Страницы

03.12.2012

VİKTOR HÜQO - VOLTERİN ÖLÜMÜNÜN YÜZÜNCÜ İLDÖNÜMÜNƏ

Araz Gündüzün tərcümələri

       Yüz il bundan öncə, bugünkü gün bir insan ölmüşdü. Ancaq o, ölümsüzlüyə qovuşaraq ölməyi bacarmışdı. O, dünyadan köçəndə çiyinlərində, yaşadığı uzun illərin, böyük yaradıcılığının, ulu ad-sanının ağır yükü var idi, bütün bunlardan başqa o, çiynində olduqca ağır bir sorumluluq yükü də daşımaqda idi—o, insanların vicdanlı olmasının görə sorumlu idi, ona görə də, ara vermədən insanları haraylayır, onlara düzgün yol tutmaları üçün yorulub usanmadan öyüdlər verirdi. O, dünyadan köçəndə, ardınca qarğışlar da, alqışlar da yağdırırdılar—onun adına deyilən qarğışları keçmiş, alqışları isə gələcək deyirdi,–onu bax beləcə, səs-küylə, yaxşılıqla yamanlığın hay-harayı ilə  yola salırdılar.
O, ölüm yatağında uzananda, bir yandan çağdaşlarının, gəncliyin alqışlarını eşidirdisə, o biri yandan da bütün ömrü boyu yorulmaq bilmədən ölüm-dirim savaşı apardığı keçmişin öfkəli mırıltılarını, qorxunc ulartılarını da eşidirdi. Onun adı elə ulu idi, elə uca idi, insan sözünə sığışmırdı—o, bir epoxa idi. O, boynuna düşən bütün işləri yetərincə görmüş, insanlıq qarşısında öhdəliyini artıqlaması ilə yerinə yetirmişdi. İnsan umacaqlarını uğura calayan, təbiətin qanunauyğunluqlarını yaradan o, yenilməz gücün yiyəsi özü, onu bu azman işləri görə bilmək üçün seçmişdi. Bu insanın yaşadığı səksən dörd illik ömrü, monarxiyanın ən güclü olduğu çağlar ilə, inqilabın ilk işıqlarının sezilməyə başladığı anların arasında yerləşən bir dönəmə düşmüşdü. O doğulanda XIV Lüdovik, öləndə isə XVI Lüdovik hakimiyyətdə olmuşdular, ona görə də, belə demək olarsa, onun beşiyinə sonuncu böyük kralın taxt-tactından saçılan bayağı parıltılar, tabutuna isə böyük uçurumdan doğmaqda olan işıq saçaqları düşmüşdü.(Alqışlar.)
Sayqılı ağalar, sözümün ardını deməmişdən öncə, istəyirəm sizinlə bu “uçurum” sözünün anlamı ilə bağlı anlaşam; demək istədiyim odur, yamanlıqların başaşağı yuvarlanıb yoxluğa kömüldüyü belə yaxşı uçurumlar da olur.(Salondan kimsə qışqırır: Yaşa!)
Sayqılı ağalar, özüm öz sözümü kəsdiyim üçün, qoyun bu düşüncələrimi bir az da genişləndirim. Burada, sayqısız, anlamsız, qanqaraçılıq yaradacaq sözlər danışmağın yeri yoxdur. Biz buraya, sivilizasiyaya bayram keçirmək üçün yığışmışıq. Biz buraya, tərəqqinin gerçəkdən var olduğuna inandığımız üçün toplaşmışıq, indiki filosoflara, onlardan qabaqkı filosofların gördüyü işlərin böyüklüyünü, gərəkliyini andırmaq üçün toplaşmışıq, on doqquzuncu yüzilliyin onsəkkizinci yüzilliyə sayğısını bildirmək üçün, yaxşılığı becərənlərin, onun uğrunda savaşanların adlarını anmaq üçün, xalqların yaxşılıqsevər işdəklərini, sənayenin, elmin, əməyin insanlıq üçün olan uğurlarını, insanlar arasında yaranmaqda olan birliyin sarsılmazlığını—bir sözlə, insanlığı ucalıqlara aparan istəmi, günü-gündən gözəlləşən dünyanı, alqışlamaq üçün toplaşmışıq. Barış—sivilizasiyanın yaxşılıqsevərliyi, savaş—onun qaniçənliyidir.(Alqışlar.) Biz, bu böyük anlarda, sevincimizin aşıb-daşdığı bu çağlarımızda, əxlaqi qanunlara baş əymək üçün bura yığışmışıq, bununla yanaşı, biz bu gün Fransanın adından bütün dünyaya üz tutaraq, bunları çatdırmaq üçün buradayıq: “Yer üzündə ancaq bir gerçək güc vardır—düzgünlüyün qulluğunda dayanan vicdan; bircə ulu ad-san vardır—doğruluğun qulluğunda dayanan uzaqgörənlik”.(Salonda tərpəniş duyulur.)
Bunları deyəndən sonra, sizə demək istədiklərim.
İnqilaba kimi, toplumun sosial quruluşu belə idi:
Ən aşağıda xalq dayanırdı.
Xalqın üstündə–ruhanilərin təmsil elədiyi din.
Dinin yanında—hakimlərin təmsil elədikləri ədalət məhkəmələri.
Gəlin görək, o çağlarda toplumda xalq hansı durumda idi?—Açığını desək, büsbütün anlamazlıq içində. Din nə istəyirdi?—Yad düşüncəni qan içində boğmaq. Ədalət məhkəmələrinin işinin adı nə idi?—Ədalətsizlik becərmək.
Mən çoxmu kəskin danışıram? Bunu dəyərləndirmək sizin işinizdir.
Mən  sizləri dediklərimin doğruluğuna inandırmaq üçün, burada iki gerçək olaydan söz açacağam.
13 oktyabr 1761-ci ildə Tuluzadakı bir evin birinci qatında, bir gənc özünü asıb öldürmüşdü. Bu olay xalqı ayağa qaldırıb, ruhanilərin hikkəsi göy gurultusu qoparır, ildırım çaxdırır, məhkəmə isə bu ölüm işini araşdırır. Gənc özünü öldürsə də, ancaq hamı onu başqasının öldürdüyünü deyir. Bu ölümü belə yozmaq kimin nəyinə gərək idi? Dini çevrələr belə istəyirdi. Onun ölümündə kimi suçlayırdılar? Doğmaca atasını. Ölən gəncin atası quqenotdur, o, katolik olmaq istəyən oğlunun yolunu belə kəsmək istəyibmiş. Bu suçlama əxlaq baxımından çox iyrənc, fiziki baxımdan yanaşanda isə çox gülünc görünürdü; ancaq nə olsun! Ata öz oğluna əl qaldırıb, gücsüz bir qoca gənc, özündən qat-qat güclü olan bir adamı asıb öldürübdür. Ədalət məhkəməsinin araşdırması başa çatır, bu da sonuc. 9 mart 1762-ci ildə ağsaçlı qocanı, Jan Kalası şəhər meydanına gətirib çılpaq soyunduraraq təkərə bağlayırlar. Bərk-bərk sarınmış qocanın başı köksünə sallanıb. Eşafotun üstündə üç adam dayanıb: qocanın dara çəkilməyinə göz qoymaq tapşırılmış, David adında bələdiyyə müşaviri, qocanı tövbəyə çağırmaq üçün gələn, əlində xaç tutmuş ruhani, bir də əlində böyük dəmir iskənə tutmuş cəllad. Qorxudan sarsılmış, tir-tir əsən qoca, ruhaniyə sarı baxmır, onun gözü cəllada dikilib. Cəllad dəmir iskənəni qaldırıb onun əlini sındırır. Qoca qışqıraraq, bayılır. Bələdiyyə müşaviri vurnuxur, qocaya duz iylətdirib özünə gətirirlər; cəllad onu bir də iskənəylə vurur, yenə qocanın qışqırığı eşidilir; Kalas yenə bayılır; onu ayıldırlar, cəllad yenə işinə başlayır; qocanın qolları ilə ayaqları iki yerdən sındırılmalı olduğundan, cəllad onların hərəsinə iki dəfə iskənə ilə vurmalı idi, deməli qocanı bir yox, səkkiz edam cəzası gözləyirdi. Səkkizinci dəfə huşunu itirib ayılandan sonra, ruhani əlindəki xaçı onun dodaqlarına yaxınlaşdırır, ancaq Kalas üzünü yana döndərib xaçı öpməkdən boyun qaçırır, bundan sonra cəllad iskənənin o biri, qalın başı ilə vurub qocanın döş qəfəsini sındırır. Beləliklə də, Jan Kalas ölür. Onun edam olunması iki saat çəkmişdi. Onun ölümündən sonra, oğlunun özü-özünü öldürdüyü bəlli oldu. Ancaq iş-işdən keçmiş, suçsuz, ağsaçlı qocanı artıq oldürmüşdülər. Onu kim öldürmüşdü? Hakimlər. (Salonda çox bərk tərpəniş duyulur. Alqış  səsi gəlir.)
Başqa bir qanlı olay. İndi də qocanın ardınca, suçsuz bir gənci öldürürlər. Bayaq danışdığımız olaydan üç il sonra, 1765-ci ildə, Abvil şəhərində, göy gurlayıb, ildırım çaxdığı, güclü küləyin tufan qopardığı bir gecədən sonra, üç yüz ildən çox körpünün barmaqlığını bəzəyən yarıçürümüş, ağacdan düzəlmə xaçın  yerindən qopub körpünün üstünə düşdüyünü görürlər. Bu  xaçı barmaqlıqdan kim qoparıb atmışdı? Dinə qarşı bu saymazyanalıq kimin işi idi? Bəlli deyildi. Ola bilsin, bunu yoldan keçənlərdən kimsə eləmişdi. Ola bilsin də, bu küləyin işi idi. Bu suçu törədən ortalıqda yoxdur, hanı o? Amenin yepiskopu, dindarlara qara-qorxu dolu bir ismarış yazıb göndərir. Burada yazılanların qısa özəti belədir: bu, bütün dindarlara yönəlik bir buyuruqdur, müqəddəs xaçın aşağılanması ilə bağlı bildiklərini, ağlına gələnləri, ürəyinə damanları deməyənləri sonsuzlara kimi sürəcək cəhənnəm ağrı-acıları gözləyir; bu, qaniçən fanatizmin qanmazlığa, “öldür” deyə buyurması idi. Yepiskopun qorxu saçan ismarışı öz işini görməyə başlayır: dedi-qodular artıb çuğulluğa çevrilməyə başlayır. Ədalət məhkəməsi bu çuğulluqlara görə, bu işdə suçlu olanları tapdığını(özlüyündə isə belə deyil!) bildirir,–taxta xaç yerindən qopan gecə Abvil körpüsündən, Labarr ilə de Etalond adında iki gənc zabit keçibmişlər, onlar bərk içkili imişlər, özü də uca səslə qvardiyaçı mahnısı oxuyurmuşlar. Abvilin məhkəməsi dərəbəylik qanunları ilə işləyirdi. Abvilin dərəbəyləri, Tuluzalılardan dərs almışdılar, onlardan geri qalmırdılar. Məhkəmə bu iki zabitin tutuqlanması üçün buyuruq verir. De Etalond qaçıb gizlənə bilir, Labarrı tuturlar. Məhkəmə araşdırması başlanır. Labarr o gecə körpüdən keçmədiyini deyir, ancaq mahnı oxuduğunu boynuna alır. Abvilin dərəbəylik məhkəməsi onu bu işdə suçlu çıxardır; Labarr Parisə, parlamentə apellyasiya şikayəti eləyir. Onu Parisə aparırlar; orada parlament işi araşdırıb məhkəmənin hökmünü düzgün sayır. Zəncirlə qandallanmış Labarrı yenidən Abvilə gətirirlər. Mən qısa danışacağam. Ən qorxunc an gəlib çatır. Şevalye de Labarrı öncə dindirirlər, sonra ona işgəncə verib bu işi kiminlə birgə gördüyünü soruşurlar. Siz bilən ondan, nəyi, kiminlə elədiyini soruşurdular? Körpüdən kiminlə keçmiş, kiminlə birgə mahnı oxumuşdu, ondan bunu soruşurdular. İşgəncə verəndə onun dizini sındırmışdılar; Labarrın sınan sümüklərinin qıcırtısını eşidəndə, onu tövbə eləməyə çağırmaq üçün gəlmiş ruhaninin ürəyi gedir. Ertəsi gün, 5 iyun 1766-cı ildə, Labarrı sürüyüb şəhər meydanına gətirirlər; orada artıq tonqal qalanmışdır. Məhkuma hökmü oxuyandan sonra, onun əllərini biləkdən kəsirlər, sonra kəlbətinlə dilini kökündən dartıb çıxarırlar, bundan sonra ona yazıqları gəldiyi üçün, öncə başını kəsir, sonra da onun bədənini tonqala atıb yandırırlar. Şevalye Labarrı belə öldürmüşdülər. Onun vur-tut ondoqquz yaşı vardı.(Salonda uzun sürən tərpəniş duyulur.)          
Bax onda, ey ulu Volter, sən qorxunc bir səslə hayqırmışdın, köksündən qopan bu harayın  sənə ölümsüz bir ad-san qazandırdı!(Gurultulu alqışlar.)
Sən onda keçmişə qarşı, görünməmiş bir məhkəmə qurdun; insan soyunun mənliyini qorumaq üçün sən tiranlarla, devlərlə çəkişməyə başladın, sonunda bu çəkişməni uddun da. Ey ulu insan, qoy sənin uca adın sonsuzlara kimi yaşasın!(Yenidən alqışlar.)
Sayqılı ağalar, mənim sizə danışdığım bu qorxunc olaylar mədəni sayılan bir toplumda baş verirdi; bu toplumun sayılıb-seçilən, başı tərpənən insanları sevinc içində, qayğısız yaşayırdılar, onlar bir anlığına da olsa belə, nə toplumun yuxarı başında nə də aşağılarda nələrin baş verdiyini düşünürdülər; qayğısızlıq artaraq arsızlığa çevrilmişdi, incə duyğulu şairlər—Sent-Oler, Buffler, Jantil-Bernar—gözəl şeirlər qoşurdular, sarayda keçirilən bayramlar ara vermirdi, Versal sarayının parıltısı göz qamaşdırırdı, Paris isə qanmazlıq bataqlığında çabalayırdı. Bax elə bu günlərdə, dini fanatizmə uyan hakimlər ağsaçlı qocanı təkərə bağlayıb öldürmüşdülər, ruhanilər mahnı oxuduğu üçün bir gəncin dilini kökündən qoparmışdılar.(Salonda güclü tərpəniş duyulur. Alqışlar.)
Bu, yüngülağıllı, yaman günlərə qalmış toplumda, Volter təkbaşına, kral sarayına, ad-san, pul yiyələrinə qarşı çıxmışdı, bu çox güclü, ancaq anlaqsız kütlə, iyrənc məhkəmələr, kölə olduğu kimi də qaba, mənliyini öz ağalarının ayaqlarının altına atmışlar, birinə yarınmaq üçün başqasını əzməyə qoşanlar, kralın qarşısında dizin-dizin sürünən, xalqın isə bonuna minən(salondan səs: “Yaşa!”) ruhanilər—ikiüzlülüklə fanatizmin iyrənc qatışıqları—bunların hamısının birliyinə qarşı Volter təkbaşına savaşırdı. Bu savaşda onun yarağı nə idi? Onun—küləyin yüngüllüyü ilə ildırımın gücünün birləşməsindən yaranan bir yarağı var idi: qələm!(Alqışlar.)
O, bu  yaraqla savaşdı, bu yaraqla da yağılarını yenə bildi.
Ağalar, gəlin onun qarşısında baş əyək.
Volter bu savaşlardan yenilməz olaraq çıxdı. Volter qaranlığı aydınlatmaq üçün savaşırdı, təkbaşına hamıya qarşı vuruşurdu, belə bir böyük savaşa atılmışdı. Onun bu savaşı, ideyanın qaba materiyaya, məntiqin məntiqsizliyə, düzgünlüyün əyriliyə, əzilənlərin haqları uğrunda əzənlərə qarşı olan savaşı idi, yaxşılıq uğrunda, insanlıq uğurunda  aparılan bir savaş idi. Volterin ruhunda, biri-biri ilə yanaşı olan: bir qadın incəliyi ilə, bir igid döyüşkənliyi vardı. O, olduqca böyük bir ağılın, geniş bir ürəyin yiyəsi idi.(Salondan səslər: “Yaşa!”)  
O, geriçi davranışlarla, geriçi ehkamlarla savaşıb onları yenmişdi. O, feodal ağalığını, geridüşüncəli hakimliyi, roma ruhaniliyini yenə bilmişdi. O, kütləni xalq ucalığına qaldıra bilmişdi. O, düşüncələrə aydınlıq gətirmişdi, yamanlığın yolunu bağlayıb, sivilizasiyanın yolunu açmışdı. O, Sirvenlə Monbaynı ölümdən qurtarmaq üçün vuruşduğu kimi, Kalasların, Labarraların da uğurunda vuruşurdu, bu yolda o: bütün qorxularla, söyüşlərlə, izlənmələrlə, qarayaxmalarla, sürgünlərlə üzləşməli olmuşdu. O, yorulmağın, sarsılmağın nə demək olduğunu bilmirdi. O, zorakılığı—qımışmaqla, despotizmi—sarkazmla, ehkamçılığı—ironiya ilə, tərsliyi—dirəşməklə, qanmazlığı—doğruçuluqla yenmişdi.
Mən indicə “qımışmaq” sözünü işlətdim. Bax bu sözün üstündə dayanıb düşünməyə dəyər. Qımışmaq demək, elə Volter deməkdir.
Gərək bunu da unutmayaq, dəyərli ağalar, toplumu ovuda bilmək, filosofların ən böyük özəlliyidir,–Volterin gördüyü bütün işlərin sonunda, onun yan-yörəsindəkiləri ovuda bildiyi, olduğu ortamda bir toxdaqıq yaratdığı, açıq-aydın görünür. O düzgünlük uğrunda savaşa atılanda necə bərk öfkələnsə də, sonradan bu yavaş-yavaş ötüb keçir, öfkəli Volterin yerini toxdaq Volter tutur. Elə bu andaca onun gözlərinin dərinliyindən doğan bir qımışma üzə çıxır.
Qımışmaq elə müdrikliyin özü deməkdir. Qımışmaq, mən bir də deyirəm, Volterin özüdür. Qımışmaq, çox vaxt sonradan gülüşə çevrilir, ancaq bu gülüş filosofun qüssəsi ilə yoğrulmuş bir gülüş olur. O, gücüylə öyünənə gülür, ancaq gücsüzə ürəyiyananlıqla acıyır. O, əzənlərin kürkünə birə salır, əzilənləri oxşayıb ovudur. Yuxarı başa dırmaşanları bizləyir, aşağıdakılara ürəyi yanır. Bax belə! Gəlin bu qımışmanın dərinliyinə varmağa çalışaq. Onda—dan işığının parıltısı vardır. Onun işığı, doğruluğu, düzgünlüyü, yaxşılığı, bir sözlə insan mənliyinə yarayan nə varsa hamısını, aydınlaşdırmağa başlayır; bu işıq xurafatın gizləndiyi bütün dəlmə-deşiklərə də işıq salır, bu suyumsuzluğun iyrəncliyini bütün çılpaqlığı ilə açıb ağardır, onu xalqa tanıdır. Bu qımışma ən çox, təbiəti dirçəldən işıq şaçağına bənzəyir. Toplumun yeniləşməsi, bərabərliyə, qarşılıqlı anlaşmaya canatma, bir-biriylə yovuşmaq adlana biləcək qardaşlığın yaranmağa başlaması, insanların qarşılıqlı olaraq biri-birinin yaxşılığını istəməsi, vətəndaşların hüquqlarının onlar arasında düzgün bölünməsi, anlaqlı olmağın ən yüksək qanun olaraq tanınması, əyriliklərin, başıpozuqluğun aradan qaldırılması, ruhun aydınlaşması, acımağı, bağışlamağı bacarmaq, harmoniya, barış—bütün bu dediklərimiz  o  böyük qımışmadan doğulmuşlar.
Haçan,—o günün yaxında olduğuna mən ürəkdən inanıram,—bilgəliklə insansevərliyin qovuşmasını bayramı edəcəyiksə, haçan toplumda, yuxarılarla aşağıların barışı baş tutacaqsa, o gün, mən buna inanıram, ulduzlardan yuxarıda yer alan Volter buna baxıb qımışacaqdır.(Üçqat gurultulu alqışlar. Salondan səslər: “Yaşasın toplumdakı barış!”)
Sayqılı ağalar, biri-birindən onsəkkiz yüz il aralıda yaşamış, insanlığın qulluğunda dayanmış, iki böyük kimsə arasında, görünür, çox gizli bir bağlar var imiş.
Fariseyçiliyə qarşı döyüşmək, ikiüzlüyün maskasını yırtmaq, tiranlığı, hakimiyyəti mənimsəyənləri, ağıla qulluq eləməyənləri, yalanı, xurafatı, yerlə bir eləmək, yenisini tikmək üçün əski məbədi dağıtmaq, yəni yalanı göz qabağından silib ataraq onun yerinə doğrunu qoymaq, insana acımayan məhkəmələrin, qaniçən ruhanilərin üstünə yerimək, bütün alverçiləri qamçılayıb müqəddəs məbəddən qovub çıxarmaq, quru yerdə qalmışların var-yoxlarını özlərinə qaytarmaq üçün vuruşmaq, gücsüzləri, yoxsulları, korluq çəkənləri, alçaldılanları qorumaq, gözümçıxdıya salınanlar, əzilənlər uğrunda döyüşmək—İsa Məsihin savaşı bunun üçün idi. Oysa, İsa Məsihdən onsəkkiz yüz il sonra, onun başladığı bu savaşı aparan o, dönməz insan kim idi? Volter!(Salondan səs gəlir: “Yaşa!”)
İncillə başlanan işin ardını filosof görür; ürəyiyuxa ruhun başladığını, dözümlü ruh davam eləyir; biz bu gün dərin sayqılarla belə deməkdən çəkinmirik: İsa ağlayırdı, Volter isə gülümsəyirdi; bugünkü sivilizasiyanın içində yaşamaqda olan bütün sevgilər, bu ilahi göz yaşları ilə, insan gülüşünün qovuşmasından doğulmuşdur.(Sürəkli alqışlar.)
Volter arası kəsilmədənmi gülümsəyirdi? Yox. O, tez-tez qaşqabağını da tökməli olurdu. Mən sözümün başında bundan danışmışdım.
Dəyərli ağalar, bildiyiniz kimi, zamanı duymaq, ağırtaxtalıq, ölçü-biçi gözləmək—anlaqlı olmağın başlıca şərti sayılır. Ölçü gözləmək, belə də demək olar, filosofun nəfəsidir. Bilgə insanlar, özlərini toplayıb, soyuqqanlıqla, bütün güclərini: yan-yörədə fəlsəfənin işinə yarayan nə varsa, hamısını araşdırmağa yönəldirlər. Ancaq elə bəlli anlar da olur, doğruluğa canatma istəyi elə bir qarşısıalınmaz gücə çevrilir, bunu ancaq zaman-zaman yaranıb havanı təmizləyən qasırğalara bənzətmək olar. Heç vaxt—mən bu sözü deməkdən yorulmuram—heç vaxt, heç bir bilgə insan, toplumun bu iki dayağının laxlamasına yol verməz—bu dayaqların biri ədalətdir, o biri gələcəyə ümiddir, hakim ədaləti təmsil edəcəksə hamı ona sayqı ilə yanaşacaq, ruhani insanlara ümid verəcəksə, hamı onun dediklərinə inanacaq, özünü də saya salacaqdır. Yoxsa, işgəncəni məhkəmə, inkvizisiyanı kilsə adlandıracaqlarsa, onda insanlıq onların dik gözünün içinə baxaraq, məhkəməyə deyəcək: “Mənə sənin qanunların gərək deyil!”, ruhaniyə deyəcək: “Mənə sənin bu ehkamların gərək deyil! Mən yerdə sənin, göylərdə cəhənnəmin tonqalında yanmaq istəmirəm!” (Salonda güclü tərpəniş. Sürəkli alqışlar.) Bax bu anlarda öfkələnmiş filosof yerindən qalxıb, hakimin—ədalətin qarşısında, ruhaninin—Allahın qarşısında, ikiüzlülük elədiyini açıb göstərir. (Gurultulu alqışlar.)
Volterin gördüyü iş bu idi. Onun böyüklüyü bunda idi.
Mən sizlərə Volterin kim olduğundan danışdım; indi də gəlin sizə, bir az da onun yaşadığı  çağdan danışım.
Sayqılı ağalar, böyük insanlar çox az-az hallarda tək doğulurlar; ağacın böyüklüyü meşədə, özü kimi ağacların arasında olanda, bir az da yaxşı gözə çarpır. Volterin yan-yörəsində, onun çağdaşı olan ağılların böyük bir meşəsi vardı; bu meşənin adı onsəkkizinci yüzillik idi. Bu ağılların arasında çox yüksəkləri—Motenskye, Byüffon, Bomarşe kimiləri ilə yanaşı, Volterdən sonra ən uca sayıla bilən ikisi də vardı: Russo ilə Didro. Bu bilgə kimsələr insanları düzgün düşünməyə alışdırırdılar. Düzgün düşüncə isə düzgün davranışlara gətirib çıxarır. Ürəyin düzlüyü anlağın aydınlığından yaranır. Tərəqqinin bu yorulmaq bilməyən əməkçiləri, çoxlu yararlı işlər görə bilmişdilər. Byüffon təbiətşünaslığın başlanğıcını qoydu; Bomarşe Molyerin ardınca sosial komediya adlana biləcək yeni komediyalar yarada bildi. Monteskye qanunun elə dərinliklərinədək vara bilmişdi, oradan hüquq  anlayışını tapıb ortaya çıxarmışdı. Russo ilə Didroya gəlincə, onlardan ayrı-ayrılıqda danışmalı olacağıq; Didro, biliksevərliklə alışıb-yanan ağıl, incə ürək, doğrucul bir ruh yiyəsi olaraq, düzgün ideyalarin, sağlam biliklərin özülünü qoymaq üçün, özünün Ensiklopediyasını yaratmışdı. Russo qadınlıqığın adına başucalığı gətirə biləcək bir iş görmüşdü, o, qadın kimiyində analıqla dayəliyi birləşdirə bilmiş, bu iki kraliçanı yan-yana, bir beşiyin başında oturtmuşdu; Pussonun oxucuları ilə danışdığı dil olduqca gözəl idi, o, qorxu bilməz bir yazıçı olmaqla yanaşı, sözü kəsərli natiq, gələcəkdən çox böyük umacaqları olan bir kimsə idi, o, gələcək siyasi gerçəklərin necə olacağını öncədən görməyi bacarırdı; onun idealları gerçəkliyə qovuşa bilmişdi; Fransada özünü ilk olaraq vətəndaş adlandırmaq böyüklüyü də onun payına düşmüşdü; Russoda vətəndaşlıq, Volterdə isə ümüminsanlıq dəyərləri üstün idi. Belə də demək olar: çox verimli olan onsəkkizinci yüzillikdə Russo xalqı təmsil eləyirdisə, Volterin ruhu bir az da geniş çevrəni, bütün insanlığı təmsil eləyirdi. Bu yenilməz yazıçılar, ömürlərini başa vurub, yoxluğa kömüldülər; ancaq onlar bizə öz ruhlarını saxlayıb getdilər, bu ruhun adı—İnqilabdır. (Alqışlar.)
Elədir, Fransız inqilabı onların ruhudur. Bu ruh dayanmadan parlaq işıq saçmaqdadır. Bu işığı saçan onlardır; onların izi, bugünkü: keçmişi basdırıb, gələcəyi doğuran qorxunc olayların içində addımbaşı görünməkdədir. Çağdaşı olduğumuz inqilabi durumun yaratdığı şəffaflığa görə, indiki sonucları doğuran səbəblər də çox aydın göründüyündən, bu inqilabın aparıcı kimsələrinin yaxın keçmişdə kimlərə arxalandığı da açıq-aydın görünməkdədir: Danton—Didrodan, Robespyer—Russodan, Mirabo—Volterdən qaynaqlanır, burada ikinci yerdə duranlar birincilərin yaranma səbəbləridir.
Ağalar, bütöv bir epoxanı hansısa insanların adına bağlamaq, yüzilliklərə ad qoyub ona insan kimliyi aşılamaq özəlliyi, tarixdə yalnız üç xalqda olmuşdur: yunanlarda, italyanlarda, bir də fransızlarda. Ona görə də, indi tarix kitabında belə anlayışlarla üzləşməli oluruq: “Periklin yüzilliyi”, “Avqustun yüzilliyi”, “X Levin yüzilliyi”, “XIV Lyüdovikin yüzilliyi”, “Volterin yüzilliyi”. Bu deyimlər çox böyük anlamların daşıyıcılarıdır. Bu üstünlüyü, dediyim kimi, Yunanıstanda, İtaliyada, Fransada yüzilliklərə kimlərinsə adını verməyi mən, sivilizasiyanın ən yüksək göstəricilərindən biri saymaqdayam. Volterə kimi, yüzilliklərə ancaq dövlət başçılarının adı verilərdi. Volter dövlət başçılarından qat-qat üstün idi—o ideyaların başçısı idi. Volterlə yeni era başlayırdı. Volterdən sonra, artıq insanı irəli aparan, onu yönətən gücün, yalnız böyük düşüncələr olacağı duyulmağa başlayır. Buçağacan sivilizasiya, qaba güclərə boyun əyməkdə idi, bundan sonra o, yalnız ideallara boyun əyəcəkdir. Xalqı qorxu içində saxlayan: sıyrılmış qılınclar, ağalıq çomaqları sındırılmışdır, onların yerini işıq saçan düşüncələr tutmuşdur; ağalaıq eləmək üstünlüyünün yerini azadlıq adlı üstünlük tutmağa başlamışdır. Artıq insanlar üçün vicdandan, xalqlar üçün qanundan üstün sayıla biləcək bir hakimiyyət yoxdur. Bizlərdən hər birimiz indi, bu tərəqqinin iki başlıca özəlliyini açıq-aydın ayırd eləyə bilirik: öz haqlarını əldə etmək, yəni insan olmaq; öz öhdəliyini yerinə yetirmək, yəni vətəndaş olmaq.
“Volterin yüzilliyi” deyilən dönəmin dəyəri bundadır; Fransız inqilabı deyilən böyük olayın anlamı budur.
Onsəkkizinci yüzillikdən qabaq gələn iki unudulmaz yüzillik, onun gəlişinə yol açmışdı; Rable özünün “Qarqantuası” ilə kral hakimiyyətini, Molyer özünün “Tartyüfü” ilə kilsəni ürkütmüşdü. Qaba güclərin üstünə kükrəmək, insan haqlarına böyük sayqılar bəsləmək, bu iki azman ağıl yiyələrinin başlıca özəllikləri olmuşdur.
“Güc hüquqdan üstündür” deyənlər, orta yüzilliklərin dilində danışırlar, bugünkü insan artıq bu dili anlamır, bu dildə danışmaq istəyənlər, bugünkü insanlara yox, üçyüz il bundan öncə olub keçmiş adamlara üz tutub danışırlar. (Sürəkli alqışlar.)
Ağalar, ondoqquzuncu yüzillik onsəkkizinci yüzilliyin ad-sanını bir az da ucalda bildi. Onsəkkizinci yüzilliyin başladığını, ondoqquzuncu yüzillik başa çatdırır. Ona görə də, tərəqqinin bu böyük təntənəsini çıxışımın sonunda, soyuqqanlı bir inamla baxışlarnıza çatdırmaq istəyirəm.
Gözlədiyimiz gün gəlib çıxdı. Hüquq özünün gerçək düsturunu tapa bildi: İnsanlığın gələcəyi, ümumdünya federasiyası olacaqdır.
İndi artıq gücə zorakılıq deyib, onu mühakimə eləyirlər; qanlı savaşlar məhkəməyə çəkilir; bütün insanlığın şikayət ərizəsinə görə, ölkələrə basqın edən hökmdarlara, bu savaşları aparan qoşun başçılarına qarşı, sivilizasiya cinayət işi açmış, onları mühakimə etməyə başlamışdır.(Salonda tərpəniş.) Bu məhkəməyə tarixin özünü şahid olaraq çağırıblar. Bu gün artıq insanların qarşısında gerçəkliyin doğru-düzgün görüntüləri sərgilənir. İnsanların baxışlarının bilərəkdən dumanlandırılması aradan qalxır. İndiyəcən böyük igidlər kimi tanıdığımız çoxlu kimsələrin əliqanlı qatillər olduğu üzə çıxır.(Alqışlar.)  Cinayətin geniş miqyası ilə, cinayətkarların öz suçlarını örtbasdır eləməyə çalışdıqlarını xalqlar artıq anlamağa başlamışlar, bir insanı öldürmək yamanlıqdırsa, onda çoxlu insanları öldürmək bu yamanlığı, bu suçu yumşaltmaq üçün bəhanə sayıla bilməz(gülüşmə, “Yaşa!” deyə səslər eşidilir.), oğurluq alçaqlıqdırsa, onda hakimiyyəti alçaqlıqla ələ keçirmək ad-san sayıla bilməz(sürəkli alqışlar), insanı öldürüb ardınca əlini göyə qaldırıb Tanrıya gözəl dualar eləmək, bu qaniçənliyi doğrulda bilməz, bu yaramazlıqları Sezarın, Napoleonun adı ilə bağlamaq, burada heç nəyi dəyişə bilməz, qatilin başında katorqaçı papağı, yoxsa imperator tacının olması, onun qatilliyini gizlədə bilməz.(Uzun sürən, üçqat güclü alqışlar.)
Bax belə! Bütün dünyaya, belə mütləq gerçəkliklərin varlığını anlatmaq çağı gəlib çatıbdır. Biz insanlara savaşın namussuz bir iş olduğunu anlatmalıyıq. Qan tökməklə ad-san qazanmaq olmaz. İnsanları öldürmək, heç bir durumda yaxşı, yararalı bir iş sayıla bilməz. Öldürmək üçün yaşamağa, işləməyə dəyməz. Yetər! Burada gördüyüm analara üz tuturam, savaş adlı oğrunun sizin uşaqlarınızı oğurlamasına, əlinizdən almasına yol vermək olmaz. Bu anlamsız işlərə son qoymaq gərək: qadın ağrı-acılara qatlaşıb doğur, insanlar dünyaya gəlir, xalqlar əməklərə qatlaşır, gecə-gündüz çalışırlar, kəndli torpağı əkib becərir, fəhlə şəhərləri dolandırır, anlaqlı insanlar düşünürlər, sənaye ağlagəlməz yeni qurğular yaradır, insan uzaqgörənliyi möcüzələr yaradır, bütün insanların təpərindən yaranan böyük gücün yaradıcılıq yönü ulduzlu göylərə sarı dirənməkdədir—ancaq bütün bunlar günlərin birində, döyüş meydanı adlanan beynəlxalq sərgidə yoxluğa kömülməlidir! (Salonda bərk bir tərpəniş duyulur. İzləyicilər ayaq üstə, Hüqonu sürəkli alqışlayırlar.)
Gerçək savaş meydanı bax buradadır: qoy bütün dünya bu gün Parisdə ortaya çıxan insan əməyinin ən gözəl örnəklərinə baxaraq, düşünsün.
Gerçək qələbə–Paris inqilabının qələbəsidir.(Alqışlar.)
Ancaq yazıqlar olsun! Bu günümüzə necə böyük sayqılar, gözəl dəyərlər yaraşsa da, ancaq onun qaranlıq yerlərini də gizlətməyə dəyməz; hələ də ənginliklərdə qara buludlar görünməkdədir; xalqlar qaragünlükdən qurtulmamışlar; savaş, bu əliqanlı savaş hələ də yaşayır, dünyanın bugün, burada belə bir gözəl bayram keçirdiyi günlərində də o, sırtıqlığına salıb baş qaldırmaqdadır. Artıq iki il olar, monarxlar tərsliklərinə salıb insanları özlərinin anlamsız ölüm-dirim savaşlarına sürükləyirlər, onların bu çəkişmələri bizim istədiyimiz barışın yolunu bağlayır. Onlar öz azğınlıqlarını gizlətmirlər, bizimlə öz aralarında olan ayrılığı açıq-aydın gözə soxurlar.
Gəlin yaranmış bu çalpaşıqlı duruma Voltersayağaı yanaşmağa çalışaq. Üstümüzə basqı ilə gələnlərin qarşısına barışla çıxmağa çalışaq. Gəlin, baxışlarımızı  bu, ölüb getmişlərin ən böyüklərindən birinə, ən böyük diriyə, ən böyük ruha dikək. Onun sayqı doğuran tabutuna baş endirək. Nə etməli olduğumuzu, insanlar üçün saysız yararlı işlər görmüş, özü yoxluğa qovuşsa da, yaradıcılığı ölümsüz olan bu ulu insandan soruşaq. Başqalarından, Volterin yenilməz, böyük düşüncə qardaşlarından—Jan-Jakdan, Didrodan, Monteskyedən nə etməli olduğumuzu soruşub öyrənək. Qoy bu ulu söz yiyələri, bu gün də öz səslərini qaldırsınlar. Qan tökülməsini dayandıraq. Yetər, yetər, ay despotlar! Ehey, sizinləyəm! Yırtıcılar, yaramazlar tərslik göstərir; nə olar, elə isə qoy onda fəlsəfə onların üstünə səsini qaldırsın! Qılınc qınına girmək istəmir, onda qoy sivilizasiya onun üstünə kükrəsin! Qoy onsəkizinci yüzillik ondoqquzuncu yüzilliyin köməyinə gəlsin; bizdən öncəki filosoflar—doğruluğun apostolları, bizə yardıma gəlsinlər; bu adlı-sanlı qaraçuxalarımızı harayımıza çağıraq: qoy dünyanı qanla çalxalamaq istəyən monarxların qarşısına çıxıb, insanların yaşamaq, vicdan azadlığına olan haqlarından danışsınlar, ən üstün hakimiyyətin ağıla arxalanan hakimiyyət olduğundan, əməyin toxunulmazlığından, dünyanın yaxşılığa gərək duymağından uca səslə danışsınlar; tax-taclardan qaranlıqlar yayılırsa, qoy onda tabutlardan işıqlar saçılsın!(Hamılıqla, uzun sürən alqışlar. Salonun hər yerindən səslər ucalır: “Yaşasın Viktor Hüqo!”)

30 may 1878-ci il

Qaynaq: В. Гюго. Собрание сочинений в 15тт, т.15, Москва, “ГИХЛ”, 1956 г.

Rus dilindən Araz Gündüz çevirib.

Комментариев нет:

Отправить комментарий