Страницы

04.10.2012

“O özünü göydən enmiş tanrı hesab edir”

“Qurdlar vadisi” serialının rejissoru Osman Sınavın həyat yoldaşı: “Ermənistan-Azərbaycan müharibəsindən film çəkmək planımız var” 

Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix Muzeyində keçirilən IV Beynəlxalq Türk Əl İşləmələri (Tekstil) və Ənənəvi Sənətlər Konqresinə dəvət alan Türkiyənin tanınmış rejissoru , film prodüseri, ssenarist Osman Sınavın həyat və iş ortağı, ssenarist, layihə rəhbəri və sözçüsü Tangül Sınavla görüşüb müsahibə aldıq. 

- Tangül xanım, söhbətə başlamazdan əvvəl istərdim özünüzü bir neçə kəlmə ilə oxucularımıza tanıdasız.

- Mən ilk növbədə ssenarist kimi fəaliyyət göstərirəm. Həmçinin həyat yoldaşım, iş ortağım olan tanınmış rejissor Osman Sınavın demək olar ki, əksər ssenari işlərini mən aparıram. Bəzi ssenariləri mən yazmıram, amma layihə işlərini mütləq mən görürəm. Məsələn, Osman Sınav burda, Azərbaycanda da izlənilən “Dəli ürək” serialının bütün işlərini mənimlə birgə edib.
Eyni zamanda mənim atam Kenan Özbel də Türkiyədə tanınmış əl sənəti üzrə mütəxəssis və bu sahədə fəaliyyət göstərən müəllimlərin ustadı olub. Atam qədim türk corabları və əl sənəti işlərinin araşdırmaları ilə məşğul olub, onun varisi, mirasçısı olduğum üçün bu həftə ərzində Bakıda keçirilən IV Beynəlxalq Türk Əl İşləmələri (Tekstil) və Ənənəvi Sənətlər Konqresinə bir qonaq kimi gəldim və gördüklərimdən çox məmnun qaldım. Bu, qatıldığım ilk konqres deyil, onlarla belə tədbirlərə qatılmağa çalışıram. Mənim başqa sahə üzrə də işlərim var. Tibb sahəsində özümü sınamışam. Bu, bizim ailədə artıq bir ənənə halını alıb. Həm mənim, həm də yoldaşımın ailəsində iki ixtisasa bölünmə var. Ya mədəniyyət sahəsi, ya da mütləq tibb sahəsi olmalıdır.

- Ailədən söz düşmüşkən, onun tərkibi haqqında bilmək istərdim.
- Həyat yoldaşım Osman Sınavla həm iş, həm də həyat ortağıyıq. Bu, artıq 27 ildir belə davam edir. Üç övladımız var. İki oğlumuz və sonbeşik qızımız dünyaya gəlib. Hər üç övladımız kino sahəsində təhsil alır. Birinci oğlum yaxın günlərdə ekranlara çıxacaq “Uzun hekayə” adlı bir filmin kamerası arxasında işlədi. Ortancıl övladım Amerikada kino təhsili alır. Sonbeşiyimiz olan qızımız da xarici ölkədə animasiya və cizgi filmləri üzrə oxuyur. Bir məqamı unutmadan deyim ki, yoldaşım Osman bəy mənim atamın tələbələrindən biri olub.

- Ssenari yazmaq və istədiklərinizi insanlara düzgün ötürmək baxımından problemlər olmur ki?
- Bu işlər mənim üçün çox vacibdir, həyatımın 27 ili bunun içində, əhatəsində keçib. Sizə bunu belə izah etmək istəyirəm. Mən sizinlə, yəni tamaşaçı ilə eyni fikirdə olsam belə, yazılan ssenari onu oxuyanla yazanın arasında qalır. Filmdə yazılan ssenaridəki sözlər tamaşaçıya bir aktyor, ya rejissor vasitəsilə ötürülür.

- Osman Sınav Türkiyədə, eyni zamanda Azərbaycanda tamaşaçını ekran qarşısına kilidləyən “Qurdlar vadisi” filmindən nə üçün uzaqlaşdı? Bildiyim qədər artıq ayrı bir rejissorla işləyirlər.
-“Dəli ürək” serialı yekunlaşandan sonra “Qurdlar vadisi” filminin çəkilişləri başlandı. Bu film ilk növbədə mafiya haqqındaydı. Sizə bir məqamı da danışmaq istəyirəm. Biz gənc olanda Türkiyədə axşamın bəlli saatlarında bayıra çıxmaq qadağan olunduğu üçün biz də Osman bəylə oturub gələcək planlarımızı yazmaqla məşğul olurduq. O zamanlar işə də getmirdik, yeni evlənmişdik. Bunu deməkdə məqsədim odur ki, “Dəli ürək” və “Qurdlar vadisi” bizim gənclik illərində yazdığımız, hiss etdiyimiz günlərin xəyalları sırasına daxil idi.
Təbii ki, o zaman ssenari yazmamışdıq, amma nələrin olcağını sadəcə düşünmüşdük. Sonra filmlər yarandı. Osman Sınav tarixi nöqteyi-nəzərdən o dövrü lazımınca öyrənib və yeni bir baxışla günümüzə adaptə edə bilib. Ona görə filmləri çox uğurlu alınıb. Biz əvvəldən düşünmüşdük ki, “Qurdlar vadisi”nin bəlli bir son nöqtəsi olmalıydı, Poladın atası ilə görüşü və ondan sonra baş verən hadisələrlə bitməliydi. Sonda Poladın naməlum bir işin arxasınca getməsi ilə film tamamlanmalıydı.
Amma film ticarətə çevriləndən, qızıl yumurtlayan toyuğa döndükdən sonra Osman Sınavın da filmdəki işi bitmiş sayıldı. Burda maraqlı bir məqam da var. Nə zaman ticarət sənətin qarşısına keçir, onda işin səviyyəsi aşağı düşür. Osman bəy bu filmi iki ildə yekunlaşdırmağı düşünürdü, amma film dayandırılmadı və iki ili aşıb keçdi. Artıq elə bir dönüş alıblar ki, dayanmaq imkansızdır.

- Tangül xanım, siz əvvəllər Azərbaycanda olmusuz, yoxsa ilk gəlişinizdir?
- Mən ilk dəfədir ki, Azərbaycana gəlirəm. Mənim bir adətim var. Şəhəri onun insanları ilə tanıyıram. Bakıya düşdükdən sonra anladım ki, azərbaycanlı qadınlar necə böyük gücə sahibdirlər. Onların simalarından qəlblərindəki gözəlliyi oxumaq olur. Bakının gözəl və sərin havası var, eyni zamanda daha yetkin və gözəl insanları var. Başqa ölkələrdə insanların üzlərindən onların əzablarını, ağır həyatlarını da görmüş olursan. Bakıda gecə gəzəndə insanların simalarında ancaq təbəssüm və sevgi gördüm. Bəlkə də, həyatlarını sıxan problemləri var, amma bunu qəlblərində elə şəkildə gizlədiblər ki, qarşılarındakı insanın əhvalı korlanmasın. Bir sözlə, Bakını, Azərbaycanı çox sevdim. Oğluma Azərbaycana getdiyimi deyəndə mənə söylədi ki, ana, mütləq bahalı və yaxşı çəkiliş effektləri olan fotoaparat almalısan, çünki çox gözəl ölkəyə gedirsən.

- Gəlməzdən öncə bu ölkə haqqında hansısa məlumatlara sahib idinizmi?
- Atamın çox zəngin bir kitabxanası var, orda Azərbaycanın tarixi, etnoqrafiyasını anladan çoxlu kitablar tapmaq mümkündür. Demirəm ki, hamısını əzbər bilirəm, amma zaman-zaman oxuduğum kitablar olub. Həmişə getdiyim ölkələr haqqında məlumatları oxumağa çalışıram. Həm də kimə Bakını, Azərbaycanı sorsan, ancaq gözəl sözlər, fikirlər deyirlər. Bir toplumun qadını xəyal etməkdən və həyata tutunmaqdan imtina etməyibsə, demək, o toplumla bağlı ümidlər sola bilməz. Toplumun qadını bədbəxtdirsə, depressiyadadırsa, ən xoş xəyallardan imtina edibsə, həmin cəmiyyətdən əl üzmək olar. Azərbaycan qadınları, xanımları məni çox heyran etdi.

- Osman bəylə ortaq işiniz olduğunu dediniz, bəs ortaq yetişdirdiyiniz tələbələriniz də varmı?
- Əslində Osman bəy hər zaman deyir ki, yaxşı rejissor olmaq üçün ilk növbədə ssenari sənətini yaxşı bilməlisən. Ona görə də öz tələbələrini öncə mənim yanıma göndərir, sonra onlara öz sənətini, sənətinin özəl tərəflərini öyrədir. Həm də biz heç bir baxımdan bir-birimizə mane olmuruq və hörmət saxlayırıq. Bəzi hallarda hər hansı səhnənin yaranmasında çox böyük mübahisələr etdiyimiz də olur. Qıraqdan baxanlar elə düşünür ki, axşam evdə işdə belə etdiyi üçün Osman Sınavın dərsini verəcəm. Hətta bizim bu mübahisələrdən sonra boşanacağımızı düşünənlər də var. Amma iş prosesində ən yaxşının tapılması üçün mübahisə etdiyimizi anlamırlar.
Osman bəy özünü həddindən artıq bəyənmiş biri sayır və özünü kral hesab edir. O öz yaratdığına heyran olan bir insandır. Ona görə də hərdən mübahisələr yaranır və hər kəs öz yaratdığının daha gözəl olduğunu zənn edir. Təbii ki, bu mübahisələr sağlam şəkildə baş verir, ən önəmli olan isə nəticədir. Nəticədə doğru və layiqli məqamlar seçilir.

- Osman Sınavın həyat yoldaşı olduğunuz üçün sizin vasitənizlə ona söz yollayanlar da olurmu?
- Bu məsələ mənim ən yaralı yerlərimdən biridir. Bəzən məndən ortada bir alət kimi istifadə edənlər də olur. Osman Sınava hansısa bir sözü ötürmək istəyəndə mən ortada vasitəçi rolunu oynamış oluram. Ona görə onun həyat yoldaşı olmaq nə qədər fərəhlidirsə, bir o qədər əziyyət gətirəndir. Bir sözü də deyim ki, Osman bəy filmləri haqqında xoş söz eşidəndə inanın ki, uşaq kimi sevinir, xoşbəxt olur. Bunları görüncə mən də bəzi əyər-əskiyi unuduram.

- Osman bəy film çəkilişlərində daim gözəl xanımlar arasında, diqqət mərkəzində olur. Bu, sizdə hansısa qısqanclıq hissi yaratmır ki?
- O baxımdan heç bir problemim yoxdur, çünki özümə inamım var. Mən özümü hər zaman yüksək tuturam və özüm haqqında çox yüksək fikirdəyəm. Bir məqam da var. Əgər insanlar filmlərdə gözəl kişi aktyorları görmək istəyirlərsə, nədən gözəl qadınları görməsinlər? Bunlar mütləq bir-birini tamamlamalıdır.

- Osman Sınav necə bir insandır?
- İlk növbədə deyərdim ki, tanrıdır. Çünki bayaq bir məqamı qeyd etdim, o öz yaratdığının vurğunu olan bir insandır. Bəzən insana elə gəlir ki, o, göylərdən yerə enən bir tanrıdır. Osman öz yaratdığının heyranı olduğu üçün bunu deyirəm.
Osman bəy hər şeydən öncə sadə və gözəl xasiyyətlidir. İstirahət nədir bilməz, çünki işinə qarşı çox məsuliyyətlidir. Onun və mənim gördüyüm işlər yüzdən çox adama çörək verir. Onların da ailələri var və onları da dolandırmalıdır. Ona görə də işinin məsuliyyətini dərindən hiss edir.

- Tangül xanım, Osman bəylə Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklərlə bağlı hər hansı film çəkmək fikriniz varmı?
- Belə bir film çəkmək haqqında çox düşünmüşük. Amma burda fərqli məqamlar var və onları da aydın göstərmək lazımdır. Mən həm dünyada, həm də Azərbaycanda olan müharibədən xəbərdaram, amma o filmi çəkə bilmək məqamını gözləyirəm. Bir fikri də unutmadan demək istəyirəm. Bu da Azərbaycan dili ilə bağlıdır. Mən Bakıya gələn kimi diqqətimi ilk olaraq diliniz çəkdi. Azərbaycan dili çox axıcı və musiqi kimi səslənən bir dildir.

Könül Səid                       Gündəlik Teleqraf

Комментариев нет:

Отправить комментарий