Страницы

30.12.2012

“Bəşər Əsəd deyildiyi kimi pis insan deyil”

Azərbaycanlı tələbə Suriyada təhsil alsa da, indi özünə iş tapa bilmir

Bir ildən artıqdır ki, ərəb ölkələrində, eləcə də Suriyada baş verən hadisələr dünya gündəmindən düşmür. Kənardan edilən şərhlər, qərb dövlətlərinin çox halda qərəzli, bir az da araqatan mövqeyi Suriyadakı həqiqətlərə kölgə salır. Suriyada hələ də davam edən vətəndaş müharibəsi oradakı qeyri-suriyalının ölkəni tərk etmək məcburiyyəti ilə qarşı-qarşıya qoydu. Azərbaycanlıların çoxu Vətənə qayıtmaq istəməsələr belə, ixtişaşlar üzündən dönməyi üstün tutdular. Onlar arasında təhsil almaq məqsədiylə Suriya gedən tələbələrimiz də vardı. Azərbaycanlı tələbələr Suriyanı sonuncu tərk edən həmvətənlərimizdir. Qafqaz müsəlmanları İdarəsinin məlumatına görə, bizim 30 tələbəmiz orada təhsil alırdı.
Həmin tələbələrdən biri Səfər adlı gəncdir. Dörd il Bəşər Əsədin ölkəsində qonaq olan Səfər Rəhimov maraqlı fikirlərini bizimlə bölüşdü.


“Suriyanı tərk etmək çox kədərli idi. Kaş ki, ...”

24 yaşlı Səfər Rəhimov təhsil aldığı İslam Universitetinin rəhbərliyi tərəfindən Suriyaya göndərilmişdi. Onun məqsədi ərəb dilini daha da təkminləşdirmək, ərəb ölkəsinin əhalisinin danışıq dili ilə yaxından tanış olmaq idi.
“Suriyanın tarixini, mədəniyyəti, adət-ənənələri ilə tanışlığım üçün böyük şans yarandı. Mən də könüllü şəkildə getdim. Çox rahat şəkildə oraya öyrəşdim. Dəməşqdə Əcnəbilər üçün Ərəb İnstitunda təhsilimi davam etdirirdim. Bizim ora uyğunlaşmağımız üçün ətrafda da yaxşı münasibət gördük. Suriyada dörd il ərzində maraqlı müşahidələr, biliklər əldə etdim. Kaş ki, oranı tərk etmək məcburiyyətində qalmasaydım. Mənim fikrim təhsilimi başa vurduqdan sonra orda qalıb yaşamaq idi. Əsas planım isə Suriya-Azərbaycan iş birliyində, ikitərəfli münasibətlərdə iştirakçı olmaq idi. Çox təəssüf ki, bu planım baş tutmadı.”

Suriyada nə baş verir? 

Müsahibimlə bir az da siyasətəbənzər söhbət etmək yerinə düşərdi. Ən azı o hadisələrə bizdən fərqli daha yaxın idi.
“Biz bütün hadisələrin göbəyində idik. Suriyada baş verənləri dünya başqa cür yozur, özü istədiyi kimi şərhlərlə izah edir. Bir tərəfdən bu mövqelər də vəziyyətə mənfi təsirini bu gündə göstərir.
Əslində, Suriya özü-özlüyündə sakit və inkişafa doğru gedən dövlət idi. Amma “ərəb baharı” adlı dalğa Suriyadan da yan keçmədi. Əvvəlcə xalq hakimiyyətə öz sosial narazılıqlarını bildirdi, hakimiyyət də şikayətləri aradan qaldırmağa çalışdı. Hətta konstitusiyaya dəyişikliklər də oldu. Amma müxalif qüvvələr xarici təsirlərlərin güdazına gedərək bir az da vəziyyəti gərginləşdirdi, beləliklə də gərginlik bu vaxta qədər hələ də davam etməkdədir. Fikrimcə, vətəndaş müharibəsinin yalnız bir çıxış yolu var, bu da xarici təsirdən kənarda masa arxasında üz-üzə danışıqların aparılmasıdır. Əminlikə deyə bilərəm ki, Suriyada xalqın yarıdan çoxu Bəşər Əsəd hakimiyyətini dəstəkləyir, cüzi hissə bitərəf mövqedədir, diğər vətəndaşlar isə müxalifəti haqlı hesab edir. Onlar başa düşmürlər ki, sonunda axıdılan qan suriyalının qanıdır.”

“Bəşər Əsəd deyildiyi kimi pis insan deyil”

Bəşər Əsəd şəxsiyyəti barədə fikirlərin çoxu ilə razı deyiləm. Xüsusiylə, Qərb onu “namərd” obraza çevirdi, bu gün onun haqqında xoş sözlər eşidilmir. Amma Suriyada olarkən eşitdiklərimdən belə nəticə çıxarırdım ki, o həqiqətən də pis insan deyil. Ən əvvəl o ölkə rəhbəri olsa da, sadə insan idi. Dəfələrlə onu, təkbaşına gəzən, ailəsiylə birgə camaatın gur olduğu restoranlarda yemək yediyini görmüşdülər. Hətta müəllimimiz deyirdi ki, bir dəfə yolda maşından zibil atan uşaqları izləyən B.Əsədin maşını həmin avtomobili kənara sıxışdırıb və maşındakı gənclərə “bura sizin torpaqdır, öz yurdunuzu təmiz saxlamalısız” öyüdünü verib. İndi isə o ölkə rəhbəri kimi artıq həm dünyada, həm də ölkəsində nüfuzdan salınılıb.”

“Türklərə qarşı münasibət əla idi” 

Suriyada vəziyyət gərginləşəndən bəri bəzi dövlətlər, elə bizim də bir qisim rəsmilərimiz, misal üçün, Qafqaz Müsəlmanları idarəsi bildirdi ki, orada antitürk qüvvələr fəallaşıb. Türk dilində danışanlara qarşı aqressiv münasibət hökm sürür. Səfərsə, bunun uydurma olduğunu deyir. “Orada getdiyim gündən bəri dörd il ərzində türklərə qarşı mənfi mənada hər hansı hərəkət nə eşitmişəm, nə də görmüşəm. Əksinə, müəllimlərimiz, ətrafda olanlar müsəlman olduğumuzdan bizə daha üstünlük verirdilər.”

“Ermənilərə qalib gəldik” 

“Suriyadakı həyatım heç vaxt unudulan deyil. Orada özümü vətənimdəki kimi hiss edirdim. Bacardığım qədər, yeniliklər axtarırdım. İnstitutda yarışlar keçirilirdi. Orada türk, ərəb dövlətləri ilə yanaşı başqa dindən olan insanlar da vardı. Onlarla münasibətdə ayrıseçlik yox idi. Ermənilər də var idi. Hətta bir dəfə böyük futbol oyunu keçirildi. İnstitutda hər dövləti təmsil edən komandalar yarışırdı. Bizim komanda sonuncu oyunda erməniləri məğlub edərək, çempion oldu.”

“Bəxtim gətirdi ki, son kursda idim. Amma nə fayda...” 

Azərbaycanlı tələbələr Suriyadan geri çağırıldı. Amma onların çoxunun təhsili yarımçıq qaldı. Səfərin özünün də dediyi kimi bəxti onda gətirdi ki, o sonuncu kursu bitirdikdən sonra Suriyanı tərk etdi. Amma bu bəxtəvərlik Vətəninə qayıdandan sonra ona heç də yaşıl işıq yandırmadı. Doğulub, başa çatdığı Astaraya gəldi və indi özünə iş tapa bilmir.
“Bəli, təəssüf ki, Azərbaycanda ərəb dilinə təlabat digər işlək dillərdən kənarda qalır. Astarada elə bir yer yoxdur ki, aldığım təhsildən bəhrələnərək işlə təmin olunum. İş olsa da paytaxtda tapmaq olar, o da yenə səbir istəyir. Ərəbistanın ölkəmizdəki səfirliyinə müraciət etmişəm. Cavabın gələcəyinə heç ümidim də yoxdur. Yəqin ki, ərəb ölkələrindən birində imkan tapsam işləmək istəyərdim.”
Haşiyə. Bəli, Ermənistan Suriyada təhsil alan və təhsili yarımçıq qalanlara çökmüş iqtisadiyyatı ilə belə kompensasiya ödəmək qərarına gəlib. Bizdə isə...
Qaldı ki, Səfər kimi dilçi, ərəbşünas gənclərimizə. Onların yolunun açılması, onlardan istifadə olunması gərəkdir. Amma deyəsən unuduram ki, bizdə dil bilənin də “dayı”sı, əməlli-başlı qarantı olmalıdır. İndi başa düşmək olur ki, niyə xaricə öz əlimizlə göndərdiyimiz savadlı gənclərimiz təhsili başa çatsa belə Vətənə dönmür və ya dönmək istəmir. Sonra da özgələşir, bizi danır.

Raminə Eyvazqızı               yaxa.org

Комментариев нет:

Отправить комментарий