Страницы

26.03.2013

“Dronqo”nun monopoliyası

Müşfiq XAN

Çingiz Abdullayevin müsahiblərini oxuyuram, dəhşətə gəlirəm. Ümumiyyətlə internetdən ən çox oxuduğum adətən müsahibələr olur. Xüsusən də ədəbiyyat adamlarının müsahibələri... Hə, onu deyirdim, dünyaca məhşur Çingiz Abdullayevin əsərlərini az oxumamışıq, “maraqlı yazır”, “onun yazdıqları ədəbiyyat deyil”, “dahidir” və s. səpgidə oxucu fikirləri, hətta qələm adamlarının münasibətləri ilə də az rastlaşmışıq. Şəxsi münasibətim: xəfiyyə ədəbiyyatının bir ömürlük oxucusu olaraq müəllifə minnətdarlığımı bildirirəm; sadə vətəndaş (!) olaraq Azərbaycan yazıçısının (Çingiz Abdullayev) adını dünya ədəbiyyatına qədər daşıya bildiyi üçün ikiqat minnətdarlığımı bildirirəm. Yazımın mustafasına gəlirəm, məni dəhşətləndirən nüans Çingiz Abdullayev (fərqindəyəm ki, yazıda adını tez-tez çəkirəm, qınamayın, jurnalist deyiləm) bütün müsahibələrində Azərbaycanda detektiv janrın inkişafda olmasını vurğulasa da, müəllif adları çəkməkdən imtina etməsidir.
Ziddiyyətli məqam yarana bilər – Müşfiq XAN özü də detektiv yazır, buna görə narahatdır kimi. YOX! Maraqlı məsələ bu deyil; maraqlısı budur ki, Azərbaycanda son dövrlərdə Çingiz Abdullayevdən dəfələrlə çox kitabları satılan Elxan Elatlı, Varis Yolçuyev kimi yazarların adlarını necə olur ki bilmir?! Azərbaycan Yazıçılar Birliyi deyilən bir qurumun rəhbərliyində təmsil olunasan, həmin qurumun üzvləri olan və Azərbaycanda ən çox tanınan müəlliflərin adını eşitməyəsən?!
İndi mən susuram, siz düşünün bunun adını: eqo, diqqətsizlik, yoxsa Dronqonun monopoliyasını təsdiqləmək cəhdləri?! Susmaq haqqımdan vaz keçib, rahatlıqla deyə bilərəm ki, bu eqonun kulminasiyasında təmsil olunan monopoliya ehtirasıdır. Başqa da bir şey deyil. Bəlkə də bu yazı hansısa saytda dərc olunsa, oxucu şərhlərində təxminən belə bir yazı görmək mümkün olacaq: “Müşfiq XAN özünü gör kimlə müqayisə edir!” yaxud da, “Hansı yazar Çingiz Abdullayevin yerində olsa belə edər!”... Siz Allah, yazmaq fikriniz var idisə də, vaz keçin, ta mən yazdım sizin əvəzinizdən...
Çingiz Abdullayevə, Elxan Elatlı kimi təvazökar olmağı arzu edirəm, başqa da heç nə demirəm (sitatın sonu).
Bir neçə yarımçıq fikir qaldı (qalmaması lazım idi)...
Varis Yolçuyevdən danışdım. Bilməyənlər üçün deyim ki, o, detektiv yazmır. Bunu dəqiq bilirəm. Oxucu rəyləri əsasında gəldiyim qənaət kimi, Varisin “7-17” ədəbiyyat formatında (yeniyetmə ədəbiyyatı) yazdığını bilirəm. İlk üç romanını şəxsən almışam, hətta iki dəfə ciddi cəhdlə oxumağa çalışmışam. Səbəb kitabın əvvəlində 20-30 səhifəlik oxucu rəylərinin yer almasını bir naşir olaraq ən mənasız iş hesab edirəm.
Azərbaycanda ən çox oxunan janr detektivdir. Çox həvəslənib qələmlərini bu janrda sınamaq istəyənlərə də rast gəlirik. Alqışlamaqdan və dəstək verməkdən başqa əlimizdən nə gəlir?! Bəs necə olmalıdır ki?! Şəxsən tanıdığım Elçin Əfəndi (“Antiterror” romanı), Asiman Eyniyev (“Mason şifrəsi” roman) və digər gənc yazarların qələmlərini işə salmasının kimə zərəri var?!
Digər janrlarda yetərincə bacarıqlı imzalar yetişir, onların da diqqətə, tirajlanmağa ehtiyacı var. Məsələn, alışdığımız klassik  və şablon hekayə formatından fərqli işlər ortaya qoyan gənc yazar Rüfət Əhmədzadə... Fantezi janrında Fərid Hüseynli...  Orta yaş kateqoriyasında bir çoxuna ədəbiyyat dərsi keçə biləcək Cəlil Cavanşir... Birinin adını çəkəndə başqası inciyər. Və haqlı olaraq. Niyə ki, hər birinin xatırlanmaq, qiymətləndirilmək haqqı var. Amma zamanın axarında ya bəzi imzaları itiririk, ya da onlar maddi problemlərin girdabında özlərini lazımınca tanıda bilmirlər.
 Bəs bu yaxşıdır ki, iki cüt ayaqqabı alıb taydəyişik geyinən, soyuducusundakı nemətlərin bolluğu ilə düşüncə sahiblərini ələ salan və və s. (etika naminə burada “və s.” yazıb dərinə getmirəm) “şəxsiyyət+səviyyə+mədəniyyət–(3 x siz)”lər insanlarımızı manqurtlaşdırsınlar?!
Etiraf etmək lazımdırsa, tanıdığım gənc yazarların çox qismi elə ədəbiyyatın içində olan adamlardır, yetərincə mütaliələri də var. Yoxsa HOST-un solisti Elxan Qaraqan kimi sonradan foks göstərib roman yazmaq eşqinə düşməyiblər. Bir dəfə demişəm, bu da iki olsun, Qaraqanın repləri yaxşıdır; ilk romanını təxminən yarıya qədər oxudum, alınmadı, alındıra bilməmişdi... Məncə hələ ki, yalnız rep oxusa yaxşıdır.
P.S. Hörmətli Çingiz müəllim, “Dronqo”nu boşlayın, doğrudan milli detektiv yazmaq istəmirsiz???

Комментариев нет:

Отправить комментарий