Страницы

30.10.2012

İnsomnia və roman


Tanıdığım insanlar arasında yuxusuzluqdan əziyyət çəkənlər çoxdur. Mən heç vaxt axmaq adamların gecələr yatmadığına rast gəlməmişəm. Bunlar düşünən və ağıllı insanlar olur.
2008-ci ildə Almaniyada “Young Euro Connect” mərasimində 1976 təvəllüdlü bir yazıçı qızla tanış oldum. Annelies Verbeke. “Yatın!” adlı debüt romanı 14 dilə tərcümə olunmuş, 70 000-dən artıq nüsxəsi satılmışdı. Roman yuxusuzluqdan əziyyət çəkən Maya adlı qızdan danışır.
Gecələr yuxusu gəlmədiyinə görə, şəhəri gəzib-dolaşan Maya Benoit ilə tanış olur. Məlum olur ki, o da yuxusuzluqdan əziyyət çəkir… Süjet haqda daha ətraflı burada oxumaq olar, amma rus dilində də var dünya kutab dükanlarında.
Biz, müxtəlif Avropa ölkələrindən olan 6 gənc və orta yaşlı yazıçı Berlindən Münxenə ikinci mərasim üçün gedirdik. Maşında hərə bir kitab oxuyurdu. Anneliesin oxuduğu kitablara diqqət etdim; hamısı yumoristik nəsr kitabları idi. Anneliesin essesi “Konzerthaus”-da səslənəndə (bu, mənim bilmədiyim, Belçika xalqlarından birinin dili idi) zalda tamaşaçıların gülməkdən qarınları cırılırdı. Onlar xanım Verbeke’in essesini dodaqları qulaqlarının dibində, gözləri kədərli gülüş içində alqışladılar. Annelies televiziyada monoloq söyləyən komediyaçılar üçün çıxışlar da yazır. O zaman ilk dəfə nəsrdə yumorla ifadə olunan kədəri kəşf etdim.
Sözüm onda yox. Sizin də aranızda yuxusuzluqdan əziyyət çəkən insanlar varsa, bu romanı anmaqla o insanlara simpatiyamı bildirirəm, yata bilməyən insanları sevirəm.
Həmişə ölkədə və ailədə ciddi bir hadisə baş verəndə gecələr neçədə yuxudan ayılırdımsa, o biri otaqda işıq yandığını görürdüm. Yatmayan düşünür. Düşünən yatmır.
Uşaq vaxtı anamın dalımca danışdığını eşitmişdim: “Nərminin elə bil başı çatmır, uzanan kimi yatır, adam bir yarım saat fikirləşər…” Bəli, bu gün mən onu arzusuna çatdırmışam; yatmazdan əvvəl lap bir saat uzanıb fikirləşirəm, şəhəri kəndə, kəndi şəhərə köçürdürəm.
 P.S. Bura İnternetdə, chat, facebook’da oturduğundan yatmayanlar, yata bilməyənlər aid deyil.

deffektiv.com

Şəkildə: Annelies Verbeke (solda) və yazıçı Agnar Lirhus (sağda) fotokameramın yaddaşında

Комментариев нет:

Отправить комментарий