Страницы

31.10.2012

Dahi alman bəstəkarı Lüdviq Van Bethoven

Dahi alman bəstəkarı Lüdviq Van BethovenDünya şöhrətli bəstəkar Lüdviq Van Bethoven kar olub

Dahi alman bəstəkarı Bethoven (1770-1827) dünyanın ən nəhəng bəstəkarlarından biridir. Böyük Fransa inqilabının ideyalarından ilham alan Bethoven öz yaradıcılığında ilk növbədə insanın qəhrəmanlıq, mübarizlik əzmini tərənnüm etmişdir. Tarixi şəraitdən, yaşadığı mühitdən savayı, Bethovenin şəxsi problemləri, ələlxüsus sağlamlığı ilə bağlı çətinlikləri də onun dünyagörüşünə ciddi təsir göstərmişdir. 28 yaşında ikən o, ağır xəstəliyin — musiqiçi üçün əsl faciə olan karlığın ilk əlamətlərini hiss edir. Xəstəlik şiddətləndikcə Bethoven çalmaq, sonra dirijorluq etmək qabiliyyətini get-gedə itirir. Adamlarla ünsiyyət saxlaması da tədricən çətinləşir — ömrünün son illərində o, dəftər vasitəsilə yazılı «söhbətlər»ə keçir. Ən dəhşətlisi isə odur ki, bəstəkar yaratdığı musiqini daha eşitmir!
Lakin nə xəstəlik, nə də tənhalıq Bethovenin mətin iradəsini qıra bilmir. Bəstəkarın daxili aləminin inikası olan musiqisində qorxu, ümidsizlik hisslərinə rast gəlmək mümkün deyil. Onun simfoniyalarında, sonatalarında, kvartetlərində ruh yüksəkliyi, gələcəyə inam duyulur, insan mübarizəsinin qələbə ilə nəticələnəcəyi elan edilir.
Bethoven cəmi 9 simfoniya yazmışdır. İlk baxışdan bu, Haydn və Mosart irsi ilə müqayisədə, əlbəttə, çox deyil. Lakin nəzərə almalıyıq ki, Bethoven simfoniyanın həcmini genişləndirərək, dramatikliyini artıraraq bu janrı xeyli zənginləşdirmişdir. Bəstəkar hətta Haydnın müəyyənləşdirdiyi orkestr tərkibinə yeni alətlər daxil etmiş və beləliklə, onun daha qüvvətli səslənməsinə nail olmuşdur.Bethoven ən məşhur əsərlərindən biri olan 3-cü simfoniyanı əvvəlcə Napoleona həsr etməyi nəzərdə tutubmuş. Lakin Napoleonun özünü imperator elan etməsini bəstəkar olduqca mənfi qarşılayır. Bethoven nəzərdə tutduğu ithaf fikrindən daşınır və simfoniyanı «Qəhrəmanlıq» adlandırır. Bəstəkarın tanınmış 5-ci simfoniyasının ən yaddaqalan musiqi parçası əsəri başlayan qısa, zəhmli mövzudur. Həmin musiqini Bethoven «tale qapını döyür» bədii ifadəsi ilə şərh edir. 9-cu simfoniya-da isə bəstəkar dövrü üçün cəsarətli bir yenilik tətbiq edir — əsərin son hissəsində alman şairi İ.F.Şillerin «Sevincə doğru» şeri əsasında nəhəng xor səhnəsi verir. Bu ölməz musiqi indiyədək xoşbəxtliyə, səadətə, dostluğa, qardaşlığa səsləyən alovlu çağırış olaraq dünya xalqlarının birlik rəmzi kimi qavranıhr. İ.V.Hötenin «Eqmont» faciəsinə yazdığı musiqisi, «Patetik» və «Appassionata» adları ilə tanınmış fortepiano sonataları, skripkaçı Rodolf Kreytserə həsr etdiyi «Kreytser sonatası», yeganə «Fidelio» operası da Bethoven yaradıcılığının qəhrəmanlıq, azadlıq əhval-ruhiyyəsini dinləyicilərə məharətlə çatdırır. Bethoven musiqisində incə lirika, dərin fəlsəfi düşüncələr də mühüm yer tutur. Məsələn, «Pastoral» adlandırdığı 6-cı simfoniyasında, «Ay» sonatasında təsvir olunan gözəl təbiət mənzərələri insanın daxili aləmi, onun fikir və düşüncələri ilə həmahəng səslənir.
Dahi alman bəstəkarı Lüdviq Van Bethoven

Комментариев нет:

Отправить комментарий