Страницы

22.11.2012

GET

Şəbnəm Karslı


Yumruq boyda bir ürəkdə 
sən bir genişliyə bax
Kimlərin özü burda, kimlərin izi.
Mən xatirələrlə yaşayan insanam, 
keçmişimlə dalaşan, 
gələcəyimi düşünməyən, 
gələcək mənim üçün ancaq övladdır

Çünki, Mən adlı şəxs keçmişdə qaldı, 
əzilə-əzilə, 
yeyilə-yeyilə, 
çeynənə-çeynənə kiçildi, yox oldu.

Məndən qalan cisimdir, 
onu da qıymıram, 
qıya bilmirəm heç Allaha da…

Bir də ürək var işin içində, 
şairanə ürək demirəm, 
sadəcə döyünən, 
cihaz kimi, mexanik əşya kimi.


Ona da zülüm verirəm, 
neçə əclafın ayaq izləri keçib bu ürəkdən,
neçə izlər var üstünə qar yağıb, 
bəzən hiss edilir, göynədir.

Qollarımı geniş-geniş açacam, 
İsa çarmıxı kimi, 
gəl deyəcəm, 
sarıl bu çarmıxa, 
İsam ol, ol, ol... 
gücün çatarmı? Çatmaz!

O zaman boynu bükük 
dayanarsan önümdə 
İslam hilalı kimi, 
qulum ol deyərəm, ol, ol, ol... 
Ola bilərsənmi? Ola bilməzsən!

Elə isə get, 
barı sən insaflı çıx, 
iz qoymadan get, get, get...

Комментариев нет:

Отправить комментарий