Страницы

20.01.2013

Qadınların qorxulu kəşfi, cüllüt ovçuları, göbələk şəkilli cəhənnəm

Dünyanın şah əsərlərinin tarixini Yusifoğlu yazır Layihə: ŞAH ƏSƏRLƏR

Silahın tərifini belə verirlər: insanın və ölkənin başqa insana və ölkəyə qarşı istifadə etdiyi özünümüdafiə və müqavimət vasitəsi.
Yaxşı tərifdir. Ancaq hardan baxırsansa bax, hansı tərəfdən yanaşırsan yanaş, bu «müqavimət göstərilmənin» hər iki tərəfində insan və ölkələrin durduğunu görürük.
Ona görə də ən dəqiq adlandırma belə olmalıydı: insanın özünü məhv etməsi üçün kəşf etdiyi ən böyük ixtira.
İlk dəfə kimin ağlına gəlib ki, «başqa insana qarşı» yumruqlardan əlavə hansısa vasitənin yardımından istifadə etmək lazımdır?


Qadınların yeganə kəşfi

Bu, heç də «gender» məsələsi deyil, patriarxallıq da deyil: sadəcə, Allahın kişiləri daha ağıllı xəlq etdiyi artıq elmi qənaətlərlə də sübut olunub: kişi beyni qadın beynindən 150-200 qram daha böyükdür.
Bəlkə də buna görə bütün ixtiraların, təkamülün bünövrəsində kişi beyninin məhsulu dayanır: təbii ki, «hər bir kişinin arxasında bir qadın dayanmırsa», onun uğurlarından söhbət gedə bilməz… Elə silahın yaranışı da qadınların kişiyə «arxa-dayağı üçün» icad edilib.
Əvvəllər hesab edilirdi ki, insanın vəhşi heyvanlardan özünü qorumaq üçün hansısa vasitəyə ehtiyac duyması ilk silahların yaranmasına səbəb olub. Amerikan və ingilis alimləri isə lap təzəliklə böyük tarixi həqiqəti üzə çıxardılar. Ayova (ABŞ) və Kembric (İngiltərə) universitetləri antropoloq alimlərinin birgə araşdırmalarına görə, ibtidai dövrdə qadınlar ov məqsədilə kişilərə yardım etmək qərarı verəndə bir problemlə üzləşirlər: onlar kişilər kimi qüvvətli deyildilər, ov prosesində gücləri uğur qazanmağa imkan vermirdi. Bəs, necə etsinlər?
Kişi yumruğundan daha bərk daş varmış; kişi caynağından daha iti və uzun ağacın yonulmuş ucu imiş.
Qadınlar ilk dəfə olaraq ucu kobud formada itilənmiş ağaclardan və daşlardan istifadə etməyə başladılar. Seneqalın şərqində araşdırma aparan arxeoloqlar ən qədim silahı – ucu yonulmuş ağacı tapdılar və onun qadınlar tərəfindən icad olunduğunu isbatladılar.
Ağac – həm də vəhşi heyvanla üzbəüz qalanda qadının özünüqoruma vasitəsinə çevrilmişdi.
Beləliklə, qadının yaratdığı ilk silahlar – daş və zopa ilə insanın silahlanma dövrü başladı…

Kişilər ixtirani mənimsəyir

Kişilər əvvəlcə silaha «qadın aləti» kimi yanaşsalar da, bir müddətdən sonra ovun və müdafiənin təşkilində silahdan istifadənin üstünlüklərini bildilər və dərhal silahlanmaya başladılar: zatən, silah – ov üçün daha artıq məsuliyyət daşıyan kişilərin işinə yarayırdı.

İlk ibtidai və soyuq silahların yaranma tarixi dəqiqliyi ilə məlum olmasa da, mezolit dövründən onun artıq təkmil formalarının meydana gəldiyi qənaəti mövcuddur: ucu itilənmiş daşlar, başlığına iti daş bağlanmış nizələr və s.
Bıçaq, balta, çapacaq, dəyənək - sonradan xəncər, qılınc, mizraq, qalxan, sapand (mancanaq) və s. çeşidli silahların yaranmasına gətirib çıxardı. Əlbəttə ki, ibtidai dövrün ən böyük ixtirası sayılan və yüzillərlə istifadə olunan yayın yaranması silahın inkişafında ayrıca mərhələdir.
«Ov üçün yaranan silahları insanlar hansı məqamda bir-birinə qarşı çevirib» sualına dəqiq cavab verməkdə alimlər çətinlik çəkir. Ancaq bizə belə gəlir ki, silah – yarandığı ilk gündən həm də insana qarşı çevrilib. İbtidai insan bir-birindən də qorunmalıydı.

Türklərin ixtirası

İlkin silahların yaranmasını konkret hansısa xalqa bağlamaq çox çətindir. Ancaq hamının etiraf etdiyi bir həqiqət var ki, ox-yayın türklər arasında xüsusi dəyəri olub, hətta bayraq rəmzi səviyyəsinə qaldırılıb.
Orta əsrlərdə Avropa ölkələrində ox – qarşı-qarşıya duran ordunun bir-birinə «kəşfiyyat xarakterli» zərbəsi sayılırdı: oxatanların iki, ən çoxu üç atışından sonra piyada və süvarilərin döyüşü başlayırdı. Ancaq türklərin hərb sənətində oxdan istifadə döyüş strategiyasının nüvəsini təşkil edirdi: atlıların sürətlə düşmən ordusuna tərəf şığıyarkən, aldadıcı manevrlə geriyə çəkilərkən və ya mühasirə zamanı oxlardan maksimum istifadə – türk hərbinin ana qanunları sırasındaydı.
Türklərin ox-yaydan istifadəsi o həddə çatmışdı ki, süvarilər atın ayaqlarının yerdən üzüldüyü və havada olduğu məqamı həssaslıqla hesablayır və məhz bu məqamda oxu atırdılar. Ona görə də dünyada türklər qədər at üstündə sərrast ox atmağı bacaran ikinci xalq olmayıb.
Hətta türk süvarilərinin döyüş mövqeyində yay kimi düzülməsi, hücuma «ox ucu» («pazşəkilli») formasında keçməsi və mərkəzdən girməklə getdikcə genişlənən qüvvə ilə düşmən ordusunu iki yerə parçalaması və s. – yay və oxun türk şüurundakı mövqeyinin göstəricisi kimi qiymətləndirilir.
Bu baxımdan, ox-yayın ixtiraçısı kimi konkretləşdirilməsə də, onun inkişafı türklərin adına bağlanır.

Odlu silahın yaranması

İnsanlığın taleyini dəyişən və Gündoğanın hökmranlığını Günbatana aparan odlu silahın yaranması heç də Qərblə bağlı deyil. Odlu silahın yaranmasına gedən yolun başlanğıcı – barıtın kəşfi Şərqə, qədim Çin mədəniyyətinə aiddir.
Bəzi mülahizələrə görə, yandırıcı və dağıdıcı maddənin mövcudluğundan insanlar çox qədim zamanlarda (əlbəttə ki, söhbət Şumer dövründən gedir) xəbərdar olublar. Lakin on minlərlə Şumer gil kitabələrinin yarıdan çoxunun sirri açılsa da, hələlik, belə bir fakta rast gəlinməyib.
Ola bilsin ki, gələcək araşdırmalar bu rəyi dəyişsin, ancaq hazırda ortada olan fakt - 1044-cü ildə çinli müdriklərin kəşf tarixinə aid mənbədir. Çinlilər kalium selitrası, kömür və kükürdün qarışığından (75:15:10 nisbətində) barıtı məhz bu ildə kəşf etmişlər.
Bu tüstülü barıt yandırıcı xarakterə malik olsa da, indi təsəvvür edilən səviyyədə təhlükəli deyildi.
Avropalılar ilk dəfə barıtın kəşfindən iki əsrdən də çox müddət keçəndən sonra onunla tanış oldular və həddən artıq təəccübləndilər: yəni belə şey mümkündürmü?
Araşdırmalar başladı və bu araşdırmaların nəticəsində Qərb müharibə texnologiyalarının mərkəzinə çevrildi.

Topu keşişlər kəşf edib

İnanardınızmı ki, ilk ən böyük qırğın silahını – topu Allah adamları, keşişlər kəşf edib?
İnanılmasa da, fakt faktlığında qalır…
Şərq artıq barıtın döyüşdə istifadəsindən bəhrələnirdi: qalın kağızlar və bərk maddələrin (metalların) içinə qoyduqları barıtın fitilini alışdırır, onu əl və ya mancanaqla düşmən tərəfə atır (müasir qumbaranın ibtidai forması), qorxulu partlayış yaradır və kənara səpələnən qalın kağız və metal qırıntıları ilə düşmən əsgərlərinə xətər yetirə bilirdi; barıtın partlaması ilə yaranan qazın bərk maddələri uzaq məsafəyə ata bilmək imkanları isə 12-ci əsrdə türklərə və çinlilərə bəlli idi: metal boruların içinə bərk maddələr yığılır, arxasına barıt qoyulur və fitilin yandırılması ilə düşmən üzərinə dəmir parçaları yağdırırdılar.
Avropalı tacirlər Şərqin bu böyük kəşfini öz həmyerlilərinə və hökmdarlarına heç cür izah edə bilmədiklərində, barıtın özünü ölkələrinə aparmaqdan ayrı əlac görmədilər. İlk dəfə Suriyadan Bizansa adlayan barıtı görəndə təəccüblənən avropalılar bu «Allah möcüzəsinin» tədqiqi üçün keşişləri cəlb etdilər.
Avropada barıt üzərində ilk tədqiqatların ingilis rahib Rocer Bakon (1219-1292) və alman rahib Bartold Şvants (1310-1388) tərəfindən aparıldığı məlumdur.
Rocer Bakon 1252-ci ildə quru barıtın əldə edilməsinin formulunu kəşf etdi və bununla da döyüşlərdə odlu silahdan istifadəyə start verildi: 1284-cü ildə İtaliyada, 1313-cü ildə Fransada lokal savaşlarda odlu silahdan ilk dəfə istifadə edildiyi qeyd olunur.
1326-cı ildə Fransa, bir il sonra isə İngiltərədə topa bənzər silahların mövcudluğu ilə bağlı arxiv sənədlərinə rast gəlinir. Ancaq bu toplarda lüləyə qalın nizə keçirilirdi: barıt qalın nizə və ya çoxsaylı oxları atmaq üçün istifadə edilirdi.
Müasir topun yaradıcılarından biri isə rahib Şvantsdır; o, artıq 1377-ci ildə Benediktdə tuncdan top istehsalına başlamışdı.
Bunun ardınca fitilli, çaxmaqdaşlı, kapsulalı və nəhayət, iynəli mexanizmlə işə salınan ilk tüfənglərin istehsalı start götürdü.

Muşketdən snayperə qədər

İlk tüfənglər («dayandoldurum») oxların bir vaxtlar oynadığı rolu yerinə yetirirdi: iki-üç yaylım atəşi və... döyüşçülərin soyuq silahlarının toqquşması başlayırdı.
19-cu əsrə qədər tüfənglərin ən geniş yayılmış növü muşket idi: hamar lüləsi və əllə doldurulması onun effektivliyini aşağı salırdı. Ən uzağı 73 metrlik məsafədəki hədəfi vurmağa qadir olan muşketlərin lüləsi hamar olduğu üçün, dəqiq atəş açmağı da çətinləşdirirdi.
Daha dəqiq nişan almağa imkan verən yivli tüfənglər baha başa gəldiyindən, ordunu bu silahla təmin etmək iqtisadi baxımdan səmərəli sayılmırdı. Muşketin daha çevik doldurulması və tez işə salınması əsas prinsip idi: üzbəüz və yaxın məsafəli döyüşlər üçün.
1830-cu ildə zərbə mexanizmli muşketlərin (kapsul tüfənglər) kütləvi istehsalına başlamaq mümkün oldu. Bu silah yüksək səviyyədə mexanikiləşdirilmişdi və istehsalı da ucuz başa gəlirdi. ABŞ kapsul tüfənglərin istehsalında dərhal liderliyi əlinə ala bildi.
1853-cü ildə ingilislər artıq bir kilometrdən artıq məsafədən (1097 metrdən) düşmən əsgərini dəqiq nişan almaq və vurmaq imkanına malik idilər. Bu, artıq inqilab idi: cəmi 20 il əvvəl düşmənlə 100 metrlik məsafə tamamilə təhlükəsiz hesab edilirdisə, indi artıq bir kilometrdən artıq məsafə də təhlükəliydi.
Uzaq məsafədən rəqibin əsas simalarının – zabitlərin, komandanların öldürülməsi mümkünlüyü və bunun döyüşün taleyini həll etməsi nəzərə alındı və atıcılar (nişançılar) xüsusi kateqoriya kimi yetişdirilməyə başlandı.
İlk vaxtlardan artıq onlara ad da verildi: «snayper». Snayper – ingilislərin cüllüt quşu («snayp») sözündəndir. Ovçular üçün ən böyük uğur – cüllüt quşlarını vurmaq hesab olunur. Çünki cüllütlərə yaxınlaşmaq mümkün deyil, onu ovlamaq istəyən ovçudan böyük səbr (bəzən yerindən tərpənmədən bir neçə saat güdmək), həssaslıq tələb olunur; ən əsası isə cüllütə yalnız bir dəfə atəş aça bilərsən – vura bilməsən, səksənən cüllütləri tapmaq sonra müşkül məsələdir.
Cüllüt ovlamaq – «snayp shooting» - artıq idman növünə də çevrilmişdi: sürətlə hərəkət edən, dayanmadan uzaqlaşan hədəfləri vurmaq yarışlarında qalib gəlmək böyük uğur idi. Bu yarışların adı – snayp shooting - sonradan qısaldılaraq «snaypinq» formasında işləndi və tədricən uzaq məsafədən düşmənin canlı qüvvəsini məhv etmək üçün pusquya yatanlara aid edilməyə başladı.
1900-cü ildə 2 kilometrə yaxın (1829 metrlik) məsafədən hədəfi öldürmək qabiliyyətli silahların kütləviləşməsi ilə növbəti problem yarandı: uzaq məsafəni görmək və nişan almaq çətinləşirdi, hədəfləri dəqiq vurmaq üçün nişangah lazım idi və ilk aynalı (böyüdücü optik linza ilə təchiz edilmiş nişangaha malik), güllə sandıqlı tüfənglər meydana gəldi.
1899-1902-ci illərdəki ingilis-bur müharibəsi ayrıca «snayperlər» nəslinin təliminə şərait yaratdı. Burlar (Cənubi Afrikada yaşayan Niderland əsillilər) çox azsaylı nişançılarla ingilis ordusuna qarşı effektiv mübarizə apardılar: burların uzun saqqalı, tünd, yaşıltəhər dairəvi papaqları meşədə onların görünməsini əngəlləyirdi və bu da «snayperlərin maskalanması» ideyasını doğurdu.
Maskalanan – təbiət rənglərinə uyğun geyim geyən və görünməz olan snayperlər müxtəlif əməliyyatlarda aparıcı rol oynayırdılar.
Birinci Dünya Müharibəsi zamanı isə alman snayperlərin sərrastlığı düşmənləri mat qoymuşdu: ön cəbhədə pusqu qurub, saatlarla səbir edən snayperlər 2-3 kilometrlikdəki düşmən əsgərinin başını səngərdən çıxarmasına imkan vermirdilər – cəmi 3 saniyə kifayət idi ki, alman snayperlər düşməni meyitə çevirsinlər.
Bu fövqəladə vəziyyət 1915-ci ildə İngiltərədən başlayaraq, bir sıra ölkələrdə «snayperlər məktəbinin» yaradılmasını zəruriləşdirdi.

Ötən əsrin 10 ən qüdrətli silahı

Barıtdan başlayan odlu silahların 20-ci əsrin əvvəllərindən etibarən o qədər çeşidi yaranıb ki, onları saymaqla qurtarmaz. Ona görə də ötən əsrin ən məşhur silahlarının ilk onluğunu təqdim etməklə, onları ümumiləşdirməyə çalışaq:
1. “Kalaşnikov” – dünyada ən çox istifadə edilən «AK» siyahıya başçılıq edir. Bu vaxta qədər 100 milyon “Kalaşnikov” istehsal edilib və dünyanın 50-dən artıq ölkəsində əsas silah arsenalı sayılır. Hətta bəzi ölkələrin gerbində «AK» əks olunub.
2. M-16 - amerikan istehsalı olan bu avtomat dözümlülüyünə görə «AK»dan geri qalsa da, dəqiqliyinə və uzaqmənzilliliyinə görə üstündür.
3. SMELE Mk.III - ingilis avtomatı; zirehləri və helikopterlərin gövdəsini deşməyə qadirdir.
4. M1 Qrand – amerikan tüfəngi.
5. FN Fal – belçika avtomatı (kiçik pulemyot imkanları onu 5-ci yerə yüksəldib)
6. Mauzer 98 – məşhur silahdır, karabin sistemli bu alman ixtirası avtomat olmasa da, avtomatların reytinqində belə öz mövqeyini tutub. Tüfənglərə isə şəksiz liderlik edir.
7. Steyr AUG – fantastik dizayna malik silah sayılır, Avstriya istehsalıdır.
8. Springfild - amerikan istehsalı.
9. Ştrumgever 44 – məşhur alman avtomatı, Kalaşnikovun bu avtomatın «surəti» olduğu iddia edilir.
10. M-14 – amerikanların bu məşhur tapançasının onluğa düşməsi mübahisəli qarşılanır, hətta onun «Makarov»un haqqına sahibləndiyini deyənlər də var; amma 20 patronlu saxlanca malik bu silahın çox praktik olduğu mübahisəsizdir.

Atom silahının kəşfi

Hazırda kimyəvi, bioloji silahların çoxsaylı növləri var, həmçinin tektonik – zəlzələ yaradan, atmosferin yuxarı qatına bir neçə Mvatt gücündə enerji göndərməklə təbiət hadisələrinə təsir edən və sunamilər, tufanlar yaratma imkanına malik əfsanəvi silahlardan da söhbət açılır.
Ancaq təbii ki, nüvə – atom silahı dağıdıcılığına görə bəşəriyyətin kəşf etdiyi ən dəhşətli silahdır və ondan yazmamaq ona görə olmaz ki: dünyada mövcud olan atom silahlarının 5/1 istifadə edilsə, Yer kürəsi bir neçə saat ərzində külə çevrilər.
Atom enerjisinin alınması və silaha çevrilməsi hardan başlayır?
Eynşteyndən – 1905-ci ildə bu dahi fizik atom nəzəriyyəsini irəli sürdü: kütlə enerjiylə bağlıdır və enerji – kütlə ilə işıq sürətinin hasilinin kvadratına bərabərdir.
1938-ci ildə alman alimləri Otto Han və Frits Strassman bu nəzəriyyə əsasında atom uranını uran neytron bombardmanlarının təsiri ilə böldülər və enerji aldılar. 1939-cu ildə fransız Jolio Küri atomun bölünməsi ilə dəhşətli partlayışın yarana biləcəyini elan etməsi artıq rəsmi etiraf idi: güman edirik ki, ona qədər araşdırma aparan alimlər nəyin üzərində çalışdıqlarını yaxşı bilirdilər.    
Eyni vaxtda atomun bölünməsi və dəhşətli zəncirvari partlayış doğurması üzərində iş başladı: SSRİ, Almaniya, ABŞ, İngiltərə – qısa müddətdə bu silaha sahib olmaq istəyirdilər.
ABŞ 1939-cu ildə məxfi obyekt yaratdı və atom silahının əldə olunması üçün məşhur «Manhetten» lahiyəsinə başladı. Lesli Qrovsun başçılıq etdiyi, 6 il müddətində 2 milyard (həmin dövr üçün fantastik məbləğ sayılır) dollar xərclənən layihədə həm də alman, yapon və ingilis alimləri çalışırdılar. 1942-ci ildə Tennesi ştatında uranın təmizlənməsi (saflaşdırılması) zavodu, Nyu Mexiko ştatının Los Alamos məntəqəsində nüvə mərkəzi yaradıldı.
Robert Oppengeymerin rəhbərlik etdiyi nüvə mərkəzində Avropanın bir çox alimləri, həmçinin 12 nəfər məşhur fizik - Nobel mükafatçısı iştirak edirdi.
Nəhayət, atom silahı istehsal olundu: 1945-ci il avqustun 6-da Xirosima, avqustun 9-da Naqasakidə yüz minlərlə insanın məhvinə səbəb olan sınaq keçirildi.
Daha sonra atom silahına sahiblənmək uğrunda yarış başlandı: 1947-ci ildə SSRİ, bunun ardınca isə bir çox ölkələr nüvə silahının istehsalına nail oldular.

Nüvə dəhşəti

Atom silahının hansı dəhşətlər törətdiyi barədə insanların ümumi bilgiləri var, ancaq yenə də olsun, bəzilərini xatırlatmaq həm də insanlıq baxımından vacibdir.
Partlayış belə başlayır: nüvədən çıxan neytronlar başqa nüvələrlə toqquşur və onları parçalayır, beləliklə zəncirvari parçalanma başlayır, 1.000 milyard kilokalorilik enerji yaranır, bombanın çevirdiyi qaz kütləsinin istiliyi bir anda bir neçə milyon dərəcəyə çatır, qaz təzyiqi atmosferə yayılır.
1. Partlayışın mində birinci saniyəsində: ətrafa müxtəlif şüalar yayılır və bu «başlanğıc parıltı» on kilometrlərlə uzaqda olan insanın gözünü kor edə bilir. Partlayışın şoku o qədər sürətlidir ki, göz qırpmağa macal olmur; hətta ilk təzyiq ikiqatlı körpüləri, qalın divarları (binalar çox xırda şeydir) dağıdır.
2. 2 saniyə sonra: yaranan alov topu 4-5 kilometr ərazidəki hər şeyi yandırır; özüylə şok dalğası yayır.
3. 6 saniyə sonra: şok dalğası yerə dəyir və yayılır; bu təzyiqin qarşısında insanın sağ qalma ehtimalı 1 faizdən də azdır.
4. 13 saniyə sonra: şok dalğası alov topu ilə birgə saatda 300-400 km sürətlə yayılır, alov topu soyuyur və yüngülləşir, atfosferə qalxır, partlayışdan əvvəl kənara yayılan dəhşətli külək indi də eyni sürətlə mərkəzdəki boşluğa qayıdır;
5. 30 saniyə sonra: alov topu göbələk forması alır;
6. 2 dəqiqə sonra: göbələk-bulud atfosferin 12 min metrliyinə qalxır, radioaktiv maddələr stratosferin bütün alt təbəqəsinə və dünyanın hər tərəfinə yayılır və s.
Atom silahı – təkcə düşdüyü yerdə və onun on kilometrlərlə ətrafında yox, bütün dünyada öz təsirini göstərir: min kilometrlərlə uzaqda doğulan körpələrin şikəstliyinə qədər təsir edə bilir.

Atom – sülh rəmzi!

Atom dəhşəti – insanları həm də düşünməyə vadar etdi. Əgər düşməni öldürmək üçün atılan bircə bomba dünyanın hər yerində öz təsirini göstərirsə, insan yaratdığı silahla sözün hərfi mənasında öz-özünü məhv etmirmi?
Bunu anlamaq üçün insana zopadan nüvə silahına qədər böyük bir yol keçmək lazım gəldi. Amma…
Amma təəssüf ki, hələ də bu həqiqət «nüvə silahına qədər» olan silahlara, lokal müharibələrə, dünyanın müxtəlif yerlərindəki «atomsuz toqquşmalara» aid edilmir. Atomsuz savaşların dünyanın mizanını pozduğunu, qlobal təbiət dəyişmələrinə səbəb olduğunu anlamaq üçün insanlara daha nə lazımdır?
Hələliksə yalnız bir təsəlli var: nüvə silahı – Üçüncü Dünya Müharibəsinin baş verməməsinin qarantıdır. Çünki insanlıq bu müharibə ilə hər şeyin məhv olacağını bilir…

news.lent.az

Комментариев нет:

Отправить комментарий