Страницы

28.12.2012

Çılpaqlıq dəvətnamədir

Oktay Hacımusalı

Qızları, qadınları əl və dil ilə təhqir edənlərin (onları üzən, qorxudan, narahat edən, incidən, ziyan vuranların) çoxalmağından şikayət edir bu gün hamı. Hamı qışqırır ki, bu cür hərəkətlərin qarşısı alınsın. Biriləri balta alıb əlinə düşür küçəyə, kimi isə bunun üçün tədbir görülməsini istəyir. Tədbir kimi də ölkədə təhsil səviyyəsinin yüksəldilməsini və cəza rejiminin sərtləşdirilməsini görür hamı.
"Qarşı tərəf nə edirsə etsin, zorlama olmamalıdır " deyənlərin fikirlərinə qarşılıq olaraq "Xeyr, əzizim, açıq - saçıq geyinib küçəyə çıxanlar zorlanmaq üçün şərait yaradırlar; təhqir kimi çıxmasın, amma qarşı tərəf də cinsi zorakılığa insanları təhrik etməsin" - deyənlər də var. Mən isə "çılpaqlıq dəvətnamədir" - deyirəm.

Bəli, çılpaqlıq, bədənin cinsi cazibəsi olan yerlərini, cəmiyyətə açıq olan yerlərdə açıb göstərmək, bununla da kifayətlənməyərək davranışları, bəzənib düzənməyi, saçları rəngləməyi, qıcıqlandırıcı ətirlər vurmağı ilə qarşı tərəfin diqqətini daha çox çəkmək təcavüzə dəvətnamə sayıla bilər. Çünki bunu edənlər qarşı tərəfin həm baxmağını, maraqlanmağını istəyirlər, həm də bu baxışlardan, tələb, arzu və istəklərin bəzi formalarından narahat olurlar. Hətta bir az da dəqiq desək, bunu özlərinə təhqir sayırlar.
Belə olan halda qarşı tərəfə (təbii ki, söhbət kişilərdən gedir) ya baxmamaq, ya baxıb özünü görməməzliyə vurmaq, ya görüb təsirlənməmək, yaxud da baxdığı, gördüyü, təsirləndiyi halda özünü saxlamaq, nəfsini tutmaq qalır. Son qalan iki yol da budur ki, ya qeyri-qanuni yollardan özünü tətmin etməlisən və ya bu əziyyətə dözərək psixi seksual xəstəliklərdən birinə tutulmalısan. Bütün bunlar zorkalığın dəvətnaməsi; lazım olandan da çox yerlərini açıb gözlər önünə sərən qadın və qızların qarşı tərəfi (yəni kişiləri) təhqir etməsidir.
Qadının gözəlliyi və cazibədarlığı, çiçəyin, quşun, musiqinin, şəklin, saya bildiyimiz və saya bilmədiyimiz bütün yaradılmışların çəkiciliyindən fərqlidir. Normal insanlarda qarşı cinsə qarşı marağın içində heç şübhəsiz ehtiras da mövcuddur. Qadın və kişinin gözəlliyində estetik istiqamət, cinsi cazibə ilə birlikdədir, sıravi insanlar bu ikisini bir-birindən ayıra bilməz, qadın və kişinin gözəlliklərini yalnız estetik cəhətdən görə bilməzlər. Belə olduğuna və bu gözəlliklərə baxan insanlar cinsi arzu və təmin cəhətdən də (və daha çox bu istiqamətdən) baxdıqlarına görədir ki, gözəllər və xüsusilə gənc qadınlar reklamlarda materia kimi istifadə edilirlər.
Özünə inanan bütün insanların ən böyük vəzifəsi, günaha batmaq imkanı, ətrafında günaha dəvət edənlər olduğu halda, imanı və iradəsi ilə bu imkana, bu dəvətə qarşı dözmək, dininin və milli - mənəvi dəyərlərinin əmr və qadağalarına riayət etməkdir. Müsəlman olsun, qeyri-müsəlman olsun, insanların başqa bir vəzifəsi də, qarşı tərəfi günah və əxlaqsızlığa təhrik və təşviq etməkdən uzaq durmaqdır. Bu uzaq durmaq dinə hörmətdən, insana yaraşan şəfqətdən, yəni əxlaqdan və mədəniyyətdən qaynaqlanmaqdadır.
Qarşı tərəfin narahat olacağını, özünü qorumaqda çətinliyə düşəcəyini bilə - bilə açılıb saçılıb insanların arasına çıxanları bir az sadist də hesab etmək olar, çünki başqalarının narahat olmağından (onları təhqir etmələrindən) ya zövq alırlar ya da ən azı buna fikir vermirlər.
İstənilən cəmiyyətin adət - ənənəsi, əxlaq anlayışı, bir və ya daha çox dini var. O cəmiyyətdə yaşayan və cəmiyyətin nemətlərindən faydalanan şəxslərin bir vəzifəsi də, cəmiyyətin həyat tərzinə zidd olan davranışlardan uzaq dayanmaqdır. Fərdi azadlıqlar, azad sevgi adı altında cəmiyyət dəyərlərini heçə saymaq mədəniyyət və əxlaqa ziddir; heç kimin buna həddi və hüququ olmamalıdır. Birgəyaşayış modelləri fədakarlıq istəyir; bu fədakarlığın içində zorakılıq törədəcək şəxslərin bunu etməməsi üçün özünə müəyyən qadağalar qoyması, nəzarət etməsi var, amma bununla yanaşı qarşı tərəf də təhrikdən qaçmaq üçün (açıq - saçıq geyinmək, gözəl və cazibədar bədən quruluşunu göstərmək kimi) bəzi arzularından fədakarlıq etməlidir.
Cinsi zorakılığın qarşısını cəza üsulu ilə almaq həm mümükün deyil, həm də indiki şərtlərlə uyğun gəlmir. İctimai qınaq və vətəndaş vicdanı burada çox əhəmiyyətli rol oynayır; əgər cəmiyyət təcavüz edəni, qarşı tərəfin həddi aşmasına görə - haqqlı sayırsa, zorlayanı yox və ya bununla yanaşı zorlanmağa səbəb olan tərəfi də qınayırsa, belə olan halda zorlama hadisəsinin qarşısını təkcə cəza yolu ilə almaq mümkün deyil.
Təhsil səviyyəsinin yüksəldilməsinə gəldikdə isə, bunu da bir balaca ciddi şəkildə düşünmək lazımdır. Cinsi zorakılığa məruz qaldığını iddia edən qadınlar təhsil yolu ilə insanların belə hərəkətlər etməyəcək səviyyəyə gətirilməsini istəyirlər. Biz buna bir söz demirik, ancaq təhsil, həm təcavüzü, həm də təhriki önləyəcək formada verilməlidir. Təhsil yolu ilə kişilə qadın arasındakı cinsi cazibəni yox etmək mümkün deyil, siz nə dovşanı tazı, nə də tazını dovşan edə bilməzsiniz (yəni həm bunu bacara bilməzsiniz, həm də buna mənəvi haqqınız yoxdur). Məntiqlə düşünsək, dovşan başıboş gəzərsə, tazının gözünün qabağında oynayarsa, tazı da onu qovub tutmalıdır.
Cinsi istismarın, təcavüzün və təhqirin hər növü qınanmalıdır, baş verməməlidir, ancaq tərəflərdən birinin heç bir qüsuru (təhriki, təşviqi, bilərəkdən ya da bilməyərəkdən dəvəti) olmadığı halda edilən təcavüz və zorakılıq halları daha ciddi bir formada qınanmalı və istənilən formada qarşısı alınmalıdır. Məhz, bu cür təcavüzlərin qarşısını həm cəza, həm də təhsil yolu ilə almaq mümkündür, təbiidir və lazımlıdır.
"Keçmişdə nənələrinizin örtdüyü şal da bizi narahat edir" - deyən bəzi modernmiş kimi görsənən xanımlara bir şeyi xatırlatmaq istərdik: Cinsi arzu insanın yaradılışında mövcuddur və lazımlıdır. Bu arzunu təmin etmək istəyən bunu qanuni formada da təmin edə bilər. Təmin etməyə imkanı olmayanları xahiş edirik, qeyri - qanuni yollara təhrik etməyin!..
Nənələrimizin örtdüyü şal əsla və əsla geridə qalmışlıq nümunəsi sayıla bilməz. Bu gün başını örtənlərdən də narahat olmağa dəyməz. Bundan narahat olmaq sonradan mədəni görünmək üçün insanların özlərinə təlqin etdikləri (amma əslində o qədər də mədəni olmayan) bir duyğudur. Başını örtən inancından dolayı ya da sırf xoşu gəldiyi üçün başını örtürsə ona da hörmətlə yanaşmaq lazımdır. Bundan narahat olanlar isə rica edirəm, başqa vaxt ağızdolusu qışqırdıqları "biz liberal dəyərlərə əsaslanırıq" - fikirlərini lütfən unutmasınlar.

Комментариев нет:

Отправить комментарий