Страницы

11.11.2012

Məktəb yoxsa cəngəllik? – 1-ci yazı

Cavidan

Çox eşitmişik və çox da oxumuşuq həyatın cəngəllik qanunlarıyla idarə olunduğunu, hər bir zəifin özündən daha güclü olan üçün yem olmağa məhkumluğunu, bu dünyada yalnız və yalnız güclülərin tam həyata az qala layiq olduğunu və s.
Amma müqəddəs kitablardan bilənlər və bizə çatdıranlar var ki, insan bütün mahiyyəti ilə heyvanat aləmindən fərqli olaraq yaradılmış varlıqdır və bir insanın bir heyvandan ən əsas fərqi də onun şüura malik olmaq şansıdır.
O zaman cəngəllik qanunları deyilən bir məvhum insanların yaşamı üçün tamamilə yerindəmi işlənilir?

Yalnız güclü olanmı layiqdir yaşamağa və həyatda varlığını davam etməyə?
Hər bir zəif özündən daha güclünün yeminəmi çevrilməyə məhkum olmalıdır?
Kökündən yanlış bir fəlsəfə!
Bəs zaman-zaman məkan-məkan yazılıb həyat dərsləri verən müqəddəs kitablar nə üçünmüş?
Peyğəmbər və övliyalar niyə özlərinin də, doğmalarının da həyatlarını təhlükə qarşısında qoymaq bahasına belə olsa, insanların yaşamını müəyyən çərçivələrə salmağa, qanunlara riayət etməyə, ümumi bir mütləq iradəyə tabe olmağa çağırırdılar?
Biz hər hansı bir məişət texnikası aldığımız zaman belə onun istifadə edilməsi barədə qaydalar və xəbərdarlıqlar toplusu olan kitabça və ya vərəqəni də alırıq istehsalçıdan.
Və dünyaya hər yenicə gəlmiş insan üçün onun doğulduğu cəmiyyətin həyatı boyuna müəyyənləşdirilmiş qaydalar kodeksi, yazılan və yazılmayan qanunlar toplusu hazır olur artıq. O, bu toplu qanunların çərçivəsi daxilində öz məkanının yaşam axınına qarışmalı, bu axında öz yerini bəlli etməli və ömür yolunu getməlidir.
Öz məkanının yaşam qaydalarından azacıq kənara çıxması – onu həmən yadlaşdırır içində olduğu topluma, həmən hansısa başqa məkanların yaşam qaydalarının hansına yaxın görünürsə davranışı, o məkanlı kimi baxılır, o məkanlı kimi qiymətləndirilir və hətta həmin məkana və onun insanlarına, o insanların yaşam qaydalarına streotipləşmiş münasibət belə sərgilənir ona qarşı.
Və heç bir əhəmiyyəti yoxdur ki, öz məkanının qaydaları ilə tam uyuşub yaşaya bilməyən həmin bu qəhrəmanımız içində duyub yaşamaq istədiyi tərzin aid olduğu “o başqa məkan”ın ümumiyyətlə, yer üzündə mövcud olmasından xəbərdardırmı, yoxsa xəbərsizdirmi...
Azmı eşitdik tanıdığımız-tanımadığımız insanlar üçün bu cür fikirləri: “ Rus kimi yaşayır, o nə bilir adət nədir, ənənə nədir”, “Elə bil bura onun üçün Fransadır, hər şey də etmək olar”, “Azərbaycanlı deyile, bu dəqiqə Əfqanıstandan köçüb gəlib sanki”  və s.
Cəmiyyət, Cəngəllik, Cahan...
Yaxşı sözlərdir, amma mən ideal cəmiyyət üçün misal olaraq Cəngəlliyi deyil, məktəbi seçməyi üstün tutardım.
Məktəb – cəmiyyətin bütün pillə və siniflərini, inkişafını və deqradasiyasını özündə ən mükəmməl surətdə əks etdirən modeldir.
Burada idarəedici təbəqə, idarəolunan təbəqəni kənar dünyadan hələ körpə ikən qəbul edir, sinif-sinif böyüdür, öyrədir, yenidən dünyaya təhvil vermək üçün hazırlayır.
Məktəbsiz, nizamsız, intizamsız, dəyərlər və qanunlar işləməyən cəmiyyət həqiqətən də cəngəlliyi xatırladır.
Və cəngəlliklər – insan məkanları deyil, ola bilməz, bilirik axı...
Bir anlıq müəllimləri, nəzarətçiləri, qapıçıları qəfil yoxa çıxmış bir orta məktəbin bir gününü gətirin təsəvvürünüzə.
Gətirin və gələn yazıya kimi düşünün bu haqda, evlərinizdəki və evlərinizdən kənardakı  məktəblilərə, müəllimlərə, kitablara hər baxdığınız məqamda düşünün...
Mən ardını yazacam.

Комментариев нет:

Отправить комментарий