Страницы

11.11.2012

Getmək lazımdı, şair, dostların hamısı öldü


Salam Sarvan

Aqşin Yeniseyin mənə yazdığı şeirə cavab

1.
Kim idik?
Pis söyüşlər söyməyi sünnətdən sonra öyrənmiş
kirvəsindən, dəlləyindən qorxan bir kənd uşağı.

Öz oyuncaqlarımızı da özümüz düzəltdik –
taxtadan tapança, məftildən araba...

İndi kimik?
Təkadamlıq xaraba!


Çəkimiz güllər çəkisidi, boyumuz kollar boyu.

Getmək lazımdı, şair:
Buranın adamları təkcə şəkil çəkdirəndə
dayanırlar qol-boyun.
2.
Həyatı hər gün yenidən başlamaq istəyimizi
hər səhər yuxudan gec ayılmaq öldürdü,
mühacirət arzularımızı təyyarədə uçmaq qorxusu.

İlk dəfə qız sevdiyimzi
ayaqqabımızı ilk dəfə yumaqdan bildik...
Analarımızın südü qurumuş inəyi
it kimi saxladığını uzaqdan bildik.

Böyük dərdlərdən büdrəyəndə
xırda sevinclər yıxılmağa qoymadı...
Güzgüdəki əksimizin
pəncərəyə baxdığını duymadıq.

Getmək lazımdı, şair:
Buranın adamları özlərini şəkilçilərə çevirdilər –
“pinəçi”, “solçu”, “qalatasaraylı”, “nurçu”...
Halbuki çılpaq bədənini gur saçlarıyla örtmüş
bir qadın şəklinə baxa-baxa da yaşamaq olardı.
3.
Amma hələ də bilmirik ki, sevgi nədi:
yataqdan sonra qadının saçından öpməkdi,
yoxsa, bir tikə çörəyi acından öpməkdi?
4.
“İşıq pulu” bildirişlərinin qapımıza
qara kağızlar kimi gəldiyi bir zamanda
sənə bir vəsiyyətim var, şair...

Bu azad dünyanın qurulmasında
qul əməyini də unutma...
Hər gün darıxmaq öz yerində,
gündə üç dəfə yeməyini də unutma...

Unutma ki,
buranın adamları adama etdikləri
yaxşılığın qisasını mütləq alırlar...
5.
Getmək lazımdı, şair.
Dostların hamısı öldü,
bir biz qaldıq, bir ofisiant, bir də kafe aşığı

Комментариев нет:

Отправить комментарий