Страницы

09.11.2012

Günel Mövludun “İslam və demokratiya” adlı yazısına cavab

Rəşadət Faziloğlu 
BDU İlahiyyat fakultesi 4-cu kurs tələbəsi

P.S. Bu yazı Kulis.az saytına təqdim edildi,lakin yayımlanmadı.

(Günel Mövludun məqaləsindən xəbəri olmayanlar bu linkdən oxuya bilərlər  Günel Mövlud “İslam və Demokratiya”)

Günel Mövludun “İslam və demokratiya” yazısını oxuduqdan sonra bu yazını yazmağın vacibliyini duydum. Yazının adı “İslam və demokratiya” olmasına baxmayaraq burada xanım yazar İslamın demokratiya ilə bağlı fikirlərində heç də ciddi görüşlər ortaya qoymur. Müsəlmanın və özünü müsəlman hesab edənlərin etdikləri İslamın adına yazılır.
Ramin “peyğəmbərə” gəlincə isə,o cür insanlar hər zaman olub,olacaq da.İslam tarixi elmində əhil olanlar yaxşı bilirlər ki, Məhəmməd peyğəmbər həyatda ikən belə qonşu  qəbilələrin birində Müseyləmə adlı bir yalançı peyğəmbər ortaya çıxmışdı.Qısa bir müddət ərzində sorağı belə qalmadı.Demək istəyirəm ki,bu cür psixi problemli insanların bu gün də olması normaldır.Eyni zamanda bu cür misalla İslamı dəyərləndirmək zahiri bir dəyərləndirmənin nəticəsidir ki,bu da insanı yanlış fikirlər söyləməyə sövq edir.Sadəcə,baş qoşmamaq lazımdır.Demokratiya və İslama gəlincə isə,unutmamaq lazımdır ki,demokratiya siyasi bir anlayış,İslam isə dindir.Günel xanım yazır ki, İslam heç bir ölkədə demokratiyayla yola getmir.Əgər siz İslam qaynaqlarını araşdırsaydınız,İslamın demokratiya ilə bağlı fikirlərindən agah olardınız.İslam qaynaqlarına baxdıqda burada seçmək azadlığı(Kəhf surəsi,29-cu ayə),bərabərlik(Hucurat,13-cü ayə) ,dini azadlıq,vicdan azadlığı(Yunus,99-cu ayə) ümumun razılığı(Şura,38-ci ayə),insanın fəal həyat mövqeyi(Məhəmməd,4-cü ayə),sosial təminat(Zariyat,19-cu ayə),şəxsi təhlükəsizlik(Nur,27-ci ayə) və.s haqqında külli miqdarda dəlillər vardır.Bunları araşdırıb oxuduqdan sonra düşünürəm ki,heç bir şəxs deyə bilməz ki,islamın demokratiya ilə əlaqəsi yoxdur və ya islam demokratiya ilə yola getmir.Bu gün avropaya(İngiltərəyə,Fransaya,Hollandiyaya və.s) milyonlarla müsəlman hicrət edir.Bunların içində şəxsən tanıdıqlarım vardır ki,öz dinlərini gözəl şəkildə yaşayırlar və heç də avropa qanunlarını dəyişmək niyyətində deyillər.Hansısa bir müsəlman avropada bir problemə səbəb olubsa,bu,avropaya hicrət edən bütün müsəlmanların günahı kimi qələmə verilməməlidir.Bu cür yanaşma tərziniz məsələlərə obyektiv yanaşmamanızdan xəbər verir.Bir məsələdə sizinlə razıyam ki,İran,İraq,Əfqanıstan kimi İslam dövlətlərində cahillik,fanatizm baş alıb gedir.Ancaq sizə xatırlatmağımda fayda vardır ki,Qatar,Oman,BƏƏ,Küveyt,Bəhreyn kimi yüksək inkişaf etmiş İslam dövlətləri də vardır.İraq,İran,Əfqanıstandan fərqli olaraq bu ölkələrdə kirin-pasın,antisanitariya hallarının içində boğulma,geridəqalmışlıq ,savadsızlıq və.s yoxdur.Araşdırsanız,açıq şəkildə görərsiniz.Yazdığınız məqalədən hiss olunur ki,siz müsəlman deyəndə İranda olan bəzi fanatikləri,əfqan taliblərini,qarnına bomba bağlayıb günahsız insanları öldürənləri,Allahu Akbar deyib baş kəsənləri nəzərdə tutursunuz və bu cür insanlara görə İslamı dəyərləndirirsiniz.Sizə məsləhət görürəm ki,ilk öncə Qurani-Kərimi,sonra isə İslamın ikinci qaynağı olan Sünnəni oxuyun,araşdırın.Orada terrordan,fanatizmdən,qarına bomba bağlamaqdan,başqa ölkənin elçisini öldürməkdən(Liviyadakı amerika səfirinin öldürülməsi) bəhs edən bir ayə və ya hədis tapsanız,bütün din əleyhinə olan fikirlərinizlə razılaşacam. Deyirsiniz ki,”son illərdəki bir sıra dini motivli qətllər göstərir ki, İslam xristianlığa nisbətdə buraxdığı qəddarlıq boşluğunu doldurmaqda qərarlıdır”.Sizin bu cür kəskin iddia ilə çıxış etməyiniz onu göstərir ki,sizin İslam haqqında savadınız bir o qədər də dərin deyil.Əgər Qurani-Kərimin bu ayəsindən xəbəriniz olsaydı,baş verən hansısa bir qətli İslamın yox,özünü müsəlman adlandıran qatilin adına yazardınız: “Kim bir canı, qisas olmadan və ya dünyada bir fəsadı olmadan öldürsə, sanki bütün insanları öldürmüş kimidir. Kim də birinin həyatına vəsilə olsa, sanki bütün insanları həyatlandırmış kimidir. (Maidə Surəsi, 32)”.
Nəticə etibarilə,deməliyəm ki,yazınızdakı fikirləriniz çox səthidir.Heç bir fakta əsalanmadan İslam haqqında fikir yürütmək sizi daima çətinə salacaq.Bir şeyi də unutmamaq lazımdır ki,müsəlmanın,özünü müsəlman adlandıran hansısa qatilin,caninin etdiyi səhv İslamın yox,məhz həmin müsəlmanın, özünü müsəlman adlandıran hansısa qatilin,caninin səhvidir.

theologynewsblog.wordpress.com

Комментариев нет:

Отправить комментарий