Страницы

30.10.2012

Müstəqillik

Akşin Sultanov

Bayramdır. Onsuz da dəliyə hər gün bayramdır. Ağıllı görsənmək üçün min bir artistlikdən çıxan, rəngi və mimikası bəlli olmayan saysız maska gəzdirən dəlilər nə deyir? Deyirlər ki, müstəqillik günüdür.
Söhbət dövlət müstəqilliyindən gedirsə, mənim vətənim SSRİ planetin ən müstəqil ölkəsi idi. Yanı belə dövlət müstəqilliyi qədrini bilənsinizsə, niyə vətənimiz SSRİ-nin dağılmasını istədiniz?
Diqqət edin, bu gün dəfələrlə fb-da SSRİ-nin dağılmasına qarşı səs verən millət vəkillərinin siyahısını paylaşıb, onlara “vətən xaini” deyiblər. Kim deyib? Azərbaycanın ən beyinsiz və gerici qafaları. Hə, onlar özlərinə “demokrat” deyir.
Deyir, amma anlamırlar ki, SSRİ-nin dağılmasına qarşı çıxmaq bir seçim idi – başqalarının seçimi. Bu məntiqlə gərək mən də SSRİ-nin dağılmasında əli olan hər kəsə, SSRİ-nin dağılmasına səs verən hər kəsə “vətən xaini” deyim. Vətənimi dağıdıblar axı! Biri üçün həqiqi müstəqil və həqiqətən xalqın qayğısına qalan SSRİ vətəndir, başqası üçün kapitalist oğruxana, atanşiklər, geydirmə insanlar ölkəsi.
Fikir verin, 20 il keçib, bu Rəsulzadə-Rəsulbəy qəbiləsinin zehniyyəti zərrə qədər dəyişməyib: bunlar hələ də demokratiyanın “d” hərfindən anlamırlar. Hələ də! Onların vətənpərvərliyi də demokratlığı qədər məzmunsuzdur.
20 il keçib, hələ də uydurduqları miflərdə yaşayırlar. Ayaz Mütəllibov öz (Avropa!) mədəniyyətinə uyğun sosial-demokratik bir ölkə qurmaq istəyirdi – qoymadılar, Heydərçilərlə birləşib onu silahlı dövlət çevrilişi ilə yıxdılar. Sonra Heydər Əliyevi iqtidara gətirdilər. Xalqın bütün ümidlərini qırdılar, indi də özlərinə ümid verə-verə ortalıqla dolaşırlar.
Nəyin müstəqilliyini qeyd edirsiniz?
Bu günlərdə prezident İlham Əliyev BiPi-dən rica etdi ki, “əsrin müqaviləsi”nin şərtlərini, imkanları varsa, pozmasınlar. (Rica etmək kimi bir şey idi. Neçə ildir BP müqaviləni pozur, amma onları məhkəməyə verməyi hökumət düşünməyib.) Ömürlərini Qərb imperializminə xidmət etməyə sərf etmiş məlum qəbilə planetin anasını ağlatmış BiPi-nin müdafiəsinə qalxdı. Hətta hədə gəldilər: bizim iqtisadiyyat, ölkə BiPi-siz batar... Yaxşı, o zaman nəyin müstəqilliyini qeyd edirsiniz? Sevmədiyiniz, amma yaratdıqlarını bu günə kimi yediyiniz Azərbaycan Sosialist Cümhuriyyəti BiPi-siz də ayaqda durudu, onun iqtisadiyyatı neftdən asılı deyildi, neft iynəsinə oturmamışdı.... Moskvadan asılılığı elə azərbaycanlılara xeyir gətirirdi, haqları-hüquqları tapdalananda, şikayət etməyə və ədalət axtarmağa yeri olurdu.
Müstəqil olandan torpaqların 20% gedib. Bundan da çox 1918-1920-ci illərdə gedib, yanı sağçı cümhuriyyətçilər əvvəlcə Osmanlı-Almaniya tandeminin, sonra Britaniya imperiyasının güdümündə kağız üzərində dövlət quranda. Amma nə hikmətsə, statistik rəqəmləri tərsinə yazıb torpaqların kommunist iqtidarında getdiyini tirajlayırlar. Hayasızlar zamanəsində yaşayırıq. Elə bir hayasızlaşma gedib ki ölkədə, bircə nəticəyə gəlmək olur: belə müstəqillik ancaq hayasızların işinə yaradı.
Azərbaycan necə müstəqildir ki, müharibə yoluyla işğal altında qalmış torpaqlarını azad etməyə müstəqil qərar verə bilmir?
Azərbaycan nədir? Bizik, vətəndaşlar. Kimdir bu ölkədə müstəqil? Müstəqil olmaq istəyən ac qalır bu ölkədə. SSRİ-də vətəndaş bircə dövlətindən asılı idi. Dövlətin qanunlarını pozmayandan, zəhmət çəkəndən sonra, dövlətin bütün sosial qaynaqlarından bərabər istifadə edə bilərdi. İndi vətəndaş hər kəsin qarşısında əyilməyə vadar edilib. Kim işlədiyi şirkətdə müdriyyəti tənqid edə bilər? Amma SSRİ-də bu norma idi, işçilərdən bunu tələb edirdilər. Kim yazdığı qəzetdə qəzet rəhbərliyinin düşüncə paradiqmasından kənara çıxa bilər? Hansı satıcı işlədiyi dükanda dükan sahibini 16 saat işlədildiyi üçün protest edə bilər?
Müstəqillik bir qrup oğru kapitalistə lazım idi. Onlar, onların sürfəsində oturanlar qeyd edir. Hə, birdə o şəxslər ki, kapitalist olmaq istəyirdilər, amma ola bilmədilər, amma ümidlərini saxlayıblar. Əbülfəzçiləri deyirəm – onlar da qeyd edir.
Müstəqilliyin nə olduğun müstəqil düşünə bilən insan bilər. Müstəqil düşünmək üçün də əvvəlcə düşünə bilmək lazımdır. Düşünə bilmək.
Madam kimsə üçün bu gün əzizdir, müstəqillik gününüzü təbrik edir, düşünə bilməyə öyrənmək arzu edirəm. Amma unutmayın! Həqiqi müstəqillik ancaq sosialist dəyərlər hakim olanda var ola bilər. Başqa yeganə alternativ - ABŞ-dan güclü dövlət olmaq. Ki, SSRİ-ni dağıdan zehniyyət ABŞ-dan güclü olmaq üçün fəaliyyət göstərmirdi, canfəşanlıq etmirdi, tam tərsinə - ABŞ-ın köləsi olmaq üçün. Əbülfəzçilərin 2005-ci ilin mitinqlərində Buşun portretini gəzdirdiklərini xatırlayın... İndi də durub müstəqillik günü qeyd edirlər, siyahı paylaşıb “müstəqilliyə qarşı səs verən millət vəkilləri”nə söydürürlər... Dedim axı, hayasızların zamanıdır.

Комментариев нет:

Отправить комментарий