Страницы

28.01.2013

Jurnalistlər xəbər saytlarında əxlaqsız mövzuların yayımlanmasına münasibət bildirdi

Son zamanlar Azərbaycanda fəaliyyət göstərən xəbər saytlarının bəziləri əxlaqsız və erotik xəbərlər yayımlamaqda maraqlarının nə olması ilə bağlı sualımıza jurnalistlər münasibət bildirib.
"Yeni Müsavat" qəzetinin yazarı Kənan Rövşənoğlu ictimai-siyasi aktivliyin olmadığı ölkələrdə belə xəbərlərin çox oxunduğunu qeyd etdi:
"Əsas hədəf təbii ki, oxucu cəlb etməkdir. Çünki bir qayda olaraq cəmiyyətdə bu cür qeyri-ciddi mövzulara maraq güclü olur. Kriminal. qətllər, zorakılıq, eləcə də erotik görüntülər təkcə Azərbaycanda deyil, bütün ölkələrdə aşağı səviyyəli oxucu kütləsinin əsas mövzuları olaraq qalır. Xüsusən də Azərbaycan kimi, passiv, ictimai-siyasi aktivliyin olmadığı ölkələrdə bu kimi xəbərlər daha çox oxunur. Yəni ökədə passivlik bir növ oxucuları əks istiqamətə dartır.
Məsələn, Azərbaycanda yalnız seçki və ictimai-siyasi aktivliyin güclü olduğu dövrlər istisna olmaqla qalan dövrlərdə siyasi mətbuatın tirajı əyləncə və kriminal mətbuatın tirajından iki dəfə az olub. Yalnız qeyd etdiyim kimi seçki və siyasi aktivlik dövründə ciddi mətbuat tirajını artıra bilir."
"Yaşıl Qafqaz" jurnalının redaktoru Arzu Abdulla təəssüflənərək fikirlərini belə açıqladı:
"Məncə bu təkcə bizdə deyil, bütün dünyada belədir. Adətən insan xisləti əyləncəyə daha meyilli olur. Yadımdadır, 4-5 il öncə BDU-da təhsil alan türkiyəli tələblərdən "ən yaxşı tanıdığınız və ən çox sevdiyiniz azərbaycanlı kimdir?" sualını verəndə aldığım cavabdan dəhşətə gəldim. Sizcə, Türkiyəli tələblərin sevimli Azərbaycanlısı kim idi? Bu Türkiyədə manekenlik edən həmyerlimiz Nigar Talıbova idi.
Ən azından türkiyəli tələbələr türkçülüyün babası adlandırılan Əlibəy Hüseynzadəni, Əhməd bəy Ağaoğlunu tanımalıydılar. Bu gün o saytların ip- sayı çox olur ki, onlarda Hollivud ulduzlarının lüt fotosesiyası və qızını zorlayan atanın acı hekayəti təqdim edilir. Bizim Yaxa.org saytı yarandığı gündən qarşımıza bir məqsəd qoymuşuq. Bizə oxucunun sayı deyil səviyyəsi, intellekti gərəkdir. Keyfiyyət kəmiyyətdən daha önəmlidir. bunu tarix də subut edib"
"İslamazeri.az" İnternet qəzetinin baş redaktoru Ramin Bayramov mövzuyla əlaqədar 3 səbəb göstərdi:
"Azərbaycanda hazırda bəzi saytlar şou-biznes və əxlaqsız xəbərlərə üstünlük verirlər. Bunun üç səbəbi ola bilər. Birinci səbəb odur ki, bu cür sayt rəhbərliyi öz mənəvi durumu ilə bu addımı atır. Yəni insan mənəviyyatının nə dərəcədə olması insanın öz işində açıq aşkar biruzə verir. İkinci səbəb odur ki, bu cür saytlar əxlaqsızlığı təbliğ etməklə populyarlıq qazanmaq, çox saylı “ip” qazanmaq arzusundadırlar. Üçüncü isə, daha təhlükəlidir. Bu mütəşəkkil surətdə edilir. Xarici qüvvələrin idarəçiliyi altında olur. Anti-islam qurumların əsas məqsədi müsəlman ölkələrində insanları dindən, əxlaqdan və vətənpərvərlikdən uzaq salmaqdır. Bunların təbliğat və təşviqatın işini icra edən ən əsas vasitə isə KİV-dir."
Jurnalist Əbülfəz Bünyadov cinsi maraqların açıq nümayişinin təsadüf olmadığını qeyd etdi:
"İlk öncə onu bildirməliyəm ki, bu günün mediyasının cinsi maraqların açıq nümayişinə daha geniş yer ayırması heç də təsadüfi deyil. Xüsusi olaraq xəbər portalları bunu geniş auditoriyaya çıxarması burada xüsusi diqqətin olmasından xəbər verir. İnsan ehtirası onun ağlınını tam əks cəbhəsidir. Əgər insan ağlına ehtiras rəhbrlik edirsə bu o deməkdir ki, ağıl düşüncəsini itirir. Günün mövzularına çevrilən pozğun xəbərlər oxucunun istiqamətini hansısa aktual hadisədən yayındırmaqla yanaşı onun normal təfəkkürünü də məşğul edıb öz təsiri altında saxlayır. Bu isə rassional təfəkkürə dağıdıcı zərbədir. Digər tərəfdən isə hadisə və görüntüləri insanların gözündə adiləşdirdikcə buna yanaşma da yumuşalır. Əgər bu gün hansısa pozğun hadisə utanc və qınaq mənbəyidirsə onun xəbər portallarında geniş görüntüsü bunu adiləşdirməklə sadələşdirməyə xidmət edir. Yəni ona qarşı qınağı aradan qaldırır. Bizə börə xəbər portalları cinsi xəbərlərə yer ayırmaları bu hadisələri adiləşdirməyə və beyinləri bu işlərlə məşğul etməyə xidmət edir."
"Birlik.az" saytının baş redaktoru və MJA-nın ((Müstəqil Jurnalistlər Assosasiyası)) təşəbbüskarı və təsisçilərindən Vüsal Hətəmov ictimai mənəviyyatın tənəzzülə uğradığını qeyd etdi:
"Xəbər saytlarının əksəriyyət ucuz şouya qaçırlar. Azərbaycanda o qədər ictimai mənəviyyat tənəzzülə uğrayıb ki, artıq mediya nümayəndələri əxlaqdan kənar "şoular" hazırlayır. Bu biabırçılıqdır, görün xalq nə günə qalıb ki, xalqın istədiyi məlumat əxlaqsız məlumatlardır. Əgər bu gün əxlaqsız məlumatlar alınırsa, bu həm də xalqın günahıdır. Təbii ki, bunda birbaşa hakimiyyətin yarıtmaz siyasəti funksiya daşıyır. çünki ictimaiyyətin mənəvi qidası dövlət tərəfindən hazırlanır. Teleməkanda, KİV nə bişirirsə, xalq da onu yeyir və bu da axırda ora gəlib çıxdı ki, artıq xalq elmi, mənəvi, ədəbi mövzuları yox, qeyri-etik mövzuları seçir. Təbii ki, burada Qərbin də maraqları var. Qərb istəyir ki, bizdə dövlətçilik laxlasın. xalqın milli-mənəvi dəyələri təhrif olunanda, xalqın gələcək dövlətçiliyi də kölgə altında qalır. Mənəvi dəyərləri olmayan xalq dövlətçilik dəyərlərini başa düşməz"
"Xeberlent.az" İnformasiya Agentliyinin baş redaktoru Səbuhi Vaqifoğlu əxlaqsız xəbərlərin əvəzinə faydalı xəbərlər verilməsini vurğuladı:
"Mənim də fikirlərimə önəm verdiyiniz üçün təşəkkür edirəm.
Bəli, tamamilə düzgün buyurursunuz. Son zamanlar ölkəmizdə bir çox saytlar öz reytinqini əxlaqsız və erotik xəbərlər yayımlamaqla qaldırır. Bunun əsas səbəbini ilk növbədə cəmiyyətin təbliğ olunmasında görürəm.
Nəzərə almaq lazımdır ki, hal-hazırda tv-lərdə belə əxlaqsızlıq təbliğ olunur. Hesab edirəm ki, mediya əxlaqsızlıq əvəzinə insanlara, cəmiyyətə faydalı xəbərlər yayımlasalar bu hamı üçün xeyirli olar."
"Azadxeber.org" saytının xüsusi müxbiri Pərvin Zeynalov etikaya sığmayan xəbərləri dəyərlərimizə hörmətsizlik kimi qiymətləndirdi:
"Azərbaycanda fəaliyyət göstərən saytların hər birinin izləyici toplamaq üçün müəyyən metodları var. Bu metodlar bəzən qüsurlu, bəzən qüsursuz, bəzən tərəfli, bəzən bitərəf olur. Əxlaqsız və ya etikaya sığmayan xəbərlərin verilməsi izləyici toplamaq üçün yeni metod deyil. Bu cür metodu seçən xəbər portalları ölkə gündəminə aid xəbərlərlə izləyici toplaya bilmədiyindən, ən asan və etikaya sığmayan metoda əl atır.
Doğrusu,bu cür xəbərlər saytlara girişi çoxaltmır, əksinə azaldır. Çünki xəbər portalına girən izləyicinin əsas marağı ölkə və xarici gündəliyə baxmaqdır. Bu cür əxlaqa sığmayan xəbərlərin verilməsi dəyərlərimizə hörmətsizlik kimi qiymətləndirirəm.
Jurnalist Xəyal Həsənov belə xəbərləri ucuz reklam adlandırdı:
"Porno xəbərlərin saytlara yerləşdirilməsi müəyyən kütlə üçün nəzərdə tutulub. Bu ucuz reklamdır. Saytlar bunun vasitəsilə saytın reytinqini qaldırırlar. Mən təəssüf edirəm ki, oxucuların çox hissəsi məhz bu xəbərlərə görə bir çox saytlara mütəmadi olaraq daxil olur."

Hazırladı: İlkin Məmmədov              xebername.org

Комментариев нет:

Отправить комментарий