Страницы

23.03.2013

AĞDAMLI DÖYÜŞÇÜ RƏHİM QAZIYEVƏ MÜRACİƏT ETDİ

Ağdam rayonundan məcburi köçkün düşmüş, hazırda Ağdamın müvəqqəti mərkəzi hesab olunan Quzanlı qəsəbəsində məskunlaşmış II Qrup Qarabağ müharibəsi əlili Hətəmli Baxşeyiş Abbas oğlu sabiq Müdafiə naziri Rəhim Qazıyevə ünvanlı açıq məktub yazıb. Həmin məktubu kiçik ixtisarlarla sizə təqdim edirik.

Sizə yazdığım bu açıq məktub mənim vicdanımın səsi, əksər Ağdamlıların  fikirlərinin ifadəsidir. Əvvəla, Siz özünüz də bilirsiniz ki, üzərinizdəki qara ləkəni Kür və Araz çaylarının suları belə yuya bilməz. Ona görə ki, Siz özünüzü çirkaba batırmış bir insansınız. Azərbaycanda Sizi çox yaxşı tanıyırlar.

Siz hələ müdafiə naziri deyilkən, Azərbaycan Xalq Cəbhəsinin “fəal”ı kimi hər dəfə sərhəd rayonlarına gəlişləriniz böyük çaxnaşmalar və qalmaqallarla  yadda qalırdı... Yaxşı xatırlayıram, 1991-ci ilin avqust ayında- Ağdama növbəti səfəriniz zamanı bir nəfərin toy məclisində iştirak edirdiniz.  Oradakı hərəkətlərinizlə məclisdə əyləşmiş Ağdamın 2 nəfər sayılıb-seçilən oğlunu-iki hərbi hissə komandirini üz-üzə qoydunuz. Mərhum tabor komandiri, “Azərbaycanın Milli Qəhramanı” Allahverdi Bağırov sənin  müdafiənə qalxaraq uşaqlıq dostu Cəfər İmaməliyevlə savaş həddinə gəldilər. Cəfərin açdığı atəş nəticəsində Allahverdi Bağırov ayağından yaralandı. Bu münaqişə Ağdamlılara böyük mənəvi zərbə oldu və məğlubiyyətimizin bünövrəsini o, vaxt Siz qoymuş oldunuz.
 Biz Ağdamlıların ən böyük günahı müharibənin ağır yükünü çiyinlərində daşıyan Ağdama sizin kimi insanların çirkin əllərinin uzanmasına yol açmağımız idi. Çünki bu çirkin əllərin törətdiyi cinayətlərin ən dəhşətlisi Ağdamlıların birliyinə vurduğu zərbə oldu. Çox təəssüf ki, düşmənin dəyirmanına su tökən, birliyimizi sarsıdan, Ağdama arxadan qılınc saplayan  əfi ilanları, bir sözlə, milli mənsubiyyəti tanınmayan satqınları tanımadıq!
Ağdamda ordu hissələri arasında birliyin pozulması, vahid hərbi komandanlığın yaradıla bilməməsi işi bilavasitə sizin pozucu fəaliyyətinizin nəticəsi idi. 
Biz Ağdamlıları ən çox yandıran  odur ki,  taleyimizi  sənin kimi  insanlara  etibar etdik, sənin kimi namərdlərə bel bağladıq. Sənin kimilər də bizim belimizi qırdı.
Məhz Siz olmadınızmı Ağdamda Azərbaycan Milli Ordusunun ilk qaranquşu sayılan, bütün Dağlıq Qarabağın müdafiəsini öz üzərinə götürmüş, komandiri Azərbaycanın Milli Qəhramanı polkovnik-leytenant Şirin Mirzəyevin olduğu 836 saylı Ağdam ərazi özünümüdafiə Alayını lüzumsuz döyüşlərə sövq edən, ağır itkilər verdirən, sonda alayı ləğv edərək Ağdamı düşmən önündə müdafiəsiz qoyaraq şəhərin gələcək işğalına şərait yaradan?
Yazınızın ilk cümləsini kişi sözü ilə başlamısınız. Əgər kişi kimi sözünü dilinə gətirirsənsə, sən də kişi kimi “Şuşa əldən gedərsə başıma bir güllə çaxacağam!” demişdin! Şuşa da getdi, Laçın da! Amma sənin tapançanın tətiyi çəkilmədi. Əgər o zaman o tətik çəkilsəydi inanıram ki, Bakının ən möhtəşəm bir yerində Sizin daim ziyarət olunan bir abidəniz ucaldılardı! Sizin də adınız Vətənin ləyaqətli oğullarının siyahısında başda yazılardı!
Siz yazınızda məmləkətin məhvə məhkumluğunu ciddi-cəhdlə vurğulayırsınız. Mən isə Sizə bildirirəm ki, məmləkətin məhvə məhkumluq düsturunu Siz hamıdan yaxşı bilməlisiniz. Ona görə ki, Siz müdafiə naziri olarkən Müdafiə Nazirliyinin milyonlarla pulunu mənimsəyib, əvəzində istismar müddətini başa vurmuş, ucuz qiymətə aldığınız, bircə dəfədən çox uçuş edə bilməyən, hədəfə yaxın düşməyən, elə havadaca nasazlıq ucbatından qəlpə-qəlpə yerə tökülən qırıcılarımızı bəlkə yaddan çıxarmısız!?
Siz bu yazınızda özünüzü elə göstərmək istəyirsiniz ki, guya Azərbaycan ordusundakı əsgər ölümləri Sizi qəlbən narahat edir, heç dincəlməyə qoymur. Elə isə müdafiə naziri olduğunuz 1992-ci ildə məhz Sizin bacarqsız, yerli şəraiti, qüvvələr nisbətini nəzərə almadan iyun ayının 12-15-də Ağdərə rayonunun Sırxavənd-Bəşirlər, Qaraşlar, Ballıqaya və Qazançı kəndləri istiqamətindəki uğursuz döyüş əməliyyatında 80 nəfər, həmin ilin iyun ayının 28-29-da Füzuli rayonu istiqamətində Qırmızıbazar kəndi uğrunda gedən döyüşlərdə 220 nəfər, oktyabr ayının 28-29-da Fərrux dağı yüksəkliyi uğrunda gedən döyüşlərdə  isə 180 nəfər itikin düşmüş Azərbaycanlı döyüşçünün hələ də bu günə qədər məlum olmayan taleləri - onların ölümlərinin baisi Siz ola-ola-nə yaxşı Sizi narahat etmir?
Bütün xalqımız yaxşı xatırlayır ki, sıralarında Sizin də olduğunuz Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdən qovulmasında Rəhim Qazıyevin müstəsna “xidmət”ləri olmuşdur. 1993-cü ilin yayında Milli Məclisin toplantısında Sizin oynadığınız siyasi səhnələr, içəri-çölə var-gəlləriniz, ültumatumlarınız, cəbhəçi silahdaşlarınıza hədə-qorxularınız hamının gözləri qarşısındadır. 1993-cü ildə Parlamentdə “Surət Hüseynov Şıxova yaxınlaşıb” deyərək cəbhəçilərə istefa vermələrini tələb edən siz deyildinizmi? Məhz siz  cəbhəçiləri hakimiyyətdən perik saldınız, hədə-qorxu ilə prezidenti Kələkiyə, digərlərini də ora-bura qaçırdınız. Ancaq Siz bu gün yenə onların yanındasınız!
Bu xalq sizləri artıq yumurta kimi dişinə vurub. Bərkliyiniz də, boşluğunuzu da  çox gözəl bilir, Rəhim “bəy”!
Məhşur Plutarxın bir müdrik kəlamını sənə xatırlatmaq istəyirəm: “Vətənə xəyanət etdiyinə görə yaxalanaraq qəfəsdə saxlanılan bir nəfərin “”Yalvarıram, məni öldür!” xahişinə cavab olaraq imperator Tiberii “Mən səni hələ bağışlamamışam!” cavabını verir.
İndi Siz ancaq özünüz-özünüzü bağışlaya bilərsiniz! Vətən və xalq hələ Sizi bağışlamayıb!

tezadlar.az

Комментариев нет:

Отправить комментарий