süd məhsullarının texnologiyası üzrə ixtisaslaşıb. Ötən əsrin 90-cı illərinin ortalarında öncə qardaşı Camal Uzaq Şərq torpaqlarına üz tutub. Daha sonra digər 2 qardaş çörək qazanmaq üçün Uzaq Şərqə - Xabarovska gəlib. Öncə qardaşlar kiçik biznes sahəsində qüvvələrini sınayıblar. Nəticə uğurlu olub. Elə ilk fəaliyyətlərindən başa düşüblər ki, burada işgüzar, zəhmətdən qorxmayan, halal ticarətlə məşğul olan hər kəs üçün normal şərait var.
Bu yerlərdə normal həyat üçün şəraitə inamlı olan daha 3 qardaş Xabarovsk diyarına üz tutub. İndi zeynobalı Əliheydər kişinin 7 oğlundan 6-sı bu uzaq Sibir torpağında çalışır. (Əlihümmət adlı qardaş isə
Bakıda - inşaat sektorunda işləyir.) Xabarovskdakı qardaşlardan hamısı – Camal, Hikmət, Əlihüseyn, Xanhüseyn, Nazim, İntiqam burada bizneslə məşğuldur və hər birinin özünəməxsus uğurları var. Camal isə bizneslə yanaşı elm sahəsində də uğurlara imza atıb. O, iqtisadiyyat üzrə elmlər doktoru, Xabarovsk Dövlət Universitetinin müəllimidir.
Bu yazımızda isə həmin qardaşların Uzaq Şərqdə daha çox məşhuru, Yəhudi Muxtar Vilayətinin ən tanınmışlarından olan Hikmət Məmmədovdur.
Oxuculara onu da xatırladaq ki, Yəhudi Muxtar vilayətinin ərazisi Azərbaycanın ərazisinin az qala yarısına bərabər olsa da, əhalisi Masallınınkından da azdır -180 min. Bu əhalinin də təxminən yarısı vilayətin mərkəzində - Birobicanda yaşayır. Vilayətin ucsuz-bucaqsız torpaqlarında əsasən cinlilər işləyir və burada müxtəlif kənd təsərrüfatı məhsulları, xüsusən də soya bitkisi yetişdirirlər. Əhalinin əksəriyyəti kiçik bizneslə, qonşu ölkə olan Çindən müxtəlif ərzaq və məişət avadanlıqları gətirib satmaqla məşğuldur. Burada bacarığı və işləmək həvəsi olan hər kəs üçün meydan var. Bunları bizə telefon söhbətində bildirən Hikmət Məmmədov onu da qeyd etdi ki, bu qədim vilayətdə işçi qıtlığı da var. Ən yüksək - 1500-2000 dollar əmək haqqı təklif edilməsinə baxmayaraq, bəzən kənd təsərrüfatı maşınlarını idarə edən sürücülər tapılmır.
Rəsmi statistikaya əsasən burada əhalinin cəmi 1 faizi yəhudilərdir. Reallıqda isə yerli sakinlər burada əhalinin ən azı 10 faizinin yəhudi olduğunu iddia edirlər. (Bəzi səbəblərdən müxtəlif vaxtlarda yerli yəhudilər siyahıyaalınma zamanı milliyyətlərini yəhudi kimi göstərməkdən ehtiyatlanıblar.)
Yenə də diqqətinizi Hikmət Məmmədovla bağlı məlumatlara cəlb etmək istəyirik. Hikmət Məmmədov bu gün həmin vilayətin ən tanınmış və sevilən iş adamıdır. Hamı əmindir ki, Hikmət Məmmədov halal ticarətlə və geniş xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur. Şəhərdəki Qocalar Evi, Uşaq Evi, digər ehtiyacı olanlar daim onun səxavətindən faydalana bilirlər.
Yazının əvvəlindəki söhbətdən də məlum olduğu kimi, bu şəhərdəki ən yaxşı restoranlar şəbəkəsi, ən güclü apteklər, ən nəhəng super market və digər ticarət obyektləri gənc sahibkar Hikmət Məmmədova məxsusdur.
Bu gün bu şəhərin mərkəzində inşa edilən möhtəşəm – bir neçə milyon dollar dəyərində olan Ticarət Mərkəzi hamının diqqət mərkəzindədir. Bu mərkəzin tikintisi isə elə də asanlıqla həyata vəsiqə almadı. Öncə mərkəz üçün ayrılan torpaqla bağlı mübahisələr oldu, yerli qəzetlər sakinlərin, ekspertlərin fikirlərinə geniş yer ayırdı. Bir çoxları gənc azərbaycanlı sahibkarın şəhərdə belə möhtəşəm bina tikməsinə qısqanclıqla yanaşırdılar. Lakin gənc sahibkar bu maneələri aradan qaldırdı. Hikmət Məmmədov təkcə bu obyektin ətrafını abadlaşdırmağa 70 min dollar vəsait sərf etdi. Binanın inşasına isə bir neçə milyon dollar sərmayə qoydu. Bu nəhəng Ticarət Mərkəzinin 2013-cü ilin aprel ayında istifadəyə verilməsi gözlənilir.
Hikmət Məmmədov özünün biznes fəaliyyətini aybaay genişləndirir. O, hazırda Uzaq Şərqdə nəhəng 5 kolbasa istehsalçısından biridir. Onun sərəncamında kolbasa istehsal edən və satan 30 şəbəkə var.
Lakin 41 yaşlı gənc sahibkar təkcə ticarətlə məşğul deyil. O, vilayətin ictimai həyatında olduqca yaxından iştirak edir. Vilayətin ən nüfuzlu şəxslərinin, hətta Qubernatorun yanında sözü keçən çox azsaylı sahibkarlardan biridir. Həm yeni iş yerləri yaratdığına və həm də xeyriyyəçilik etdiyinə görə əhalinin də sevimlisinə çevrilib. Hamı onu özünə doğma sanır. Məhz bunun nəticəsidir ki, ötən il vilayət parlamentinə seçkilərdə 80 nəfərə yaxın namizədin (təkcə H. Məmmədovun namizədliyi irəli sürülən dairədə onun 10 rəqibi var idi) qızğın mübarizəsində 19 nəfər qalibdən biri Hikmət Məmmədov oldu. (Onu da xatırladaq ki, Hikmət Məmmədovun boya-başa çatdığı 15 min əhalisi, 10 min seçicisi olan Ərkivan qəsəbəsi uzun illərdir ki, öz övladlarından özünə deputat seçə bilmir – hətta Uzaq Şərqdə deputat ola bilsələr də). İndi bu vilayətin ən gənc və tanınmış insanlarından olan Hikmət Məmmədov daim yeni ideyalarla, yeni təşəbbüslərlə çıxış edir.
Onun xeyirxahlığının işığı təkcə çalışdığı yerlə bitmir. 2 il öncə Hikmət Məmmədov təhsil aldığı Ərkivan qəsəbəsindəki bərbad vəziyyətdə olan Həsənəküçə məktəbini təmir etdirib olduqca abad bir təhsil ocağına çevirdi. Bu məqsədlə 50 min manata yaxın vəsait sərf etdi. Bütün sinif otaqlarını təmir etdirib avadanlıqlarla təminatına və məktəbin digər ehtiyaclarına yardımçı olub. Bundan əlavə Zeynoba məhəlləsinin qazlaşdırılması, məhəllə arası yolun təmir edilməsi, yol kənarında elektrik lampalarının asılması, onlarla imkansıza, kimsəsizə yardım onun xeyriyyəçilik əməllərinin kiçik bir siyahısıdır. Növbəti tədris ilində isə Hikmət Məmmədov əlaçı tələbələr üçün mükafat ayırmağı, eləcə də həmin məhəllədən ali məktəbə daxil olacaq qızların Bakıda yataqxana və sair problemlərini həll etməyi planlaşdırır.
Hikmət Məmmədov və qardaşları həm də gözəl ailə başçılarıdırlar. Bu qardaşlar hamısı Ərkivandan və qonşu kəndlərdən olan qızlarla ailə həyatı qurublar. Onların övladları da burada idmançı kimi bir sıra uğurlara imza atıblar.
Məmmədovlar bu Uzaq Şərqdə kiçik, lakin möhtəşəm bir Ərkivan, bir az mübaliğəli desək, mikro Azərbaycan yaradıblar. Və bu “mikro Azərbaycan” orada yurda şöhrət gətirən əməllərini günbəgün artırır.
Onu da xatırladaq ki, Hikmət Məmmədov uğurlarını təkcə öz adına yazmaq istəmir. O, bizimlə telefon danışığında bildirdi ki, qazandığım hər qələbədə qardaşlarımın da böyük zəhməti var və xidmətə görə onlara həmişə minnətdaram. O, həmçinin qəzetimiz vasitəsi ilə bütün həmyerlilərinə salamlar göndərib uğurlar arzuladı.

Zahir Əmənov                        "Cənub xəbərləri"

Комментариев нет:

Отправить комментарий