Страницы

28.12.2012

HƏRƏMXANADAN TƏNQİD GƏLİB


Zamin HACI

“Yalama, çəkməm kirlidi,
Hürmə, canım fikirlidi,
Əl çək, ay Allahın iti,
Mən sənin yiyən deyiləm”
               (Ramiz Rövşən)

Fazil Mustafa adında bir saxta deputatxana üzvü vardır, mən ümumən çalışıram onun sərsəm söhbətlərinə fikir verməyim. Çünki yapokratiya bunun kimilərinin boğazına mandat çatısını həm də müstəqil mətbuatı söymək üçün keçirdibdir. Biz ona cavab verdikcə, şübhəsiz, Mustafa əkənin boşqabına növbəti porsiya qoyulur. Yoxsa onu orda nədən saxlasınlar? Düyməbasan o qədərdir ki, hələ əlində 1 milyon qapıda növbəyə duranları demirəm. Ancaq hərdən bunun iynəsini vurmaq lazımdır, çünki qırx günlük müddət ötəndə cəmiyyət üçün təhlükəli hala düşür. 
Bugünlərdə yenə hardasa mənim adımı çəkib, düzü, yazını facebook şəbəkəsində, hansısa dostumuzun divarında gördüm, heç dərc edildiyi yerlə maraqlanmadım. Haqqımda yazıb ki, Zamin Hacı mətbuat lakeyidir. Guya bununla mənə öldürücü zərbə vurmuşdur. 
Bir haşiyə çıxım ki, Fazil Mustafa vaxtilə məni öz cızmaqaralarında “təlxək” adlandırmışdı. Bu da onun savadsızlığını göstərirdi, çünki təlxək şahın sarayında olub, şahı güldürmək üçün fəaliyyət göstərib. Mənim yazılarımın İlham Əliyevi güldürməsi haqda isə heç bir məlumatım yoxdur. Bəlkə Fazil əkənin məlumatı var, tez-tez İlham Əliyevlə birgə gülürlər - deyə bilmərəm. Mənim işim oxucuların, camaatın onsuz da dilxor vəziyyətini bir qədər aradan qaldırmağa yönəlib, buna azca nail olmuşamsa, sevinirəm. Əgər adamlar Fazil Mustafa kimi tipləri görəndə dilxor olursa, ürəyi bulanırsa, mənim yazılarımı oxuyanda isə sevinirsə, hansı daha yaxşıdır? Və deputatxana üzvünə demək istərdim ki, şahın sarayında hətta təlxək olmaq belə xacə, xədim vəzifəsində işləməkdən, qanunverici-hərəmxanada qulluq etməkdən min dəfə şərəflidir. Ola bilsin tarixən xədimlər təlxəkləri sevməyiblər. Tarixçilərdən soruşmaq lazımdır. 
Keçirəm lakey məsələsinə. Bəli, mən mətbuatın nökəriyəm, qulluqçusuyam, bundan zərrə qədər də peşman deyiləm (Müəyyən qədər pafoslu çıxdı, oxucular üzürlü saysın). Bəs sən özün kimin lakeyisən, Fazil Mustafa əkə? Bəlkə ayıbına kor olasan? Əbülfəz Elçibəy kimi böyük insana, onun ideyalarına xəyanət edib yapokratiya boyunduruğu altına keçməyə, şərə qulluq etməyə “böyük quruluş” kimi kasıb itinin adlarından qoymaqla iş düzəlmir axı. Onsuz da camaat kimin kim olduğunu bilir. Yaxınlarda mətbuata gəlişimin 20 ili tamam olacaq, bu 20 ildə yazdığım minlərlə sözün bircə cümləsindən imtina etməmişəm, harda işləməyimdən, yaşadığımdan asılı olmayaraq öz sözümü demişəm. Ancaq Fazil Mustafa bu illərdə bəlkə 20 dəfə mövqeyini dəyişib, yazdıqlarından imtina edib, hələ başqalarına utanmadan “şərəf və ləyaqət”, “düzgünlük” dərsləri keçmək istəyir. Mümkün deyil, Fazil Mustafa. Mənim yazığım gəlir sizə, sadəcə. Üstəlik, belə dönük adamın öz yazılarında Həzrət Əli kimi dönməz İslam xadiminə istinad eləməsi, ondan sitatlar gətirməsi ümumiyyətlə ayıbdır. Başa düşürəm ki, quyruq qapı arasında qalanda hətta rüşvətxor YAP deputatı da İsa peyğəmbərdən misal gətirirdi, deyirdi, kimdə günah azdırsa, daşı o atsın və sairə. Ancaq bizim atalar sözü də var, deyir, yalan ayaq tutar, yeriməz. Sizin rejimin yalanları da indi ayaq üstdədir, yeriyəcəyinə isə inanmayın. 
Görkəmli yazıçımız Seymur Baycan hələ 6-7 il qabaq yazdığı bir romanında “Fazil Mustafa” adlı obraz yaratmışdı. Bu “Mustafa” həccə gedirdi və orda ölürdü. Təfərrüatları Seymur bəydən dəqiqləşdirmək olar, təəssüf indi yadıma düşmür. Ancaq hesab edirəm yazıçı bu obrazı böyük uzaqgörənliklə yaratmışdı. 
İndi bu ölü xortlayıb və camaata cəhənnəmdən məktublar gətirdiyini zənn edir. Və dönməsi, dönüklüyü ilə fəxr edir. Yəqin təzəlikcə Bakıya yağan güclü yağışın işləridir, ölüləri üzə çıxardıb. Hərçənd bura Makondo deyil...

Redaksiyadan: Yazının üslubunu, şəxsinə yönəlik ittiham və ağır sözləri nəzərə alaraq Fazil Mustafaya cavab haqqı tanıyırıq.

musavat.com

Комментариев нет:

Отправить комментарий