Страницы

25.11.2012

O yoxdu, sən də yoxsan

Kənan Hacı

İçimdə dopdolu bir boşluq var. L.M

Göylərə inanardım bəlkə,
daha mərhəmətli,
daha mülayim,
daha şən olardım,
ciyərim bu qədər tez parçalanmazdı,
gecələr sərxoş olub yatmazdım vağzallarda,
çıxmazdım adamlıqdan,
içimdəki bu boşluq olmasaydı...

İçimdəki dopdolu boşluğu
tək səninlə bölüşəndə
şərab kimi dumanlandırır beynimi kədər,
boğazımda qaynayır qəhər,
boğuluram bu boşluğun içində,
tez ol, boşalt içimi,
dolum yenə adamla,

baş qoyub yatım sevdiyim qızla,
daha nakam sevgilərdən yazmayım,
o qızın gül qoxuyan bədənindən,
incə nəfəsindən,
balınca dağılmış ipək saçlarından,
islaq dodaqlarından danışım...
sözlə səs arasında soyuqdan donmayım,
bir kreslo küncündə
ümidlərimi dizimtək qatlayıb mürgüləməyim...
Yorğanın soyuq bədəni
isitmir bu boşluğu,
tez ol, boşalt içimi,
dolub-daşım həyatla...

Arzuların qanadından
atılmışam ümid adlı boşluğa,
açılmır paraşütüm,
hər tərəf ayrılıqdı,
hər tərəf göz yaşıdı,
mən hansı səmtə düşüm?!..

Təbəssümümü
parklarda skamyaların altında gizləmişdim,
onun böyrümdəki boşluğu
addımlarıyla dolduracağı gün üçün...
boşluqlarda dincəlir yorğun ürəyim,
o, yoxdu,
sən də yoxsan,
açılmır paraşütüm,
hara düşüm,
hara düşüm?!...

Комментариев нет:

Отправить комментарий