Страницы

29.12.2012

Nurçular: İslam masonları?

Nurçular cərəyanının yaradıcısı Səid Nursi (1876-1960) Türkiyənin Nurs kəndində anadan olub. Ümumi adı “Risaleyi-nur” olan 14 cildlik əsərin müəllifidir. Burada müxtəlif dini ənənələrdə İlahi vəyhlərin birliyi, dünya, əbədiyyət, cənnət və cəhənnəm, Qiyamət günü barədə danışılır.
Nurslu ilahiyyatçı fikirlərini sufizm terminləri ilə izah edir, bu səbəbdən də, onun dini nəzəriyyəsində mistik obrazlar – nur, şölə, halə aparıcı yer tutur. Bu, ərəb hafizlərinin ənənəvi təfsirlərindən fərqlənir. Səid Nursi, xristian kilsəsinin müqəddəs atalarının ruhunda müsəlmanların müqəddəs kitabının daxili-əxlaqi mənasını anlamağa çalışıb. Türk ilahiyyatçısının yaradıcılığının çiçəklənməsi Osmanlı İmperiyasının dağılma dövrünə təsadüf edir. 20-ci illərin ortalarında Səid Nursi Mustafa Kamal rejimi təmsilçilərini praktik müsəlman qalmağa və gündə 5 dəfə ibadət etməyə çağırıb.
Bu səbəbdən də Nursi müntəzəm olaraq həbs və sürgün həyatı yaşayıb, daha doğrusu, həyatıının böyük bir hissəsi həbs və sürgünlərdə keçib. Çətinliklərə baxmayaraq, o, öz kitablarını yazmağa davam edib, tələbələr arasında çoxlu şagird qazanıb. Nursi təqiblərə suficəsinə barışqanlıqla yanaşıb, həmişə öz loyallığını və ölkədəki siyasi quruluşa müqavimət göstərmədiyini vurğulayıb. 1950-ci illərdə Türkiyədə döyüşkən sekulyarizm əhval-ruhiyyəsi öləziyəndə Səid Nursi və onun əsərləri məhkəmədə bəraət aldı.
Fətullah Gülən hərəkatı – Səid Nursinin təliminə əsaslanan 9 qrupdan biridir, Türkiyədə nüfuzlu cərəyan hesab olunur. Gülən əleyhdarları onu Türkiyə Respublikasını dünyəvi yoldan çəkindirməkdə ittiham edir, tərəfdarları isə təqib olunan islam təmsilçisi kimi qələmə verirlər.
O, 1942-ci ildə Ərzurumda doğulub. İbtidai təhsil alandan sonra özü islam təhsili ilə maraqlanıb, Nursi təliminin ardıcılı olub. 1959-cu ildə Türkiyə Cümhuriyyəti Diyanət İşləri üzrə Dövlət Komitəsinin nəzdində rəsmi işə başlayan Gülən təqribən 30 il Türkiyənin Ədirnə, Qırxlareli, İzmir, Ədrəmit, Manisa, Çanaqqala və s. bölgələrində müxtəlif vəzifələrdə çalışıb. Anadolu boyu səyahət edib və öz ideyalarını tələbə və şagirdlər arasında yayıb. Onun xütbələrində təhsilə, darvinizmə, iqtisadiyyata, sosial ədalətə yer ayırılıb. Belə hesab olunur ki, o, S.Nursinin təlimini adaptasiya edib. Onun böyük emosionallıqla, hətta bəzən göz yaşı ilə fərqlənən çıxışları videoya çəkilərək yayılıb.
70-ci illərin sonlarında Ağsaqqallar Şurasının idarə etdiyi Nur hərəkatından ayrılıb və öz cərəyanını yaradıb və bu, cərəyanın yeganə lideri olub. O, 1988-1991-ci illərdə Türkiyənin böyük şəhərlərindəki məscidlərdə çalışır, bu zaman onun şöhrəti xüsusən də nurçular arasında artır. Türkiyənin sağ-mərkəzçi partiyaları ilə müttəfiqlik edərək, 90-cı illərdə ictimai fiqura çevrilib.
90-cı illərdə Gülən icmalar və təriqətlər arasında dialoqa bəraət qazandıran məqalələr dərc etdirib. Öz əsərlərində o bildirir ki, müasir dünyada din əxlaqı və imanı qorusa da, elmi metodları qəbul etməkdən imtina etdiyi üçün əziyyət çəkir. Gülən 60-dan çox kitab yazıb, bu sırada “Müdriklik inciləri”, “İman barədə sual-cavablar”, “Qlobal sivilizasiyada sevgi və tolerantlığa sarı”, “Məhəmməd Peyğəmbər hərbi rəhbər kimi” əsərləri də var.
Fəhullah Gülən Roma Papası II İohan Pavel, yunan pravoslav kilsəsinin patriarxı Bartolomeos, İsrail sefardlarının baş rabbisi Bakşi-Doronla görüş keçirib. 500-ə yaxın məktəbin, liseyin, təhsil müəssisəsinin, o cümlədən müxtəlif fondların əsasını qoyub. Hərəkat təkcə Türkiyədə deyil, Mərkəzi Asiya, Rusiya, Balkanlar, Monqolustan, Banqladeş və bəzi qərb ölkələrində də məktəblər açır. Belə məktəblərdə tədris təkcə islamla məhdudlaşmır, çünki Gülənin ideyası elita yetişdirməkdir.
Gülən hərəkatı onun ideyaca rəhbərlik etdiyi könüllülər təşkilatından ibarətdir. Onların üzvləri əsasən bu hərəkatın məktəblərində təhsil alan insanlardır. Hərəkat bir neçə yüz min adamı əhatə edir, bu, Türkiyədə ən böyük islam hərəkatıdır. Məktəb və universitetlərdən başqa, hərəkat lobbiçi qruplaşmalar, işçi assoasiasiyası və s. təsis edib. 2007-ci ilin oktyabrında hərəkat Londonda konfrans keçirib, orada dinlərarası dialoq, mədəni mübadilə və s. problemlər müzakirə olunub. Burada bir neçə Britaniya universitetinin təmsilçisi iştirak edib. Gülən 11 sentyabr terror aktlarını pisləyib, müsahibəsində deyib ki, islam obrazına ləkə yaxan Ben Ladenə nifrət edir. Tolerantlığa çağırışlarına rəğmən, 2004-cü ildə terrorizmi ateizmə bərabər tutduğu üçün onu tənqid ediblər. “Türkiyə islamı və dünyəvi dövlət: Gülən hərəkatı” küitabının müəllifi Hakan Yasuzun fikrincə, F.Gülən və ardıcılları digər Nur təmsilçilərindən xüsusi şəkildə fərqlənir. Gülən ideyaları türk millətçiliyindən qidalanır, dövlətə istiqamətlənir, bazar istiqamətinə və neoliberal iqtisadi siyasətə yönəlib.
Gülən islamla müasirliyi birləşdirməyə çalışır, göstərmək istəyir ki, islam modernləşməyə cəhd edir. Fəaliyyətə istiqamətlənmiş Gülən hərəkatı hesab edir ki, islam təkcə beş dəfə ibadət etmək və Səid Nursini öyrənmək demək deyil, həm də fəal iş görmək, müxtəlif institutlar – xəstəxanalar açmaq, məktəblər yaratmaqdır. Gülənin fikrincə, müasir dünyanın əsas dəyəri – bilikdir və uyğun olaraq, bu biliklərə nəzarət etməkdir. Bütün dünyada təhsil müəssisələri şəbəkəsi yaratmağa meyl də buradan qaynaqlanır. Hakan Yasuzun sözlərinə görə, Gülən hərəkatı ərəb ölkələrində fəallıq göstərmir, çünki onları ABŞ və MKİ-nin casusları hesab etdiklərindən, ora buraxmırlar. Eyni zamanda ona qlobalist hərəkat kimi baxırlar. Bundan əlavə, gülənçilər hesab edirlər ki, ən yaxşı islam Türkiyədəki islamdır və onun ərəb ölkələrində qəbul olunmaması da bununla bağlıdır.
Gülənin və ümumiyyətlə, nurçuların fikrincə, islam dövləti barədə fikirlər antiislami xarakter daşıyır. Şüurlu müsəlman tərbiyə etmək, müsəlman şəbəkəsi yaratmaq olar, amma islam dövlət modeli olduqda islamlıqdan çıxır. Tədqiqatçı hesab edir ki, Gülənin əsas məqsədi – müsəlmanları müasir proseslərə, demokratiyaya, bazar iqtisadiyyatına cəlb etmək və böyük regional dövlət olaraq Türkiyənin möhkəmləndirilməsidir.
Gülən ardıcılları çox zaman özünü camaat hesab edir. Onları camaat, ya çoxpilləli şəbəkə kimi qiymətləndirmək məsələsi sual kimi aktualdır. Yasuzun fikrincə, Gülən ardıcılları hərəkatdır, onların ümumi məqsədləri var, horizontal şəbəkələrdən ibarətdirlər. Bu azad şəbəkələrə Gülən rəhbərlik edir. Belə şəbəkələrin ierarxik qaydada təşkil olunması şərt deyil, amma onların arasında üç həlqə fərqlənir. Birinci – Gülənin əhatəsindəkilərdir, ikinci həlqə – hərəkatın ümumi məqsədləri üçün çalışanlar, üçüncü həlqə isə hərəkata rəğbəti olanlardır – sonuncular KİV-də təbliğati və maddi dəstək məsələləri ilə məşğul ola bilərlər. Hər həlqə özlüyündə şəbəkələrdən ibarətdir. Onları ümumi həmrəylik və müsəlman qardaşlığı etikası birləşdirir. Amma hər şey Gülənin liderliyi üzərindədir, o, dünyasını dəyişərsə, hərəkat parçalana bilər. Amma əksinə də ola bilər, məsələn, Səid Nursinin ölümüdən sonra onun yaratdığı hərəkat genişlənmişdi.
1998-cildən Gülən ABŞ-da, Şərqi Pensilvaniyadakı mülkündə yüzlərlə tərəfdarları ilə birgə yaşayır. O, Amerikaya müalicəyə gəldikdən bir neçə ay sonra Türkiyədə onu öz tərəfdarlarını islam dövləti yaratmaq üçün ictami sferaya və dövlət qulluğuna yeritməkdə ittiham etməyə başladılar. 2000-ci ildə Güləni Türkiyə məhkəməsi dünyəvi hökumət əleyhinə qəsddə ittiham etdi. Düzdür, Ali məhkəmə 2006-cı ildə bəraət verdi.
Azərbaycanda cəmiyyətdə dinin rolu ətrafında başlayan ziddiyyətlər şəraitində özünə birmənalı münasibət doğurmayan türk teoloqu Fətulla Gülən hərəkatı Bakıda mülayim, siyasi cəhətdən qəbul olunan islamı təcəssüm etdirmək cəhdləri ilə çıxış edir.
Amma Gülən hərəkatına mane olmağa qadir olan bir sıra amillər var.
Azərbaycanda “nurçular” kimi bilinən Gülən hərəkatı ölkədə daha çox təhsil proqramları ilə tanınır. 1990-cı illərin əvvəllərində hərəkat Azərbaycana yenicə yol tapanda məmurlar onu yaxşı qarşıladılar.
O zaman Türkiyədəki cəmiyyətin dünyəvi və islam seqmentinin təmsilçiləri öz aralarındakı ziddiyyətlərə baxmayaraq, Ankara ilə gənc, müstəqil Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin möhkəmləməsinə çalışırdılar.
Bu tendensiyanı daha yaxşı anlamaq üçün Bostonun Şimal-Şərq Universitetinin professoru Bverna Turamın “Dövlət və islam arasında” əsəri ilə tanış olmaq lazımdır.
Bu gün Bakının yanaşması dəyişib. Rəsmi Bakı Gülən hərəkatına daha ehtiyatla yanaşmağa meyillidir.
Yanaşmadakı bu cür dəyişikliyin bir səbəbini də Türkiyənin özündəki siyasi proseslərlə izah etmək olar. Dünyəvi hakimiyyət olan Əliyev adminstrasiyası üçün Türkiyənin kamalist rəhbərliyilə münasibət saxlamaq daha asan idi (2002-ci ildə dini-mühafizəkar Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldi). Hesab olunur ki, Ərdoğanın rəhbərlik etdiyi partiya Gülənlə sıx əlaqəlidir və bu, Bakıda narahatlıq doğurur.
Təxminən 10 ildir hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası türk dövlətçiliyinin “dinlə siyasətin ayrılığı” prinsipi əsasında qurulan dünyəvi modelini sarsıtdı. Uyğun olaraq, rəsmi Bakıda sual yarana bilər: Ankara Azərbaycanın dünyəvi siyasi rəhbərliyinə nə dərəcədə dəstək olacaq?
Əslində, Azərbaycanda hakimiyyət özününkündən fərqlənən siyasi baxışlara getdikcə daha çox dözümsüzlüklə yanaşır, bu da istənilən əcnəbi dini təsiri məhdudlaşdırmaq cəhdində özünü göstərir.
Halbuki müşahidə olunan tendensiyalara baxmayaraq, Azərbaycan hakimiyyətinin Gülən hərəkatına qarşı hücuma keçməsi az inandırıcıdır. Bir tərəfdən, Türkiyədə güclənməkdə olan hərəkatın nüfuzunu nəzərə alsaq, belə addım Bakı ilə Ankara arasındakı stareji münasibətləri təhlükə altında qoya bilər. Digər tərəfdən, hərəkat çox uğurlu ali təhsil müəssisələrinin şəbəkəsini təşkil edib, bəzi məlumatlara görə, burada Azərbaycanın bir çox nüfuzlu vəzifə sahiblərinin övladları təhsil alır. Başqa bir səbəb Azərbayan hakimiyyəti təmsilçilərinin Gülən hərəkatı ilə əlaqəli şəxsləri ilə işgüzar münasibətlərinin olmasındadır.
Gülən hərəkatının Bakıda ölkənin dini həyatındakı əsas iştirakçıları ilə münasibətlərində də bir qədər gərginlik var. İran İslam Respublikasının ilhamlandırdığı radikal şiələr bu hərəkatı passiv və konformist hesab edirlər. Məsələn, təhsil müəssisələrində hicaba qadağa ilə bağlı aksiya iştirakçılarının yalnız şiələrdən ibarət olmasını xatırlamaq yetər, gülənçilər bu etirazlarda fəal iştirak etmirdilər. Digər tərəfdən, sələfilər bu hərəkatın texnoloji və hətta dini yenilikləri şövqlə qəbul etmələrindən narazıdırlar. Səuidiyyə Ərəbistandan ilhamlanan bu mühafizəkarlar onları islam üçün yolverilməz hesab edirlər.
Vaxtaşırı uğursuzluqlara rəğmən, Gülən hərəkatı səmərəli şəbəkə yaradıb, bura məktəblərin məzunları, onlara dost münasibəti bəsləyən məmurlar və hərəkata rəğbəti olan biznesmenlər daxildir. Onların nisbətən mötədil islamla və türk millətçiliyi ilə təbliğ etdiyi ideyalar Azərbaycan sakinlərinin, xüsusən gənclərin qəlbinə getdikcə çox yol tapır, gənclər bu ideyalarda həm dünyəvi dövlətə, gəm də islamn İran modelinə alternativ görürlər. Amma özündə liberal sekulyaristləri, ziyalı təmsilçiləri, şiələri, qeyri-türk xalqlarını biləşdirən və dünyəvi dövlətin əzəl prinsipləri əsasında təşəkkül tapan Azərbaycan cəmiyyətinin plüralist xarakteri ökəmizdə bu hərəkatın ideyalarının yayılmasında məhdudlaşdırıcı təbii amil rolunu oynayır.

Hazırladı: Rəşad Əliyev                   ann.az

Комментариев нет:

Отправить комментарий