Страницы

30.11.2012

GÜZGÜDƏKİ QADIN

Narıngül
                                   
Qadın hər şeyə çoxdan, lap çoxdan tüpürmüşdü, təkcə qarşısında dayandığı bu qırağı haşiyəli, naxışlı güz­güdən başqa. Onun həyata uzanan yolları bu güz­gü­nün qarşısından başlanırdı, məhz bu güzgünün qar­şısında o, hamıdan güclü, hamıdan qürurlu olur­du, varlığı bütünlüklə təsdiq olunurdu.
Bəzənmək həyatında ən çox ləzzət aldığı bir əy­lən­cə idi. Dəfələrlə üz-gözünü boyayır, xoşu gəl­mə­dik­də silib, təzədən boyaq çəkir, uzun qara saçlarını gah o, gah da bu çiyninin üstündən aşırır, özü-özünə vu­rulurdu.
Qara, uzun saçları doğrudan da, lap qiyamət idi.
Kişi iri, kobud əlləriylə onun uzun saçlarını qa­rış­­dı­rır, üzünə səpələyir, dönə-dönə öpüb pıçıl­da­yır­dı:
– Aman Allah, dəli olacağam. Heç bilirsənmi sə­nin həsrətini nə qədər çəkmişəm?! Səni  hələ ilk dəfə gö­rən­­də ağlımı itirdim. İnana bilmirəm, inana bilmirəm bu xoşbəxtliyə.

Sonra bic-bic gözlərini qıyıb qadının gözlərinin içi­nə baxdı:
– Bəlkə sən mənə cadu etmisən?
Qadın nazla yırğalandı:
– Bəs bilmirdin? Mən cadugərəm də...
Kişi tikinti idarələrindən birində çalışırdı. Hər gün robot kimi dəqiqiliklə gedib-gəldiyi işindən, hər iki-üç gündən bir çənə– boğaz etdiyi bazar al­ver­çi­­lərindən,  saatlarla içinə çökdüyü iri meşin di­van­dan tamamilə bezdiyi bir vaxtda, az qala itməkdə olan kişilik qüruru özünə qayıtmış, həyatına rəng qa­tıl­­mışdı. Əgər xoşbəxtliyi ölçən cihaz olsaydı, de­mək olardı ki, bu an yüz faiz xoşbəxt olmuşdu. Bu xoş­bəxtlik dalğa - dalğa axaraq qadına da siraət et­miş, onun qəlbini fərəh və nəşəylə dol­durmuşdu. Xoş­bəxtlik quşu eyni anda hər ikisini qanadlarına alıb əsrarəngiz və əlçatmaz bir aləmə aparmışdı...
Bü­tün bunların səbəbkarı qadın idi və kişi  buna gö­rə qa­dının ayaqlarına düşməyə hazır idi:
Deyirəm, Tanrıya qurban olum, nə yaxşı səni ya­­ra­dıb e...
Kişi güzgünün qarşısında qurdalanan qadına ba­xıb, səsini bir qədər  ucaltdı.
– Hə, Tanrı məni kişilər üçün bəxşeyiş göndərib.
Qadının  bu sözləri kişinin xoşuna gəlmədi, qaş-qaba­­ğını tökdü.
Bəlkə, bu axşam qalasan bizdə, səhər
gedərsən. Qadın dönüb ona baxdı.
Kişinin gözlərində qor­xaq­lıq işartıları sezildi. O, tələm-tələs dilləndi:
– Yox, gedim. Səhər yenə gələrəm. Daha hər gün gələcəyəm.
Qadın öz fəhmi hesabına hiss etdi ki, kişinin ürə­yindən bu an evdəki arvad-uşağı keçdi. Adəti üz­rə qapıya tərəf gedib, gözünün birini qıyaraq qapının gözlüyündən baxdı, onu yola saldı.
Sonra gəlib güzgünün qarşısında oturdu, hey­ran­lıq­la özünə tamaşa etdi. Doğrudan da gözəl idi. Üzün­də elə bir cazibə vardı ki, çətin ki, hansısa kişi bu­nun qarşısında tab gətirəydi. Kişinin sabah gəlib-gəl­məyəcəyi qadın üçün elə də maraqlı deyildi. Əsas o idi ki, kişini öz cazibəsinə çəkə bilmişdi, kişi onun qur­du­ğu torda çabalayırdı. Bu, qadının qələbəsi idi.
Qadın neçə dəfə həyatın lap dibinəcən baş vur­muşdusa da, orada maraqlı, onu çəkəcək heç nə tapa bil­məmişdi. Uzun axtarışlardan sonra nəhayət qərara gəl­mişdi ki, bu həyat çoxüzlüdür və onun heç birin­də yaşamağa meyli yoxdur, bəlkə də gücü çatmır. Təkcə həyatın bir üzü qadını sürətlə özünə çəkirdi, bu üzdə o, özünü inamlı hiss edir, qaranlığın için­də parlayaraq işıq saçır, asanlıqla kişiləri öz ca­zibəsinə çəkə bilirdi.
Bu üzdə qadın üçün heç bir qadağa, heç bir qay­da-qanun yoxdu, ürəyi istəyən kimi yaşayırdı. Bu üz­də o, azad və xoşbəxtdi. Bəlkə də, bunu Tanrı özü onun üçün seçmişdi.
Qadın inanırdı ki, Tanrı bütün əsirgədiklərinin əvə­zində ona böyük bir cazibə qüvvəsi verib. Elə hesab edirdi ki, onunla yaxınlıq edənlərin ha­mısı heç olmasa ömürlərində bircə dəfə əsl xoş­bəxtliyin nə olduğunu duya bilirlər. Bu çox fərəhli idi. Bu inam, bu duyğu onun bütün yaşamını, həya­tını təşkil edirdi. Necəliyindən asılı olmayaraq bu, qa­dının həyatı idi.
Qadının növbəti sevgilisi şəhərin ən məşhur bank­larından birində çalışırdı. O, əvvəlcə  bu üzü çopur, zəhmli kişini yaxına buraxmaq istəməmiş, onun təklifini qətiyyətlə rədd etmişdir. Lakin kişinin israrlı təkidləri, inadı, bəlkə də bunlardan daha çox bahalı hədiyyə və bəxşişləri onu inadından çəkindirmiş, bu adama qarşı özündə güclü bir maraq hiss etmişdi. Kişi onunla tanış ol­duq­dan sonra tamamilə dəyişmişdi: bu anda dərk etmişdi ki, həyatında olan şeylər öz rəngini və əhəmiyyətini çoxdan itirib. Hiss etmişdi ki, hər gün tə­ma­sın­da olduğu pulun soyuq, əzəmətli ağırlığı, ətra­fın­da fır­lananların var- dövlətə olan marağı, hərdənbir görüşdüyü “gecə kəpənəkləri” adlanan manikenəbənzər qızların  pul yerləşdirdiyi cibinə sancılan həris və şəhvətli baxışları, şişman arvadının, uşaq­larının  pula olan sevgisi- bütün bunlar onu tamam bez­dir­ib.  Artıq kənarda zəhm­li və sərt görünən, öz içindəsə ölə­ziyib it­mək­də olan şəxsiyyəti yenidən dirçəlməyə baş­lamışdı.
Qadınla tanış olduqdan sonra anlamağa baş­la­mış­dı ki, həyatda puldan, var-dövlətdən daha önəm­li, daha mərhəm olan şeylər də var. O, saatlarla qadı­nın qarşısında oturur, üzünü onun dizlərinə sürtür, bəzən içkili olduqda isə nədənsə kövrəlib hön­kür-hönkür ağlayır, qadının ayaqları altına sə­pə­lə­nən pulları göz yaşlarına qərq edərdi.
Belə hallarda qadının ona yazığı da gələrdi, la­kin necə olursa-olsun öz rolunu oynayar, hündürdən şən səslə qəhqəhə çəkib gülərdi.
“Səninlə olanda əsl həyatı hiss edirəm, yaşa­yıram, – deyirdi kişi, sən demə, həyat bitməyibmiş, sən­dən sonra hiss etdim bunları”. Bu anda qadının qa­nadı olsa, göylərə uçardı.
Kişi öz xoşbəxtliyini dostları ilə bölüşməkdən ötrü əldən-ayaqdan gedərdi. Çox vaxt bütün ehtiyat tədbirlərini unudaraq, qadını ətrafdakı yoldaşları ilə tanış edir, onun gözəlliyini nümayişkaranə şə­kildə sərgiləyir, açıq-aydın bu təqdimatdan   qür­rələ­nirdi. Qadın dəfələrlə onu xəbərdar edirdi ki, ehti­yatlı olsun,  nə vaxtsa “ilişə bilər”. Bir qədər keçmiş qadı­nın ehtimalı özünü doğrultdu və kişi az qala bü­tün olanlarını itirmək astanasındaykən qadından ara­lan­malı oldu.   
Bank işçisindən sonrakı sevgili gənc bir tələbə idi. Qadın onu eləcə tələbə deyə çağırardı.
 Tələbə qadınla tanış olduqdan sonra özünü yet­kin, qürurlu kişi kimi hiss edirdi. Artıq əvvəlki  yoldaşları ona hələ yetişməmiş, sadəlövh uşaq tə­siri bağışlayırdılar. Yerişində, hərəkətlərində bir öt­kəm­lik hiss olunurdu, tamamilə dəyişmişdi.
Tələbə, qadının uzun müddət güzgüyə bax­ma­sın­dan heç xoşlanmazdı. İmkan tapan kimi güzgünün qar­şı­sı­na keçib, uzun-uzadı orda qurdalanan qadını qu­­caq­layaraq güzgüdən kənarlaşdırardı.  “Bu güz­gü­nü ev­dən götürmək lazımdır, – deyərdi – mənə vaxt ayırammırsan”. Qadın onun sinəsinə sığı­na­raq titrə­yən əllərini, sevgidən od tutan sifətini ləz­zət­lə seyr edər:  “Sən məni güzgüyə qısqa­nırsan”, – de­yə  saç­larını qarışdırardı. Sonra oğlanın mə­həbbət və hey­­ranlıq yağan gözlərində nəyi isə hiss edərək pıçıl­da­yardı: “Bax, sən məni heç vaxt unu­da bilmə­yə­cək­sən, hamısı unutsa da, sən unut­ma­yacaqsan”.
Qadın başqalarından fərqli olaraq onun bütün şıl­taq­­lıqlarına dözürdü.
Tələbəylə sevgi səhnələrindən sonra onun ürə­yin­dən etirafı özü üçün qorxulu olan bəzi şeylər də ke­çərdi. Dərhal da özünü danlayar: “Həyatı qəliz­ləş­dir­mək nəyimə gərəkdir”, – deyə “sarsaq” fikirləri ba­şın­­dan qovaraq sakitləşərdi.
Tələbə qadından ayrıldıqdan sonra içi xoş­bəxt­lik­­dən lehlənmiş halda saatlarla küçələri dolaşır, ge­cə səhərədək gözlərini yummadan qadının cazibəli və şən, çox zaman da güzgüdən boylanan sifətini gö­zü qarşısında canlandırır, intizarla səhərki görüşü göz­­­ləyirdi.
- Ölənə kimi səndən ayrılmayacağam, hələ uzun illər boyunca, lap qocalana qədər əlaqəmiz kəsilmə­yəcək...
Qadına elə gələrdi ki, “əlaqəmiz” sözünü oğlan xüsusi vurğu ilə tələffüz edir. Gözlərini yumaraq öz yaşı üzərində “hesablama” aparar: “Beş il, bəlkə də bir qədər çox”, - deyə düşünərdi. Şəxsi  qənaəti ilə ürəyindəcə   tələbənin fikrinə düzəliş edərdi.
Sonra  ehtirasla dolu, sonu yoxmuş kimi görünən sevgi səhnələri başlanardı.
Qadın getdikcə tələbənin həyatının əsas his­sə­si­nə  çevrilirdi və bilirdi ki, tələbə ilə münasibətləri ötəri mü­na­s­ibətdir, bəlkə elə özü son qoyacaqdı bu mü­na­si­bə­tə. Lakin bu an  çox xoşbəxt idi. Qadın həyatda yalnız xoş­bəxt olmaq üçün yaşayırdı və  bunu bacarırdı. Xoşbəxtliyin o biri üzündə böyük bir boşluq vardı və o, umkan qədər ora yaxınlaşmamağa çalışırdı.
 Ancaq bir dəfə qadına insafsızlıq edildi. Hər hal­­da, qadın bunu Tanrı tərəfindən özünə edilmiş əda­­lət­sizlik kimi qəbul etdi. Deyəsən,  imtiyaz ki­mi veril­miş bu xüsusi bəxşişi də ona qıymaq istə­mir­dilər.
Hər şey təntənəli bir mərasimdən başlandı. Mə­ra­­simi köhnə tanışlarından biri hazırlamışdı. Xeyli im­kanlı, müəyyən dairələrdə yüksək nüfuz qa­zanmış bu adam bir vaxtlar ona nələri vəd etmirdi, hər əm­ri­nə müntəzir dayanır, saatlarla yolunu gözləyirdi. Bu xeyli əvvəllər olmuşdu və qadın az qala onu unut­muş­du. İndi hardansa birdən-birə onun yadına düş­müş­dü, bəlkə də elə işin tərsli­yin­dəndi bu yada düş­mə. Əslində onun bu kişiyə heç bir marağı yox idi. Tərk etdiyi kişiyə geyinilib köh­nəl­miş, çoxdan dəb­dən düşmüş,  dolabın bir kün­cünə atılmış pal­tar kimi mənasız baxırdı. Geri qayıt­maq onun prin­sip­lərinə uyğun deyildi. Amma rədd etməmişdi kişi­nin təklifini. Özündən yaşca kiçik olan rə­fi­qə­siy­lə gəlmişdi mərasimə. Evdən çəxarkan son dəfə güz­güyə baxaraq arxayınlaşmışdı ki, ondan gözəli yox­dur. Yoxsa elə bu vəzifəli adam aradan neçə il ke­çəndən, öz ac hisslərini yetərincə doy­durduqdan son­ra onu bu qədər israrla, yenidən görmək istə­məz­di ki...
Məclisə daxil olan kimi dər­hal  bütün məc­lis­də­ki­lə­rin, daha doğrusu, məc­lisdəki kişi­lə­rin diqqətini özünə çəkdi. Onu xüsusi rəğbətlə qar­şıla­yan tanışı bir qə­dər keçmiş qulağına pıçıldadı:
– Qurban olum sənə, nə olar yanındakı rəfiqəni mə­­nimlə tanış et, nə istəsən verərəm.
O andaca qadının içindən, nələrsə qırılıb tö­kül­dü. Son­ra növbəti haqsızlıq, yanlarında əyləşmiş baş­qa bir kişinin ona məhəl qoymadan rəfiqəsini rəq­sə də­vət etməsi... Küçədəki laqeyd baxışlar, etinasızlıq. Qa­dın hiss edirdi ki, nə isə baş verir. O, dibi gö­rün­mə­yən bir boşluğa yuvarlanırdı. Fərqinə var­madan ya­şadığı həyatın bu qədər bəsit olduğunun açıq­ca hiss edirdi.
Evə qayıdıb həmişə həvəslə, şövqlə qarşısında da­­­yan­dığı güzgüdən özünü seyr etdi. Üzündə o qədər də­­­yişiklik hiss etməsə də, içində nə isə qırılıb tökül­mə­­yə, inamı, qüruru əriməyə başladı.
Sonra isə növbəti, daha növbəti uğursuzluq... Küçə­­­də qadını gözdən qoymayan, ona tərəf acgöz­lüklə boy­lanan kişilər artıq onun yanından laqeydliklə ötüb keçirdilər. Bu, qadını yandırıb tö­kürdü. O, bu la­qeydliyi özünə rəva bilmirdi. Onun həyat fəlsə­fəsin­də belə bir maddəyə yer ayrıl­mamışdı. Qadın özü­nü təhqir edilmiş, alçaldılmış hiss edir­di. O, axır vaxtlar evdən çıxmır, saatlarla güz­günün qarşısında oturub bir çıxış yolu axtarırdı. Hər dəfə güc, ilham aldığı güzgüdən sifətində lazımsız xətlər, diq­qət yetirdikdə nəzərdən qaçma­yan yeni qırışlar kəşf edir, əsəb­lə­şirdi. Qadın de­mək olar ki, yaşa­mır­dı. Heç kəslə əlaqə sax­la­mır­dı. Təkcə tələbənin ca­vabsız qalan israr­lı zəngləri, saatlarla qapının ağ­zın­da dayan­maları nə­zərə alın­ma­sa, heç onu axtaran da yoxdu. Tələbə günlərlə gəlib evin qarşısında gə­zir, dəfələrlə qapını döyür, la­kin heç bir faydası ol­mur­du. O, fikrində qəti idi, heç kimi görmək ist­əmir­di.
Qadın evdə, ətrafdan təcrid olunmuş şəkildə yaşamağa başlamışdı. Demək olar ki, güzgüyə tərəf bax­­mırdı və bu onu həyatının bitdiyinə dəlalət edir­di. Deyəsən, o, Tanrının da yadından çıxmışdı.
Tək bircə dəfə tələbə ilə telefonla danışmışdı. Söh­bət çox qısa olmuşdu. Tələbə ona məktəbi bitirə­rək yaxşı bir vəzifəyə düzəldiyini sevinclə xəbər ver­mişdi. Qadın soyuq və quru şəkildə onu təbrik etmiş, sonra bir bəhanə ilə söhbəti yarıda kəsmişdi.
Və çox keçmədən o, öz evindəcə adi bir təh­lükə­sizlik nəticəsində vəfat etdi. Bəlkə də bu belə de­yildi, ancaq rəy verməli olan ekspertlər belə qərara gəl­dilər.
Dəfndə çox az adam, demək olar ki, yalnız dəfn büro­­sunun işçiləri iştirak edirdi. Onları bura tələbə gətir­­mişdi. Tələbə qapının ağzına qoyulmuş güz­gü­nün qar­şısında dayanaraq yanıqlı-yanıqlı siqaret çə­kir­di.
Dəfn üçün bütün hazırlıq işləri görülmüş, hər kəs tələbənin üzünə baxaraq onun əmrini gözləyirdi.
Tələbə gözlərini güzgüdən ayırmadan nə isə bir söz demək, məntiqli, lap elə təsəlliverici bir söz söyləmək istəyirdi. Ancaq beynindən sürətlə keçən fikirlərin heç biri tutarlı sözə çevrilmək iqtidarında deyildi. Və o, son dəfə əlindəki siqaretin tüstüsünü acgözlüklə içinə çəkərək, daha çox özünə bəyan edirmiş kimi, hüznlü səslə astadan dilləndi:
– O, həyata bu güzgüdən baxırdı... 

naringul1@mail.ru

Комментариев нет:

Отправить комментарий