Страницы

22.11.2012

Tarixə görə ailəmiz

Seyfəddin Altaylı

Orta mәktәbdә oxuyarkәn bizә Türkcә dәrs deyәn bir müәllimimiz vardı, adı Atilla Turan idi. Ucaboy, enlikürәk, әllәri lapatka boyda, zәhmi ağır, mәsuliyyәtli, bizlәri әn yaxşı şәkildә yetişdirmәk üçün hәr şeyi edә bilәcәk qәti-qәrarlı bir insandı. Dәrsini yaxşı bilmiyәn uşaqlar çalışardı ki, o gün mәktәbә gәlmәsin. Allah elәmәmiş onu lövhәyә qaldırsa vә verdiyi suallara düzgün cavab almasa az qalırdı ki, sinifin divarları yerindәn durub qaçsınlar. Mәnә Türk dilini sevdirәn bax o müәllimim oldu, Tanrı ondan razı olsun. Kasıb olduğumuza görә hәrdәn bir kitabçıya gedib rәfdәki kitabların sadәcә olaraq üzlәrinә baxır vә onun kimin әsәri olduğunu beynimә hәkk edirdim.
Mәktәbimiz dә tәzә tikildiyinә görә kitabxanası yoxdu. Heç qәsәbәmizdә dә kitabxana filan yoxdu. Atilla müәllim bir gün dәrsә gәldikdә hamımız mat qalmışdıq, çünki onun sifәtinin azca da olsa işıqlandığını, nәyәsә sevindiyini görürdük. Bu hal hamımızın ürәyindә dağ boyda sual işarәsi yaratmışdı. Dәrs deyәrkәn әsla gülümsünmәyәn vә ancaq bildiklәrini bizim beynimizә yeritmәkdәn savayı heç nәyi fikirlәşmәyәn Atilla müәllimin sanki dodağı bir balaca qaçırdı. Düzünü deyim biz dә biraz qorxunu-hürkünü pәncәrәni açıb bayıra tullamışdıq. Müәllim o gün cümlәnin xәbәri haqda bizә dәrs dedi, zәngin vurmağına az qalmış stoluna söykәndi, әlini әlinin üstünә qoyub bir müddәt gözlәrini üstümüzә zillәdi vә hamımızı birbә-bir süzdü. Sonra, “Çocuklar, bir konuda sizә tavsiyәm olacak. Dilimizin kutsal kitabı Dәdә Korkut, Әflatun Cәm Güney tarafından yayınlanmış, onu hәpinizin almasını vә dәfalarca okumasını istiyorum. Bәn kitapçı ilә konuştum bizlәrә biraz ucuz satacak, tanәsi beş liraya”. Әn qabaqca mәn әlimi göyә qaldırdım vә “öğrәtmәnim bәn almak istiyorum” dedim. O vaxt atamın mәnә verdiyi bir aylıq xәrclik on lirә idi. Sifariş etdiyimiz kitab bir hәftә sonra әlimizdәydi. Nәfis bir kağızda vә cilddә çap edilmişdi. Boğac Xan dastanını bәlkә dә on dәfә oxudum, mәni әn çox o tutmuşdu. Bir gün dәrsdә müәllimimizә, kitabdakı dastanların hansı әsrdә yarandığını sual verdim. Cavabında dedi ki, onların hansı tarixdә yarandığı mәlum deyil, ancaq yazıya keçildiyi tarix on beş vә ya on altıncı әsrlәrdir. Bu cavabı alandan sonra daim öz-özümә fikirlәşirdim ki, ulu babalarımızda ailә qurmaq mәsәlәsi necә olub. Orta mәktәbi, liseyi, müәllim mәktәbini bitirdikdәn sonra da universitet illәrindә dә beynimdә hey gәzdirdiyim o sualın cavabını tapmağa çalışdım. O suala cavab tapmaq üçün apardığım axtarışlarımda müәyyәn mәlumatları öyrәndim. Bu gün onlardan bәzi hissәlәri sizlәrlә bölüşmәk istәyirәm.
Türk ailәsi ata hakimiyәtinә söykәnәn bir xüsusiyyәtә malikdir. Atanın hakim olduğu bu ailә nizamının bünövrә daşı xaricdәn qız almaqdan ibarәtdir. Başqa sözlә desәk Türk ailәsi ekzoqami özülünә söykәnibdir.
Mәsәlәn Hun İmperiyasının xaqanları müәyyәn boylardan qız alar onlarla evlәnәrdi, yәni hәr boydan qız almazdılar. O boylar isә tәmizliği vә dövlәtinә bağlılığı ilә nam salmış boylar olmalıydı. Aaaxxx Osmanlı sultanları, aaaxxx… Qonşuları olan Monqollar isә ananın hökmran olduğu ailә nizamını mәnimsәmişdi. Eradan sonra belә Siәnbi adlı Monqol tayfasının gәnclәri ilә qızları bir çayın sahilinә gedәr, orda yeyib içәr әylәnәr vә hәrә öz hәyat yoldaşını orda tapardı, onunla evlәnәrdi. Ancaq Türklәrdә belә bir qız seçmә adәti yoxdu. Çünkü Türkün ailәsi onun mikro dövlәti mәnasındaydı. Türk millәtinin dә, tarixin әn qәdim xalqı olmasının vә dövlәtlәrini qoruyub saxlamalarının әn böyük amili elә bu idi, yәni ailәnin möhkәm özüllәr üstündә bәrqәrar olmasıydı.
Dilimizin müqәddәs kitabı Dәdә Qorqudda evliliğә nәcür yanaşılır gәlin ona bir nәzәr salaq. Qam Bürә Bәyin oğlu Bamsı Bәyrәk boyunda Bәyrәkin evlәnmәsi ilә bağlı sәtirlәrdә deyilir:
“Xan Bayındır yәrindәn doğrulmuşdu. Qara yerin üstünә ağ ban evini tikdirmişdi. Ala sayvan göy üzünә ucalmışdı. İç oğuz, Tış Oğuz bәylәri Bayındır Xanın söhbәtinә yığışmışdı. Bayındır Xanın qarşısında oğlu Qarabudaq yayına söykәnib durmuşdu. Sol yanında Qazılıq Qoca oğlu Bәy Yәgәnәk durmuşdu. Bay Bürә Bәy bunları gördüyündә ah çәkdi, dәsmalını әlinә alıb hönkürә hönkürә ağladı”.
“Salur Qazan qaba dizinin üstünә çöküb gözlәrini qaldırıb Bay Bürә Bәyin üzünә zillәdi.
Xan Qazan necә ağlamayım? Necә bozlamayım? Oğulda ortacım yox, qardaşda qәdәrim yox. Ulu Tanrı mәnә pis gözlә baxıb. Bәylәr, tacım taxtım üçün ağlaram. Bir gün olar yıxılıb ölәrәm, yerimdә yurdumda bir kәs qalmaz.-dedi.
Qazan; dilәyin budur mu? –dedi.
Bay bürә Bәy; bәli budur. Mәnim dә oğlum olsa Xan Bayındırın qarşısına keçib dayansa, qulluq elәsә, mәn dә baxıb sevinsәm, qürurlansam, güvәnsәm.-dedi.
Belә deyincә soylu Oğuz bәylәri üzlәrini göyә tutdular, әl  qaldırıb dua elәdilәr. Ulu Tanrı sәnә bir oğul versin!-dedilәr.
O zamanda bәylәrin duası dua, qarqışı qarqış idi. Duaları qәbul olardı. Bay Bican Bәy dә yerindәn doğrulub qalxdı.
Bәylәr mәnim üçün dә dua edin, Allah Taala mәnә bir qız versin.-dedi.
Soylu Oğuz bәylәri әllәrini qaldırdılar, dua etdilәr. Ulu Tanrı sәnә bir qız versin dedilәr.
Bay Bican Bәy: Bәylәr, Ulu Tanrı mәnә bir qız versә siz şahid olun, mәnim qızım Bay Bürә Bәy oğluna beşikkәrtmә nişanlı olsun.-dedi.
Bәli, Dәdә Qorqudda belә yazılıb. Bay Bürә Bәy İç Oğuzdan, Bican Bәy isә Tış Oğuzdandır. Aydın görünür ki, Oğuzlarda yaxın qohumlar arasında evlәnmә hadisәsi yaranmazdı. Onun sәbәbi dә yaxın qohumların gәnclәri ailә qurduqda müәyyәn tibbi çatışmazlıqlar olur, onlar da uşaqlarda müxtәlif bәdәni xәsarata amil olur. İndiki vaxtımızda tibb elmi әn yüksәk sәviyyәsinә çatıbdır vә tibb indiki vaxtda yaxın qohumlar arasında  evlilik hadisәsinin gәlәcәk nәsillәrdә müәyyәn mәnfi halların yaranmasına amil olduğunu sübut edibdir. Müasir tibb bunu indi başa düşüb, ancaq bizim ulu babalarımız isә hәlә eradan qabaq bu mәsәlәdәn xәbәrdardı vә çarәsini dә tapmışdı.
Yenә Dәdә Qorqudda Bican Bәyin qızı Banu Çiçәyi Salur Qazanın oğlu Bamsı Bәyrәk üçün elçiliyә Dәdә Qorqudu yollayırlar. O da gedib onların obasına çatır vә Banu Çiçәyin qardaşı Dәli Qarçar ilә üzlәşir, aralarında bu söhbәt keçir:
Dәd Qorqud deyir: Qarşı yatan qara dağını aşmağa gәlmişәm. Axındılı görklü çayını keçmәyә gәlmişәm. Geniş әtәyinә, dar qoltuğuna qısılmağa gәlmişәm. Tanrının buyruğu, Peyğәmbәrin qovlü ilә, aydan arı, gündәn görklü bacın Banu Çiçәyi Bamsı Bәyrәkә istәmәyә gәlmişәm.
Demişdik ki, Türklәrdәki ailә atanın hakimiyyәti üstündә bәrqәrardır. Ancaq ananın da ailә içindә müәyyәn nüfuzu vә qüdrәti vardır. Dәdә Qorqud, Banu Çiçәyi istәyәrkәn deyir ki; “aydan arı, gündәn görklü” bacını istәmәyә gәlmişәm. Demәli Türkün tәzә bir ocağını yandıracaq vә bir yuva quracaq gәnc qız aydan tәmiz, günәşdәn daha görklü olmalıdır. Elә buna görә dә Türkün ailәsi tarix boyu möhkәm olub vә olacaqdır.
Dәdә Qorquddakı tәlәblәr gәnclәrimiz tәrәfindәn unudulmadıqca, onlara әmәl edildiyi müddәtcә ailәmiz möhkәmliyini qoruyacaq vә dövlәtlәrimiz dә o sәviyyәdә möhkәm olacaqdı. Tanrı, ailәmizi, aydan arı, gündәn görklü qızlarımızı, dağ kürәkli oğullarımızı qorusun.

altayli_s@yahoo.com

Комментариев нет:

Отправить комментарий