Страницы

29.11.2012

Ayaqqabı

Akif Abbasov

Xəzər Nərimanov prospektindəki həyət evlərinin birində kirayədə qalırdı.  Fotoqraf işləyirdi. Hələ evlənməmişdi. Lakin qərara almışdı ki, subaylığın daşını atsın. Odur ki, arayıb-axtarır, halal südəmmiş gəzirdi. Bir də ki nə vaxta qədər pal-paltarını özü yuyacaq, yeməyini özü hazırlayacaqdı?!
Bu gün o, işdən ertə gəlmişdi. Tanış qızlardan birinin ad günü idi. Onu da çağırmışdılar. Xəzərin o qızdan xoşu gəlirdi, ancaq qəti qərar qəbul edə bilmirdi. Sevdanı təbrik etmək üçün bir dəstə gül, bir dənə fransız ətri götürmüşdü. Ayaqqabıları nimdaş olduğundan özünə də bir cüt tufli almışdı.

Saat altıya az qalırdı. Getməyə hazırlaşırdı ki, işıqlar söndü. İçəri zil qaranlığa büründü. Ayaqqabılarını bir təhər tapıb geyindi və çıxdı. Yasamala tərəf gedəcəkdi. Pay-piyada universitetə doğru aparan yolun ağzına düşdü. İşıqlar küçədə də sönmüşdü. Xəzər bilirdi ki, bu vaxtlar universitetin tələbələri (çoxu da qızlardır) dərsdən çıxırlar. Həm də qızlara müştəri gözü ilə baxmaq istəyirdi. Bir-ikisini hətta qaralamışdı da. Həmişə bu yolu asta gedərdi. Bu gün ad gününə gecikməmək üçün addımlarını iri atırdı. Təzə ayaqqabı geyindiyindən başını da dik tutmuşdu. İşıq düşən yerlərlə gedirdi ki, qızlar onun təzə, parıldayan ayaqqabılarını görsünlər.
Xülasə, axır ki, gəlib mənzil başına yetişdi. Qapının zəngini basmaq istəyəndə hiss etdi ki, ürəyi döyünür, həyəcan keçirir. Yəqin içəridə qonaqlar çoxdur. Utanacaq, sıxılacaq. «Bəlkə hədiyyəni, gülü verim, təbrik edim, işim olduğunu bəhanə gətirib, üzrxahlıq edim?!» - deyə öz-özünə fikirləşdi. Sonra «Yox», yaxşı düşməz. Üz vurarlar, çıxılmaz vəziyyətə düşərəm. Hamısından yaxşısı, soyuqqanlı olmaq, diqqəti çox da cəlb etməməkdir» , - deyə qəti qərara gəldi.
İçəridən maqnitafonun səsi gəlirdi. Oxuyan Mələkxanım idi. Xəzər zəngin düyməsini basdı. Qapı açıldı. Sevda:
-Ana, Xəzərdir gələn! – deyə sevinclə onu qarşıladı.
Xavər xanım irəli yeriyib «xoş gəldin»! elədi.
Xəzərin gözlədiyinin əksinə olaraq, içəridə sakitlik idi. Ailə özü süfrə başına yığışmışdı. Sevda, anası, bacısı, bir də qardaşı. Az sonra atası da gəlib çıxdı. Xəzərlə görüşdü.
Sevda bəzənib-düzənmiş, ətirlənmişdi. Ağ göyərçinə oxşayırdı. Yanaqları od tutub yanır, gözləri sevincdən işıq saçırdı. Çay süfrəsini yığışdırmışdılar. Ortaya növbənöv yeməklər gəldi. Sevdanın atası Mustafa kişi badəni qaldırıb Xəzərə «xoş gəldin» dedi, sonra üzünü «ağ göyərçin»ə tutub:
-Sevda balamızın 18 yaşı mübarək olsun! Sevda, qızım, Allah Təala sənə gözəllik bəxş edib, gün o gün olsun ki,  Tanrı qismətini də versin. Həyatda xoşbəxtlik tapasan!
Mustafa kişi Xavər xanımla qızlarına şampan, özü ilə oğlanlara «Babək» arağı süzmüşdü. Xanımlar şərabı dodaqlarına vurub yerə qoydular. Xəzər arağı yarıya qədər, Mustafa kişiylə oğlu son damlasına qədər içdilər. Sonra Mustafa kişi Xəzərə söz verdi. Xəzər bilirdi ki, belə məclislərdə qonaqları da eşitmək istəyirlər. Hər ehtimala qarşı o da hazırlaşmışdı. Xəzər Mustafa kişiyə təşəkkürünü bildirib, neçə gün ərzində dönə-dönə, yatanda da, duranda da, küçələri dolaşanda da təkrar etdiyi sözləri dilinə gətirdi:
-Mən bu ailəni özümə çox doğma sayıram. Hər dəfə buraya gələndə elə bilirəm ki, dağ kəndimizdə atamın öz əllərilə tikdiyi, dünyaya göz açdığım, böyüyüb boya-başa çatdığım evin qapısını açıram. Öz ailə üzvlərimlə – ömrü boyu zəhmət və halallıqla yaşamış, bir adamın toyuğuna da «kiş» deməmiş atam Qərib, anam Sara ilə görüşürəm. Mustafa dayı, Xavər xala, mən Sizi halal adamlar kimi tanıyıram. Süfrənizi həmişə açıq görmüşəm. Həmişə Sevda barədə, oğlunuz Əkrəm, bu Ceyran barədə fikirləşəndə öz-özümə demişəm: «Başqa cür ola da bilməz. Mustafa dayının, Xavər xalanın ocağında məhz Sevda ilə Ceyran, bir də Əkrəm kimi layiqli övladlar böyüyə bilər…»
Birdən Xəzərin baxışları Xavər xanıma sataşdı. Arvadın gözləri yaşarmışdı. Bayaqdan həyəcan keçirən Xəzər özü də dediyi sağlıqdan razı qalmışdı. Sağlığı ilə hamını valeh etdiyini başa düşən Xəzər bir az da ürəkləndi:
-Sevda, mən də səni təbrik edirəm. Allahdan arzum budur ki, sənə də bax belə bir mehriban ailə qismət eləsin!
İçdilər. Bir neçə sağlıq da oldu. Arada oyun havaları, lirik mahnılar səsləndi. Durub rəqs etdilər. Sevda Xəzəri rəqsə çağırdı. Əllərini oğlanın çiyinlərinə qoydu. Xəzər də istər-istəməz hər iki əlilə onun belindən tutdu. Sevda dünyanın ən xoşbəxt adamı kimi sevinir, deyib-gülürdü. Xəzər də öz növbəsində rəqs edə-edə düşünürdü: «Görəsən, bü gün, bu an dünyada ondan bəxtiyar insan varmı?»
Hər şeyin bir sonu olduğu kimi, bu məclis, bu ad günü də sona yetdi. Xəzər getmək istədiyini bildirib ayağa qalxdı. Ev sahibləri ona öz minnətdarlıqlarını bildirdilər. Sevda da həm gülə, həm hədiyyəyə, həm də zəhmət çəkib gəldiyinə görə Xəzərə təşəkkür etdi. Xəzər qapıya sarı getdi. Ayaqqabısının bir tayını geydi. Lakin nə qədər axtardısa, ikinci tayını tapa bilmədi. Ev sahibləri əl-ayağa düşdülər. Sevda narahat oldu. Xavər xanım:
-Ay qızlar, yəqin qapını açıq qoymusunuz, uşaqlar aparıblar. Dəcəlliklərindən əl götürmürlər. Qızım, Ceyran, bir Nazlı xanımgilin qapısını döy. Onun sonbeşiyi bir az nadinc uşaqdır. Birdən onun zavalına gələr.
Ceyran gedib xəbər aldı. Bir azdan əli boş qayıtdı. Ev sahibləri pərt olmuşdular. Hamı axtarırdı. Vanna otağından tutmuş, mətbəxə, çarpayıların altına, eyvana, yataq otağına kimi hər yeri ələk-fələk etdilər. Xəzər ayağında tay ayaqqabı dayanıb gözləyirdi. Sonra hamı pərt halda dəhlizə – Xəzərin yanına yığışdı. Mustafa kişi: «Bu lap möcüzədir. Görürsən, sən Allah! Hamımızın ayaqqabısı yerindədir, qonağın ayaqqabısı yoxa çıxıb. Ay Xəzər, bu nə işdir başımıza gəldi?! Biabır olduq!»
Birdən Xəzərin gözü nimdaş ayaqqabı tayına sataşdı. «Bu nədir? Ayaqqabı ona tanış gəlirdi. Oğrun-oğrun ətrafa göz gəzdirdi. Bir gör ha! Həmin nimdaş ayaqqabının da tayı yox idi». Xəzər başa düşdü ki, ad gününə gələndə təzə ayaqqabısının yerinə bir ayağına nimdaşını geyib. Otaq qaranlıq olduğundan fərqinə varmayıb. İndi Xəzər çox istəyirdi ki, ev sahibləri heç olmasa bir anlığa mətbəxə, yaxud otaqlardan birinə keçsinlər. O da fürsətdən istifadə edib nimdaş ayaqqabısını ayağına keçirib tez özünü çölə atsın və oradan da başını içəri uzadıb onlara: «Tapdım, narahat olmayın, sağ olun, gecəniz xeyirə qalsın!» - deyib yoluna düzəlsin.
Belə fürsət ələ düşmədiyindən əlacsız qalıb:
-Mən çox üzr istəyirəm. Sizə də başağrısı verdim. Buraya gələndə işıqlar sönmüşdü. Ayaqqabılarımı geyəndə fikir verməmişəm, səhvən bir ayağıma köhnəsini geymişəm…
Qıpqırmızı qızarmış Xəzər əli ilə nimdaş ayaqqabını göstərdi. Tez onu ayağına keçirib:
-Üzr istəyirəm. Siz allah bağışlayın, - deyib xudahafizləşdi.
Mustafa kişi onun pərt olduğunu, utandığını görüb:
-A oğul, burada narahat olmalı, üzr istəməli heç bir səbəb yoxdur. Olan şeydir. Hamının başına gələ bilər. Əsas məsələ odur ki, yığışdıq, Sevda balamızın ad gününü keçirdik. Sən də çox sağ ol ki, gəldin, yaxından iştirak etdin.
Xəzər pilləkənləri sürətlə düşüb yola çıxdı. Bayaq gələndə özünü işıqlı yerlərə verirdi ki, təzə ayaqqabılarını görsünlər. İndi isə adamlardan qaçırdı. Yanından maşın ötəndə dayanır, o biri ayağı ilə nimdaş ayaqqabını gizlədir, yaxud ağacın arxasına keçirdi.
Evə çatanda artıq işıqlar yanırdı. Təzə ayaqqabısının tayı dəhlizdə nimdaş ayaqqabı tayının yanında dayanıb öz sahibini gözləyirdi.

prof.akif@mail.ru

Комментариев нет:

Отправить комментарий