Страницы

26.02.2013

HÜSEYN ABDULLAYEV PREZİDENTƏ MÜRACİƏT ETDİ

Sabiq millət vəkili ABŞ elçiliyinə səfirlik binası tikmək üçün satmaq istədiyi torpaq sahəsinə sənəd ala bilmədiyini, bu işdə ona əsasən prezidentin köməkçisi Əli Əsədovun mane olduğunu deyir: keçmiş deputat dövlət başçısından xahiş edir ki, bu duruma müdaxilə etsin...
Sabiq millət vəkili, iş adamı Hüseyn Abdullayev prezident İlham Əliyevə müraciət edib. H.Abdullayevin müraciətinin bir nüsxəsi də “Yeni Müsavat”ın redaksiyasına göndərilib. Müraciəti olduğu kimi dərc edirik.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Sabiq millət vəkili, iş adamı Hüseyn Abbas oğlu Abdullayev tərəfindən

MÜRACİƏT


Hörmətli cənab prezident!
12 fevral, 2013-cü il tarixdə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda etdiyiniz çıxış zamanı ölkədə sahibkarlığın inkişafı və sahibkar-məmur münasibətləri ilə bağlı səsləndirdiyiniz fikirlər ictimaiyyət arasında böyük razılıqla qarşılanmışdır.
Çünki Sizin də qeyd etdiyiniz kimi, məhz sahibkarlığa dövlət dəstəyi ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Bu baxımdan konfransda söylədiyiniz “Hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməli, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Belə hallara son qoyulmalıdır” bəyanatınızı sahibkarlara verilən böyük dəstək kimi qiymətləndirmək olar.
Cənab prezident!
Məhz bu bəyanatınızdan sonra bir sahibkar və iş adamı olaraq üzləşdiyim qanunsuzluqlarla bağlı Sizə müraciət etmək qərarına gəldim. Diqqətinizə çatdırmaq istəyirəm ki, son vaxtlar Sizin komandanızda təmsil olunan yüksək vəzifəli şəxslər mənə və ailə üzvlərimə qarşı çirkin yollarla təzyiq və təqib yolunu tutmuşlar. Belə ki, Bakı şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında - Yusif Səfərov küçəsi, 30 ünvanında, eləcə də Alatava küçəsi, 2 ünvanında yerləşən valideynlərimə məxsus torpaq sahələrində ABŞ-ın Azərbaycandakı səfirliyinin yeni binasının tikintisi üçün alqı-satqı müqavilələri imzalanmış və ilkin razılaşma əldə olunmuşdur (surətləri əlavə olunur).
Bu müqavilələr bağlandıqdan və alqı-satqı prosesinə start verildikdən sonra Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov mənə telefon açaraq bildirdi ki, “Prezident İlham Əliyev amerikanlarla müqavilə bağlamağından bərk qəzəblənib və deyir ki, Hüseyn Abdullayev özündə hansı cəsarəti tapıb ki, mənim icazəm olmadan amerikanlarla müqavilə bağlayır. Biz Heydər Əliyev Mərkəzinin qarşısında ABŞ səfirliyinin binasının tikilməsi ilə razı deyilik. Orada park tikiləcək”.
Əli Əsədova cavab olaraq bildirdim ki, mən müqaviləni bir iş adamı olaraq bağlamışam və burada heç bir siyasi motiv yoxdur. Qeyd etdim ki, “dövlət başçısı Heydər Əliyev Mərkəzinin qarşısında ABŞ səfirliyinin binasının tikilməsini istəmirsə, bu ərazinin müqavilədə göstərilən dəyərinin ödənilməsi şərti ilə müqavilə tərəfdaşım olan ABŞ səfirliyindən xahiş edərəm ki, səfirlik binasını Alatava küçəsi, 2 ünvanında yerləşən torpaq sahəsində tiksinlər”.
Əli Əsədov prezidentə məruzə edəndən sonra mənə məlumat verəcəyini bildirdi.
Bu söhbətdən bir müddət sonra biz Alatava küçəsi, 2 ünvanında yerləşən torpaq sahəsinə dair dövlət reyestrindən yüklülüyə dair arayış (“forma-1") almaq məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etdik. Amma adıçəkilən dövlət orqanı heç bir əsas olmadan sözügedən arayışı bizə təqdim etməkdən imtina etdi. Belə olan halda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla görüşüb bu qanunsuzluğun - girovda və ya həbsdə olmayan torpaq sahəsinə dair arayışın verilməməsinin səbəblərini aydınlaşdırmaq qərarına gəldim. Kərəm Həsənov mənə dedi ki, ”Hüseyn müəllim, çox xahiş edirəm, mənim adım olmasın, amma sizin bu müqavilə dövlət başçısının birbaşa nəzarətindədir və mənə tapşırıb ki, onun icazəsi olmadan Hüseyn Abdullayevin torpaq sahəsi ilə bağlı heç bir arayış verilməsin". Ona cavab olaraq bildirdim ki, dediklərinizə inanmıram, çünki dövlət başçısı heç vaxt bu səviyyəyə enəcək adam deyil.
Üç gündən sonra Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov mənə yenidən zəng etdi. Bu dəfə də mənimlə Sizin adınızdan danışdı və Heydər Əliyev Mərkəzinin qarşısındakı torpaq sahəsindən imtina etməyimi tələb etdi. Bu zaman mən ondan soruşdum: “Əli müəllim, ”imtina et" nə deməkdir? Biz hansı dövrdə yaşayırıq? Siz buranın müqavilə dəyərini ödəmirsinizsə, mən niyə qanuni əmlakımdan imtina etməliyəm? Mən bunu həm özümə, həm də ailə üzvlərimə qarşı təhdid və sataşmaq kimi qəbul edirəm və inanmıram ki, prezident belə bir göstəriş versin".
Bu qanunsuz tələblər qarşısında məhkəməyə müraciət etməkdən başqa yolumuz qalmadı. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral, 2013-cü il tarixli qərarı ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə Alatava küçəsi, 2 ünvanında yerləşən torpaq sahəsinə dair dövlət reyestrindən yüklülüyə dair arayışın (“forma-1") verilməsi həvalə edildi (surəti əlavə olunur).
Möhtərəm cənab prezident!
Bilirsiniz ki, Sizin atanız, mərhum prezident Heydər Əliyevin və Azərbaycanın ən çətin vaxtlarında, müstəqilliyimizin təhlükə altında, ölkəmizin isə vətəndaş müharibəsi ərəfəsində olduğu vaxtlarda hər zaman onun yanında olmuşam. Bütün Azərbaycan xalqına məlumdur ki, hakimiyyətin güc strukturlarının zəif olduğu dönəmlərdə mən və ətrafımdakı vətənpərvər gənclər həyatımızı riskə ataraq Heydər Əliyevin təhlükəsizliyini təmin etmiş və əlimizdən gələn hər cür dəstəyi göstərmişik. Bu, mənim Tarix, Vətən və Millət qarşısında vətəndaşlıq borcum idi. Xahiş edirəm, bunu minnət kimi qəbul etməyin. Çünki mən mərhum Heydər Əliyevə haqqımı çoxdan halal etmişəm. Amma bir şeyi qeyd etmək istərdim ki, bu gün mənə qarşı çirkin oyun aparanları o çətin günlərdə Heydər Əliyevin yanında görməmişəm. Ona görə də inanmıram ki, prezident İlham Əliyev mənə - yaxından tanıdığı Hüseyn Abdullayevə qarşı belə bir mövqe tutsun.
Doğrudur, 2007-ci ildə Milli Məclisdəki çıxışımla bağlı Sizə yanlış məlumat verdilər və dünyada ilk dəfə olaraq deputatlıq toxunulmazlığı hüququm ləğv olunmadan qanunsuz şəkildə həbs edildim, barəmdə qondarma ittihamla cinayət işi açıldı. Buna baxmayaraq, mən Sizdən incimədim. Çünki mən Heydər Əliyev ideyalarına sadiq idim və bu gün də sadiqəm. Halbuki hökuməti və hökumət üzvlərini tənqid etməyim əsassız deyildi. Çünki onlar xalqla Sizin aranızda böyük uçurum yaradırlar. Sizin son çıxışınız da əslində mənim o vaxtkı mövqeyimin təsdiqi idi.
Cənab prezident!
Müraciətimin sonunda bir məqamı da diqqətinizə çatdırmaq istərdim. Məndə olan məlumata görə, Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşərək Sizin adınızdan onlara səfirlik binası üçün alternativ yer təklif etmişdir. Halbuki uzun müddətdir müxtəlif bəhanələrlə ABŞ səfirliyinə yeni bina tikintisi üçün Bakıda istədikləri yerlər ayrılmır. Bu gün isə Hüseyn Abdullayevin müqavilələrinin baş tutmaması üçün onlara alternativ yerlər təklif olunur.
Altı ilə yaxın bir müddətdə hökumətdə təmsil olunan bəzi məmurların mənə qarşı məkrli planlarına səbirlə yanaşdım, lakin bu adamlar heç dəyişmədilər. Çıxış yolu olaraq Sizə müraciət etməyi qərara aldım. Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, üzləşdiyim qanunsuzluqların Sizin göstərişinizlə baş verdiyinə inanmıram. Hesab edirəm ki, bütün bunlar 2007-ci ildə mənə qarşı çirkin oyunlar quran bəzi məmurların növbəti məkrli əməlləridir. Bu adamların mənə qarşı qərəzinin səbəbi hələ də mənə aydın deyil. Mən heç bir siyasi iddiası olmayan sahibkar və iş adamıyam. İnanıram ki, bir sahibkar və iş adamı olaraq bu gün üzləşdiyim qanunsuzluqların və fəaliyyətimə yaradılan əngəllərin aradan qaldırılmasına göstəriş verəcəksiniz.

Hörmətlə,
Hüseyn Abbas oğlu Abdullayev
sabiq millət vəkili, iş adamı".

musavat.com

Комментариев нет:

Отправить комментарий