Страницы

29.11.2012

Azərbaycan əruzunda rəqəmsal modelləşdirmə


İlk dəfə Azərbaycanda, ilk dəfə DAYAQda!

Əli Əmirov
T.e.n., əməkdar mühəndis

Azərbaycan şeirində işlənən əruz bəhrləri qəliblərinin sadələşdirilməsi məsələsi əhəmiyyət kəsb etdiyindən hər vaxt ədəbiyyatşünaslarımızın diqqət mərkəzində olmuşdur [1,2]. Son vaxtlar işıq üzü görmüş və əsasən şeir vəznləri ilə maraqlanan, o cümlədən əruz vəznini öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulmuş, Ədilli Şirvaninin müəllifi olduğu "Əruz vəzninin sadələşdirilmiş qəlibləri" adlı kitab [2] fikrimizcə xüsusi əhəmiyyət kəsb edir.
Əsərdə göstərilir ki, Azərbaycan əruzunda sadəcə olaraq, cəmisi iki ünsür əsas götürüıür - uzun heca və qısa heca. Əruz vəznində yazılan şeirin hər bir misrasında yalnız bu iki ünsürün müəyyən və pozulmayan ardıcıllığı olmalıdır və bu ardıcıllıq tələffüz edilərkən xoşagələn ritm yaratmalıdır. Misraların hər biri üçün mütləq hesab edilən bu ardıcıllıq vəznin qəlibini təşkil edir.
          Eyni zamanda müəllif asan qavranılmayan ənənəvi "təlifələrdən" imtina edərək, Azərbaycan əruzunun sadələşdırılmış qəliblərinin tərkibində qısa hecanın "da", uzun hecanın isə "dah" ünsürləri ilə ifadə olunmasını təklif etməklə məsələni xeyli sadələşdirmişdir.
Bir oxucu kimi hiss etdim ki, əruz vəznini öyrənmək üçün bu kıtab olduqca faydalıdır.
Müəllifin irəli sürdüyü fikirlər və təkliflərdən bəhrələnərək, əruzu öyrənmə prosesində güman etdim ki, kitabda təqdim edilən qəlibləri formaca daha da sadələşdirmək mümkündür.
İnformasiyanın rəqəmsal üsulla kodlaşdırılması problemləri ilə məşğul olmuş bir mütəxəssis kimi belə qənaətə gəldim ki, riyaziyyatda məlum olan ikilik say sisteminin simvollarından (0 və 1) istifadə etməklə əruz qəliblərini daha sadə ("rəqəmsal qəlib" adlandıraq) şəkildə ifadə etmək mümkündür. Bu məqsədlə qəliblərdə uzun hecanı "0", qısa hecanı isə "1" simvolları ilə işarə edək. Bu halda alınan nəticəni qiymətləndirmək üçün məlum "Həzəc" bəhrinin bir qəlibinin üç çür yazılış formasını - klassik-1, Ədilli Şirvaninin təklif etdiyi-2 və bizim təklif etdiyimiz "rəqəmsal" -3 formalarını müqayisə edək:

1. məfA’İlün məfA’İlün məfA’İlün məfA’İlün
(36 işarə)
2. dadah-dahdah dadah-dahdah dadah-dahdah dadah-dahdah
(44 işarə)
3. 1000 1000 1000 1000
(16 işarə)

Göründüyü kimi, rəqəmsal formada istifadə edilən işarələrin sayı digərlərindəkindən kəskin surətdə azdır. Nəzərə alsaq ki, birinci və ikinci formalarda əlavə olaraq simvolların fərqli qalınlıqda, yaxud klassik formada böyük-kiçik hərflərlə yazılması da lazım gəlir, müqayisənin nəticəsi rəqəmsal formanın xeyirinə xeyli dəyişər. Fikrimizcə rəqəmsal forma vizual olaraq daha asan və tez qavranılır. Yadda saxlayaq ki, qəlibləri tələffüz edərkən rəqəmsal formanın simvollarını "1"- "da", "0" isə "dah" kimi səsləndirməyi nəzərdə tuturuq. (Yeri düşmüşkən qeyd edək ki, "a"-dan fərqli olaraq, "ü" uzanmayan sait olduğundan, qısa hecanı "tü", uzun hecanı isə "tək" kimi tələffüz etmək də fikrimizcə, məqbul sayıla bilərdi. Lakin bu o qədər də prinsipial məsələ deyil).

Şeirin rəqəmsal əruz modeli

Rəqəmsal formadan istifadə etməklə əruzda yazılmış şeirlərin rəqəmsal modelini almaq və onu tədqiq etmək olduqca asan və əlverişlidir. Bu işin öhdəsindən uzun və qısa hecaları ayrıd edən hər bir kəs asanlıqla gələ bilər. Aşağıda göstərəcəyık ki, rəqəmsal model vizual olaraq şeirin hansı misrasında hansı hecanın əruz qəlibinə uyğun gəlmədiyini tez tapmağa imkan verir.
Misal üçün şərti olaraq, bir şeir parcasını nəzərdən keçirək:

Getdi o mələk, sevgilimiz olmadı, neynək!                           01110011001100 +
Dəryada ümid sahilimiz olmadı, neynək!                              00110011001100

Həsrət ilə, hey gözlərimiz gülzarı gəzdi,                                00110011001101 +
Güllər bizə güldü, gülümüz olmadı, neynək!                        00110111001100 +

Neynim ki, ayılmır hələ qəflət yuxusundan?                         00110011001100
Eh, bunca dili-qafilimiz olmadı, neynək!                              00110011001100

O bütü bütün bütlərin allahı sanırdıq,                                    11110010001100 +
Bizdən də betər cahilimiz olmadı, neynək!                           00110011001100

Rəqəmsal modeli qurmaq üçün hər misra boyunca soldan sağa doğru getməklə hecanın uzun, ya qısa olmasından asılı olaraq ardıcıl surətdə"0" və "1" rəqəmlərini yazırıq.Sonrakı misraların da modellərini eyni qayda ilə təyin etməklə alt-alta yazırıq və şəkildə göründüyü kimi, nəticədə 1 və 0 rəqəmlərindən ibarət cədvəl almış oluruq. Alınmış cədvəli şeirin rəqəmsal əruz modeli adlandırırıq.
Indi ısə alınmış modelin əruz vəzninin tələblərinə uyğunluğunu yoxlayaq.Əruzun əsas qaydalarından biri misralardakı uzun -"0" və qısa-"1" hecaların ardıcıllığının eyni olmasıdır. Yəni modelin sətirləində 0 və 1 rəqəmlərinin ardıcıllığı eynı cür olmalıdır. Bu halda modeli təşkil edən sütunlar bircins olmalı, başqa sözlə, sütunlar ya 0, ya da 1 rəqəmindən ibarət olmalıdır. Cədvəldən görünür ki, bu tələb baxılan şeir parçasında altı yerdə pozulmuşdur:

              1. Birinci sütun üzrə yeddinci sətirdə 0 rəqəmi əvəzinə 1;
              2. İkinci sütun üzrə birinci və yeddinci sətirlərdə 0 əvəzinə 1;
              3. Altıncı sütun üzrə dördüncü sətirdə 0 rəqəmi əvəzinə 1;
              4. Səkkizinci sütun üzrə yeddinci sətirdə 1 rəqəmi əvəzinə 0;
              5. Ondördüncü sütun üzrə üçüncü sətirdə 0 rəqəmi əvəzinə 1 olub.

Göründüyü kimi, (00110011001100) rəqəmsal əruz qəlibinə ("Həzəc"-8) uyğunsuzluq 1, 3, 4 və 7-ci misralarda baş vermişdir.Yəni, dördüncü halda qısa heca əvəzinə uzun heca işlədilib, qalan hallarda isə bunun əksi baş vermişdir. lakin alınmış modelə əsasən qərar qəbul edərkən hökmən istisna hallar [2] nəzərə alınmalıdır. Misal üçün, aşkar edilmiş hallardan biri (3-cü hecada) əruz qaydalarına görə məqbul sayılır, belə ki, misranın son hecası növündən asılı olmadan bir qayda olaraq, uzun heca kimi qəbul edilir. Deməli, baxılan misalda üç misrada aşkar edilən uyğunsuzluğu düzəltməyə ehtiyac qalır.
Beləliklə, hesab edirik ki, rəqəmsal model Azərbaycan əruzunda yazılmış şeiri həvəskar səviyyəsində belə, vizual olaraq asanlıqla tədqiq etməyə imkan verir.

Sadələşdirilmiş əruz qəliblərinin rəqəmsal formaları

Əruz vəzninin Azərbaycan şeirində işlənən bəhrlərinin sadələşdirilmiş qəliblərinin [2] təklıf etdiyimiz rəqəmsal formaları aşağıda təqdim olunmuşdur. Qeyd edək ki, qəliblərin sayı, ardıcıllığı və bölgüsü istinad etdiyimiz kitabda [2] olduğu kimi saxlanılmışdır.

Həzəc bəhri:
1. 1000 1000 1000 1000
2. 1000 1000 100
3. 1000 1000 1000
4. 1000 100 1000 100
5. 1000 100
6. 1010 1010 1010 1010
7. 1010 1010
8. 0 0110 0110 01100
9. 0 0110 00 0 0110 00
10. 0 0110 00
11. 0 0110 10100
12. 0000 10 100
13. 0 0110 01100
14. 0 0110 00 0 0110
15. 001 100
16. 010 1000 010 1000
17. 0 0110 0110 0110
18. 0 0110 1010 0110

Rəməl bəhri:
1. 010 0010 0010 00100
2. 010 0010 0010 0010
3. 010 0010 0010
4. 010 00100
5. 110 0110 0110 01100
6. 110 0110 0110 0110
7. 110 0110 01100
8. 110 0110 0110
9. 110 01100
10. 110 0110
11. 110 10100 110 10100
12. 110 10100
13. 110 1010

Mütədarik bəhri:
1. 01010 01010
2. 010 010 0100
3. 010 010 010 10
4. 01010
5. 010 010 10 10
6. 01010 01010 01010
7. 01010 01010 01010 01010
8. 110 110 1100
9. 00 00 00 00

Rəcəz bəhri:
1. 0010 0010 0010 0010
2. 0010 0010
3. 0110 1010 0110 1010
4. 0110 1010
5. 1010 0110
6. 0110 0110 01100
7. 10100 10100
8. 0110 0110 0110 0110

Müzare bəhri:
1. 0 0101 0110 01010
2. 0 0101 00 0 0101 00
3. 0 0101 00
4. 0 01010 0 01010
5. 0 01010

Münsərih bəhri:
1. 0110 010 0110 010
2. 1010 010 1010 010
3. 0110 010 1010 010
4. 1010 010 0110 010
5. 0110 010
6. 1010 0110
7. 0110 0101 0110 0
8. 0010 100

Müctəs bəhri:
1. 101 0110 0101 01100
2. 101 0110 0101 0110
3. 101 01100
4. 101 0110

Mütəqarib bəhri:
1. 100 100 100 100
2. 100 100 100 10
3. 00100 00100
4. 00 100

Xəfif bəhri:
1. 110 0101 0110
2. 010 0101 01100

Səri bəhri:
1. 0110 0110 010
2. 0110 0110

Kamil bəhri:
1. 11010 11010 11010 11010
2. 11010 11010

Müqtəzəb bəhri:
1. 010 1000 010 1000

Rəqəmsal qəliblərin sistemləşdirilməsi

Мəlumdur ki, əruz qəliblərinin mümkün olan (nəzəri) sayı hecaların sayından (m) asılıdır. Ümumi halda m - hecalı qəliblərin nəzəri sayı (Nm )aşağıdakı düstur vasitəsilə hesablana bilər:

Nm = 2m

Lakin əruz şeirində misraların sonuncu hecası onun uzun (0), yaxud qısa (1) olmasından asılı olmayraq, yalnız uzun (0) kimi tələffüz (qəbul) edildiyindən [2], sonuncu heca hesablamalarda nəzərdən atılır və qəliblərin sayı iki dəfə azalmış olur:

Nm = 2m-1

Şeirin misralarının sayının əsasən m = (5 ÷ 16) intervalında olduğunu nəzərə aldıqda nəzəri qəliblərin sayı aşağıdakı kimi təyin edilər :


Digər məlum istisnalar [2] da nəzərə alındıqda nəzəri qəliblərin sayı daha da azalmış olar.
Sayı on minlərlə olan rəqəmsal nəzəri əruz qəliblərinin klassık qaydada necə adlandırılmasından asılı olmayaraq, müəyyən qanunauyğunluqla sistemləşdirilməsinin (ardıcıllığının yaradılmasının) şübhəsiz, əhəmiyyəti vardır. Bu məqsədlə rəqəmsal qəliblərə təkcə formal olaraq deyil, həm də riyazi nöqteyi nəzərdən baxmaq lazımdır.
Hər bir rəqəmsal qəlib özündə iki cür informasiya daşıyır. Birincisi, uzun (0) və qısa (1) hecaların yerini vizual olaraq göstərməklə qəlibi tam ifadə edir və uyğun surətdə tələffüzə kömək edir. İkincisi, rəqəmsal qəliblərin hər biri ikilik say sistemində (baxılan halda tərsinə olaraq) yazılmış müəyyən bir ədədi ifadə edir. Bu ədədlər isə sıfır və 2m-1 arasında olan bütün natural ədədlər çoxluğunu təşkil edir. Rəqəmsal qəlibləri həmən natural ədədlər ardıcıllığına uyğun surətdə düzməklə ikilik say sistemində yazılmış ədədi ardıcıllığı almış oluruq. Deməli, hər bir rəqəmsal qəlib qəliblər ardıcıllığında həm də riyazi olaraq öz sıra nömrəsini ıfadə edir.
Beləliklə, rəqəmsal əruz qəlibinin vizual görünüşünə görə onun sıra nömrəsi və əksinə, sıra nömrəsinə görə qəlibin vizual forması asanlıqla təyin edilə bilir. Bunun üçün məlum hesablama qaydası ilə ədədin onluq say sistemindəki ifadəsindən ikilik say sistemindəki ifadəsinə (tərs istiqamətdə yazmaq şərtilə), yaxud əksinə keçmək lazımdır. Ümumi halda (a1 a2 a3 ... am) şəklində verilmiş rəqmsal qəlibin ədədi qiymətini (sıra nömrə-sini) aşağıdakı düsturla hesablamaq olur:


Düsturda  i = 1,2,3,...,m - qəlibdə soldan sağa istiqamətdə hecaların sira nömrəsini;
ai - i nömrəli hecanın uzun, ya qısa olmasını göstərən rəqəmi (0 və ya 1);
2i-1 - i nömrəli hecanın ikilik say sisteminə uyğun ədədi çəkisini (1,2,4,8,16,32,64,...) ifadə edir.
Misal olaraq, "Həzəc" bəhrinin yeddi hecalı (1000100) rəqəmsal qəlibinin sıra nömrəsini (ədədi qiymətini) təyin edək. Bu qəlibdə birinci və beşinci heca qısa (a1 = a5 = 1), qalanları isə uzun (a2=a3=a4=a6=a7=0) hecalar olduğundan:


olur. Düsturdan görünür ki, qəlibin ədədi qiymətini hesablayarkən uzun hecaları (0) nəzərə almadan, birbaşa, ylnız qısa hecaların (1) ədədi qiymətlərini cəmləmək lazım gəlir.
Cədvəldə hecaların sayı m=16 olan hal üçün rəqəmsal qəliblər öz ədədi qiymətlərinə uyğun ardıcıllıqla düzülmüş və eyni zamanda onların klassık adları da qeyd edilmişdir.
Hər bir heca sayı üçün ayrıca cədvəl tutmaqdan imtina edərək, m=16 olan hala uyğun cədvəldən bütün qalan hallar üçün də istifadə etmək mümkündür. Bu məqsədlə cədvəldə soldan sağa istiqamətdə m sayda sütunun və (2m-1-1) sayda sətirin əhatə etdiyi qəlibləri nəzərə almaq lazımdır. Misal üçün, sıfır nömrəli sətirdən başlamaq şərti ilə, qəliblər 5 hecalıdırsa 15-ci, 6 hecalıdırsa 31-ci, 7 hecalıdırsa  63-cüyə qədər olan sətirlərdə yerləşir.

Rəqəmsal qəliblərin gözlənilən üstünlükləri

Fikrimizcə, Azərbaycan əruz qəliblərinin ikilik say sisteminə əsaslanmaqla rəqəmsal şəkildə ifadə olunması müasir informasiya texnologiyalarından istifadə etməklə aşağıdakılara imkan verir:  
·         qəliblərdə istifadə olunan simvolların sadə və sayca minimal olması;
·         qəliblərin vizual olaraq asan qavranılması;
·         rəqəmsal texnikaya uyğunluq hesabına ondan istifadənin sadəliyi;
·         əruz qaydalarını öyrətmək üçün proqramlaşdırılan tədris vəsaitinin yaradılması;
·         əruz vəzni həvəskarları üçün şeirlərin daha asan və operativ təhlili;
·         qəliblərin və şeirlərin müxtəlif aspektlərdən daha  obyektiv və dərin tədqiqi.

Rəqəmsal qəliblərin onluq say sistemində verilmiş ədədi qiymətləri, yaxud sıra nömrələri
Rəqəmsal qəliblərin mümkün ola bilən (nəzəri) variantlarının ikilik say sistemində uyğun şəkildə ardıcıllığı (m=16)
Qəliblərin klassik qaydada adı, mötərizədə heca sayı (m)
a1
a2
a3
a4
a5
...
a16

0
0
0
0
0
0
...
0
“Mütədarik-9” (8)
1
1
0
0
0
0
...
0

2
0
1
0
0
0
...
0

3
1
1
0
0
0
...
0

4
0
0
1
0
0
...
0
“Mütəqarib-4” (5)
...
...
...
...
...
...
...
...

10
0
1
0
1
0
...
0
“Mütədarik-4” (5)
11
1
1
0
1
0
...
0

12
0
0
1
1
0
...
0
“Həzəc-10” (7)
...
...
...
...
...
...
...
...

16
0
0
1
0
1
...
0
“Müzare-3” (7)
“Müzare-5” (6)
17
1
0
0
0
1
...
0
“Həzəc-5” (7)
...
...
...
...
...
...
...
...

32766
0
1
1
1
1
...
1

32767
1
1
1
1
1
...
1


Beləliklə, təklif olunan rəqəmsal modelləşdirmə rəqəmsal informasiyanın təhlili və sistemləşdirilmə ımkanlarından istifadə etməklə Azərbaycan əruzunu nəzəri və praktiki baxımdan daha dərindən öyrənməyə və zənginləşdirməyə imkan yaradır.

İstinad edilmiş ədəbiyyat:

1. Cəfər Əkrəm, Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. Bakı - 1977.
2. Ədilli Şirvani, Əruz vəzninin sadələşdirilmiş qəlibləri. Bakı, “Adiloğlu” – 2011.

ali.amirov@mail.com

Комментариев нет:

Отправить комментарий