Страницы

25.11.2012

HENRİ MİLLER - MAKS VƏ AĞ FAQOSİTLƏR

Henri Miller alman kökənli məşhur ABŞ yazıçısı və rəssamıdır. 1891-ci ildə Nyu-Yorkda doğulub. Avtobioqrafik əsərlər yazıb. Romanları açıq-saçıqlığına görə dəfələrlə qadağan olunub. “Xərçəng tropiki”, “Oğlaq tropiki”, “Qara bahar” trilogiyasının müəllifidir.

Elə adamlar var ki, görüşdüyün andan onlara adıyla müraciət edirsən. Maks da belələrindəndir. Elələri də var ki, bəyəndiyinə görə yox, özlərinə qarşı nifrət oyatdıqlarına görə diqqətini cəlb edirlər.
Nifrət o qədər böyüyür ki, hətta maraqlı hadisələrə vəsilə olur; siz vaxtaşırı bu adamların yanına qayıdaraq, onların qəlbindəki titrəyişləri öyrənməyə, özünüzü canıyanan göstərməyə çalışırsınız. Halbuki, bu mərhəmətdən sizdə əsər-əlamət belə, yoxdur. Köməyə ehtiyacı olan adamlara, dərdlərinə şərik olduğumuza görə yox, qayğılarının, nigaranlıqlarının bizi anlaşılmaz hisslərə bürüdüyünə görə əl tuturuq.

Maksın ilk dəfə məni bulvarda saxladığı gecəni çox yaxşı xatırlayıram. Köntöy görünüşü, özünü aparması məndə ikrah yaratmışdı. Kinoya tələsirdim. Birdən qarşımda bu kədərli yəhudi sifəti peyda oldu. Kibrit istədi. İstənilən halda, nəsə istəməsi sadəcə, bir bəhanəydi. Bunu dərhal anladım. Ürəyimdə fikirləşdim, indi durub həyatının kədərli səhifələrini vərəqləyəcək.
Onun həyat hekayəsini dinləmək istəmirdim. Saymazyana münasibət göstərirdim. Kobudluq da demək olar. Belə rəftarımı heç vecinə almırdı: sifətimə zəli kimi yapışıb, qopmaq istəmirdi. Həyat hekayəsini danışmağa macal vermədən, cibimdəki qəpik-quruşları çıxarıb ona uzatdım. Dedim bəlkə hirslənib gedər. Amma yox, zəli kimi yapışdı yaxamdan.
O vaxtdan mənə elə gəldi ki, Maks addımbaaddım məni izləyir. Onunla qarşılaşmağıma təsadüf kimi baxırdım. Zamanla bədgümanlığa qapıldım. Axşamlar küçəyə çıxarkən, özümdən asılı olmadan, beynimdə cərgəylə suallar düzülürdü: “Görəsən hara gedim? Filan yerə getsəm, Maks orda olmaz ki?” Gəzməyə gedərkən, bilərəkdən elə rayonları seçirdim ki, ora gəlmək Maksın heç ağlına gəlməzdi. Elə ya belə həmişə eyni yerlərə getdiyini düşünürdüm: turistlərin axışdığı böyük bulvarlara, Monparnas, Monmartr rayonlarına. Gecə düşərkən, Maks ağlımdan tamamilə çıxdı. Adət etdiyim yolla evə qayıdarkən, Maksı büsbütün unudurdum. Və budur, mehmanxanaya çataçatda, tale bizi qarşılaşdırdı. Fantastika! Həmişə gözləmədiyim anda qarşıma çıxırdı. Hardan gəldiyini anlamırdım. Üzündəki dəyişilməz ifadəylə görüşə gəlirdi. Elə biləsən, xüsusi olaraq mənim tamaşa etməyim üçün hazırlanmış maskanı üzünə taxıb. İçəridən şam kimi işıldayan kədər, bədbəxtlik, iztirab çırağına bənzər maskası həmişə üzündəydi. Sinaqoqdan oğurlamışdı elə bil. Ağzını açan kimi, nə deyəcəyini bilirdim. Sözləri tələffüz edərkən, ucadan qəşş edib gülürdüm. Maks bu gülüşümü dostluğun əlaməti kimi yozurdu.
- Miller, de görüm vəziyyət necədir? – o, uzun illərin tanışı kimi soruşdu. Bu sözləri tələffüz edərkən, çöhrəsinə geniş təbəssüm qondu. Birdən şam kimi içindən yanıb əriməyə başladı. Sonra üzünə xəfif bir təbəssüm çökdü. Adəti üzrə, növbəti sözlərini dedi: – Miller, bilirsən bu vaxtlar başıma nələr gəlib? – Yaxşı bilirdim ki, bu müddət ərzində ona heç nə olmayıb. Amma təcrübəmdən onu da bilirdim ki, tezliklə biz Maksla hardasa oturacaq, bu müddətdə güya onun başına bir xeyli hadisə gəlibmiş kimi, görkəm alacağıq. Ötən müddətdə ayaqqabıları yırtıq-sökük olurdu, bunun da adını “başıma iş gəlib” qoyurdu. Hətta havanın isti-soyuq olması da, bir günlük iş tapmaq ehtimalı kimi, onun həyatında hadisəyə çevrilirdi. Maraqlısı bilirsinizmi nədir? Onun başına ancaq pis hadisələr gəlirdi. Başqa cür ola da bilməzdi. Dərin bir bədbinlik hissinə qapılırdı. Hər şeyin daha pis olacağını özünə təlqin edirdi. Elə də olurdu.
Maksa, onun dükənməz iztirablarına elə isinişdim, təbiət hadisəsi kimi, dünyanın bir parçası kimi, qayalar, ağaclar, ayaqyolular, fahişəxanalar, ət sallaqxanaları, meyvə dükanları və sayr kimi onu qəbul etdim. Küçələrdə Maks kimi minlərlə adam dolaşır. Bütün bu adamlar isə Maksın simasında təcəssüm olunurdu. Maks həm İşsizlik demək idi, həm Aclıq, həm Kasıblıq demək idi, həm Ümidsizlik, həm Məğlubiyyət demək idi, həm də ki, Həqarət. İstənilən birisini, əlinə qəpik-quruş verib, başımdan edə bilərdim. İstənilən birisini! Ancaq Maksı yox! Maksa elə bağlanmışdım ki, ondan ayrılmağım mümkün deyildi. Köynəyimin içinə soxulmuş taxtabitidən də yaxınıydı mənə. Zəli kimi dərimə yapışıb, qanıma işləmişdi. O, danışarkən, diqqətlə qulaq asa bilmirdim ona. Dediyi birinci sözü eşitməyim yetərdi ki, sonsuza kimi danışıb onun fikrini davam etdirim. Danışdıqları həqiqət idi. Acı həqiqət. Hərdən, bu həqiqətə hamının sahiblənməsinin yalnız bir yolu olduğunu düşünürdüm – Maksı başıaşağı səkiyə qoyub, ətrafdakıların onu dinləməsinə şərait yaratmaq. Bəs görəsən bu təcrübəmin axırı nolacaqdı? Heç nə. Heç nə olacaqdı. Adamlar qulaqlarını tıxayıb acı həqiqəti eşitmək istəmirlər. Bunun səbəbi, özlərinin də elə həmən həqiqəti danışmalarıdır. Amma Maksın fərqliliyi bu həqiqətləri ucadan danışmasındaydı. Onun dilindən səslənən həqiqətlər inandırıcıdır. Sanki Maks bu həqiqətləri çatdıran ən son instansiyadır. Həyatı boyunca olmazın əzablar çəkdi. Əzabın simvoluna çevrildi. Ona qulaq asmaq qorxunc idi. Maks özü-özünü əzablarının içində basdırdı.
İnsanı simvol kimi qəbul etmək daha sadədir, nəinki fakt kimi. Maks mənim üçün əbədiliyin, dəyişməz mövcudluğun simvolu idi. Dünya heç nəyi dəyişməyəcək. Heç nəyi! Maksı səkinin üzərinə başıaşağı vəziyyətdə qoymaq axmaqlıqdır. Bilirsiniz bu nəyə bənzəyir? Adamlara deyirsən ki: “Maksın hansı vəziyyətdə olduğunu görmürsünüzmü? Səninləyəm, ey dünya!” Əlbəttə görürlər. Dünyadan gizlənməyə, ona fikir verməməyə çalışırlar. Maks mənə yaxınlaşan zaman qəlbimdə elə bir hiss tüğyan edirdi, sanki bütün dünyanı sinəmə sıxıram, sanki bütün dünya burnumun ucundadır. “Yox, Maks, sənin düşünə biləcəyin ən yaxşı şey, beyninə bir güllə çaxmaqdır. Məhv elə özünü! Bu, yeganə çıxış yoludur”. Amma dünyadan qurtulmaq düşündüyünüz qədər sadə deyil. Maks hamının içindədir. Maksı öldürmək üçün, bütün kişiləri, qadınları, uşaqları, bütün ağacları, evləri, bitkiləri, bütün heyvanları, ulduzları məhv etmək lazım gələrdi. Maks bizim qanımızdadır. Maks – hamımızın xəstəliyidir.
Mən Maks haqqında uzaq keçmişdən qalan xatirə kimi danışıram. Halbuki söhbət, ötən il Venaya getməzdən əvvəl mənnən ünsiyyətdə olmuş, heçnəsiz boşuna buraxdığım adamdan gedir. Göndərdiyi son məktubunda yalvarırdı ki, ona “dərman” gətirim. Xəstə olmasından, mehmanxanadan qovulmasından yazırdı. Məktubunu oxuyarkən, buraxdığı qrammatik səhvlərə uğunub gedirdim. Bununla belə, bir dəqiqə də olsun, məktubda yazılanların tamamilə həqiqəti əks etdirdiyinə şübhə etmirdim.
Ancaq Maksa görə əlimi ağdan-qaraya vurmayacağıma söz verdim. Allahdan Maksın ölməsini diləyirdim. Qəmişini məndən çəkməsini arzulayırdım. Beləcə bir həftə keçdi. Maksdan səs-soraq çıxmadı. Rahat nəfəs almağa başladım. Ümid etdim ki, mənə bel bağlamağın lazım olmadığını anlayıb. Bəs birdən ölüb? Ölür ölsün, qalır qalsın, nə işim var?! Bir istəyim vardı: məni rahat buraxsın.
Maksın yoxluğa qərq olması aydın olduqdan sonra, onun haqqında yazmaq qərarına gəldim. Elə dəqiqələr olurdu ki, onu görmək, haqqında təəssüratlarımı bölüşmək istəyirdim. Onunla görüşmək arzum o qədər böyük idi, hətta gəlməsi üçün bir neçə dəfə pul ödəməyə belə razıydım. Təəssüflər olsun ki, “dərmanlar” haqqında son məktubunu tulladım! Əlimdə olsaydı, Maksı həyata qaytara bilərdim. İndi boş yerə kədərləndiyimi anlayıram: Maksın dedikləri yaddaşıma hopdu… Sadəcə, o zamanlar yəqin bu haqda yazmağa hazır deyildim.
Bu hadisədən sonra bir neçə aylıq Parisə getməyə ehtiyac duydum. Maks barəsində nadir hallarda, hansısa uzaq bir keçmişin gülməli, mənasız epizodları kimi düşünürdüm. “Görəsən sağdırmı? İndi nə işlə məşğuldur?” Beynimdə bu cürə suallar dolaşmırdı. Təsəvvürümdə əzab çəkən cismani varlıq kimi yox, dəyanət simvolu kimi qaldı.
Gecələrin birində, Parisə qayıtdıqdan sonra, tamam başqa bir adamın sorağında şəhəri gəzirdim ki, birdən qarşıma kim çıxsa yaxşıdır?! Əlbəttə, bizim bu Maks.
- Miller, de görüm vəziyyət necədir? Niyə görünmürsünüz?!
Maks dəyişməmişdi. Amma üzünü saqqal basmışdı. Əynində təmtəraqlı ingilis kostyumu vardı. Başına enli velür şlyapa qoymuşdu. Qəbirdən xortdamış adama oxşayırdı. Şlyapanın aşağı əyilmiş kənarları onu manekenə bənzədirdi. Maksın gülümsər çöhrəsi dəyişməmişdi. Məni əvvəlki tək həyatsevərliklə çulğalanmış geniş təbəssümlə qarşılamadı. Göylərdə sayrışan, sönməmişdən əvvəl son dəfə parıltı saçan uzaq-uzaq ulduzların işıltısını xatırladırdı. Üzündəki cod tüklər solğun simasına daha əzablı ifadələr qatırdı. Ətrafdakı adamları diksindib-hürküdən, zəif şəfəqlər kimi baxışlarından süzülən iyrənc üz ifadəsini saqqalı ört-basdır edirdi. Tədricən üzünün ifadəsini yorğunluq əvəz edir, yorğunluq isə öz növbəsini kədərə verirdi. Nə qədər qəribə görünsə də, indi Maksa elə də yazığım gəlmir. Sadəcə yöndəmsiz, köntöy bir adamdır: həm iztirab çəkmiş adamdır, həm də iztirab adına karikaturadır. Məncə bununla bağlı özünə hesabat vermir. Əvvəlki coşqunluqla danışmır: deyəsən, özü-öz sözlərini haqlı saymır. Həyatdan yalnız vərdişkar olduğuna görə şikayətlənir. Sözlərinə əvvəlki tək gülməyimi gözləyirmiş kimi bir təəssürat yaranır. Əslində o, özünə də gülür. Sanki haqqında bəhs etdiyi Maks tamam başqa adamdır.
Əynindəki gözəl ingilis kostyumunu ona hansısa ingilis Venada hədiyyə etmişdi. Bir əmması var ki, kostyumun içində üzürdü! Bu kostyumda özünü gülməli və əlləmayaq hiss edirdi. Axı bu cür gözəl ingilis kostyumunda gəzdiyi üçün daha ona heç kəs inanmır! Köhnə-yırtıq parusin tuflilərinə baxdı. Bu tuflilər geyindiyi kostyuma, başına qoyduğu şlyapaya yaraşmırdı. Deməyə hazır idi ki, tuflilər onsuz da ayaqlarına rahatdır, amma digər tuflilərinin çəkməçidə olduğunu, geri almağa isə pulunun olmadığını dedi. İngilis kostyumu onun növbəti bədbəxtliyinin təcəssümü oldu. Bahalı parçadan hazırlanmış kostyumunu barmaqlarımla yoxlamağım üçün dirsəkləndi. “Ötən müddət ərzində” başına gələn hadisələrdən, Venaya necə gedib çıxmasından, hansı şəhərdə yeni həyata başlamasından, Venada Parisə nisbətən özünü daha pis hiss etməsindən xeyli danışdı. Venadakı yeməkxanaların təmizliyini həvəssiz də olsa etiraf etməkdən yayına bilmədi. Əgər cibində bir qəpik pulun yoxdursa, nəyə gərəkdir o təmizlik? Vena gözəldir, təmizdir, elə təmizdir ki! Maks hələ də özünə gələ bilmirdi. Bir əmması var: orda hamı dilənçilik edir. Buna baxmayaraq, gözəl və təmiz şəhərdir. “Hərdən adam ağlamaq istəyir”, – o, əlavə etdi.
“Maraqlıdır, görəsən, hələ çox danışacaq?” – düşündüm. Dostlarım qıraqdakı kafedə məni gözləyirlər, həm də bir adamı axtarıb tapasıyam…
- Hə, Vena… – fikrim dağınıq halda danışıb, gözucu kafenin artırmasına baxırdım.
- Yox, Vena yox! Bazel! – o, qışqırdı. – Bazel! Venadan bir ay əvvəl çıxmışam, – onun səsini eşidirdim.
- Hə, hə, bəs sonra noldu?
- Sonra noldu?! Miller, sizə dedim axı, onlar mənim sənədlərimi götürdülər. Dedim axı, adını da qoydular ki, turistəm!
Onun cavabını eşidərkən gülməkdən uğunub gedirdim. Maks da həmişəki kimi kədərli-kədərli gülürdü.
- Yox, siz hələ təsəvvürünüzə bir gətirin: mən – turistəm! – Məyus-məyus qımıldanırdı.
Əlbəttə, Maksın bədbəxtlikləri bununla bitmirdi. Bazeldə onu qatardan düşürtdülər. Sərhədi keçməyinə icazə vermədilər.
- Onlara dedim ki: “Söhbət nədən gedir? Bəlkə nəsə qanun pozuntusuna yol vermişəm?”
Az qalmışdı unudam, Maks bütün həyatı boyu ehtiyatlı hərəkət etməyə çalışırdı. Necə olmasa da, onu qatardan düşürdürlər və Bazeldə heç nəsiz buraxırlar. Nə edəsən? Tanış bir adama rast gəlmək ümidiylə mərkəzi küçəylə gedirdi, birdən üstündə yazı olan lövhə görür: “Yəhudi pansionu”. İçəri keçir. Çantasını əlindən buraxmayaraq, bir fincan kofe sifariş verir. Həyatının kədərli səhifələrini danışmağa başlayır. Pansiondakı adamlarsa, belə boş-boş şeylərə görə narahatçılığa əsas görmürlər.
- Əsas odur ki, siz qayıtdınız, – deyərək aradan çıxmaq istədim.
- Nə mənası var?! Axı indi turist vizam var. Bu vizayla necə işləyə bilərəm, Miller! Əynimdə bu cür kostyum ola-ola, kim mənə dilənçilik etməyə icazə verər?! Yox, mən tufanası dağılmış insanam. Görəsən niyə bu qədər mədəni görünürəm?!
Onu başdan-ayağa nəzərdən keçirdim. Haqlıdır, görünüşü çox mədənidir. Ağır xəstəlikdən sağalmış adam kimi, sağalmağına şaddır, amma üzünü qırxmağa taqəti yoxdur. Hələ şlyapasına bax bunun! Çox bahalı şlyapadır. Ağırdı. Astarı ipəkdəndir! Bu şlyapasıyla yəhudi gettosunu təcəssüm etdirirdi. Heç saqqalını demirəm. Əgər saqqalı bir az uzun olsaydı, Praqanın, Budapeştin yəhudi məhəllələrində dolaşan kədərli, səxavətli, ehtirassız kabuslara bənzəyərdi. Bir sözlə, mömindir. Hətta yanları əyilmiş şlyapası da mehriban görünür.
Təsəvvürünüzə gətirin: Yəhudilərin Purim bayramı. Yaxşı şərabın təsirindən şən əhval-ruhiyyə yoxdur. Üzlərini azacıq təraş etmiş, kədərli yəhudi sifətləri. Başlarında enli şlyapalar. Şamlar yanır. Ravvin müqəddəs kitabdan ayələr oxuyur. Qalareyadakı boş yerlərdən dəhşətli külək vıyıldayır. Hər yerdə şlyapalar. Çərçivəsi yuxarı əyilmiş şlyapalar. Kədər və iztirab üzərində istehza.
- Yaxşı, əsas odur ki, qayıtdınız, – mən təkrar edib, onun əlini sıxdım.
Əlimi əlinin ovcunda saxladı. İndi də Bazeldədir. Yəhudi pansionunda. Ona sərhəddi necə xəlvəti keçmək lazım olduğunu öyrədirlər. Sərhədçilər addımbaşı izləyirlər. Maks heç özü də bilmir sərhəddi necə keçdi.
Maks bələdçiylə hansısa bir ağacın qırağında görüşdü. Heç kəs onların yolunu kəsmədi. Maks təhlükənin sovuşduğunu anlayıb, irəli getdi.
- Budur, – o, dedi, – mən yenə də Parisdəyəm. Necə də iyrənc şəhərdir! Heç olmasa, Venada təmizlik var. Orda, doğrudan, professorlar və tələbələr çörək növbəsinə düzülürlər. Amma buranınkılar hamısı dilənçidirlər, üstlərini bit-birə basıb. İndi görəcəksən, onların mükafatları taxtabitilər olacaq.
- Elədir ki var, Maks. – Yenə onun əlini sıxdım.
- Miller, bilirsiniz necədir, hərdən mənə elə gəlir dəli oluram. Axı mən yuxuya həsrət qalmışam. Səhər saat altıda oyanıb özümə iş axtarıram. Səhər şəfəqləri ətrafı bürüyərkən, evdə qala bilmərəm. Küçəyə çıxmalıyam. Hətta əgər səhər yeməyi yemək istəsəm belə, əvvəl gəzişməliyəm, adamları görməliyəm. Daha tək-tənha qala bilmərəm. Miller, siz allah, deyin görüm mənə nolub belə? Sizə Venadan məktub göndərəsiydim ki, biləsiniz: Maks sizin haqqınızda düşünür, amma sizin ünvanınızı unudub. Miller, Nyu-Yorkda vəziyyət necədir? Burdan yaxşıdır? Yox? Orda da böhrandır? İndi hər yerdə böhrandır. Böhrandan qaçmaq olmaz. Nə iş var, nə yemək. Bu əclaflarla axı necə mübarizə aparasan? Miller, hərdən elə qorxuram ki…
- Qulaq asın, Maks, indi getməliyəm. Narahat olmayın, siz canınızı məndən belə tez qurtara bilməyəcəksiniz… Hər halda, yaxın müddətdə…
Bu sözlərimi təbəssümlə qarşıladı.
- Miller, – o, dedi, – siz elə yumşaq, elə xoşbəxt insansınız. Sizinlə olmaq həmişə xoşdur. Sizinlə lap elə dünyanın sonuna gedərəm…
Aramızdakı bu söhbət üç gün əvvəl olmuşdu. Dünən günorta kiçik bir kafenin artırmasında oturmuşdum. Girişdən uzaq bir küncdə. Əlyazmamı oxumaq üçün belə bir yeri qəsdən seçmişdim. Qarşımdakı masanın üzərində iştah açan içki vardı. İki-üç qurtum aldım. Əlyazmamı oxumağa başladım. Oxuyub ortasına çatırdım ki, tanış səs eşitdim:
- Miller, de görüm vəziyyət necədir?
Həmişəki kimi, Maks hörmət əlaməti olaraq təzim edərək yanımda durmuşdu. Həmən təbəssüm, həmən şlyapa, həmən cəlbedici kostyum, həmən parusin tuflilər. Üzünü qırxmışdı.
Əyləşməyə dəvət etdim. Onun üçün sendviç və bir bakal pivə sifariş verdim. Əyləşib yeni kostyum şalvarını nümayiş etdirməyə başladı: şalvarı kəmər əvəzinə, iplə bağlanmışdı. “Kəmərinə”, çirkli parusin tuflilərinə nifrətlə baxıb, “ötən müddətdə” başına gələn hadisələri nəql etməyə başladı.
- Dünən, – o, dedi, – bütün günü yeməyə bir şey tapmadım. Ağzıma heç çörək qırıntısı da dəymədi.
Sonra uğur onun üzünə güldü: hansısa turistlərlə qarşılaşdı, onlar da Maksa içki təklif etdilər.
- Mən hörmət əlaməti olaraq imtina etmədim. Axı elə ilk görüşdəcə onlara ac olduğumu deyə bilməzdim. Elə hey gözləyirdim görüm bunlar nə vaxt yemək yeyəcəklər. Amma görünür bu əclaflar artıq yemişdilər. Bütün gecə boyu onlarla içdim. Mədəm boş idi. Bir təsəvvürünüzə gətirin bütün gecəni ac qalmaq nə deməkdir?!
Bu gün Maksı əzizləmək istəyirdim. Oxuduğum əlyazma kefimi açdı. Çox gözəl alınıbdır… Hələ də özüm yazdığıma inanmıram.
- Maks, sizin üçün köhnə bir kostyumum var. Əgər istəsəniz, bizə gedə bilərik.
Maksın gözləri şam kimi işıldadı. Bundan sonra ingilis kostyumunu yalnız bazar günləri geyəcəyinə məni əmin etdi. Bizim evdə ütü varmı? – görün onun dərdi nəydi. Mənim kostyumumu ütüləmək istəyirdi…. bütün kostyumlarımı. Deyirdim, ütüm-zadım yoxdur. Amma daha bir kostyumum olacaq bu yaxınlarda. (Yadıma düşdü ki, kimsə bu yaxınlarda mənə kostyum verəcəyinə söz verib) Maks cuşa gəlmişdi. Belə çıxır ki, onun üç kostyumu olacaq. Maks hələ bizə getməyib, amma xəyalında kostyumları ütüləməyini canlandırırdı. Onun kostyumları yaxşı ütülənmiş vəziyyətdə olmalıydı. Amerikalı, şalvarındakı ütülənmiş qırışlardan tanınar. Bir də yerişinə görə tanınar. Məni də bu sıraya aid etdi. Həm də amerikalının əlləri həmişə cibində olur. Fransızın isə yox.
- Sizə daha bir kostyum veriləcəyinə əminsinizmi? – o, məndən soruşdu.
- Demək olar ki, əminəm, Maks… Bir sendviç də yeyin. Bir stəkan için.
- Miller, – o, dedi, – siz düzgün istiqamətdə düşünürsünüz. Mənə nə verməyiniz yox, nə verəcəyinizi düşünməyiniz vacibdir. Sizin yanınızda kuraj yaranır.
Kuraj fransız sözüdür. O, vaxtaşırı fransız sözcüklərini dövriyyəyə buraxmağı sevir. Məsələn, velür şlyapa. Bu sözlərdən heç nə anlamaq olmur. Əsas da “miserе” sözündən. Yəqin bu sözdən cümləbaşı istifadə edən fransız hələ anasından olmayıb. Beləliklə, mənim yanımda olarkən onda kuraj yaranır. Və o, yenə də təkrarlayır: səninlə dünyanın lap o başına da olsa gedərəm. Nə deyim axı, elə ya belə pis görünmür. (Mənsə həmişə ondan canımı necə qurtarmaq haqda düşünəcəm!) Amma bu gün hər şey yaxşıdır. Maks, bu gün sizdən ötəri, nəyəsə desəniz gedərəm! Axı bu yazıq avam hardan bilsin ki, ona təklif etdiyim kostyum mənim üçün necə dəyərlidir. O isə mənim genişqəlbli olduğumu sanır. Qoy elə düşündüyündə qalsın! İstəyirəm bu gün məni ilahiləşdirsin. Bunun səbəbi isə cəmi bir neçə dəqiqə əvvəl oxuduğum əlyazmamdır. Öz yazdığım özümə elə xoş gəldi ki, özüm-özümə vuruldum.
- Garcon! Bir qutu siqaret – роur lе mоnsiеr!
Maks üçün sifariş verdim. Buranın müsyosu ancaq Maksdır. Yenə həmişəki təbəssümlə baxdı mənə. Maks, sizin kurajınız hara qeyb oldu? Bu gün mən səni səmalara qaldıracam, sabah isə düz cəhənnəmin dibinə atacam. Ay Allah, gör daha bir günümü yenə bu əclafa sərf edəcəm, sonra isə edəcəyim hərəkətə görə cavabdeh deyiləm! Ondan qurtulacam! Bu gün sözünə qulaq asacam, dost… İstəyirsən bütün günü mahnı oxu. Özümü sözəbaxan uşaq kimi aparacam, sonra isə, məni qınama, dənizə tullayacam səni!
- Maks, bir stəkan da verimmi? Utanmayın, cəmisi bir stəkan! Bir dənə də sendviç yeyin!
- Miller, mənə elədiyiniz yaxşılıqları özünüzə rəva gördüyünüzə əminsinizmi?
Lənətə gələsən, özü yaxşı bilir ki, ona kömək etmək mənə ar gəlmir. Əks halda, onu yola verərdim. Ümumiyyətlə, bu adamın özünü aparmaq tərzi bu cürdür. Məni bulvardakı dostlarıyla bir tutur. Elə biləsən, bunun çevrəsindənəm. Bəlkə də məni çevrəsinə salıb, nə bilmək olar?
Gözlərindəki yaşlar məndə şübhə oyadır. Göz yaşları! Timsahın göz yaşları! Mirvari dənəsidir hər biri! Deyirəm, daxil olasan bu gözlərin içinə və aydınlaşdırasan necə işləyir bu gözyaşardıcı mexanizm!
Əla gündür. Ətrafımızda nağıllar dünyasından gəlmiş gözəllər üzür. Maraqlıdır, görəsən Maks onlara diqqət yetirirmi?
- Qulaq asın, Maks, açıq danışın, kiminləsə vaxtaşırı cinsi əlaqədə olursunuz?
- Necə necə?! – o, soruşdu.
- Özünüzü karlığa vurmayın. Deyirəm, heç olmasa hərdən kimisə şəpləyirsiniz? Bəlkə “şəpləmək” nədir bilmirsiniz?
Maks gülümsədi. Həmişəki kimi kədərli təbəssümlə gülümsədi. Arzuolunmaz vəziyyətinə baxmayaraq, belə suallar verdiyimə təəccüblənirmiş kimi, qıraqdan mənə baxırdı.
Görəsən doğrudanmı bu cür kasıb, əzablara saxsınmış Maksı belə suallar düşündürə bilərdi? Təsəvvürünüzə gətirin ki, bu cür fikirlər vaxtaşırı onun beynini məşğul edir. Axı bu təbiidir, o, deyir. Digər tərəfdənsə, on frankla nə etmək olar axı? Bütün bunlardan sonra özünə çox nifrət edir. O, çox böyük məmnuniyyətlə…
- Əşşi, sizi başa düşürəm, Maks. Nəyi nəzərdə tutduğunuzu çox yaxşı başa düşürəm…
Maksı özümlə nəşriyyata apardım. Qapının ağzında gözlədi. Bir topa kitabla çıxdım. Maks bu kitab topasını əlimdən qapdı. İstəyirdi nəsə köməyi dəysin.
- Miller, mənə belə gəlir siz nə vaxtsa məşhurlaşacaqsınız, – o, dedi. – Axı bu cür kitab yazmaq heç də vacib deyil. Gərək baxtın olsun.
- Haqlısan, Maks, gərək bəxtin gətirsin, başqa heç nə.
Biz Rü-de-Rivolinin küçələrində gəzişirdik. Haradasa yaxınlıqdakı kitab mağazalarının birində kitabım satılırdı. Oyuncaq evə bənzəyən bu kiçicik mağazanın vitrinlərində nəfis tərtibatda kitablar satılırdı. Maksın vitrin şüşəsindən mənim kitabımı görməsini istəyirdim. Necə reaksiya verəcəyi maraqlıydı.
Budur mağazadayıq! Şüşə vitrinə əyildik. Kitabların adını üz qabığından oxumağa başladıq. Burda nələr yoxdur?! “Kama Sutra”, “Yubka altında”, “Həyatım və sevgim”, “Oraların dibində…”. Bəs mənim kitabım hardadır? Həmişə yuxarı rəfdə olardı, cismani cəzalardan bəhs edən məzəli kitablarla bir cərgədə.
Maks kitabın üstündəki illüstrasiyalara qapılmışdı. Vitrində mənim kitabımın olub-olmaması, belə görünür, heç vecinə də deyildi.
- Maks, bir dəqiqə gözlə, gəlirəm.
Cəld qapını açdım. Məni gözəl gənc fransız qız qarşıladı. Ümid dolu, sürəkli baxışlarla rəfləri bir-bir nəzərdən keçirirdim.
- Sizdə “Xərçəng tropiki” var?!
Satıcı qız başıyla mənim kitabıma işarə etdi. Bir az rahatlaşdım. Yaxşı satılıb-satılmamasını soruşdum. Görəsən heç özü oxuyubmu? Təəssüflər olsun, ingiliscə oxumurdu. Kitabım haqda daha nələrisə eşidəcəyim ümidiylə, getməyə tələsmirdim. Kitabın nəyə görə sellofana bükülməsiylə maraqlandım. Fransız qız izah etdi. Bu əsaslandırmalar mənə kifayət etmədi. Ona dedim ki, bu cür mağazada mənim kitablarım satılmalı deyil. “Bu fikirləşdiyiniz kitablardan deyil, anlayırsınızmı?” – ona dedim.
Fransız qız mənə qəribə-qəribə baxdı. Deyəsən, doğrudan bu kitabın müəllifi olub-olmamağıma şübhələndi. Onunla münasibət qurmaq çətin idi. Belə görünürdü, onun heç vecinə deyil mənim kitabım. Nəinki mənim kitabım, ümumiyyətlə burda satılan bütün kitablar. Bütün fransızlar eynidir… Amma getməliydim. Birdən üzümü qırxmadığım, şalvarımın ütülənməməsi, rənginin pencəyimlə uzlaşmaması yadıma düşdü. Qapı açıldı. Mağazaya rəngi qaçmış, görkəmindən gözəllik məftunu olduğu sezilən bir ingilis daxil oldu. Özünü təmiz itirmişdi. Qıraqda gəzişərkən, qapını açıb aradan çıxdım.
- Maks, mənim kitabımı satırlar burda. İsti piroqlar kimi satılır. Gələn-gedən alır. Satıcı dedi.
- Sizə demişdim axı, Miller, uğur sizinlədir!
Maks dediyi sözlərə tam əminiydi. Ümumiyyətlə, onu nəyəsə inandırmağa gərək yoxdur, bu isə xoşuma gəlmir. Hiss edirdim ki, öz kitabım haqda heç olmasa Maksla söhbət etməyə ehtiyacım var. Ona təklif etdim gedək barda kofe içək. Maks fikrə daldı. Çox təəssüf: istəyirdim ki, bu anda yalnız və yalnız mənim kitabım haqqında düşünsün. Başqa heç bir şeyi ağlına gətirməsin.
- Miller, bilirsiniz nə haqda düşünürəm? – o, gözlənilmədən soruşdu. – Məncə haqqımda nəsə yazmalısınız. Həyatım haqqında. – Yenə başladı öz iztirabları haqda danışmağa. Onu xəyallar dünyasından oyatdım.
- Maks, sənin haqqında kitab yaza bilərdim. Amma istəmirəm. Özüm haqda kitab yazmaq istəyirəm. Başa düşürsünüz?
Maks nə demək istədiyimi anlayırdı. O, bilirdi: yazılası o qədər şey var ki. Mənim müşahidəçi olduğumu deyirdi. Fikirləşməyə dəyər – həyatın müşahidəçisi. Düzdür, müşahidə edirəm, həyatı öyrənirəm. Şəhərdə veyllənirəm, künc-bucağa baxıram, vaxtımı boş yerə sərf edirəm, özümü də elə göstərirəm güyamış kefim kökdür. Amma həmişə həyatı, insanları öyrənirəm. Maks nəyin necə olduğunu anlamağa başlayır. Yazıçı olmaq asan məsələ deyil. Günün iyirmi dörd saatını işləmək lazımdır.
Maks düşünürdü. Xəyalında yazıçı həyatıyla öz həyatını müqayisə edirdi – hərəsi özünə görə pisdi. Yenə öz iztirabları haqda düşünürdü. Nəyə görə yata bilmir və.s Gecə-gündüz beynində işləyən mexanizm haqda düşünürdü.
Gözlənilmədən dedi:
- Yazıçının özünəməxsus qarabasmaları olmalıdır!
“Özünəməxsus Qarabasmalar”! Bu sözləri tez bloknotuma yazdım.
- Dediyimi yazdınız? – Maks təəccübləndi. – Niyə yazdınız? Belə yaxşı söz dedim?
- Yaxşıdan da yaxşı dedin, Maks. Qızıl fikirdir.
Maksın təbəssümündən mənasızlıq yağırdı. Zarafatlaşdığımı, yoxsa ciddi olduğumu anlamırdı.
- Hə, Maks, – mən dedim, – sənin obrazını canlandırmaq istənilən var-dövlətdən dəyərlidir.
Onun beynində qızğın müzakirələr gedirdi. Həmişə dünüşürdü ki, yazıçının birinci işi mümkün qədər çox fakt toplamaq olmalıdır.
- Yox, Maks! Elə deyil! Nə qədər az fakt olsa, bir o qədər yaxşıdır. Bəlkə də faktın ümumiyyətlə olmaması daha yaxşıdır. Başa düşürsünüz?
Maks məni anladısa da, sona kimi anlamadı. Hər bir sözümə inanmağa hazır idi. Beynində nələrsə acışırdı.
- Mən də belə düşünürdüm, – özü-özüynən danışırmış kimi sakitcə dedi. – Kitab ürəkdən gəlməlidir. Adamın qəlbinə toxunmalıdır…
Onun başının bu qədər tez işləməsi məni təəccübləndirirdi. Maks özü üçün çox vacib bir nəsnəni bir dəqiqədən də tez müddətdə aydınlaşdırdı. Axı elə dünən biz Borislə “canlı söz”ün nə demək olduğunu müəyyənləşdirmək üçün bir xeyli vaxtımızı öldürdük. Dodaqlar arasından nəfəs kimi qopan canlı söz, Allahla danışmağa bənzər. Maks bunu öz təfəkkürünə uyğun olaraq anlayır. Anlayır ki, faktların heç bir əhəmiyyəti yoxdur. Faktın arxasında insan durmalıdır. İnsan Allahla birlikdə olmalı, hər şeyə qadir Allah kimi danışmalıdır.
Bəlkə Maksa kitabımı göstərim? Qoy mənim yanımda oxusun. Maraqlıdır, görəsən kitabım haqda nə deyəcək? Bəs Borisin fikri nə olacaq? Bəlkə Maksla Borisi tanış edim? Maraqlıdır, görəsən Maks Borisdə hansı təəssüratları oyadacaq? Onları tanış etməyim, həyatın gətirdiyi rəngsizlikləri müxtəlif rənglərlə boyayardı. Borisin həyatında da həmçinin… Bəlkə üçümüz birlikdə nahar edək?
Borisin evinə yaxınlaşarkən, dostum olduğunu Maksa izah etdim. Dedim, o da mənim kimi yazıçıdır.
- Miller, bu o demək deyil ki, Boris sizə görə dəridən-qabıqdan çıxacaq. Amma onunla tanış olmağa dəyər.
Maks entuziazmla doludur. Niyə də olmasın? Axı Boris də Maks kimi yəhudidir, bu da işi rəvanlaşdıracaq. İdiş şivəsində necə danışacaqlarına qulaq kəsilmək maraqlı olardı. Borisin sinəsində Maksın necə hönkür-hönkür ağlamasını görmək istərdim. Hələ Borisin ağlamasını demirəm. Hələ ola bilsin, Boris qısa bir müddətə evinin yuxarısındakı anbarda ona sığınacaq verəcək. Birlikdə necə yaşayacaqları maraqlıdır. Maks Borisin kostyumlarını və köynəklərini ütüləyə bilər, müxtəlif tapşırıqlarını yerinə yetirər, yemək hazırlayar. Pul qazanmaq üçün insan daha hansı çətinliklərə sinə gərib qatlaşmaz ki? Ancaq çox optimist görünmək istəməzdim.
- Boris çox qəribə adamdır, – Maksa izah etdim.
Halbuki Maks bu fikrimdən karıxmadı. Belə də ki, uzun-uzun izahatlar vermək nəyə gərək? Qoy özləri istədikləri kimi münasibət qursunlar…
Borisin əynində təmtəraqlı smokinq vardı. Solğun, ifadəsiz üzü vardı – dərin transda olduğu təəssüratı yaradırdı. Ancaq “Maks” deməyim yetərdi ki, Borisin üzü gülsün. Maks haqqında ona danışmışdım.
Məncə, Maksı gətirdiyimə görə, Boris mənə minnətdar olmalıdır. Maksı canıyananlıqla, istiliklə qarşıladı. Otağa daxil olduq. Boris divana tullanıb, üstünə zərif, sırıqlı yorğan atdı. Budur, indi otaqda iki yəhudi baş-başadır – hər ikisi də iztirabın nə demək olduğunu yaxşı bilirlər. Eyhamla danışmaq nəyə gərəkdir? Əzabdan başlayın… cəsarətli olun! İztiraba mübtəla olmuş iki insan – gözəl mənzərədir, biri digərini tamamlayır. Divanda uzanmış Boris tanıdığım ən zərif əzabkeş apostoldur. Hər səhifəsində iztirab, bədbəxtlik, kədər, ümidsizlik, işgəncə, bəşəriyyətin məhvi təcəssüm olunan Müqəddəs İncilə bənzəyir. Maks, sanki dəmirçi gürzüylə ona endirilmiş qəmli-ələmli, kəllə sümüyü batıq daz başını aşağı sallayaraq stulun qırağında oturmuşdu. Bizim bu Maks öküz kimi güclüdür. Amma Borisdə olan güc onda yoxdu. Maks yalnız cismani əzab-əziyyətin nə demək olduğunu bilir: aclıq, taxtabitilər, söykənəksiz skamyalar, işsizlik, alçaldılma. Hələ Borisdən bir neçə frank istəmək niyyətinə də düşdü. Onun danışmağına imkan vermədiyimiz üçün, hirslənib stulun qırağında qurdalanırdı. Başına gələnləri əvvəldən axıradək danışmaq istəyirdi. Bunun üçün ona ancaq bəhanə lazımıydı. Boris isə özünün qəm yatağında sərbəst idi. İstəyirdi ki, Maks fikirlərini toplasın. Maksın dərdlərini bölüşmək üçün gəldiyini bilirdi.
Maks danışan müddətdə, mənzildə içki axtardım. Necə lazımdır əylənməliydim. Adətən Boris məndən soruşardı: “Nə içirsən, Miller?”, amma bu gün başı Maksa elə qarışmışdı ki, mənə içki təklif etmək heç ağlına da gəlmədi.
Maksın hekayələrini yüz dəfələrlə, özü də ayıq başla dinləmək istəmirdim. Qorxurdum, Maks öz “faktlar”ından o qədər danışacaq ki, Borisi yuxu basacaq. Çünki Boris uzun hekayələri çox da sevmir. Hadisələrin açıq təsvirini üstün tutur. Bəzən isə bir cümləylə kifayətlənir. Maks isə, əfsuslar olsun, dediklərini təkrarlayırdı. Yenə Venadakı təmiz mətbəxlər haqqında danışırdı. Vena haqda söhbətini bitirib, Bazelə keçəcəkdi, Bazeldən Parisə adlayacaqdı, sonra isə Paris həyatını təsvir edəcəkdi: aclıq, məhrumiyyət, ehtiyac – sonra isə hər şey əvvəldən başlayacaqdı. İstəyirdim ki, sözünün mustafasını desin, bütün giriş-çıxışların bağlı olduğu, nə bir dostun, nə də bir çıxış yolunun olmadığı, ətrafında heç kimin və heç nəyin yoxluğu anında əzablar burulğanının cənginə düşsün, ehtiyac göllərində üzsün, aclığın, kədərin gətirdiyi bit-birə basmış çarəsizliyin içində batsın. Yox, bu cürə sonsuz monoloqları dinləməyə Borisin səbri çatmayacaqdı. O, nəsə gözlənilməz, ağlasığmaz, həm də gözəllik saçan, həqiqətə uyğun fikirləri dinləməyi sevir. Bu gedişnən Maks Borisi yuxuya verəcək. Buna bir dəqiqə olsun belə, şübhə etmirdim…
Amma yanılmışammış. Boris Maksın bütün hekayəsini əvvəldən düz axıradək dinləməyə razıymış. Bəlkə bu gün əhval-ruhiyyəsi yaxşıdır deyə, dözümlüdür. Bəlkə öz daxili “mən”iylə dialoq aparır. Bəlkə də Maks danışarkən, özü haqda düşünür. Boris üçün bu, istirahətdir. Diqqətlə Borisə baxırdım. Görən qulaq asır? Belə baxanda, hə. Vaxtaşırı gülümsəyir. Maks isə öküz kimi tərləyərək, Borisdə təəssürat oyatmasına əmin deyildi.
Boris Maksın hekayəsinə elə qulaq asırdı, elə bil, Maks hər hansısa operadan hansısa qəhrəmanın ariyasını oxuyurdu. Yox, bu opera ariyasından da yaxşıdır. Axı opera ariyasında divanlar və sırıqlı yorğanlar yoxdur. Maks pencəyini çıxartdı. Üzündən tər axırdı. Danışdığı hekayəyə ürəyini qoymuşdu. Gah Maksa baxırdım, gah da Borisə. Evin qapısı bağa açılmışdı. Günəş şüaları Borisin başı üstündə qəribə bir halə yaratmışdı. Borislə danışmaq üçün, Maks bağa baxmağa məcbur idi. Günün istisi otağın sərinliyi ağuşuna alır, Maksın sözləri çox isti, yumşaq təsir bağışlayırdı. Borisdən elə rahatlıq gəlirdi ki, onunla uzanmaq istəyərdin. Divana uzandım. Məmnuniyyətlə qəlbimə yaxın olan bu qəmli-ələmli hekayələri dinləməyə başladım. Yanımda kitab rəfi vardı. Maks danışan müddətdə, kitabları bittə-bittə nəzərdən keçirirdim. Hər cür şəraiti olan evdə uzanıq vəziyyətdə, Maksın hekayəsinin nə dərəcədə effektiv olduğunu qiymətləndirə bilərəm. Onun dediklərindən əvvəl tutmadığım məqamları tuturdum. Səsi, rəfdəki kitabların adları, bağdan otağa daxil olan isti hava, stulun qırağında oturması, – bütün bunlar çox gözəl təəssürat oyadırdı.
Həmişəki kimi ev qarmaqarışıq idi. Kitablarla, əlyazmalarla, bloknotdan qoparılmış, karandaşla yazılmış vərəqlərlə, bir aya yaxındır cavabsız qalan məktublarla qalaqlanmış böyük masa. Elə təəssürat yaranır ki, evin sahibi olan yazıçı ölüb, otaq möhürlənib, əşyalarına toxunmaq qadağandır. Maraqlıdır, görəsən Maksa desəydim ki, divanda uzanmış Boris adlı adam ölüb, nə deyərdi? Boris elə görkəmindən ölülüyünü nümayiş etdirirdi. Yoxsa Maksı istədiyi kimi dinləyə bilməzdi. Sanki operaya baxır. Maks da ölməyə məhkumdur. Əgər sağ qalmaq istəyirsə, bədəninin bütün əzalarıyla, bütün hissəciklərilə ölməyə məhkumdur. Yuxarı rəfdə elə biləsən qəsdən üç kitab yan-yana durmuşdu: Müqəddəs Kitab, Borisin kitabı, “Nitsşenin Brandeslə yazışmaları”. Dünən axşam Boris mənə Lukanın İncilini oxuyurdu. Boris hesab edir ki, İncili tez-tez oxumaq lazımdır. Ardıyca da Nitsşenin son məktubunu: “Çarmıxa çəkilmiş”. Nitsşe on il bədəninin sərdabəsində rahat nəfəs alırdı, dünya isə ona mədhiyyə oxuyurdu…
@BODY+ = Maks dayanmadan danışırdı. Peşəsi ütüçü idi. Nəsil şəcərəsi Lemberqə gedib çıxırdı. Uşaqlığı böyük bir qalanın yaxınlığında keçmişdi. Onun kimi minlərlə kişi var: üçbucaq sifətli, alt dodağı tüklü, yorğanda iki yanıq deşik kimi bir cüt gözləri olan kişilər. Burunları uzun, burun pərləri geniş, həssas, melanxoliyaya meylli, çiyinlərinə əyilmiş başları, kədəri içlərində boğan, Lemberqdən olan minlərlə kədərli sifət. Elə biləsən, Boris başqa irqə aid idi: çox zərif və kövrək insandır. Yəhudi hərflərinin yazılma qaydasını Maksa göstərirdi. Lələyi kağız üzərində sürüşürdü. Maks üçün lələk elə süpürgənin tayı idi. Maks hərfləri yazmırdı, hərfləri süpürürdü. Boris isə əksəriyyətin yazdığı kimi, asta-asta, zərifcəsinə dəqiq yazırdı. Rahat və qaynar həyat yaşamaq üçün çətinliklərə sinə gərmək lazımdır. Məsələn, aclıq – onun üçün çox qaba, primitiv bir əngəl idi. Evin qarşısındakı bağ da Borisdə maraq oyatmırdı. Parça üzərində tikilmiş rəsmlər onu daha çox qane edərdi. Borisdən fərqli olaraq, Maks böyük maraqla bağa baxardı. Bağa stul qoysaydıq, bir həftə orda oturardı. Maks üçün bağdan və yeməkdən yaxşı heç nə yox idi…
Maks razılıq əlaməti olaraq başını yırğalayırdı. Maks – hadisədir, bunu bilirdi. Bəs niyə “ümidsizdir”? Bunu heç özüm də izah edə bilmirəm. Yox, hələ ki dünyada azacıq da olsa kiminsə dərdinə acıyacaq, dərdinə şərik olacaq dostluq qalıbdır. Ümidsiz insanlar olmur. Hadisənin ümidsiz olması isə doğrudur. Maks isə, Maks-adamdır… yox, buna inanmıram! Maks-adam üçün həmişə nəsə etmək olar. Axı bir boşqab şorba və ya təmiz köynək var… kostyum… vanna… təraş. Gəlin hadisələri öyrənməyək. Gəlin hal-hazırda vacib olan nədirsə, yubatmadan onu edək. Boris də belə düşünür. Amma öz baxış bucağı var. Elə danışır, elə bil Maks burda yoxdur:
- Əlbəttə ona pul vermək olar… amma bu ona kömək etməyəcək axı…
Bəs niyə kömək etməyəcək? – öz-özümə sual verirəm. Niyə ona pul verməyək? Niyə yemək, paltar, sığınacaq verməyək? Niyə də yox? Gəlin lap əvvəldən başlayaq.
- Əlbəttə, – Boris dedi, – əgər onunla Manilada qarşılaşsaydım, nələrsə edə bilərdim. İş tapardım…
Manila! Tanrı xətrinə, bu nə cəfəngiyyatdır! Heç Manilanın yeridir?! Axı bu suda boğulana qışqırmağa bənzəyir: “Təəssüflər olsun ki, sənə üzməyi öyrədə bilmirəm!”
Hamı dünyanı xilas etmək istəyir. Heç kim öz yaxınını xilas etmək istəmir. Sizi nəzərə almadan, sizi adam etmək istəyirlər. Cəfəngiyyatdır bütün bunlar. Boris də həlləhuş suallar verirdi: “Amerikada qohumlarınız varmı?” Bu taktika mənə tanışdır. Sosial Müdafiə İdarəsində çalışan dövlət qulluqçusunun birinci sualını xatırladır. Təvəllüdünüz, adınız, ünvanınız, sənətiniz, dininiz. Bunun ardıncaysa məsum sual gəlir: “Hal-hazırda salamat qalan qohumlarınızdan kimlər var?” Güya siz belə vəziyyətə düşməmisiniz?! Güya təklikdə öz-özünüzə deməmisinizmi ki: “Ölsəm yaxşı olardı! Belə yaşamaqdansa, ölmək yaxşıdır”?! Onlar isə nəvazişlə gülümsəyərək, adınızın mənasını soruşurlar, oğrun-oğrun ünvanınızı öyrənirlər, sonra yaşadığınız yerə gedərək qapının zəngini basıb ağzına gələni deyirlər. Siz isə evdə oturub soyuqdan tit-tir əsərək, alçaldılmağınızı eşidirsiniz, bədəninizə istilik gəlir, sizi tər basır.
Maks suallara cavab verirdi. Hə, onun Nyu-Yorkda bacısı vardı. İndi bacısının harda olduğunu bilmir. Bir onu bilir ki, bacısı Koni-Aylendə gəlib, vəssalam. Amerikadan getməyə ehtiyacı yox idi: orda yaxşı pul qazanırdı. Ütüçü idi. Həmkarlar İtifaqının üzvüydü. Ancaq böhran olduqdan sonra, Yunion-Skver parkında işsiz oturarkən, birdən yadına düşdü ki, o – heç kimdir. Təsəvvür edin, atlı polislər sizə yaxınlaşırlar və sizi səkidən qovurlar. Səbəb? Bəlkə işsiz olduğunuz üçün? Axı bu onların günahıdır… Bəlkə Maks hökümətə qarşı çıxıb? Bütün bunlar onu özündən çıxartdı, hirsləndi. Onların nə haqqı var ki əl qaldırsınlar? Nə haqları var insanlarla qurd kimi davransınlar?
- Elə bilirdim bir iş taparam, – o, davam edirdi. – Nəsə başqa işlə məşğul olmaq istəyirdim. Ancaq istəyirdim fiziki iş olsun. Fikirləşirdim fransız dilini öyrənib intеrрretе olacam.
Boris oğrun-oğrun mənə baxırdı. Maksın sözləri ona təsir etmişdi. Yəhudi arzusu – fəhləlik etməmək. Koni-Aylendə köçmək daha bir yəhudi arzusudur. Bronksdan – Koni- Aylendə! Bir dəhşətdən digərinə keçid! Borisin özü bütün dünyanı gəzib, amma yenə də Bronksdan Koni-Aylendə. Vоn Lemberg nасh Аmеrikа gehеn! Aha, irəli! Var qüvvəylə irəli! İrəli! İrəli! Heç yerdə rahat olmayacaqsan. Ağır əmək və yoxsulluq əbədidir. Sən lənətlənmisən, həmişə də lənətlənmiş olacaqsan. Ümid yoxdur! Bəs niyə onu qoynuna almırsan? Niyə? Elə bilirsən buna qarşı çıxacam? Utanırsan? Nədən utanırsan? Biz bilirik sənin lənətlənmiş olduğunu, amma heç bir kömək edə bilmərik. Biz səni çox istəyirik – hərə öz ürəyinə görə. Əbədi cuhud! Sən öz qardaşınla üz-üzə durmusan, amma səni qucaqlamağına imkan vermirsən. Bax, səni buna görə bağışlamıram. Bir Maksa bax! Axı o, sənin əkiz qardaşındır! Bütün dünyanı gəzdin, indiysə özün-özünlə üzbəüz durmusan. Bu insandan necə qaça bilərsən axı?! Bir zamanlar sən özün də onun düşdüyü vəziyyətdəydin, əsirdin, alçaldılırdın, kürsəkdə boğulan it kimi zingildəyirdin. Ancaq indi əynində smokinq var. Cibin də pulnan doludur. Axı sən əvvəlki adamsan! Heç dəyişməmisən. Yalnız ciblərin doludur. Suala bir bax: “Amerikada qohumlarınız varmı?” Bəs sənin Amerikada qohumların varmı? Sənin anan indi haralardadır? Adam olmaq üçün tərk etdiyin həmənki üfunətli gettoda? Hə, özündən razı ola bilərsən. Buna nail olmusan. Elə bununla da özünü öldürdün. Bəs nail olmasaydın onda necə? Nolacaqdı onda? Əgər Maksın geyindiyi parusin tuflilər sənin ayağında olsaydı, necə olardı? Bəlkə ananın yanına göndərərdilər səni? Bəs Maks nə deyir? Əgər o, bacısını tapsaydı, onun boynuna atılıb, son nəfəsinə kimi onun köləsi, iti olardı… Heç olmasa, bir tikə çörək, evinin bir küncündə sığınacaq versəydin, sənin də qulun olardı. Ona iş tapa bilmərsən? Anlayıram. Ağlına bir fikir gəlmir? Əgər lazımdırsa, Manilaya get. Ordakı əlaqələrindən yararlanıb ona iş tap. Ancaq üç il əvvələ qayıdıb Maksdan səni Manilada axtarmasını xahiş etmə. Maks indi burdadır. Qarşında oturub. Bəlkə görmürsən onu?
Maksa tərəf çevrildim.
- Maks, tutaq ki, seçim imkanınız vardı… Tutaq ki, harasa bir yerə gedib yeni həyata başlaya bilərdiniz… Hara gedərdiniz?
Maksa bu cür sualla müraciət etməyin amansızlıq olduğunu bilirəm, ancaq ümumbəşəri kədəri üzərimdə daşımağa taqətim qalmayıb.
- Maks, qulaq asın, – öz dediyimdə durmuşdum, – istəyirəm bütün dünya sizinmiş kimi yaşayasınız. Barmağınızı xəritəyə qoyub, yaşamaq istədiyiniz yeri göstərin. Bunun nə mənası var? – deyə sual verin.
Əgər istək varsa, yer kürəsinin istənilən nöqtəsində olmaq olar. Sadəcə istəyin olması yetər ki, millionerin nail ola bilməyəcəyinə nail olasınız. Qatar sizi gözləyəcək, ölkə sizi gözləyəcək, iş sizi gözləyəcək. Sizi hər kəs gözləyəcək – sadəcə, inam lazımdır. Mənim bir sentim də yoxdur. Amma hara istəyirsiniz, ora getməyinizə yardımçı ola bilərəm. Bunun üçün əlimi uzadıb dilənməyə də hazıram. Niyə də yox? Axı başqası üçün dilənmək daha asandır, nəinki özün üçün. Hara getmək istərdiniz? Qüds? Braziliya? Siz sadəcə deyin mən gedib nəzir dilənəcəm!
Maks həyəcanlanmışdı. Axı hara getmək istədiyini yaxşı bilir. Oraya necə getməsini xəyalında canlandırır. Ancaq bir yerdə ilişib qalıb – pul. Bu problemi də həll edərik. Argentinaya getməyin xərci nə qədərdir? Min frank? Bunu vermək mümkündür. Maks tərəddüd edirdi. Yaşından utanırdı. Hər şeyi yenidən başlamağa gücü çatacaqmı? Axı qırx üç yaşı var. Yaşını elə deyir ki, elə bil qoca kaftardır. (Axı Tiçian ilk dəfə öz sənətinin gücünə doxsan yeddi yaşında inandı!). Başına dəmirçi gürzü dəyən yerdə əmələ gəlmiş kəllə batığına baxmayaraq, hələ möhkəm idi. Düzdür, dazbaşdır, əzələlidir, canlı baxışı var, amma dişləri… Ağzını açıb çürük dişlərini nümayiş etdirirdi. İki gün əvvəl diş həkiminə getmişdi. Damağı şişmişdi. Bilirsiniz həkim ona nə dedi? Hamısı əsəbdəndir! Həkimin bu sözləri onu ölümünə qorxutdu. Diş həkimi necə bilə bilərdi ki, Maksın əsəbləri yerində deyil?!
Onun cəsarəti tədricən artırdı. Çox da ki mırıqdişdir, dazbaşdır, əsəbidir, çəpgözdür, axsaqdır. Nə fərqi var? Əsas məsələ hara getməkdir. Təki Qüds olmasın! İngilislər daha ora yəhudiləri buraxmırlar. Onsuz da orda yəhudilər çoxdur. Qüds yəhudilər üçün! Ancaq bu o zamanlar idi ki, ingilislərə yəhudilər lazımıydı. İndiysə Qüdsə getmək üçün ciddi əsasların olmalıdır. Milli mənsubiyyətdən də ciddi əsaslar. Bəs alçaldılma? Əgər yəhudi olsaydım, özüm-öz boynuma ip keçirib bortdan atılardım. Maks mənim üçün mələk kimidir. Maks yəhudidir! Əgər onun boynuna lap elə daş bağlayıb desələr ki: “Ey yəhudi, çök dibə!”, ondan qurtulmaq mümkün deyil.
Əzablı düşüncələrə dalmışdım. Maks kimi təpiklənmiş itə bənzəsəydim… Nolacaqdı? Hə, nolacaqdı? Sadəcə təsəvvürümə gətirməliyəm ki, kişiyəm, yemək yeməliyəm, ümidsizəm, həddimi aşmışam.
- Qulaq as, Boris, bir çarə qılmaq lazımdır, eşidirsən?
Boris çiyinlərini salladı. Bu qədər pulu hardan alım? Niyə bu sualı mənə verdiyini anlamıram. Məndən soruşur bu qədər pulu hardan alım. Necə yəni nə qədər? Min frank… iki min frank… buna pul demək olar? Bəs bir neçə həftə əvvəl bura, evinə gətirdiyin amerikalı qadın Ceynə etdiklərin necə olsun? Axı o qadın sənə bir damla da sevgi bəxş etmədi. Heç ümid də vermədi. Hər gün səni əsəbiləşdirirdi istədiyi kimi. Sən isə onun başına pul səpələyirdin. Pulun başından aşırdı. Bu balaca tamahkar amerikalı qancığı əyləndirirdin. Məni hiddətləndirən belə şeylərdir. Sadə bir fahişə olsaydı, bundan yaxşıydı. Ancaq Ceyn fahişədən də pisdir. Pulunu əlindən almağı bəs deyil, hələ bir əsəbiləşdirirdi də. Sənə “oğraş” deyirdi. Sənsə pulu sağa-sola sovururdun. Sabah eyni zibil təkrarlana bilər. İstənilən birisi səndən pul çəkə bilər – yetər ki, sənin şöhrətpərəstlik damarını tutsun, sənə yaltaqlansın! Çoxdan öldüyünü deyirsən, deyirsən bu, həyat deyil, başdan-ayağa dəfn mərasimidir. Amma ölmədiyini bilirsən. Qarşında Maks kimi insan dura-dura, mənəvi ölüm nəmənədir? Öl, öl, öl, min kərə öl, amma həyatda olan bir insanın haqqını ver. Problem yaratma. Maks – bədən və qandır, Boris, bədən və qan. O, qışqırır, sənsə güya eşitmirsənmiş kimi görkəm alırsan. Özünü karlığa, lallığa, korluğa vurursan. Canlı bədənin qarşısında ölüsən. Bu o deməkdir ki, öz bədənin qarşısında ölüsən. Əgər Maksın simasında öz həqiqi qardaşını tanımasan, nə mənəvi, nə də cismani sahədə heç nəyə müvəffəq olmayacaqsan. Sənin kitabların rəfdədir… hə, bu kitabların heç bir dəyəri yoxdur! Cəhənnəm olsun sənin əzabkeş Nitsşen, rəngi qaçmış, şirin-şəkər İsaşkan, qanı tökülən Dostoyevskin! Kitablar, kitablar, kitablar. Yandır bu kitabları! Sənə lazım deyil. Sənin kimi dəbdə olan ayaqqabılar geyinməkdənsə, ümidsizcəsinə çiyinlərini sallamaqdansa, ümumiyyətlə heç bir sətir oxumamaq daha yaxşıdır. Əgər insanın cismani varlığının sizin nəzərinizdə zərrə qədər dəyəri yoxdursa, onda İsa Peyğəmbərin dedikləri, Nitsşenin dedikləri hamısı yalandır. Burnunun ucundakı insanın diri-diri çürüməsini görmürsənsə, oxumaqdan həzz aldığın bütün bu kitablar yalandır, iyrəncdir. Hə, get oxu, get oxu öz kitablarını, nə qədər istəyirsən dəfn et özünü! Get orta əsrlərə, öz Kabbalana, kazuistikana səyahət elə. Sən lazım deyilsən bizə. Bizə bir qurtum həyat lazımdır! Bizə ümid lazımdır, cəsarət lazımdır, illüziya lazımdır. Bizə bir çimdik insan şəfqəti lazımdır.
Maksı evimizə apardım. Vanna otağından suyun şırıltısı eşidilirdi. Maksın əynində çirkli alt paltarları vardı. Tikmə döşlüklü köynəyini kreslonun başından asmışdı. Yarıçılpaq vəziyyətdə, iməkləyə-iməkləyə yeriməyə çalışan tənha ağaca bənzəyirdi. Kreslonun başına atılmış zəhmətkeş köynək. İşləməkdən beli əyilmiş zəhmətkeş bədən. Lemberqdən Amerikaya, Bronksdan Koni-Aylendə səyahət edən bədən. Başqaları da eyniylə onun kimidir: sındırılmışlar, əzilmişlər, şikəst edilmişlər. Sanki hamısını şişə çəkiblər. Mübarizə aparmaq da mənasızdır. İstəyirsən apar, istəyirsən aparma, gec-tez səni diri-diri yeyəcəklər. Bütün bu Maksları hər bazar günü Koni-Aylenddə görürəm. Çimərliyin qarşısı onların eybəcər hala düşmüş bədənləriylə döşənib. Öz bədənlərində çimirlər. İsti, narın qumun üzərində, bir-birinə balıqlar, yosunlar kimi sarmaşaraq uzanırlar. Dənizin sahilində özləri üçün evdəki kimi xidmətlərində olan koma, qurma vanna, ayaqyolu və mətbəx düzəldiblər. Səhər saat altıda zəngli saat çalır. Saat yeddidə isə, fərasətli atı belə yıxmağa qadir üfunətli qoxularıyla metro vaqonlarına doluşurlar.
Maks vanna qəbul edən zaman, onun üçün təmiz paltarlar yığdım. Hədiyyə edəcəyim kostyumu çıxartdım. Bu kostyum mənim üçün dəyərli idi. Bu kostyuma görə Maks mənə sonsuz minnətdarlıq bildirəcəkdi. Hər şeyi yaxşıca götür-qoy etmək üçün uzandım. Növbəti addımım nə olacaq? Sen-Pol yaxınlığındakı yəhudi məhəlləsində nahar etməyə hazırlaşırdıq. Boris, Maks və mən. Ancaq Boris fikrini dəyişdi. Hardansa yadına düşdü ki, başqa adamla görüşüb nahar edəsidir. Nahar üçün ondan xırda-xuruş pul istədim. Ayrılarkən Maksın cibinə bir az pul basdı.
- Götür, Maks, – Boris cins şalvarının cibindən pul çıxardaraq dedi.
Belə deyəndə ağzımı büzdüm. Həm də Maksın bolluca təşəkkür etməsi məni qıcıqlandırdı. Borisi yaxşı tanıyıram axı. Bilirəm ki, bu, onun ən pis xüsusiyyətidir. Ancaq üzünə vurmuram. Onu bağışlamaq özümü bağışlamaqdan daha asandır. Sadəcə, istəmirdim Boris xəsis və daşürəkli görünsün. O, qazandığı pulla qohumlarını saxlayır, borca pul verir, heç kimi də aldatmır. Əgər hansısa sahibkarı müflis edirsə də, bunu azad rəqabət qanunlarıyla edir. Bu cəhətdən, amerikalı milyarderlər Morqan və Rokfellərdən fərqlənmir. Necə deyərlər, təmiz oyun oynayır. Amma həyatı oyun saymır. Kiminsə və ya nəyinsə üzərində növbəti qələbəsini qazananda, əslində məğlubiyyətə uğramış durumda olduğunu sanan adamlardandır. Budur, o, daha bir qələbəsini qazandı. Bu dəfə Maksın üzərində. Ona qəpik-quruş verdi, amma əvəzində bir xeyli sağ ol aldı. İndiysə, yəqin özü-özüylə təklikdə qalıb, lənətləyir özünü. Günahını yumaq üçün bu gün Maksa verdiyindən iyirmi dəfə çox pul xərcləyəcəyinə əminəm.
Maks vanna otağından məni çağırdı. Darağımdan istifadə etməyə icazə istədi. Əlbəttə, icazə verirəm, bu nə sözdür! (Sabah yenisini alaram!) Vannaya baxdım: su şırıltıyla borudan axırdı. Vannanın dibindəki çirkləri görəndə, başqa bir aləmə düşdüm sanki. Maks ləkələri təmizləmək üçün əyildi. Bədənini yudu. Özünü yaxşı hiss edirdi. Amma bədənini çirkdən təmizləyərkən, bir xeyli əziyyət çəkdi. Bu hiss mənə tanışdır. Venadakı ictimai hamamları xatırladım. Orda üfunətdən adam ağlını itirərdi…
Maks verdiyim təmiz alt paltarlarını əyninə geyindi. Adət etmədiyim bir təbəssümlə gülümsədi. Əynində yalnız tuman-köynək, durub mənim kitabımı vərəqləyirdi. Boris haqda hekayəmi oxuyurdu. Borisi bit-birə basmışdı, mənsə onun qoltuq altını qırxırdım. Bu haqda oxuyurdu. Bizim ağ bayraq qaldırmağımız, sonra hamımızın ölməyi haqda yazdıqlarımı oxuyurdu. Bütün bunları əzab-əziyyətlə yazmışdım. Amma axırı yaxşı qurtardı. İstəyirsiniz bunu uğur adlandırın. Əgər sizə belə rahatdırsa. Bu barəmdə mənim fikrim fərqlidir. Mənim fikrim isə indiki anda nəsə bir anlam kəsb edir. Heç də uğura inanmadığımı demək istəmirəm. Sadəlövh doğulduğumu demək istəyirəm. Dəqiq ifadə etdiyim fikir belədir. Uşaqlığımı xatırlayarkən, o vaxtdan bu vaxta heç dəyişmədiyimi anlayıram. Beş-altı yaşlarımda necə təmiz, sadəlövh idimsə, elə də qalmışam. Dünya haqda ilk təəssüratımı xatırladım: dünya yaxşıdır, amma dəhşətlidir. İndi də fikrim dəyişməyib. Yaxşıdır, amma dəhşətlidir. Məni qorxutmaq asan idi. Amma içim təmiz idi. Bu gün də məni qorxutmaq asandır, amma qəzəbləndirmək asan deyil. Həmişə də belə olacaq. Bu mənim qanımdadır.
Maksın xahişi ilə məktub yazmağa başladım. Nyu-Yorkdakı bir yəhudi qadına məktub yazırdım. Ondan xahiş edirdim ki, Maksın bacısını Koni-Aylenddə tapmağa yardım etsinlər. Bacısının yaşadığı sonuncu ünvan beləydi: Yüz əlli altıncı küçə, Brodvey yaxınlığı.
- Maks, bəs bacının adı nədir?
Bacısının iki adı vardı. Bəzən özünü xanım Fişer, bəzən də xanım Qoldberq kimi təqdim edirdi.
- Bəs evin harda yerləşməsini xatırlamırsan? Məhəllənin qırağındaydı, yoxsa ortasında?
Yox, xatırlamır. Bu dəfə yalan danışır. Eybi yox. Qoy olsun. Bəlkə heç onun bacısı da yoxdur. Nolsun? Onun həyat hekayəsi qəribəliklərlə doludur. Amma bunun mənə dəxli yoxdur.
İndi etdiyi hərəkətlər isə daha şübhəlidir. Köhnə bir şəkil çıxardır. Şəkildə ana və yeddi-səkkiz yaşlı oğlu əks olunub. Şəkilə baxdım, gözlərimə inanmadım. Anası çox gözəl qadındır. Maks anasının yanında durub. Bir az qorxurmuş kimi görkəmi var, gözləri geniş açılıb, ortadan ayrılmış saçları səliqəylə daranıb, pencəyinin bütün düymələri düymələnib. Anasıyla birlikdə hardasa Lemberqin ətrafındakı yerlərdən birində durublar, hardasa böyük qalanın yanında. Anasının üzündə bütün yəhudi xalqının faciələri əks olunmuşdu. Bir neçə il keçəcək, Maksın da üzündə iztirab ifadələri yaranacaqdı. Eyniylə anasındakı kimi. Həmişə belə olur. Uşağın canlı, məsum siması, iri tünd gözləri olur. Bir neçə il belə davam edir. Adətən yeniyetməlik dövründə, üzünün ifadəsi dəyişir. Uşaqlar böyüdükdən sonra boyunlarına keçirdikləri qayışı dartmağa başlayırlar. Saçları tökülür, dişləri çürüyür, onurğa sütunu əyilir. Qabarlar, irinlər, şişlər. Əlləri vaxtaşırı tərləyir, dodaqları əsir. Başları boşqabın içinə düşəcəkmiş kimi əyilir, yeməyi dişləriylə çeynəməmiş marçıltıyla udurlar. Bəs axı onlar bir zamanlar elə təmiz, elə məsum idilər ki, hər səhər qayğıya bələnirdilər…
Maksın şəklini, əyani olsun deyə, məktuba əlavə etdik.. Maksdan idiş dilində nəsə yazmasını xahiş etdim, amma dedim ilan-qurbağa xəttiylə yazmasın. Yazdıqlarını ucadan söyləyirdi, mənimsə onun heç bir sözünə inanmağım gəlmirdi. Onun kostyumunu və çirkli alt paltarlarını bir yerə yığdıq. Qəzetə bükülmüş, amma iplə bağlanmamış bağlama Maksın xoşuna gəlmədi. Maks istəmirdi ki, kimsə onun bu cür bağlamayla mehmanxanaya qayıtmasını görsün. Mötəbər görünmək istəyirdi. Bütün bu vaxt ərzində mənə təşəkkür etməkdən doymurdu. Bu sonsuz təşəkkürlər məndə elə təəssürat oyadırdı elə bil verdiyimdən nəyisə artıq vermişdim ona. Birdən kiminsə mənə bir şlyapa verməsi yadıma düşdü. Maksın şlyapasından yaxşıdır. Həmən şlyapanı götürüb başıma qoydum. Qoy şlyapanı necə qoymaq lazım olduğunu öyrənsin.
- Şlyapanın qabağını gözlərinə tərəf, aşağı əyməlisən. Anladın? Təpəsinin ortası yumşaq əzilməlidir, bax mən elədiyim kimi!
Maks şlyapanın mənə yaraşdığını dedi. Güzgüyə baxdım: elə də pis deyil! Onunla ayrılmaq mənim üçün ağırdı. Maks verdiyim şlyapanı başına qoydu, götürüb-götürməməkdə tərəddüd etməsini üzündən oxudum. Nə edək, məcbur edə bilmərəm. Vanna otağına getdik. Şlyapanı köndələninə başına qoydum. Bu azmış kimi papağın ortasını ovcumla əzdim. Bu şlyapada Maksın özünü gicbəsər kimi və ya azarkeş oyunçu kimi hiss etməsini bilirdim. Sonra bir başqa şlyapanı başına qoydum. Öz şlyapasını. Yanları qatlanmışdı. Bu şlyapada nə qədər axmaq görünsə də, öz şlyapasını bəyənməsi o dəqiqə hiss olunurdu. Başladım tərifləməyə. Dedim, bu şlyapa ona daha çox yaraşır. Bayaq verdiyim şlyapanı qoymaq fikrindən daşındırdım. Maks güzgünün qarşısında özünə baxarkən, bağlamanı açdım, bir köynək və iki burun dəsmalı çıxarıb, paltar şkafına qaytardım. Sonra onu mağazaya apardım və satıcıdan paltarları necə lazımdır bükməyi xahiş etdim. Maks satıcıya heç təşəkkür də etmədi. Amma satıcı mənə təşəkkür edə bilər, çünki hər gün ondan ərzaq malları alırdım.
Plyas-Sen-Mişeldən çıxıb onun Ryu-de-lya-Arpda qaldığı mehmanxanaya tərəf getdik. Hava hələ tam qaralmamışdı. Evlərin divarları yumşaq süd ağlığıyla işıqlanırdı. Sakitləşmişdim. Bu anda Paris mənə musiqi kimi təsir edir. Bircə anlıq dayanmaq yetər ki, gözlərinin qarşısında əcaib-qəraib arxitektura nümunələri dayansın. Evlər bəstələnmiş musiqilərə bənzəyirlər: bax bu menuetdir, bu valsdır, bu mazurkadır, bu da noktyurn. Biz köhnə şəhərin köhnə məhəllələrinə daxil olduq, Sen-Severnaya yaxınlaşdıq, dolaşıq küçələrin dalanlarında gəzdik. Bir zamanlar buralarda Dante və Leonardo gəzərdi. Maksa necə bir qəribəliklərlə çulğalanmış rayonda böyüdüyünü izah etməyə çalışırdım. İnanılmaz assosiasiyalar doğurur bu rayon. Maksa onun sələfləri Dante və Leinardo haqqında danışırdım.
- Bəs bütün bunlar nə zaman olub? – o, məndən soruşdu.
- Çoxdan olub, Maks, çoxdan, on dördüncü əsrdə.
- Elə iş də burasındadır ki, – Maks dedi, – siz dediyiniz dövrdən əvvəl hər şey pis idi, elə sonra da düzəlmədi. Yalnız on dördüncü əsrdə yaxşı olub. – Buranı xoşladığıma görə, hətta mənnən yerini dəyişməyə belə, hazır idi.
Pilləkənlərlə onun damın altındakı otağına qalxırdıq. Dördüncü mərtəbəyə kimi pilləkənlərə xalça sərilmişdi, mumla silinmiş pilləkənlər ayağımı sürüşdürürdü. Hər mərtəbədə lövhələr vardı. Lövhədə kirayənişinlərə evdə yemək bişirmək və təmizlik işləri aparmağın qadağan olması barədə xəbərdarlıq, hər mərtəbədə isə ayaqyoluna keçidi göstərən işarə vardı. Pəncərədən qonşu mehmanxana görünürdü. Divarları elə yaxın idi ki, əlini uzadıb qarşıdakı kirayənişinlə salamlaşmaq mümkün idi.
Maksın otağı elə də böyük deyil, amma təmizdir. Su kəməri, küncdə paltar şkafı var. Paltarı asmaq üçün divara bir neçə qarmaq vurulmuşdu. Çarpayının yanında gecə lampası var. Bu otaq üçün həftəyə otuz yeddi frank pul ödəyir. Pis deyil. Amma iyirmi yeddi dollara da otaq kirayələmək olardı. Eybi yoxdur, qoy su kəməri olmasın. Maks otağın darısqallığından şikayətləndiyi zaman pəncərəyə yaxınlaşdım. Qarşı pəncərədən bir xanım boylanırdı. Əks tərəfdəki evin divarlarına baxırdı. Nədənsə narahatçılıq keçirdiyi sezilirdi. Eyvanında gül dibçəkləri vardı. Pəncərənin yanından isə əski asılmışdı. Ona baxdığımı duymurdu. Evi, hal-hazırda Maksla olduğumuz otaqdan elə də fərqlənmirdi. Hava qaralanda, o qadın küçəyə çıxır. Yəqin o da heç sələflərinin kim olduğunu bilmir. Amma keçmiş onun qanındadır. Bu keçmişi zülmət həqiqətlə əlaqələndirmək asandır. Havanın qaralmasıyla qanım sürətlə damarlarımda gəzişir, indi qaldığım otağa münasibətdə müqəddəs hissim yaranırdı. Hələ bəlkə ola bilsin, mən gedəndən sonra, Maks əlyazmamı balışının üzərinə qoyacaq, ağır-ağır baxışlarla bu kitabı nəzərdən keçirəcək. Birinci səhifədə yazmışdım: “Dostum Maksa. İztirabın nə olduğunu Parisdə bilən yeganə şəxsə”. Bu sözləri yazarkən, elə təəsürat yaranırdı ki, sanki mənim kitabım uzun səyahətə başlayır. Kitabın səhifələrini vərəqləyəcək tanımadığım adamlar haqda daha çox düşünürdüm. Öz kitabımı Senanın sahillərində görürdüm: üstündə barmaq izləri olan qoparılmış səhifələr, orasında-burasında xəttlər cızılmış sözlər, üstündə hansısa rəsmlər, kofe ləkələri. Hansısa kişinin kitabı paltosunun cibinə soxması, dənizdə səyahət, naməlum torpaq, ekvatordan məktub. Əlyazmalarımın şüşə vitrində, hərracda satılmasını görürdüm. Hərracda çəkicin taqqıltısını eşidirdim. Əsrlər keçir, dünyanın siması dəyişir. Budur, yenə iki nəfər darısqal bir otaqdadır. Qarşı pəncərədən bir xanım boylanır. Əks tərəfdəki evin divarlarına baxır. Nədənsə narahatçılıq keçirdiyi sezilir. Eyvanında gül dibçəkləri var. Pəncərənin yanından isə əski asılıb. Bu günki kimi, otaqdakılardan kimsə ölümünə yorulub. Bu otaq onun üçün məhbəsdir. Gecə isə ona nə təskinlik verəcək, nə də bir ümid. Yorulub əldən düşmüş, pərvəraq olmuş adam əllərində dostunun verdiyi kitabı tutub. Amma bu kitab ona güc verməyəcək. Öz yatağında həzin-həzin kədərdən yırğalanacaq, yuxusuz gecələr taun epidemiyası kimi onu ağuşuna alacaq. Günəş şəfəqlərini görmək üçün ən əvvəl ölməli olacaq… Bu otaqda heç cürə kömək edə bilməyəcəyim bir adamın yanında durarkən, həyat haqqında, qadınlar və kişilər haqqında bilgilərim məni köməyə çağırır. Susaraq çağırır, sərt tərzdə çağırır. Bu adamın iztirablarını ancaq ölüm yüngülləşdirə bilər. Borisin sözü olmasın, bu, ümidsiz bir vəziyyətdir. Ümidsiz.
Biz yenidən dəhlizə çıxarkən, işıq sönür və mənə elə gəlir ki, Maks əbədi zülmətə qərq olacaq.
Düzdür, hava elə də qaralmamışdı, küçələr yaxşı işıqlandırılmışdı. Ryu-de-lya-Arp alov saçırdı. Künc tərəfdə yağışdan qorunmaq üçün çadır qurmuşdular. Küçənin ortasında nərdivan durmuşdu. Nərdivana dırmaşmış, əynində kisəyəbənzər şalvar olan usta köməkçisindən qayka açarı və ya başqa bir alət alırdı. Mehmanxanın qarşısında balaca yunan restoranı vardı. Bütün küçə teatr dekorasiyasına bənzəyirdi. Bura kasıblarla, xəstələrlə doluydu. Ayaqlarımızın altında isə insan sümükləri tərəfindən unudulmuş katakombalar vardı. Biz küncə burulduq. Maks ucuz restoran axtarırdı. Beş frank yarım pula рriх fiхе yemək istəyirdi. Mən üzümü turşutdum. Bundan sonra Maks De Luxe restoranına işarə etdi. Burdakı nahar bizə on səkkiz frankdan az başa gəlməyəcəkdi. Təmiz başını itirmişdi.
Yunan restoranına qayıtdıq. Menyuya baxdıq. Maks burda bahaçılığın olmasından qorxurdu. Restorana baxarkən içəridə ancaq fahişələrin və fəhlələrin olduğunu gördüm. Şlyapalı kişilər alatoranlıqda oturmuşdular. Adətən belə yerlərdə yaxşı yemək verirlər. Elə bu anda bir fahişə dişlərini qurdalaya-qurdalaya küçəyə çıxdı. Girişdə baştutanı gözləyirdi. Onlar birlikdə Sen-Severnaya tərəf getdilər. Yəqin kilsənin qarşısındakı rəqs meydançasına düşmək istəyirdilər. Bildiyim qədəriylə ora vaxtaşırı Dante də gedərdi. İçkidən vurmağa. Bu restoran sanki orta əsrləri xatırladırdı. Bir ayağım keçmişdə, o biri ayığım isə indiki zamandaydı. Maks isə menyuya baxırdı. Saçları işığın parıltısını yansıdırdı. On dördüncü əsrdə yaşasaydı, ya bənna olardı, ya da dülgər. Xəyalımda onun meşədə ağac baltalamasını canlandırırdım.
Restoranda hər şey və hamı yunan idi: ofisiantlar – yunan, yemək – yunan mətbəxindən, ünsiyyətdə olduqları dil – yunan dili. Mən qaynar suda pörtlədilmiş üzüm yarpağında badımcan sifariş verdim. Yunan mətbəxinin şah yeməyidir. Maks isə nə olsa yeyirdi. Ən çox ondan qorxurdu ki, birdən xərcim çox çıxar. Mənimsə bir arzum vardı: necə olursa olsun, bu şam yeməyindən sonra Maksdan canımı qurtarım və tək-tənha küçələrdə sərgərdan dolaşım. “İşim var” bəhanəsiylə aradan çıxmaq istəyirdim, belə sözlər həmişə ona təsir edirdi.
Ancaq elə bu məqamda, düz yemək vaxtı Maks “işə düşdü”. Səbəbini bilmədim. Bir də görürsən dil-boğaza qoymayıb, danışır, danışır, üyüdüb tökür. Görün nə danışırdı. Günlərin bir günü bir fransız xanımın evində qonaq olarkən, heç bir səbəb olmadan hönkürtüylə ağlamağa başladı. Özü də necə! Dayana bilmirdi. Başını masanın üzərinə qoyub, bir yaşı tamam olmuş, ürəyi sıxılan uşaq kimi inildədi. Fransız qadın qorxusundan həkim çağırmağa məcbur oldu. Bu isə Maksı utandırdı. Hə, nəyə görə hönkürtüylə ağlaması yadına düşdü. Ürəyi dəhşət yemək istəyirdi. Nahar vaxtı idi. Birdən hansısa məqamda özünü saxlaya bilməyib ayağa qalxdı və qadından bir neçə frank istədi. Qəribəsi budur ki, fransız xanım heç tərəddüd etmədən ona pul verdi! Maks isə pulu alarkən alçaldılmasını hiss etdi. Bir fikirləşin: sağlam, cıvrax bir kişi kasıb fransız qadından xırda-xuruş istəyir. Bəs onun qüruru hardadır?! Qadından nəzir istəyəndə qürurunu itirmədimi?!
Elə hər şey də bundan başladı. Maks bu hadisəni xatırladı. Gözlərindən yaşlar süzüldü. Kədərli-kədərli ağladı. Sonra isə fransız qadının evində etdiyi kimi, başını masaya qoyub uşaq kimi hönkürdü. Dəhşət mənzərə idi. Bir az sakitləşəndən sonra dedi:
- İstəyirsən məni doğra, nə istəyirsən elə mənimlə, ancaq məni ağlamağa məcbur edə bilməzsən. Mən indi heç bir səbəb olmadan ağlayıram – bəzən belə olur, tutması tutur, dayana bilmirəm.
Bəlkə psixi pozğunluğu var? Bu, əsəb partlayışı deyil də, bəs nədir? O, “hamısı əsəbdəndir” deyən diş həkimini yenə xatırladı. Diş həkimi onu hardan tanıya bilərdi? Bəlkə heç əsəb pozuntusu deyil? Bəlkə o, dəli olur? O, həqiqəti bilmək istəyir.
Lənət şeytana, nə deyim bəs ona? Mənsə deyirəm: əsəb pozunutu-mozuntusu boş söhbətdir.
- Bu heç də o demək deyil ki sən ağlını itirmisən, – sözümə qüvvət verdim. – Keçib gedəcək…
- Miller, gərək vaxtımın çox hissəsini tənhalıqda keçirməyim!
Aha, onun bu fikrinə ehtiyatla yanaşmaq lazımdır. Ürəyimə damıb nə deyəcəyi. Tez-tez onunla bir yerdə vaxtımı keçirməyi xahiş edəcək. Yox, ona pul lazım deyil! Özü bunu həmişə təkrarlayır. Amma bax onu tənha vəziyyətdə buraxmaq düzgün olmazdı.
- Maks, narahat olmayın. Borislə tez-tez sizə baş çəkərik. Biz sizi darıxmağa qoymarıq.
Dediklərimə qulaq asmırdı.
- Miller, hərdən öz otağıma qayıdanda, üzümdən tər tökülür. Bilmirəm nədəndir… Elə biləsən bütün günü maska taxmışam.
- Maks, bu sizin həyəcanlanmağınızdan irəli gəlir. Boş-boş şeylərə fikir verməyin… Həm də siz çox su içirsiniz, eləmi?
O, razılıq əlaməti olaraq başını yırğaladı, sonra dəhşətlə mənə baxmağa başladı.
- Hardan bildiniz? Nəyə görə bütün günü su içmək istəyirəm?
Hər gün yanğımı söndürən kranı açıram. Bilmirəm nələr baş verir… Miller, sizdən bir şey soruşmaq istəyirəm. Düz söhbətdir ki, əgər burda xəstlənəndə adamı məhv edirlər? Qulağıma çatan söhbətlərə görə, əgər xaricisənsə, üstündə də pulun yoxdursa, səndən qurtulurlar. Bütün günü bu haqda düşünürəm. Bəs birdən xəstələnsəm, onda necə? Ay Allah, bircə ağlımı itirməyim! Qorxuram, Miller!.. Bu fransızlar haqda elə dəhşətli şeylər danışırlar ki. Bilirsiniz də onlar necədir… onların gözləri qarşısında yerə sərilsən, heç barmaqlarını da tərpətməyəcəklər. Fransızların ürəkləri yoxdur! Yalnız, pul, pul, pul. Miller, əgər mən onlardan pul dilənsəm, qoy Allah məni cəzalandırsın! İndi, dar ayaqda məndə саrtе d’identite var. Məndən turist düzəltdilər! Əclaflar! Soruşuram ki, bəs nəylə yaşayacam?! Hərdən oturub gələnə-gedənə tamaşa edirəm. Hamının nəsə işi var. Hamının, məndən başqa! Hərdən özümə sual verirəm: Maks, sənin nəyin əskikdir başqalarından? Nəyə görə bütün günü işsiz qalmalıyam? Bu, mənə əzab verir.
İşin qızğın vaxtı məni işləməyə dəvət edirlər. Maks – yaxşı ütüçüdür. Bunu hamı bilir. Fransızlar! – bu millət ütüləməyin nə olduğunu hardan bilsin? Maks onlara necə ütüləmək lazım olduğunu göstərib. İşləmək hüququmu itirdiyimə görə, onlar mənə saatına iki frank verirlər. Bax, bu murdar ölkədə ağ insanlarla belə rəftar edirlər! Adamı dilənçi kökünə salırlar!
Nitqini bitirib susdu.
- Miller, siz Cənubi Amerika haqda danışırdınız. Deyirdiniz ki, hər şeyi təzədən başlaya bilərəm. Axı mən hələ qocalmamışam. Sadəcə, mənəvi cəhətdən saxsımışam. Artıq iyirmi il olar ki, ütüçülük edirəm. Birdə gördün, çıt ötdü, qocaldım… Mənim karyeram bitəcək. Hə, əgər yüngül bir iş tapa bilsəydim, ayrı söhbət… Ona görə də intеrрr{tе olmaq istədim. İyirmi il əlində ütü tutmaq asan gəlməsin. Barmaqlar elastikliyini itirir. Bu haqda düşünərkən özümə nifrət edirəm. Bütün günü qızmış ütünün yanında dayanmaq… elə təkcə iyi bəs edir! Hərdən bu barədə düşünərkən ürəyim bulanır. Axı bu ədalətlidirmi ki, adam bütün günü dəhşət qızmış ütünün yanında dayansın? Bəs onda niyə Tanrı bizə otları, ağacları bəxş etdi? Bəs bu Maksın bütün bunlardan zövq almağa haqqı yoxdur?! Axı nəyə görə biz bütün ömrümüz boyu qul olmalıyıq – ancaq pula, pula, pula görə?!..
Kofe içib, küçəyə çıxanda, nəhayət ki, ondan canımı qurtara biləcəm. Biz bir-birimizə heç nə söz verməmişik. Sadəcə onu nəzərimdən qaçırmayacağıma söz vermişəm. Sen-Mişel bulvarıyla Lüksemburq bağına tərəf gedirdim. Yəqin onu qoyub aradan çıxdığım həmənki yerdə oturub. Ona tapşırmışdım ki öz otağına getməsin. Bir müddət kafedə otursun.
Orda çox otura bilməyəcəyini bilirdim. Bəlkə də artıq küçəyə çıxıb şəhəri sülənir. İşsiz qalmağındansa, şəhərdə fırlanıb qəpik-quruş dilənməsi daha yaxşıdır. İndi yaydır. Şəhərdə amerkalılar çoxdur. Amerikalıların bulu yetəri qədər var. Axı indi 1927-28-ci illər deyil ki böhrana düşsünlər. İndi hamısının cibində hamıya və hər şeyə yetəcək qədər pul var.
Rəsədxananın yanında ölü sükut vardı. Divarın qarşısında etinasız görkəmli bir fahişə durmuşdu. Heç özünə əziyyət verib əllərini yelləmirdi. Hər şey onu o qədər bezidirb ki. Ayaqlarının altında zibil topaları vardı: quru yarpaqlar, köhnə qəzetlər, konserv bankaları, mişarlanmış ağac budaqları, siqaret kötükləri. Bu zibil yığının üstündə uzanmağa hazır görkəmi vardı!
Ryu-Sen-Jak küçəsiylə gedirdim. Beynimdə hər şeyin qarışdığını hiss edirdim. Hər kiçik yerdə, üfunətli anbarda radio vardı. İnanılmazdır: gedirsən və hər iki küçənin qara dəliklərindən donquldanan amerikalı səslərini eşidirsən. Bu ucuz və keyfiyyəsiz mallar satılan dükanlar orta əsrlərə səyahətdən başqa bir şey deyildi. Qurşaqdan aşağı iflic vəziyyətdə, əlil arabasında bir müharibə əlili gedirdi, onun arxasıyca isə yekə bir limuzin sürünürdü. Limuzinin sürücüsü sürəti artırmaq üçün, bu əlilin yolu nə vaxt azad edəcəyini gözləyirdi. Eyni dalğaya qoşulmuş bütün radiolardan amerikan mahnısı səsləndirilirdi: “Möcüzəyə inanıram mən!”. Möcüzə! Möcüzə! Heç İsa Peyğəmbər burda möcüzə törədə bilməzdi! Bayram münasibətilə kilsə ləvazimatları satılan mağaza vitrinlərinə ucuz xaçlar qoyulmuşdu. Yazıq yəhudini xaça mıxladılar ki, bizim əbədi həyatımız olsun. Əşşi, bizim həyatımız İsasız da əbədidir…. asfalt, şinlər, radioqəbuledicilər, səsucaldıcılar, fahişələr, mallar o qədər boldur ki, acından ölənlərə iş tapılmır… Bu qədər tənhalıqda qalmaq olmaz! O, yeddinci mərtəbədəki otağına qalxarkən, üzünü tər basır, elə biləsən maskada gəzibmiş bütün günü! Mənə rəhm etmək çətin məsələdir, ancaq indi səbəbsiz ağlayıram! Ağlayıram, ağlayıram, dayana bilmirəm. Miller, sizə elə gəlmir ki, dəli oluram? O, dəli olur? Ay Allah, Maks, sizə yalnız bunu deyə bilərəm: bütün dünya dəli olur. Siz dəlisiniz, mən dəliyəm, hamı dəlidir. Bütün dünyanı irin basıb, bütün dünya göz yaşları axıdır. Sizin saatınız var, Maks? Hə, bilirəm, saatınız var, jiletinizin cibindən sallanarkən görmüşdüm. Özünüzü nə qədər pis hiss etsəniz də, saatın neçə olmasıyla maraqlanırsınız. İndi, sizə deyərəm saat neçədir, Maks, dəqiq deyəcəm, saniyəsinə kimi. Beş dəqiqədən sonra vaxt tamam olacaq. Saatın əqrəbləri gecə yarısını göstərərkən, son gələcək. Küçəyə çıxıb, paltarlarınızı tullaya bilərsiniz. Hamı lümlüt bayıra yüyürəcək. Ona görə bu axşam çadır qururdular. Möcüzəyə hazırlaşırdılar. Bəs pəncərədən boylanan gənc xanımı xatırlayırsınızmı? O, səhər şəfəqlərinin görünməsini, küçəyə çıxmaq və gələn-gedənin onun necə gözəl bədənə malik olmasına şahidlik etmələri üçün gözləyirdi.
Gecəyarısı. Möcüzə baş vermədi.
Səhər saat səkkiz. Yağış yağır. Həmişəki kimi, adi bir gün.
Günorta. Poçtalyon məktub gətirir. Məktubu açıram. Orfoqrafik və qrammatik səhvlərlə dolu cızma-qaralar tanışdır. Elə də bilirdim. Məktub Maksdandır.
“Mənim dəyərli dostlarım Miller və Borisə. Bu sətirləri sizə səhər saat üçdə yazıram və çox əsəbləşirəm, ağlıyıram, amma özümü ələ ala bilmirəm, yəqin baştutan öz fahişəsini döyüb, dəhşət səs-küy var, belə şeylərə ürəyim bulanır, mətbəxdə krandan su axır, bir dəqiqə də olsun yata bilmirəm, özümü sakitləşdirmək üçün sizin kitabınızı oxuyuram, Miller. Məzəli kitabınız var, amma səbrim çatmır səhərin gəlməsinizi gözlüyürəm ki işıq düşən kimi çıxam küçəyə. Bütün günü əzab-əziyyət çəkirəm. Ac olmasam da nədənsə qorxuram. Bilmirəm nolub mənə. Özüm-özümlə danışıram. Özümü idarə edə bilmirəm. Miller, istəmirəm ki, mənə kömək edəssiniz. Sizinlə danışmaq istiyirəm. Mən uşağam? Kişiliyim çatmır? Ağlımı itirirəm? Əzizim Miller elə düşünməyin ki siz mənə pula görə lazımsınız, sizinlə və Borislə danışmaq istiyirəm, pul lazım deyil mənə sadəcə mənəvi dəstəyə ehtiyacım var. Qaldığım otaqda tənha yatmaqdan qorxuram. Bu mənim karyeramın sonudur? Mənə belə gəlir son ümidimi də itirirəm. Fikrimi toplaya bilmirəm. İstiyirəm səhər olsun, küçəyə çıxım. Allaha yalvarıram ki, bu dəhşətli gecə bitsin, hə, bitsin bu dəhşətli gecə. Otaqdakı qaramat məni basır. Bu sətirləri yazarkən içkili deyiləm inanın mənə sadəcə vaxtımı öldürürəm, mənə belə gəlir ki sizinlə danışıram bu da təskinlik verir mənə. Amma tənha qalmaqdan qorxuram, pəncərədən süzülən yağış damlalarına baxıram bu da məni sakitləşdirir. Yağış mənimlə danışır amma səhər açılmır. Məncə bu gecə heç zaman bitməyəcəy. Xarici olduğumçün qorxuram Fransızlar məni öldürər xəstələndiyimə görə, eləmi? Miller, xahiş edirəm düzünü deyin, eşitmişəm ki əgər xaricilərdən birisi xəstələnibsə və onun heç kimi yoxdursa, hətta sağaltmaq mümkün olsa belə onu öldürəcəklər. Qorxuram fransızlar məni aparsa heç zaman səhər şəfəqini görmüyəcəm. Yox, mən cəsarətli olacam, özümü idarə edəcəm, amma indi küçəyə çıxmaq istəmirəm, Polislər məni düzgün başa düşməzlər, yoxsa elə indi küçəyə çıxardım, amma otağımdan çölə çıxa bilmirəm, çox qorxuram, çox. Əzizim Miller sizi görmək olarmı? Sizinlə bir az danışmaq istəyirəm. Heç nə istəmirəm, pul istəmirəm, yox, mən dəli oluram. Səmimiyyətlə, sizin Maks”

Ruscadan Tərcümə: Ramil Rahiboğlu                          ann.az

Комментариев нет:

Отправить комментарий