Страницы

30.11.2012

SAZ SƏSİ

Bəxtiyar Hidayət

Sən indi o yekəpər oğlanın diri-diri danışdığına baxma,çayını iç. O əsgərlikdən yeni gəlib. Oz qeyrətsizliyini il yarım  barı gözünnən görməyib. Ola bilər dedikləri də düzdü. Kimisə vurub, kimisə süründürüb əsgərlikdə. Özünün başına nə oyunlar açılıb o da sonra özündən sonrakı əsgərlərin başına o oyunu açıb. Onu mən yaxşı tanıyıram. Gözünnən görənin biridir.  Boyuna-buxununa da baxıb çəkinib eləmə. kim o boyda beç budu yesəydi hələ bundan da yekəpər olardı. Yaxşı olar ki indi danışacağım hekayəyə diqqətlə qulaq asasan. Onda anlayacaqsan o qoçaq əslində kimdi.

 =
…Nəhayət bəy çıxdı otaqdan. ‘lində avtomat bu anı gözləyirdi qardaşlıq Zakir. Bəy ona göz elədi ki hər şey yaxşıdır. Zakir avtomatı hərrəyib  bir daraq güllə a boşaltdı havaya. Hələ də yeyib içən başqa əli avtomatlılar elə çadırın altından avtomatlarını göyə boşaltdılar. Çadır deşik-deşik oldu.
    Bu uşaqların hamısı könüllü ordunun əsgərləri idilər. Elə  bəyin özü də. Əsgərlərdən kim növbədə deyildisə özünü bura salmışdı. Toy da sərhədə yaxın bir kənddə keçirilirdi. Bəyin ailəsi qaçqın kimi o kənddə məskunlaşmışdılar.
Bəy də təzədən oturdu. Süfrə təzələndi. Məlum oldu ki posta qayıdası uşaqlar elə bir Qaz-66-ya sığışarlar. Buna görə də ikinci Qaz-66-nın sürücüsü Ərşad komandirdən icazə aldı ki bəs atam xəstədi, mənə icazə ver.
Komandir icazə Verdi və qardaşlıq Zakiri də özü ilə rayona aparmasını tapşırdı.
-Qoy öz evində ayılsın. Yenə oraları bir-birinə qatacaq. Içəndə özünü bilmir zalım oğlu. Sabah da özünlə gətirərsən.
-Oldu komandir.!
Bu vaxt aşıq Qasım saza keçdi. Heç kim fərqində deyildi ki hava nə havasıdı. Elə bir ucdan sağ ol aşıq deyib cibinə pul basırdılar aşığın. Birdən Zakir avtomatı dirədi aşığın kəlləsinə:
-Ay oğraş,mən gedib Kəkildə  səni qoruyuram. Sən də arvadın yanında rahat-rahat yatırsan. Bu da mənə hörmətindi? Bizə hörmətindi? Bizi qanmaz hesab edirsən? Məclisin sonunda da “Divani” çalarlar? Keç “Müxəmməsə” qancıq oğlu.  Elə belə şeylərə görə işimiz tərs-məssəb olub.
Sonra müxəmməs havasına uygun bir şəkildə ağladı da  Zakir. Ağlaya-ağlaya bir daraq güllə də boşaltdı göyə.
Avtomatı zorla əlindən aldılar onun. Elə zorla da Qaz -66-ya oturtdular. Ərşad toydan da iki araq götürüb yola çıxdı.

Zakir də Ərşad da  bəy də elə komandir də qaçqın idilər. Onların kəndçiləri əsasən rayon mərkəzində məskunlaşmışdılar.
Zakirgilin məskunlaşdığı yataqxanaya hardasa 300 metr qalmış Ərşad Qaz-66-nı saxladı:
-Burdan anrı özün gedəcəksən. Lap istəyirsən taksi də tutum sənə. Onsuz da bilirəm pulun hamısını səpələyibsən toyda.
-Bə sən hara gedirsən, atanın yanına dəyməyəcəksən?
-Ay gic, kişi top kimidi. Sənə nə var ee evil adamsan. Bə mən peçin turbasını təmizləməliyəm ya yox?
-Olmuya  Rəyasətin yanına gedirsən?
-Bə nağayrım. Kişinin qızı pul istəmir, para istəmir. Itlərə adamı satmır.
-Mən də gedirəm.
-Sən hara?
-Elə belə . Köhnə günləri yada salarıq. Bir araq da orda içək, sonra siz yatağa, mən də evə. Nə qədər üçümüz bir yerdə araq içmişik. Ha, ha ,ha.
Ərşad fikirləşdi ki Zakirdən istifadə eləmək lazımdı. Işdi Rəyasətin oğlu Nazim evdə olsa eləcə araq vurarlar, sonra da  Zakir onu bir yerə aparar. Yox, Nazim evdə omasa, Zakirə bir maşın odun boyun olar, o da durar keşikdə.
Ərşad razılaşdı.
=
Rəyasət də onların kəndçisi idi. Kənddə  çox oğlanlara o öyrətmişdi” həyatın mənasini”. Çoxlarının  ilk təcrübəsi onun üstündə keçmişdi. əri ya Rusetdə olardı ya da  sovxozun qoynuna gedərdi. Ev olmuşdu restoran. Araq , cücə, donuz əti –ürəyin nə istəyir tapılardı. Puluna minnət. bu Nazim də elə o süfrələrin qırağında böyüyüb. Hətta” restoranda” yazılmamış bir qanun da hökm sürürdü-bud Nazimə məxsusdur.
=
Beləliklə bizim qəhrəman döyüşçülər  Rəyasət qalan yataqxanaya varid oldular. Nazim evdə yox idi. Ərşadın planı baş tutdu. Zakir keşikdə dayandı-onsuz da bu gecə postda durası idi. Ərşad  “gərdək”dən çıxandan sonra üçünə bir araq öldürəsi idilər .Bircə Nazim gec gələydi evə.
Zakir birdən ikinci mərtəbədən saz səsi eşitdi. Aşiq Vaqif bu gecə vaxtı dərdini dağıdırdı. Zakir yenidən kövrəldi. Vətənin keşiyini unutduğu kimi vətəndaşların da keşiyini unudub ağlaya-ağlaya yuxarı çıxdı. Aşıq Vaqif onun kəndçısı Yaralı Bəxtiyardan oxuyurdu:
-Özün getmirsən-getmirsən
Ahın dağlara, Bəxtiyar
Zakir özünü aşığın üstünə saldı:
-Qurban olum Vaqif dayı, dillərinə qurban olum. Oxu o dağlardan, o dərələrdən . Sonra başladı sazı öpməyə. Aşıq da ağlayırdı,  o da qaçqın idi.
-Vaqif dayı, istəyirsən gedim Bəxtiyarı bura gətirim.
-Yox, gecə gecədən keçib, sabah gətirərsən. Bu gecə də burda qal, bala. Səhərəcən oxuyum səninçün. Bu halda bayıra çıxma. Sənin atanla çox çörək kəsmişəm.
Zakir atasının adını eşidən kimi keçdi zar-zar ağlamağa.
Amma Zakir  birdən –yoox, mütləq Bəxtiyar burda olmalıdır-deyib əsə-əsə bayıra çıxdı. Aşıq  onu qaytara bilmədi. Bayıra çıxan Zakir iki səsə qulaq kəsildi-
 Yuxarıdan:
-bala gördüm anasının
Ağlar qoynunda-qoynunda, a qoynunda, dərdin alım, dərdin alim,
Aşağıdan:
-Öldürəcəm onu. Yoxdumu bu ordunun yeyəsi. Bunlar niyə postu buraxıb veyillənirlər. Ühü-hü-hüüüüü.
Bu vaxt Qaz 66-nin səsi gəldi. Zakir bildi ki Ərşad  aynadan atlıb  özünü yetirib maşına.
=
Artıq bir az özünə gəlmiş Ərşad yuxarıdan gələn “müxəmməs” havasını ciyərlərinə-çəkə-çəkə dedi:
Həə bu günkü dastan da belə qurtardı.
-Ay mamaa hanı bıçaq, öldürəcəb bu əclafı?
Bu Nazimin səsi idi. Bilmirdin ağlayır ya böyürür. Zakir aşağı düşdü. Artıq xalatını geyinmiş Rəyasət onu görən kimi:
-Boyunu yerə soxum. Elə torpağın da keşiyini belə çəkdiyinizə görə gəlib düşdük bu qürbət ellərə -dedi.
Nazim isə yer cırırdı:
-Yoxdumu bu ordunun yeyəsi, bunlar nə veyillənirlər burda.
Zakir dodaqaltı mızıldaya-mızıldaya aradan çıxdı:
-Kopolunu bu ordunun pulunnan maması əsgərlikdən saxlayıb, bud a ordunu bəyənmir.
-Hə, qadası, o qan-qadalı illər başa çatınca  bax o yekəpər gədə ordudan beləcə saxlatmışdı özünü. Çayını iç, fakir vermə eləsinə.

Комментариев нет:

Отправить комментарий