Страницы

31.12.2012

Qaraçuxurun qara çuxurları və yaxud ilin son yazısı

Babək Göyüş

İlin son yazısında adətən jurnalistlər ilk boyu Azərbaycanın və dünya ölkələrinin ictimai-siyasi, mədəni və idman sahəsində əldə etdiyi uğurlarından və yaxud əldə edilməyən proyelərindən yazırlar.
Düzdür, Azərbaycan 2012-ci ildə bir ölkə kimi siyasi müstəvidə daha da tanınması üçün bir sıra layihələrə imza atdı. Eurovision-2012 musiqi bayramı, 17 yaşlı futbolçu qızlar arasında keçirilən dünya çempionatı, digər idman yarışları, bəzi siyasilərin Azərbaycana rəsmi səfərləri…
İqtisadi baxımdan da Azərbaycan istər Beynəlxalq layihələrdə, istərsə də Avropa Birliyi həndəvərində dayanıqlı iqtisadi durumunu bir daha təsdiq etdi. Ancaq Azərbaycanı gözdənsalan bəzi məqamlar da oldu. Xüsusilə, iqtidarın yetişdirdiyi Elşad Abdullayev kimi professorun sonradan iqtidarın rüşvət olayını qabartması bir daha onu sübut etdi ki, hələ ölkənin siyasi ab-havasını dünya çapında korlayan çox məqamlar var və o məqamlar cəmiyyətin durulaşmasına mənfi təsir göstərir.
Ancaq inanırıq ki, növbəti parlament seçkilərinə qatılan və yaxud icra hakimiyyətinin başçısı vəzifəsi iddiasına düşən hər bir Azərbaycan vətəndaşı bu işə qol qoymazdan öncə çiyninin üstündə Elşad Abdullayevin kamerasını hiss edəcək…
“Azərbaycanlıyam” xəbər portalı da 2012-ci ilin istehsalı oldu. Və qısa zaman kəsiyində özünə oxucu kütləsi toplaya bildi, reklam bazarında isə ölkənin ünlü şirkətlərilə işbirliyinə başladı. Yəqin başlanılan bu iş İlan ilində sürüşə-sürüşə hər kəsin monitorunun içinə daxil olacaq və hər yerdə hamı “Azərbaycanlıyam!” deyəcək.
www.azerbaycanliyam.com saytı yarandığı 2007-ci ildən bu yana ölkənin bütün təbəqəsi haqqında sislilə yazılar yazır və heç vaxt kiminsə şəxsi mənafeyinə toxunmur, yalnız etdiyi işləri “Azərbaycanlıyam” şüarı ətrafında qurur.
Təbii ki, sayt əhalinin bəzi sosial və iqtisadi durumu haqqında da vaxtaşırı məktublar alır və o məktubların doğru-dürüst yazılmasını yerindəcə yoxladıqdan sonra öz səhifəsində yerləşdirir.
Hazırda əlimizdə ilin belə son məktubu var.
Bu məktub şəhərin ən ucqar rayonlarından biri olan Suraxanıdan gəlib. Qaraçuxur qəsəbəsinin Tərlan Şirinov küçəsinin sakinləri yazırlar ki, adıçəkilən bu küçənin üzü ta sovetlərdən indiyədək asfalt üzü görməyib. Məktubu yazan 10 nəfər öz ad və soyadları ilə yanaşı, şəxsiyyət vəsiqələrinin nömrələrini də yazmaqla məktublarının ciddi olduğunu sübut etməyə çalışıblar.
Məsələni yerindəcə yoxlamaq üçün ötən bazar günü hadisə yerinə yollandıq. “Neftçilər” metro stansiyasından üzü Bakıxanov qəsəbəsinə doğru gedən avtobusların birinə minməli oldum. Bakıxanov yarmarkasının arxasındakı yola asanlıqla gedib çatdıq. Ancaq Qaraçuxura dönən yolda 15-20 dəqiqə tıxacda gözləməli olduq. Nömrəsini bilmədiyim kiçik tutumlu avtobusun sürücüsü bunu qarşıdakı
Əhməd Mehbalıyev küçəsinin dar və çala-çuxur olması ilə izah elədi.
Sanki Qaraçuxura bu yolla üz tutmağımız “Qaraçuxur” adının bu qəsəbəyə təsadüfən qoyulmadığını bir daha təsdiq elədi. Sürücü mənim jurnalist olduğumu biləndən sonra dili ağzına sığmadı: “Doğrusu adamın ürəyi ağrıyır, görəndə ki, dəyəri yüz min manatlarla ölçülən təzə avtobuslar çala-çuхur yollarda necə sıradan çıхır. Suraхanı rayonu ərazisindəki Qaraçuхur qəsəbəsinin Əhməd Mehbalıyev küçəsi və qəsəbədən rayon mərkəzinə daхil olan Əmircan qəsəbə yolları elə bir bərbad vəziyyət düşüb ki, buradan avutobusla yoх, heç traktorla da keçmək belə mümkün deyil. Deyəsən, rayon icra hakimiyyətinin başçısı, eləcə də səlahiyyətli dövlət nümayəndələri həmin yollardan istifadə etmirlər. Əgər belə olsaydı, çoх güman ki, həmin yollar çoхdan təmir olunardı”.
Söhbətimizi eşidən sərnişinlərdən biri də ürəkyanğısı ilə danışmağa başalayır: “Qəsəbədə qəribə hadisələrə tez-tez rast gəlmək olur. Bunlardan biri də yolların asfaltlanandan sonra param-parça edilməsidir. Bəllidir ki, məvacibləri o qədər də çox olmayan vətəndaşlar həm də vergi ödəyiciləridir. Həmin vergi toplanaraq dövlət büdcəsinin bir hissəsini təşkil edir. Həmin dövlət büdcəsindən də rayonların abadlaşdırılması üçün hər il vəsait ayrılır. Bu vəsaitlərlə qəsəbənin yolları asfaltlanmalı, abadlıq işləri aparılmalıdır. Amma deyəsən, Qaraçuxur qəsəbəsinin bu istiqamətdə bəxti bağlanıb. Neçə müddətdir ki, qəsəbənin əsas yolu olan Əhməd Mehbalıyev küçəsi bərbad vəziyyətdədir. Elə pəncərədən baxsanız, bunu aydınca görə bilərsiniz. Əsas yolda yaranmış böyük çuxurlar biz sakinlərin, əsasən də sürücülərin zəhləsini tökür. Axı yolda nə qədər dəlmə-deşik olar? Maraqlısı ondadır ki, bu problemin qarşısını almaqdan ötrü hansısa addım da atılmır...”.
Mən də onun həyacanına son qoymaq üçün sözünü kəsirəm: “Doğrudan niyə addım atılmır axı?”. “Bunu Suraxanı rayon icra hakimiyyətinin başçısından soruşmaq lazımdır”. Bu sözləri sürücü deyir. “Bəlkə bu yolun asfaltlanması onların kurasiyasında deyil?”. Bu sualı da mən verirəm və özüm öz sualıma cavab almaq üçün “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevə zəng vururam. Cavab gələn kimi salamlaşıram və soruşuram ki, Pünham müəllim, şəhərin ətraf küçələrinin asfaltlanması hansı qurumun birbaşa səlahiyyətlərinə daxildir?.
“Ətraf və ara yolların yenidən qurulması və asfaltlanması müvafiq icra hakimiyyətlərinin sərəncamı ilə həyata keçirilir. “Azəryolservis” ASC yalnız dövlət əhəmiyyətli və şəhərin böyük küçələrinin asfaltlanması işi ilə məşğuldur”.
Pünhan müəllimlə sorğu-sualımı sürücü və bizə qulaq asan sərnişinlər eşidir. “Suraxanı rayon icra hakimiyyətinə qalsa, bu yol çətin ki, asfalt üzü görər. Bu yol asfaltlanmadan öncə genişlənməlidir, çünki yoldan iki maşın zorla keçir. Sağ tərəfdə isə baxın görün, 5-6 metr enliyində səki və səkinin üstündə yöndəmsiz tikililər var. Bunları söküb yolu niyə genişləndirmirlər?”. Bunu da avtobusda bayaqdan bəri bizə qulaq asan digər sərnişin söyləyir...
Və nəhayət, söz-sözü darta-darta mən getmək istədiyim əsas ünvana çatıram.1941-45-ci il Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önündə avtobusdan yerə enəndə sürücü arxadan “Qardaş, bəlkə sənin qələmin yüngül oldu, buralar bir abıra minər” deyir. Mən də arxaya baxmadan “İnşallah!” sözünü özümdən qabağa havaya deyirəm.
Vədələşdiyimiz kimi, adıçəkilən abidənin önündə məni Ələmdar Rəsulov adlı bir şəxs gözləyirdi. Tanışlıqdan sonra əliylə sol tərəfi göstərdi: “İndi özün bax, bu gölməçədən, uşaq, yaşlı adam keçə bilərmi?”. Bir neçə addım irəli gedib Ələmdarın göstərdiyi yerə baxdım. Doğrudan bura acınacaqlı vəziyyətdə idi. Ələmdargilin yaşadığı Tərlan Şirinov küçəsinədək olan bu 50 metr uzunluğunda olan dalanda o qədər palçıq, su yığılmışdı ki, burdan keçmək üçün yüz faiz ya qayıq sifariş etməlisən, ya da balıqçılara məxsus uzunboğaz çəkmə geyinməlisən. Əks halda burdan keçmək üçün gərək yayın gəlişini gözləyəsən. Yayın gəlişinə isə nə az, nə çox düz 6 ay qalıb.

Tərlan Şirinov küçəsinin acı taleyi

Biz isə Tərlan Şirinov küçəsinə keçmək üçün 1941-45-ci il şəhidlərinin xatirəsinə ucaldılmış abidənin ərazisindən adlamalı olduq. Supermarketin qraşısında dayanıb yol boyu o üz, bu üzə baxdıq. Bura sanki Şəmkir rayonun dağ kəndlərinə oxşayırdı.
“Heç bu yolun təmiri haqda harasa müraciət edibsinizmi?” sualıma Ələmdar az qala qışqıra-qışqıra cavab verdi: “Əlbəttə, şikayət etmədiyimiz yer qalmayıb, ən sonda sizə məktub yazmışıq. Siz yazsanız, bəlkə utanıb bir əncam qılarlar. Yəqin mediada əlaqələriniz çoxdur, Facebook-la da yayılsa, yüz faiz oxuyacaqlar”. Ələmdar cibindən 10 nəfərin ad və soyadı, şəxsiyyət vəsiqələrinin nömrələri yazılmış balaca kağızı mənə uzatdı: “Qoy deməsinlər, mənbə olmadan yazıbsınız. Buradakıların hansını deyirsən, çağırım, söhbət elə”. Mən isə kağızı çevirib oxumağa başlayıram.”Vahid Əhmədov, Ələmdar Rəsulov, Surxay Abbasov, Tahir Abbasov, İsbat Məmmədov...”.
Ələmdarla küçə boyu bir neçə metr o üz, bu üzə getməli oluruq. “Əslində hər şey aydındır, heç kəsi çağırmaq lazım deyil, guya burada Amerika kəşf etmirik ki? Yolun pis gündə olmasından yazırıq”. Bu sözləri deyəndən sonra onunla sağollaşıb avtobus dayanacağına tərəf üz tururam...
...Yazını yazmaq üçün İnternetin köməyilə bəzi məlumatlar tapıram.
Bakı və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişaf proqramında başlıca məsələlərdən biri şəhər və ətraf qəsəbələri birləşdirən yolların təmiri və yenidən qurulmasıdır. Burada, həmçinin qəsəbədaxili yolların da yenilənməsi nəzərdə tutulub. Bu məqsədlə, cari və bundan əvvəlki illərdə müvafiq işlər görülüb. Şəhər mərkəzi ilə yanaşı, ətraf qəsəbələrə gedən yollar da demək olar ki, yenidən qurulub.
Amma bir məsələ var ki, asfaltlanaraq istifadəyə verilən yeni yollar bir müddətdən sonra sıradan çıxır. Bunun səbəbləri barədə mediada dəfələrlə müzakirələr olub. Amma vəziyyət yenə də olduğu kimi qalmaqdadır. Mütəxəssislər hesab edirlər ki, avtomobil yollarına ayrılan vəsaitlər düzgün istiqamətdə xərclənmir. Nəticədə yollar keyfiyyətsiz təmir olunur.
İndi isə ekspertlərin rəyinə qulaq asaq.
Nəqliyyatçıların Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov hesab edir ki, Bakı şəhəri və onun ətraf qəsəbələrinin avtomobil yollarının təmiri 2006-cı ildə dövlət başçısının imzaladığı sərəncamdan irəli gələn məsələlərdir.
“O gündən bu günə kimi, daim Bakı və ətraf ərazilərində yolların təmiri və yenidən qurulması üçün böyük vəsaitlər xərclənir və işlər görülür. Mən deyərdim ki, bu günə qədər bu yollara həddən ziyadə çox vəsaitlər plansız şəkildə sərf olunub. Amma təəssüflər olsun ki, yollar təmir ediləndən, yaxud yenidən qurulandan beş gün sonra bir «əmma»sı çıxır. Məlum olur ki, o yola yenidən kommunikasiya xətti çəkilməli, yaxud əlavə yardımçı işlər görülməlidir. Ona görə də, bu gün Bakı şəhərində yolların tikintisindən söhbət gedəndə mən belə başa düşürəm ki, belə yolların tikintisinə hələ çox xərclər gedəcək. Çünki yolları bu formada heç cür düzəltmək olmaz. Sovet dönəmində hər bir iş planlaşdırma əsasında aparılırdı. Məsələn, bir yol istifadəyə veriləndə bildirilirdi ki, həmin yola müəyyən kosmetik düzəlişlərdən başqa düz 15 il əsaslı vəsait qoyulmayacaq. Ancaq hazırda 2006-2007-ci illərdən bəri 5-6 il keçməsinə baxmayaraq, hər il yenidən qurulmuş yollara xərclər tökülür və yenə də yenidən qurulur. Prezident yəqin ki, qeyd olunan yollarda hansısa qüsurları görüb və bu vəsaiti ayırıb ki, mütləq qüsurlar aradan qaldırılmalıdır” deyə, ekspert əlavə etdi.
Ekspert bildirdi ki, Bakı yollarına ayrılan vəsaitlə nəinki Bakı şəhərinin, hətta ətraf rayonlara gedən yolları da çəkmək olar. “Ona görə də fikirləşirəm ki, yollara ayrılan vəsaitlər düzgün istiqamətdə sərf olunmur və işlər plansız şəkildə həyata keçirilir”.
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli də hesab edir ki, Bakı şəhəri və ətraf qəsəbələrində yolların və inrfrastrukturun qurulmasında çox ciddi işlər görülməlidir: “Bəzi hallarda, bütövlükdə Bakı yollarının və ətraf qəsəbələrindən şəhərə gedən yolların əksəriyyətində artıq yenidənqurma və bərpa işləri gedib. Bu baxımdan, yollara ayrılan vəsait daha çox qəsəbədaxili yollarda istifadə olunsa, yaxşı olar. Qəsəbədaxili yollar çəkiləndə isə digər infrastruktur işləri ilə birgə aparılmalıdır. Ona görə ki, sonradan kanalizasiya xətti çəkilərkən asfalt örtüyünün dağıdılmasına gətirib çıxarmasın. Bu məsələdə şəffaflığı təmin etmək üçün ictimai nəzarətə də şərait yaradılmalıdır. O cümlədən, layihələrin iştirakında yerli bələdiyyərə də bu prosesə nəzarət edən bir qurum qismində önəmli əhəmiyyət verilməlidir”.
İ. Hüseynli bunu belə əsaslandırır ki, bələdiyyələr tabeçiliyində olan infrastruktur işinin keyfiyyətli olmasında daha maraqlıdırlar. Belə olarsa, həm də yola ayrılan vəsaitin səmərəli istifadəsinə də müsbət təkan vermiş olar.
“Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl isə deyir ki, əgər dövlət bir körpünün tikintisinə 120 milyon vəsait ayırırsa, 40-dan çox qəsəbənin yolları üçün 10 milyonun nə qədər az olduğu aydın görünür. “Düzdür, bu vəsaitlə bəlkə bir çox qəsəbənin yolunu düzəltmək olar, amma bu, bir neçə qış yağışından sonra digər yollar kimi bərbad hala düşəcək".
Z. İsmayılın sözlərinə görə, Bakıda qəsəbələrarası və qəsəbədaxili yollar çəkilərkən torpağı bərkitməmiş onun üzərinə 4-5 santimetr qır tökülür, vəssalam. Ekspert hesab edir ki, ilk növbədə yol salınacaq qrunt bərkidilməlidir, yağış suyu üçün axacaqlar qoyulmalıdır.
"10 milyon manata 1-2 normal qəsəbəni, götürək elə Sulutəpə və Sabunçu qəsəbələrinin yollarını düzəltmək olar. Bakıda hərdən görürsən ki, normal yolu söküb, asfaltlamağa başlayırlar. Halbuki, bu pullara hansısa bir qəsəbənin ən azı bir küçəsini düzəltmək olar”, deyə Z. İsmayıl qeyd etdi.
Zöhrab müəllim asfaltsalma işini bələdiyyələrin öhdəliyinə buraxılmasını təklif edir və bildirir ki, bu, daha münasibdir. Çünki bələdiyyələr əraziləri yaxşı tanıyır: “Dövlət bələdiyyələrə yaşıl işıq yandırmalıdır. Bələdiyyələr arasında pirioritetləşmə əsasında layihələnmə aparılmalıdır. Əslində bir çox qəsəbələri sakinlər özləri salıb. Bir çox şeyləri, qaz, elektrik, su xətləri ilə yanaşı yolları da sakinlər özləri salıblar. İndi sıra dövlətindir, qəsəbələrə əsaslı kömək lazımdır”.
“Bakıxanov yarmarkası”ndan Qaraçuxura gedən yolda, Əhməd Mehbalıyev küçəsi boyunca saatlarla tıxac probleminin aradan qaldırılması isə bu yolun genişlənərək asfaltlanmasıdır.  Bu və yuxarıda adı çəkilən Tərlan Şirinov küçəsinin isə asfaltlandırılması Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasovun birbaşa kurasiyasındadır, desək yanılmarıq. Yəqin İlqar Abbasov yeni ildə adları çəkilən və çəkilməyən bərbad küçə və səkilərin yenidən qurulması işinə başlayacaq və rayon sakinləri də onun gördüyü işlərdən ağızdolusu danışacaq.
İnanaqmı? İnanmaq lazımdır, çünki başqa çarəmiz yoxdur. Uzaq Amerikanın Kolorado ştatının qubernatoru gəlib burda asfalt vurası deyil ki?...
Yeni ilə yeni asfaltlar arzusu ilə…
Qoy Qara İlan ilində asfaltlarımız ilan qabığı kimi kələ-kötür olmasın, qara və sürüşkən olsun. Yəni əsil asfalt olsun…

azerbaycanliyam.com

Комментариев нет:

Отправить комментарий