Страницы

09.11.2012

Onlara oxşamadığıma görə

Aydın Xan Əbilov

Virtual dostum Fuada

"Ey gidi dünya (bu qədimi ifadəni kitabdan oxuyanda çox xoşuna gəlmişdi), inqlabçının adını dəyişib quldurbaşını bütləşdirilər, gəl indi baş çıxart da bu məmləkətdən?!." - Kamil şəhərkənarı sərgidən yorğun geri qayıdırdı, gəlib Koroğlu metrosunda düşəndə bunları düşündü. Yeni salınmış parkda bir qədər oturub dincini almaq istəyirdi ki, yaxın oturacaqların birinə son dəbdə, ultrastilli bir gənc əyləşdi: əynində sarı şalvar, qırmızı gödəkcə, ayağında qırmızı ayaqqabı, saçlarını isə xoruz pipiyi kimi qaldırmış, nazik saqqal və bığ saxlamış, qulağındakı qulaqcıqlardakı musiqi səsi az qala ətrafa yayılan bu oğlan sanki parkdakılara meydan oxuyurdu...

Qəfildən onun yanında iki saqqallı qarabala peyda oldu:
- Ə petux, bu nə geyimdir? - deyə üz-gözündən dəyyusluq yağan birincisi modern oğlanın üstünə fınxırdı: - Caammatın anası-bacısı bu parka istirahətə gəlir, busa...
- Mən kimə mane oluram ki?
- Bir o qalmışdı, - ikinci mollasifət də ona xox gəlməyə başladı...
Bu zaman yaxınlıqdan keçən yeniyetmə idmançı qaqaşlar da onlara yaxınlaşdılar.
- Ə, vurun bu üzdəniraqı, bəlkə ağlı başına gələ...
Dörd-beş nəfər o oğlanın üstünə atıldılar: Kamil dözmədi, gəlib onlara yaxınlaşdı, ayırmaq istədi.
- Qaqaş sənə nə?! Bəlkə elə sən də mavisən?..
- Bu saat polisə zəng edərəm, əl çəkin uşaqdan... - Kamilin xox gəlməsinə baxmadılar, onu da oğlana qatıb it balası kimi çırpmağa başladılar...
Yaxınlıqdan polis maşınının səs siqnalı eşidəndə, rəngli işıqları görünən kimi dəstə qaçıb uzaqlaşdı...
Hər ikisi üst-başı cırılmış halda, sifətləri qızarmış, dodaqları partlamış, burunları qanamış şəkildə özünü oturacağa sərdilər. Kamil bayaq oturduğu yerdən su btulkasını gətirdi, əllərini yudu.
- Sən mavisən? - deyə naməlum oğlan Kamildən soruşdu?
- Onu km dedi?
- Bəs niyə mənim tərəfimi tutdun?
- Oldu da...
İkisi də gülümsədi: Kamil ətrafa baxdı, Avropastandartlı park və səkkizzolaqlı küçə, bahalı binalarla xarici maşınlar, uzaqdan gəl-gəl deyən metri sotansiyasının parıldayan işıqları, insanların əllərindəki çox qiymətli mobil telefonlar, saatlar: "Hə nə olsuni, adamlarımız ki, düzəlmir, inkişaf edib sivilləşməyib..."
- Bəs səni niyə çırpırdılar? Məgər cinsi azlığın nümayəndəsisən?
- Yox, sadəcə mən onlara oxşamıram, ətrafdakılar kimi qapqara geyinməmişəm, saçlarımı qısa vurdurub yana dərəmirəm...
- Aydındır, elə mən də hər zaman zəiflərin tərəfindəyəm...
P.S. Lap uzaqdan Azərbaycanın iri dövlət bayrağı dalğalanırdı. Parkdakılar bir-biri ilə görüşüb bayraq bayramlarını təbrik edirdilər. Qəribədir, parçaya bayram edənlər fərqli görünməklə özünü seçdirən şəxsi it kimi çırpırdılar, nədi-nədi, o onlara oxşamır...

Комментариев нет:

Отправить комментарий