Страницы

22.11.2012

AVROPA VƏ ŞƏRQ DEMOKRATİYASININ BƏZİ QÜSURLARI

Hafiz Mirzə

İBTİDAİ  İQTİDARLAR VƏ MÜXALİFLƏR

Cəmiyyət anlayışı təmtəraqsız və loru məna etibarı ilə insanların birlikdə, kollektiv və qarşılıqlı münasibət normaları ilə, bir böyük ailə kimi yaşaması deməkdir. Ailənin də hökmən öz qayda-qanunları, götür-qoyu və başçısı olmalıdır. Belə şeyləri isə yalnız hakimiyyət tənzimləyə bilər. Ailələr və tayfalar birliyi üçün formalaşdırılmış qanunlar və bu qanunlara sahib seçilənlər cəmiyyətin rəhbəri, başçısı sayılır.Bu seçim və idarəetmə  ədalətli   olduqda  Hakimiyyət rüşeymləri hələ ibtidai icma quruluşu dövründə yaranmağa başlamışdı. Onda qoluzorlular güc hesabına başqasının əlindən yuvasını, yemini və xoşladığı qadını tutub alırdı.  O zamanlar ikiayaqlı canlının şüuru tam formalaşmamış və o hələ insan olmamışdı. Danışmağa, höcətləşməyə dili belə yox idi ki, kimin haqlı, kimin haqsız olduğunu üzə çıxartsınlar. İqtidara keçmək, yəni hər şeyə ixtiyarı çatmaq üçün güc-qüvvət yetərli idi. Bütün acizlər qüdrətlilərin müxalifətinə çevrilirdi.
Onlar güclüləri vəhşi heyvan qarşısında dara düşəndə tək qoymağı, aldadıb dərin quyuya salmağı və ya yuxuda olarkən  işini bitirməyi ən yaxşı fürsət hesab edirdilər. Buna görə sonralar güclülər və zəiflər öz aralarında birləşdilər. Güclü azlıq hakimiyyət, gücsüz çoxluq isə xalq hesab olundu. Zəiflərin arasındakı fəalların baş işlətməkdən savayı yolu qalmırdı. Beləliklə də primitiv məkr, hiylə, tələ, terror, sui-qəsdlər yarandı. Ən yaxşı ünsiyyət vasitəsi olan dili də əsasən öz həqiqətlərini izah etmək ehtiyacı duyan fiziki cəhətdən acizlər, zəiflər, iqtidarsızlar yaratdı. Dil formalaşana qədər çox minilliklər ötdü. Dil cəmiyyətə ədalət prinsiplərini gətirdi. Güclüləri iqtidardan zəiflər yox, əvvəlcə zəriflər – qadınlar saldı. Mağara qayğılarını qadınlar daha yaxşı bilirdilər. Amma matriarxal dövr uzun sürmədi. Qonşu mağaralar birlikdə qəbilə həyatı sürməyə başladıqda bu qonşu mağaraların da bir ümumi rəhbərliyə ehtiyacı yarandı. Rəhbərlik  eşikdə olan kişilər arasında müəyyənləşdi. Burada qoluzorluluq böyük əhəmiyyət daşıdı və daha güclü olan erkək qəbilə başçısı oldu. O öz iradəsini, hökmünü, iddiasını həyata keçirtmək üçün ətrafına özünə daha yaxın olan, daha çox xoşu gələn və güclü erkəkləri topladı. Bu isə ilk hakimiyyət formasının əsası idi. Qəbilələr ümumi düşmənə və ya fəlakətlərə qarşı  birləşməyə məcbur oldular və tayfalar yarandı.Zəiflər daha güclü qəbilənin ətrafında birləşdikdə belə tayfaların başçısı təbii əsaslarla məhz elə güclü qəbilənin üzvləri arasından çıxırdı. Bərabər vəziyyətlər və ya hakimiyyət başına digər iddialar da olduqda onda tərəflərin döyüşündə sağ qalan kəs başçı seçilirdi. Belə ədalətsiz qaydalar ibtidai cəmiyyəti inkişaf etdirə bilməzdi.

TALANÇILIQ ÜZƏRİNDƏ  DÖVLƏT QURUCULUĞU

Tayfalar böyəlmək, uzaq qəbilə və tayfaları tutmaq, talamaq, böyük ərazilərə nəzarət etmək istədikdə yaxın və münasib tayfalarla birləşərək daha böyük birlik olan dövlət yaratdılar. Belə dövlətlər yalnız döyüşmək, öldürmək, qəsb etmək, talamaq məqsədilə yaradıldığı üçün onun da başına daha mahir, daha güclü döyüşçülər gəlirdi. Bu  isə  yaranış səbəbi olsa da cəmiyyət həyatını inkişaf etdirmir, hakimiyyəti bir zümrə kimi cəmiyyətdən ayırırdı. Qoluzorlular heç də həmişə ağıldan da zorlu olmurlar. Çox vaxt onların məğlubiyyəti tədbirli olmamalarından irəli gəlirdi. Onda güclülər ağıllı adamlara ehtiyac bildilər. Bunlar isə ya qocalar idi, ya da fiziki cəhətdən zəiflər. Ağıllı adamlar hakimiyyəti at belində və qılıncla, oxla deyil, bir iqamətgahda toplanıb məşvərət etməklə, düşünməklə, yollar aramaqla, fəndlər tapmaqla idarə etməyi münasib hesab etdilər. Beləcə iqamətgah, saray və oturaq idarəetmədən qaynaqlanan ibtidai dövlət sistemi yarandı. Bu öz bəhrəsini verdi: güclü dövlət mexanizmi, hakimiyyət rıçaqları ölkəni, onun ordusunu, başçısını və cəmiyyəti qüvvətləndirdi. Ağıllı adamlar ölkə başçısı üçün çar, xan, şah, padşah, kral, imperator, prezident adları düşünüb tapdılar. Özlərinə vəzir, vəkil, senator, nazir, spiker, müşavir və sair adlar qoyurdular. Dövlət-hakimiyyət sistemini, sarayı, idarə və nəzarəetmə aparatını müəyyənləşdirmək, yaratmaq da ağıllı insanların düşüncəsinin məhsulu idi. Çox məsələləri onlar həll edir, müşkülləri qaydasına qoyur, hər şeyi nəzarətdə saxlayır, hakimiyyəti qüdrətləndirməyin min bir yolunu tapırdılar. Ad ölkə başçısının idi, tarix də yalnız onu tərənnüm edirdi. Dünya inkişaf edəcək deyə bəzən fatehləri öyürdülər. Lakin bu yol ölkənin bütün insanlarını daha xoş, rahat və zəngin həyata qovuşdurmur, cəmiyyət həyatına ədalətli rəhbər seçiminə rəvac vermirdi. Dünya indilərdə demokratik adlanan, əslində isə xalqın ən ləyaqətli nümayəndələrinin  hakimiyyətə gətirilməsindən ibarət olan ədalətli quruluşa hamilə idi.

HAKİMİYYƏT BAŞINA GƏLMƏYİN ƏDALƏTSİZ YOLLARI

İstənilən hazır hökmü verməyə nə vardı ki? Belə olduqda vəzirlər, nazirlər, sərkərdələr tələ qurmağa, oyun həyata keçirtməyə, hökmdarları sui-qəsd qurbanı edib devirməyə və özləri hakimiyyətə gəlməyə çalışdılar. Bu isə radikal siyasət idi. Hakimiyyət əldə etmək və saxlamaq uğrunda ağıl mübarizəsi aparmaq siyasət adlanırdı. Ağıllı adamlar asanlıqla hakimiyyət başına gəldilər və onu uzun müddət əldən vermədilər. Hətta öz ölümlərindən sonra da bu hakimiyyətin başqasına qismət olması ilə barışmadılar və beləliklə də sülalə hakimiyyəti yarandı. Belə hakimiyyət növünü Şərqdə şahlar, padşahlar, Asiyada çarlar, xanlar, knyazlar, Qərbdə isə hersoqlar, krallar, imperatorlar tədbiq elədi. Kimlərinsə nəsillikcə və ömürlük iqtidar olması ədalətli deyildi və razılıqla qəbul edilə bilməzdi. Bəzən hökmdar döyüşdə, ya da sui-qəsd nəticəsində və erkən yaşda öldürülür, vəliəhd isə hələ uşaq və ya yeniyetmə yaşlarda olurdu. Ağıldan kəm olan vəliəhdlər də az olmamışdı. Amma qaydaya əsasən onu atasının yerinə oturdurdular. Bu zaman ölkəni vəzir, ya da təyin edilmiş qəyyum (anası, əmisi, dayısı və sair) idarə edirdi. Rusiya, İran və Azərbaycan tarixində belə hallar az olmamışdı. Uşaq əlində qalmış hakimiyyətlə barışmayanlar daha çox olurdu. Xüsusilə ağıllı adamlar bununla heç barışmaq istəmirdilər. Bu isə gələcəkdə hökmdarların saraya çox ağıllı adamları buraxmaması, ağıllı adamlara yüksək vəzifə verilməməsinə səbəb oldu. Beləsi sarayda olduqda nə vaxtsa hökmən çevriliş, terror, sui-qəsd planı hazırlanırdı. Bəzən elə qəyyumlar öyrəşdikləri, imtiyazlarından bəhrələndiyi, həzz aldığı hakimiyyəti əldən vermək istəmirdilər. Onlar öz qohumu olan uşaq, yeniyetmə hökmdarı zəhərləyib öldürür və ya rəhm edib gözünü çıxardır, axtaladır və nəticədə özü qəyyumçuluqda qalmaqda davam edirdi. Süi- qəsd nəticəsində hakimiyyəti əclaflıqla ələ alan qəyyumlar da tarixdə az olmamışdı. Hakimiyyəti necə ələ alırdılarsa, o cür də devrilir, tarixdən silinirdilər. Cəmiyyətin  idarə olunmasında bu kimi ədələtsiz və əxlaqsız hallar ucbatından bəşəriyyət çox ləng sürətlə inkişaf edir, bəzən durğunluqdan çıxa bilmir və ya geriyə gedirdi. Dövlətin qüdrətlənməsi, hökmdarın varlanması və ölkənin inkişafı yalnız bir ayrı dövlətə hücum etmək, müharibə aparmaq, qan tökmək, o ölkəni talamaq, məhv eləmək və əsarətdə saxlayıb xalqını istisimara məruz qoymaq hesabına həyata keçirilirdi. Cəmiyyət inkişaf etdikcə daha sivil qaydalar müəyyənləşdirmək əvəzinə daha ədalətsiz imperiyalar yaranırdı. Ən böyük imperiyalar   Şərqdə yarandı. Buna görə də cəmiyyət həyatının ədalətli prinsiplərlə idarə olunmasına tələbat da məhz qoca Şərqdə  ortaya çıxdı. Bunu Şərq nağıllarındakı ədalətli padşah axtarışlarında da görmək olar.

 SEÇİM  İLƏ HÖKMDARLIQ ŞƏRQDƏ YARANDI, AMMA...

 Nəhayət ki, insanlar tədricən məcbur olub ölkədaxili rəsmi qanun-qaydalar düşünüb-tapmağa başladılar. Lakin bu digər ətraf ölkələrə də yayılmalı idi. Ədalətli qonşunu ədalətsiz qonşular asanlıqla məhv edərdilər. Və ən nəhayət ilk dəfə İslam dinində tədbiq olunan hökmdar (xəlifə) seçimi bir mütərəqqi qayda olaraq Şərqdən Qərbə daşındı. Əlbəttə, İslamdakı İlahi seçim (peyğəmbər və imamət ) əslində dünya hakimiyyətinə deyil, dini vilayətə aid tutulurdu ki, bu da  konkret ölkəyə və dövlətə aid olmur, bir çox ölkə və dövlətləri əhatə edirdi. Din Allaha mənsub olduğu üçün onun ən yüksək məqamında duran şəxsin seçimi də Allahın iradəsi  və istəyi ilə olurdu. Xristianlıqda İsa peyğəmbərdən (s) sonra dinin rəhbəri həvarilər və   digər apostollar olduğu kimi İslamda da həzrət Məhəmməd peyğəmbərdən (s.ə.a) sonra dini vilayətin İlahi seçimlə başçıları imamlar olaraq müəyyənləşirdi. Bu da əslində ideoloji və əqidə rəhbərliyinin seçim təməli idi ki, müxtəlifcür dəyişikliklərə məruz qalmasın deyə  Ərəb İslam ölkəsi xilafət başına xəlifənin öz övladını varislik prinsipi ilə təyin etmir, onu ali din xadimlərinin toplandığı məclisdə, səsvermə yolu ilə seçirdilər. İndi belə qaydaya demokratik seçki prinsipi deyirlər. İslam Şərqində  real dini rəhbərin müəyyənləşməsi də (ayətullah, müctehid, mərceyi-təqlid) seçim yolu ilə müəyyən edilir. Bütün bu zamanlarda Avropa hələ türk əsarətinin, qoluzorluların və kilsənin müdafiə etdiyi qaçaq-quldurun nəzarəti altında inildəyirdi. Şərqdə, İslam dünyasında isə namizədin qolunun zoru deyil, dini-imanı, müdrikliyi, hümmətin ona rəğbətinin dərəcəsi və bacarığı əsas götürülürdü. Sonralar Şərq ölkələrinə də Orta və Uzaq Asiya türklərinin basqınları nəticəsində İslam dini real dünyəvi hakimiyyətin bir qədər arxa planına keçdi və demokratik seçim qaydası təhrif olundu. Nəticədə sülalə hakimiyyətləri yaranmağa başladı. Lakin İslamın xəlifə seçim qaydası öz mütərəqqiliyi ilə Avropa müdriklərinin nəzərindən yayınmamışdı. Avropanın özündə də (Roma, Yunanıstan, Makedoniya və sair) seçimlə hökmdar müəyyənləşdirmək qaydası formalaşırdı. Lakin orada bu seçim zamanı namizədin mənəvi keyfiyyətləri heç də əsas götürülmür, onun fiziki gücü, arxasında duran qoşunun qüdrəti, senatda tərəfdarları, verdiyi vədlər böyük rol oynayırdı. Lakin sonra belə demokratiya avtoritarizmlə əvəzlənirdi. Şərqin demokratiya modelinə Qərbdə bəzən qısqanclıqla yanaşılsa da, onu milli xüsusiyyətlərə müvafiq olaraq azacıq dəyişərək tədbiq etmək ehtiyacı daha güclü oldu. Beləcə insanlar  kollektiv-birgəyaşayış modeli olan demokratik cəmiyyəti qurmağa  başladılar. Bundan ötrü onlara öz şəxsi azadlıqlarının bir qismini cəmiyyətin ixtiyarına buraxmaları lazım gəldi. Sonralar bir müddət bu ifrat həddə artıb despotizmə və ya azalıb anarxiyaya  səbəb oldu. İbtidai demokratiya insanlığı daha sonralar daha ağ günlərə çıxartdımı, dünyanı daha da inkişaf etdirib Yer üzündə Cənnət qurdumu? Bəlkə dünyanı onun süqutuna doğru apardı. Əsas səbəb o idi ki, Şərqin ədalət üzərində formalaşdırmaq istədiyi  demokratiyanı qərblilər sonra ədavət, zülm, qan və yüngül əxlaq üzərində inkişaf etdirdilər. Lakin şərqlilər demokratik prinsiplərdə fərdlərin rolunu həddən artıq qabardıb avtoritarizmə,  məddahlığa, diktaturaya,  qərblilər isə demokratiyanı həddən artıq verib anarxiyaya və milli deqrodasiyaya səbəb oldular. Demokratik prinsiplər dini -əxlaqi dəyərlərə möhkəm istinad etdikdə  nə  imansız diktatura yarana bilərdi, nə də əxlaqsız anarxiya.  Sonralar Şərq ideoloqları demokratik prinsiplər adı altında əslində yalnız İslam dinini Qərbə, qərblilər isə heç bir dini-əxlaqi dəyər tanımayan, əslində İblisə istinad edən, öz əyləncəsi ilə könül oxşayan demokratiya anlayışını  Şərqə sırımağa çalışdı. Hər ikisinin bir əsas məqsədi qarşı tərəfi çökdürməkdən ibarət idi. Bunu isə heç biri qəbul edə  bilməzdi.  Dünyanın gələcəyi və ədalətli ümumbəşər cəmiyyəti barədə isə tərəflər hətta XXI əsrdə də  düşünə bilmirdilər.

Комментариев нет:

Отправить комментарий