Страницы

26.03.2013

Xatirə Xatun - MÖCÜZƏ

Bu axşam
Yenə də  sənsizlikdən yamanca dolmuşam.
Oyuncağndan bezən,
hər kəsdən küsən
uşaq kimiyəm.
Hər kəsə soyuğam, özgəyəm, yadam.
Özüm öz evimdə qonaq kimiyəm.
Qaçıram hər şeydən, hər nədən
qəlbimin  küncünə qısılıb.
Yoxluğun sanki bir Domokl qılıncı
başımın üstündən asılıb.
Bu  bomboz, kimsəsiz payız axşamı,
Sanki səmadan da intizar yağır.
Yağışa hamilə buludlar ötüşür
sakitcə, astaca hey ağır-ağır.

Buludlar ötüşür—
bu əngin səmanı doğrayır, biçir.
Mənimsə içimdən bir arzu,
bir istək keçir.
Nə ola möcüzə baş verə bu axşam,
Buludun birinə qoşulsam,
yan alsam sən olan o yerə
başının üstündə dayansam,
Qonur gözlərinin, qara telinin
əsmər bənizinin seyrinə dalsam
sonra da çerilib bir damla yağışa
düşsəm kirpiyinə,
ordan da süzülsəm
bir vaxtlar gözündə gördüyüm
göz yaşı kimi
qara xallı əsmər yanağına,
bir vaxtlar mənə
bal dadan yalanlar söyləyən
indisə bəlkə heç adımı anmayan dodağına...
Sən də bu damladan səksənsən,
üzünü mən gələn səmaya çevirsən
(bilirəm, axı sən də yağışı çox sevirsən)
Nə ola bir möcüzə baş verə bu axşam...
Eh, deyəsən daha
Arzu etməyi də yadırğamışam.

Комментариев нет:

Отправить комментарий