Страницы

20.01.2013

Məzarından cəsədi oğurlanan milyonçu

Onlar Türkiyənin ən varlı ailəsi hesab edilirlər. İllərdir varidatlarının həcminə görə, “Forbes” jurnalının qiymətləndirmələrində ilk üçlükdədirlər. Söhbət avtomobildən məişət avadanlıqlarına, maye qazdan istilik təchizatına, qida sənayesi və pərakəndə satışdan turizmə, maliyyə və sığorta xidmətlərinə qədər müxtəlif sahələri əhatə edən “Koç Holdinq”dən gedir.

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində "gələcəyi gələcəyə buraxmamaq üçün, gələcəyi indi gör" deyib 1926-cı ildən baqqallıqla iş həyatına başlayan dövriyyəsinə, ixracatdakı, ÜDM-dəki payına, eləcə də işçilərinin sayına görə Türkiyədə birinci, dünyada 273-cü ən böyük şirkətin yaradıcısı Ahmet Vehbi Koçun həyat hekayəsini təqdim edir.

Pul qazanmaq üçün məktəbi yarımçıq buraxır 

Ahmet Vehbi Koç 1901-ci ildə Ankaranın Çoraklık səmtində dünyaya gəlib. Ata tərəfindən üç əsrlik, ana tərəfindən isə Hacı Bayram Vəli sülaləsinə söykənən altı əsrlik ailədən gələn Koç 5 yaşında məhəllə məktəbində təhsilə başlayır. 1908-ci ildə təhsilini kirayə evdə fəaliyyət göstərən 5 illik ibtidai məktəbdə davam etdirir. 1914-cü ildə binası indiki tibb fakültəsi ixtisas xəstəxanasının olduğu yerdə yerləşən Ankara İdadisinə (orta təhsil verən məktəb. Yüksək peşə məktəblərinə tələbə yetişdirmək məqsədi daşıyırdı) qəbul olur. 15 yaşında idadini yarımçıq buraxır. Vehbi Koçun təsdiqnamə üçün məktəb idarəsinə təqdim etdiyi ərizədə isə belə yazılırdı:
“Maddi təminatımla bağlı məktəbi tərk etmək məcburiyyətindəyəm. Lazım gələn təsdiqnaməni vermənizi xahiş edirəm. Ahmet Vehbi”

Kiçik biznesə başlayır, tacir qızı ilə evlənir 

Məktəbi yarımçıq qoyan Koç pul qazanmaq üçün 1917-ci ildə kiçik biznesə başlayır. Karaoğlan Caddəsində qaldıqları evin altında baqqal dükanı açır. Burada şəkər, motal pendiri, zeytun, makaron satmağa başlayır. Dükanı isə Koçzadə Hacı Mustafa Rahmi adlandırır. 1920-ci ildə Qurtuluş Müharibəsi zamanı Böyük Millət Məclisi Mətbəəsində Cavad Fehmi Başkutun yanında korrektorun köməkçisi kimi işə başlayır. 1921-ci ildə Silahlı Qaravul komandiri İsmayıl Hakkı Bəyin mətbəə rəhbərlərinə əsəbləşməsi nəticəsində diğər nəşriyyat işçiləriylə birlikdə əsgərliyə göndərilir. Vehbi Koç Silahlı Qaravul bölüyündə 1.5 il əsgərlik çəkir. 1926-cı ildə ailəsi onun xalasının qızı, ankaralı tacir Sadullah Aktarın qızı Sadberk Aktarla evləndirilməsinə qərar verir. Vehbi Koç 1927-ci ildə ailə qurur. Atasının dükanının Vehbi Koça verilməsi nəticəsində Koçzade Ahmet Vehbi adıyla Ankara Ticarət Odasına üzv olur. 1928-ci ildə Ankara Ticarət Odasının ikinci prezidenti vəzifəsinin icra edir.
Vehbi Koçun həyat hekayəsində qeyd edilir ki, paytaxtın Ankaraya köçürülməsi nəticəsində tikintidə artan tələbatı görən ticarətçi tikinti materialı biznesi ilə məşğul olmağa qərar verir. 1934-ci ildə sənaye sahəsində ilk təşəbbüsünü edir. Haliç Sütlücədə boru fabrikinə ortaq olur. Ancaq hesablar düzgün aparılmadığından iş batır. Vehbi Koç bu kimi bir neçə təcrübədən sonra başqalarının qurduğu işə ortaq olmamaq qərarına gəlir. Öz qurduğu işə ortaq axtarır. 1937-ci ildə İstanbulda 100 min lirə sərmayə ilə Vehbi Koç və Şərikləri Kollektiv Şirkətini təsis edir. Sahələrində işi çox yaxşı bildiyinə inandığı Emin Güraçı, İsrail Anastasyanı və İsak Altabefi şirkətə ortaq edir (bu ortaqlıq 1954-cü ildə qədər davam edir). 1938-ci ildə sərmayəsi 300 min lirə olan Koç Ticarət Anonim Şirkətini qurur. Müəssisələşmə istiqamətində əhəmiyyətli addım atır. Bu dövrdə bir Cumriyyət qızılı 11 lirə 12 kuruş idi. 1944-cü ildə ilk avtomobil ticarət şirkəti olan Mühərrik Ticarəti yaradan Vehbi Koç ticarətdə üstünlük qazanmaq məqsədilə İkinci Dünya Müharibəsindən sonra New Yorkda Ram Commercial Corporation adında şirkət qurur. Şirkətin məqsədi Amerikaya mal almağa gələn rəsmi nümayəndə heyətinə mal satmaq, məsləhət vermək olur. Lakin ümid edilən nəticə alınmadığından 1954-cü ildə Ram Commercial Corporation bağlanır. 1946-cı ildə ilk Amerika səyahətinə çıxan Vehbi Koç iş adamlarının zamandan necə istifadə etdiklərini görür. 1948-ci ildə “General Electric”lə ortaq olaraq, ilk lampa fabrikini qurur. 1947-ci ildə Ankara Oksigen Şirkətini təsis edərək öz sərmayəsiylə girişdiyi ilk sənaye təşəbbüsünü reallaşdırır. 1960-cı illərdə beynəlxalq şirkətlərlə ortaqlıq və əməkdaşlığa start verir. Müxtəlif sənaye müəssisələri yaradır. İlk avtomobil, ilk traktör, ilk soyuducu, ilk paltaryuyan maşın, ilk balonlu LPG kimi bir çox məhsul Koç Birliyi tərəfindən istehsal olunmağa başlayır.
Bu dövrdə “Tofaş”ın “Fiat”la iş ortaqlığı qurulur. Bir sözlə, Koç Birliyinin iş sahələri əhəmiyyətli dərəcədə genişlənir. 1963-cü ildə Koç Holdinq A.Ş. təsis edilir. Vehbi Koç holdinqin idarə heyətinin sədri olur. İş həyatında kifayət qədər dinamik qərarlar verən Koç 1970-ci illərdə holdinqin tərkibinə yeni şirkətlər qatır. 1974-cü ildə “Migros” qida mağazaları şəbəkəsi Koç Holdinqə daxil edilir. Holdinq fəaliyyət istiqamətini ixracata yönəldərək, xarici ticarət şirkətləri yaradır. 1986-ci ildə American Express Company ilə ortaq olan Vehbi Koç-Amerikan Bankını yaradır. Beləliklə bank sektoruna da daxil olur. 1992-ci ildə bankın bütün səhmlərini satın alır. Koç-Amerikan Bankının adını dəyişdirib “Koçbank” edir. Amma bu hamısı deyil.
Koç Birliyi Türkiyənin ən böyük sənaye quruluşu “Tüpraş”ı və türk bank sektorunun nəhəngi “Yapı Kredi Bank”ı tərkibinə qatır.

Koç necə varlanıb? 

Əslində baqqallıqdan başlayan bu yüksəliş heç də qeyd edildiyi kimi sadə deyil. Bu prosesi izləyərkən müəyyən suallar yaranır. Dəqiq cavab isə yoxdur. Bu səbədən də Vehbi Koçun dillərə dastan varidata necə sahiblənməsi ilə bağlı ilginc izahlar verilir. Onun varlanması İkinci Dünya Müharibəsi zamanı 800 varlı yəhudinin batdığı “STRUMA” gəmisi ilə əlaqələndirilir. Bildirilir ki, Vehbi Koç gəmidəki neft maqnatını xilas etdiyinə görə KOÇ ola bilib. Bu hekayənin məzmunu isə belədir:
İkinci Dünya Müharibəsi zamanı Hitler Rumıniyadakı varlı yəhudiləri öldürmək istəyir. Bu xəbəri alan 800 zəngin yəhudi 1941-ci ilin 12 dekabrında “STRUMA” adlı gəmiylə Fələstinə qaçmaq üçün dənizə üz tutur. Mühərrikin xarab olması nəticəsində gəmi İstanbul sahillərində dayanır. Türk hökuməti almanların təzyiqi ilə gəmidəkilərin quruya çıxmasına icazə vermir. O dövrdə Fələstinə yəhudi köçünü məhdudlaşdıran İngiltərə də gəminin yola davam etməsinə razı olmur. Karantin nəzarətinə götürülən gəmi yalnız yemək və içki ilə təmin edilir. Gəmidə Rumıniyada fəaliyyət göstərən ABŞ-ın "Vacuum" şirkətinin sahibləri olan yəhudi iş adamları da olur. "Vacuum"da yüksək vəzifəni icra edən Oxford Universitetinin məzunu Vera Rosenberg adlı casusun vasitəçiliyi ilə Mərkəzi Kəşfiyyat İdarəsindən Türkiyədəki bir iş adamına "nə yap, nə et, bu adamı qurtar" əmri gəlir. Hansı ki, sözügedən iş adamının da Vehbi Koç olduğu söylənilir. Vaxt itirməyən V.Koç dövrün güclü kəşfiyyatçısı İhsan Səbri Çağlayangildən kömək istəyir.
Çağlayangil hətta baş nazirə belə xəbər vermədən gəmidəki zəngin neftçi ailəsini çıxarır. Qalan sərnişinlərin, eləcə də gəminin aqibətinə gəlincə, həftələrlə sürən müzakirələr nəticə vermir. 23 fevral 1942-ci ildə Türkiyə mühərriki hələ də işləməyən gəmini Qara dənizə buraxır. Gecə boyunca sürüklənən gəmi ertəsi səhər böyük bir partlayışdan sonra batır. Sərnişinlərindən 103-ü uşaq olan 778 nəfər həlak olur. Uzun illər “STURMA”nın partlayışının səbəbi sirr kimi qalır.1960-cı illərdə Sovet arxivlərindən çıxan sənədlərdə gəminin Sovet sualtı qayığı tərəfindən torpido ilə vurularaq batırıldığı bəlli olur.
Müharibədən sonra “Vacuum” şirkəti SOCONİ ilə birləşir. Zəngin ailəni xilas edən Vehbi Koç da bugünkü KOÇ olur. Yəni iş adamının göstərdiyi yardım qarşılıqsız qalmır.

Həcc ziyarətinə gedir, partiyadan istefa verir 

Vehbi Koç pul qazanmaqla bərabər müxtəlif illərdə dünya səyahətinə, Həcc ziyarətinə də gedib. 1958-ci ildə həyat yoldaşı Sadberk xanımla birlikdə Həccə üz tutub. 1960-cı ildə iqtidarda olan Demokratik Partiyanın təzyiqi ilə qeydiyyatda olduğu Respublika Xalq Partiyasından istefa verir. Bununla belə Demokrat Partiyasının üzvü də olmur.

Atadan oğula və nəvəyə keçən idarəçilik 

Vehbi Koçun 4 övladı var: Rahmi Koç, Semahat Arsel, Sevgi Gönül, Suna Kıraç.
1984-cü ildə Vehbi Koç holdinqin İdarə Heyəti sədrliyini oğlu Rahmi Koça, oğul isə 2003-cü ildə postunu nəvə Mustafa V. Koça təhvil verir. Özü də bir zamanlar atası kimi Koç Holdinqin Şərəf Başçılığı vəzifəsini yerinə yetirir.

Mağazaları gəzdi, hoteldə vəfat etdi 

Vehbi Koç bayram tətilini keçirmək məsədilə getdiyi Antalyada 25 fevral 1996-cı ildə vəfat edib. Həmin gün onun üçün adi iş günlərdən olub. Axşam saatlarında ”Migros” mağazasını gəzib. Yeni layihələrlə bağlı məlumatlar alıb. Gecə Talya Hotelinə qayıdan iş adamının vəziyyəti anidən pisləşib. V.Koç atası kimi ürək tutmasından vəfat edib.

Koçların pulu Sabançılardan çoxdur 

2012-ci ildə Türkiyədə aparılan “Türkiyənin ən varlı 100 adamı” ilə bağlı araşıdırmanın nəticələrinə görə, Koç ailəsinin varidatı birincidir. Onların sərvəti 7 milyard dollar səviyyəsində qiymətləndirilib. Bu rəqəmə inansaq, Koçların pulu Meksikada telekommunikasiya sahəsində fəaliyyət göstərən Juan Carlos Slim və ailəsinin sərvətinə bərabərdir. Lakin “Forbes” Koç ailəsinin varidatını daha çox qiymətlənidirir. Belə ki, jurnal 2011-ci ildə Koç ailəsinin sərvətinin 12 milyard 350 milyon dollar olduğunu yazıb.
Onu da deyək ki, göstərilən ildə Koçlar “Forbes” də “ən varlı ailə” statusunu Sabançıların əlindən almışdılar. 2010-cu ildə Sabançı ailəsinin 13 fərdinin sərvəti cəmi 10 milyard 320 milyon dollar səviyyəsində idi. Koç ailəsi isə 7 milyard 140 milyon dollarla Sabancıları təqib edirdi. Aradan keçən bir ildə Koç ailəsi sərvətini 5 milyard 210 milyon dollar artıraraq, Sabançıları üstələdi.
Koçların varidatı ilə bağlı qiymətləndirmələr bununla bitmir. 2009-ci ildə “Fortune” jurnalının dünyanın ən böyük 500 sənaye firması (Fortune Global 500) siyahısında Koç Holdinq 172-ci sırada idi. İSO-nun (Beynəlxalq Standartlaşdırma Təşkilatı) 2006-ci ildə açıqladığı Türkiyənin ən böyük 500 şirkəti siyahısında Koç Birliyinə daxil olan 5 şirkət ilk onluğa girməyi bacarmışdı.

Koç ailəsinin yəhudilərlə bağlılığı 

Koç ailəsinin yəhudilərlə bağlılığı zaman-zaman müzakirə mövzusu olub. Baxmayaraq ki, Vehbi Koç müsəlman və türkdür. Onun oğlu Rahmi Koç da hər cümə günündə məscidə namaza gedir. Bununla belə, bildirlir ki, Koç ailəsinin bugünkü üçüncü nəslində həm ana, həm ata tərəfindən yəhudi qanı var. Şirkətlərinin üst səviyyə idarəçilərinin əksəriyyətində yəhudi əsillilər təmsil olunur. Bundan əlavə, Aydın Doğanın indiki səviyyəyə gəlməsində Koçun rolu var. Doğanın “Milliyet”i Ercüment Karacandan almasına Koçun vasitəçilik etdiyi irəli sürülür. O da bildirlir ki, “Hürriyet” quran Sedat Simavi Vehbi Koçun həyat yoldaşı Sadberk xanımın əmisi oğludur. Qəzeti təsis edərkən bütün sərmayəni ona Koçun ortağı Eli Burla veribmiş. Digər tərəfdən, Koçların ortağı, Arçelik və Arçeliyin paylama şəbəkəsində əhəmiyyətli hissə payına sahib olan Burla Biraderlər 500 il əvvəl İspaniyadan Osmanlı torpaqlarına köç edən yəhudidir.

Vehbi Koçun cəsədini məzardan kim oğurlayıb?

Vehbi Koçun həyatı ilə bağlı maraqlı məqamlardan biri də cəsədinin məzardan oğurlanmasıdır.
Koçun cəsədi məzəraından 100 metr aralıda Akman ailəsinə məxsus qəbirlərin birinin içində tapıldı. O zaman oğrular milyaderin nəşini vermək üçün İnterStar televiziyası ilə 25 milyard lirə qarşılığında razlışamışdılar. Polis cəsəd oğrularını tapsa da, hadisənin əsl səbəbləri qaranlıq qaldı. Media, qeyri-rəsmi mənbələr bu olayı yəhudilərə, hətta Aydın Doğana bağladılar. Konkret A.Doğanın bunu DNT testi üçün etdiyi söylənilir.
Deyilənlərə görə, A.Doğan V.Koçun nikahdan kənar oğludur. Belə ki, illər əvvəl Vehbi Koçun Anadoluda nikahdan kənar bir oğlu olur. V.Koç uzun illər bu uşağı qəbul etmir. Soyadını verməyi isə ağlından belə keçirmir. İllər sonra bir şəkildə qəbul etmək məcburiyyətində qalır. Amma ailəsindən gizlədir. Bu dövrdə nikahdan kənar oğul - Aydın Doğan iş həyatında yüksəlməyə başlayır. Aydın Doğanın istəməsinə, ailəsinin belə bundan xəbər tutmasına rəğmən, V.Koç onu rəsmi övladlığa qəbul etmir. Beləliklə də A.Doğan V.Koçun cəsədini oğurlatdıraraq DNT testi etdirir. Əlinə bu barədə rəsmi sənəd alır.
Lakin yuxarıda qeyd etdiyimiz kimi, bu söylənti heç vaxt təsdiqlənməyib.

Leyla Əliyeva

Комментариев нет:

Отправить комментарий