Страницы

01.12.2012

"Hollivud nəcis iyi verir"

Kusturitsa: "Siyasətçiləri məlum yerə göndərərəm"

Məşhur serb rejissoru, “Andeqraund”, “Qara pişik, ağ pişik”, “Qaraçıların zamanı” kimi filmlərə imza atmış Emir Kusturitsanın “İki həftəlik afişa” jurnalına verdiyi müsahibəsini ixtisarla təqdim edirik.

- Kinematoqrafda iki yol tanıyıram. Birincisi, inanırsan ki, filmlərinlə dünyanı dəyişə biləcəksən. Bunun mümkünsüzlüyünü çox tez anladım. İkincisi, əgər bu dünyanı dəyişə bilmirsənsə, onun əleyhinə çıxa bilərsən. Bu gün Yer adlı planetdə onu istehlakçılar dünyasına çevirən diktator rejimi at oynadır.
Dünya dayanmadan praqmatikləşir. Hər şeyin öz qiyməti var. Dünya utopiyasız qalıb.  

Utopiyanı siz yaradırsınız.
- Mən onu yaratmaq istəyirəm.

Əgər bu evə gəlsəydim və kürsüdə yırğalanan, zəiflikdən əlləri yanına sallanan şişman, eynəkli bir kişi görsəydim, hansı ki, çəkmir, ət yemir...
- Bu arada mən vegetarianam. Bosniyada müharibə başlayandan.

Olsun... Əgər Kusturitsanın filmləri, belə ifadə etmək olarsa, din və ideologiyadırsa, onda Kusturitsa özü də peyğəmbərdi. Və əgər Kusturitsa peyğəmbərdisə, deməli, o, elə peyğəmbər kimi görünməlidi.
- Mən peyğəmbər deyiləm, mən anarxistəm.

Axı elə anarxiyanın peyğəmbəri rolunda da çıxış etmək olar.
- Mənim ideyalarımda qeyri-adi heç nə yoxdu. Sadəcə hesab edirəm ki, insan üçün ən mühümü öz emosiyalarını kənardan sırınan sərt nəzarətdən azad etməkdi. Hələ “Arizona xülyaları”nı çəkərkən bir amerikalı prodüser məni anarxist adlandırmışdı. O vaxtadək özümü sosial-demokrat sayırdım. Sonra onun haqlı olduğunu anladım. Anladım ki, sistemin bir hissəsi olmaq, şər cəmiyyətin bir hissəsi olmaq, iylənməyən, qoxulamayan, tamamilə steril olan “Mister Heç kim” adlı kinematoqraf üçün işləmək iyrənc bir məşğuliyyətdi. Amma mən peyğəmbər deyiləm. Peyğəmbər olmaq üçün həddən artıq tənbələm. Ondansa bir-iki saat artıq yataram. Bu yaxınlarda tanış olduğum bir danimarkalı mənim Serbiyanın prezidenti olduğumu düşünmüşdü – axı Kusturitsayla Koştunitsa (Voislav Koştunitsa, Serbiyanın 69-cu baş naziri, Yuqoslaviyanın 5-ci prezidenti – red.) arasında bir neçə hərf fərqi var. Yanıldığını anlayanda çox məyus olmuşdu: “Axı niyə?! Çexlərin Haveli (Vaslav Havel, Çexiyanın birinci prezidenti – red.) var. Siz niyə prezident olmayasınız ki? Axı siz də rəssamsınız?!” Hətta Bosniyada belə mənim özümü Havel kimi aparacağımı gözləyirdilər. Amma mən o qədər də çirkli, tamahkar və əbləh deyiləm. Bir də ki mən eqoistəm. O kürsüdə bir-iki gün oturub, sonra bütün siyasətçiləri məlum yerə göndərərəm. Özümsə baş alıb gedərəm. Çünki mən anarxistəm. Çünki mən yalnız bu musiqini ifa edirəm.          

“Atam ezamiyyətdə” filminə görə “Qızıl palma budağı”nı alandan sonra “No Smoking Band” qrupuna qoşuldunuz. Bu hərəkətinizi konseptual bədii jest, provokasiya kimi qələmə verdiniz.
- Düz buyurursunuz. Bunların hamısı hələ Sarayevoda kommunist sisteminin çiçəkləndiyi bir dövrdə baş vermişdi. Məni kinoməktəbə professor təyin etməyə hazırlaşırdılar. Və mən “No Smoking Band”lə çıxış edəndən sonra Mədəniyyət Nazirliyində iclas çağırıldı. Orda pank-qrupun gitaraçısının kinoməktəbdə professor olması məsələsi müzakirəyə çıxarılmışdı. Heç özüm də sistemin bir hissəsi olmaq istəmirdim. Bilirsiz, “Qızıl palma budağı”, na necə deyirlər, ya “Qızıl şir”i alanda...  

Təəssüf ki, bilmirəm.
- Üç yüz min əhalisi olan Sarayevoya gəlirsən... Nə etmək olar ki? Ya sistemin bir hissəsinə, rəmzinə, müdafiəçisinə çevrilməlisən, ya da kənarda qalmağa çalışmalısan. Əgər mən rejissor Kusturitsanın prodüseri olsaydım, onunla olduqca ehtiyatlı davranardım. Çünki film çəkmək çox incə prosesdi. Əgər basqı və tələb etsəm – söyüşün biri bir qəpiyə olacaq və hər şey yarıda kəsiləcək. Bəlkə də yeganə avropalı rejissoram ki, bir milyondan imtina etmişəm. Və ona görə yox ki, belə yaxşı adamam, sadəcə sərt şərtlərlə işləməyi bacarmıram.

Müsahibələrinizdən birində Sercio Leonenin “Yaxşı, Pis, Qəzəbli” filmində Klint İstvudun yerişini yamsılayaraq ölümə gedən serb əsgərləri barədə danışmışdınız. Açığı, yanaşmanızı anlamadım. Siz Leonenin qəhrəmanlarını xoşlayırsınız?
- Çox. Birincisi, ona görə ki, Sercio Leone solçuydu və üstəlik də qeyri-adi dağıdıcı gücə malikdi. Əslində bu, ikinci səbəbdi. Birincisisə, on iki yaşım olanda ilk dəfə kinoteatra valideynlərsiz getdim və onlarsız izlədiyim ilk film Sercio Leonenin əsəri oldu. Seansdan sonra isə Sarayevonun dəliqanlı döyüşçüləri dava saldılar. Mən hər ikisindən ləzzət aldım.

Zənnimcə, Hollivuda münasibətdə çox zilə qalxırsınız. Halbuki ora Hamfri Boqart kimi aktyor yetişdirib...
- Yanılırsınız. Gəlin məsələyə aydınlıq gətirək. Mən Frenk Kapranın, Ernst Lyubiçin filmlərindən öyrənmişəm. Mən yalnız müasir Hollivudla heç bir ortaq nöqtəmin olmasını istəmirəm. Müasir Hollivud nəcis iylənir. Hollivud kinosunu iki mərhələyə ayırmaq mütləq şərtdi – otuzuncu, qırxıncı, əllinci illər tam fərqlidi. Mən bu illərin Hollivudundan dərs almışam. Amma Bryus Uillisin, Kevin Kostnerin və ... (burda yeddimərtəbəli söyüş söyür - müxbir), söz tapa bilmirəm, bu - ətraf mühitin çirklənməsidi, onlar radiasiya tullantılarından və bombardmandan betərdilər.

Yeniyetməlik illərimdə Şvarsneggerin “Yırtıcı”sı mənə kömək edirdi. Bu cür filmlər indiyədək xoşuma gəlir.
- Həqiqətən də, əla filmlərdi. Amma onlar müstəsnadı. Elə “Terminator” haqda da eynisini söyləmək olar. Şübhəsiz ki, Hollivudda vaxtaşırı İncil düşüncə tərzində film çəkənlər tapılır. Elə “Terminator” da bu silsilədəndi. Amerika kinosunun ziddinə deyiləm. Amerika kinematoqrafı həyatımda mühüm yer tutur. Lakin haqqında söhbət açdığım Hollivud “Yeni düzən”ə uyğunlaşıb, o, sənə bəşəriyyətlə heç bir əlaqəsi olmayan dəyər sistemini sırıyır. Hollivud filmlərinin dəyərləri cansızdı, nəfəs almır. Axı onlar nəfəs almırlar.

Sizin evdə adama elə gəlir ki, bayırda 68-ci ildi və tələbələr tezliklə küçələrə axışacaq.
- 68 heç vaxt təkrarlanmayacaq.      

Çevirdi: Kifayət Haqverdiyeva              kulis.az

Комментариев нет:

Отправить комментарий