Страницы

30.11.2012

Biz kimi tərəfindəyik?

İbrahim Fərhadoğlu
Professional Oxucu Liqası

Qəribəsi burasındadır ki, Azərbaycanda heç də bütün təşkilatlar İsrail cinayətinə mövqelərini bildirmədilər

 “Xeyirlə şər daim yan-yana addımlayır” söyləyənlərlə razılaşmaq çətindir. Çünki xeyirlə şər dünya yaranandan bəri daim üz-üzə gəlir və toqquşur. “İn” və “Yan”, “işıq” və “zülmət”, “gündüz” və “gecə”, “isti” və “soyuq”, “ağ” və “qara” əbədi mübarizədədirlər.
 Min illər əvvəl də belə olub, indi də belədir. Və əgər minilliklər öncə baş verən toqquşmalar haqqında yalnız tarix kitablarında oxuyuruqsa, günümüzdə bu toqquşmaların canlı şahidlərinə çevrilirik. Bu gün də dünya iki düşərgəyə bölünərək, qismətində olan mübarizəni davam etdirir.

 İsrail, sionizm, ABŞ “qara” bayraq altında, digər “ağ” səngərdə isə Fələstin, müsəlmanlar, ədalət, vicdanlı insanlar dayanıb. Qarşıdurma hər gün baş verir və günahsız insanların başı bəlalar çəkir. Hər gün qara qüvvələr gündəmi yeni cinayətlərlə zəbt edirlər. Sonuncu raket zərbələri nəticəsində Fələstində 165 ev dağıdıldı, 200-dən çox körpə qanına qəltan oldu. Sionist hərbi birləşmələri hətta Qəzzaya humanitar yardım aparan gəmilərə basqın edib mülki vətəndaşları da qanına qəltan edir.
 Əslində, İsrail ordusu onilliklərdən bəri adət etdiyi durumu davam etdirir. Müdafiəsiz, əli yalın adamları qətlə yetirir. Amma bu dəfə durum başqaydı. Çünki bu dəfə sionist canilər Türkiyəyə əlcək atmışdılar, bu dəfə Türkiyə vətəndaşlarını qanına qəltan etmişdilər. İsraildən fərqli olaraq dərin tarixi köklərə malik və böyük qeyrət sahibi olan Türk xalqı da baş verənlərə təbii reaksiyasını verdi. İstər iqtidar, istər müxalifət, istərsə də ölkənin sıravi vətəndaşları həmrəylik nümayiş etdirərək bəşəriyyətə və insanlıq adına bir utanc olan İsraili qınadılar. Türkiyənin prezidenti Abdulla Gül, baş naziri Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Əhməd Davudoğlu sionist qurumunu dəniz quldurluğunda ittiham etdilər. Dünya da susmadı, bu dəfə canini elə öz adı ilə çağırdı. Əlbəttə ki ABŞ istisna olmaqla! Pakistanda, Əfqanıstanda, İraqda, Somalidə və dünyanın digər bölgələrində minlərlə günahsız insanı qanına qəltan edən Amerika digər qatilin əməllərini pisləyərdimi? Yox, bu heç vaxt olmayıb və olmayacaq da.
 Elə İsrail də əməllərindən peşman deyil. Canavarın quzunu parçaladıqdan sonra üzrxahlıq etməsi nə dərəcədə absurddusa, sionistlərin də günahsız insanların qətlinə üzülmələri bir o qədər gülünc görünür. Əksinə, canavar bu dəfə yenə quzunu ittiham etdi. Mülki vətəndaşların vəhşiləşmiş İsrail əsgərlərindən müdafiə olunmaq üçün dəmir və ağac parçalarından istifadə etməsini az qala başdan-ayağa silahlanmış bir mütəşəkkil ordu ilə toqquşma kimi qələmə verdi. Həqiqətən, sionist həyasızlığının hüdudu yoxdur.
 Türkiyə ilə İsrail arasında yaranmış gərginlik get-gedə artdığı bir dövrdə bəzi qüvvələr qonşularımızın sionistlərə qarşı hərbi əməliyyatlara başlaya biləcəklərini də dilə gətirdilər. Amma bu baş vermədi. Və ümumiyyətlə baş verəcəyi real görünmür. Əlbəttə ki sionistlərin və havadarlarının süni surətdə yaratdıqları bu qurum gec-tez məhv olmalıdı- İran, yaxud digər qüvvənin vasitəsiylə- fərq etməz.
 Sionistlərin cinayəti, müsəlmanları yer üzündən silmək niyyətləri Azərbaycanda da əks-səda doğurur. Etirazlar səngimək bilmir, İsrail səfirliyi qarşısında tez-tez aksiyalar təşkil olunur. Bir çox təşkilatlar quldurluğu birmənalı şəkildə sərt qınayırlar. Bu təbiidir və insan xislətindən irəli gəlir- canini qınamaq, məzluma dəstək vermək. Amma qəribəsi burasındadır ki, Azərbaycanda heç də bütün təşkilatlar İsrail cinayətinə mövqelərini bildirmirlər. Söhbət bunu etməyə borcu olanlardan gedir. Maraqlıdır ki 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsinə etiraz əlaməti olaraq Rusiya səfirliyi qarşısında piket təşkil edənlər bu gün müsəlman qardaşlarımızla həmrəy olmaq istəmədilər. Görəsən niyə? Bəlkə maliyyə mənbələri yol vermir? O vaxt ABŞ-ın strateji rəqibi olan Rusiyaya nifrət nümayiş etdirənlər bu gün ABŞ-ın strateji müttəfiqi İsrailə qarşı çıxmırlar. Hətta İsrail qardaş Türkiyəni hədəfə alanda belə dillənmədilər. Necə deyərlər, “kor kor, gör gör”.
 Azərbaycan liberalları təəssüf ki bu münaqişədə İsrailin tərəfini tuturlar. Əgər Fələstin tərəfi işğaldakı torpaqlarını geri almaq üçün mübarizə aparırsa və bizim liberalların fikrinə görə bu səhvdirsə, onda elə çıxır ki, Azərbaycan tərəfinin də hər belə addımı və ya şəhid Mübariz İbrahimovun ermənilərə zərbəsi də bu qəbildən olduğu üçün səhv hesab olunar. İsrail-Fələstin münaqişəsində Azərbaycan-Ermənistan münaqişəsinə oxşar çox cəhətlər var. Bu cəhətlərdən birincisi və ən təhlükəli olanı münaqişəyə “tarixi baxışdır”. Sionizm Fələstin ərazisində min illər bundan əvvəl Yəhudi dövlətinin olduğunu iddia edərək Fələstini işğal edir. Eyni məntiqlə (Böyük Ermənistan xülyası ilə) Ermənistan qoşunları Dağlıq Qarabağı öz nəzarətlərinə alaraq bu ərazinin Azərbaycandan ayrılmasını tələb edirlər. Başqa sözlə desək, Azərbaycan ərazilərini işğal etmiş Ermənistana qarşı BMT tərəfindən qəbul edilmiş dörd qətnamə yerinə yetirilmir, əksinə Azərbaycana mümkün yardımlara məhdudiyyətlər qoyulur. Eyni ilə belə münasibət İsrail-Fələstin münaqişəsində də aydın görünür. İsrail nə üçün BMT-nin qəbul etdiyi qətnamələri vecinə almır? Kim onu beynəlxalq hüquqa hörmət etməyə məcbur etməlidir; beynəlxalq təsir mexanizmləri, yoxsa hər şeyini, nəhayət hegomon güclərdən ümidini itirmiş insanların özünümüdafiə hərəkətləri? Bəs BMT tərəfindən müəyyən edilmiş sərhədlərdən kənarda xeyli ərazini zəbt etmiş, yerli əhalini öz ev-eşiyindən qovmuş İsrailin, bu hərəkətləri nə üçün bizim liberalların qınağına səbəb olmur?
 Mərhum prezidentimiz Heydər Əliyev Fələstinli liderdən birilə görüşdə belə demişdir: “Azərbaycan Fələstinin dostudur. Müstəqil Azərbaycan Respublikası Fələstin xalqının qəhrəmanlıq mübarizəsini həmişə dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir”. Bu gün çaşdırıcı fikirlər səsləndirənlər, heç bir təqsiri olmayan fələstinlilərin Sionist qoşunları tərəfindən öz yurdlarından qovulmasını və Sionist ordusu tərəfindən zorakılığa məruz qalmasını unutmamalıdırlar. Bunu da unutmamalıdırlar ki, Ermənistandan, Dağlıq Qarabağdan və işğal edilmiş ətraf rayonlardan qovulmuş günahsız azərbaycanlılar məhz sionist rejiminin və onu müdafiə edən imperializmin qurbanı olmuş Fələstinlilərin taleyini yaşayırlar. Hər bir kəs, siyasi fikirlərindən, şəxsi maraqlarından asılı olmayaraq insaflı olmağa çalışmalıdır.
 “İn” və “Yan”, “işıq” və “zülmət”, “gündüz” və “gecə”, “isti” və “soyuq”, “ağ” və “qara”nın əbədi mübarizəsi davam edir. Biz kimin tərəfindəyik? Biz hansı səngərdəyik? Biz İsrail, ABŞ, qatillər dəstəsindəyik, yoxsa qardaş və müsəlman Türkiyə, Fələstin dəstəsində? Seçim hamı üçündür. 

qafqaznews.com

Комментариев нет:

Отправить комментарий