Страницы

30.03.2013

Fərdi mənzilin tikintisi vətəndaşlara neçəyə və necə başa gəlir?

El Nur Radar

Necə oldu ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qəbul olundu?

29 iyun 2012-ci il tarixdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qəbul olundu.Bu məcəllənin qəbul olunmasında obyektiv və subyektiv səbəbləri var. Bu ola bilər ki, mənim subyektiv fikrimdi, amma son dövrlər bir neçə yeni tikililərin ictimaiyyətə biliməyən səbəbdən uçması şəhərsalma və tikinti sahəsində məcəllə qəbul edilməsinə rəvac verdi.
Hesab edirəm ki, bu məcəllənin qəbul olunmasına ekskurs eləmək mütləq lazımdı.
Bu məcəllə qəbul edilənədək 1999-cu ildə qəbul edilmiş “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib. Uzun müddət ev tikənlər bu qanunla fəaliyyət göstərdilər.

Və 2004-cü ildə Rusiya Federasiyası Dövlət Duması şəhərsalma məcəlləsi qəbul etdi. bizim parlamentariyalarımızda qonşudan qalma prinsipinə əsasən düz səkkiz ildən sonra şəhərsalma və tikinti məcəlləsini qəbul etdilər.
Bizim məcəlləynən Rusiya Federasiyasının müvafiq məcəlləsi arasında ancaq maddələrinin sayında fərqlilik var.: bizdə 106 ruslarda isə 63 maddə. Amma bizim çoxbilmiş deputatlarımız google-translatenin verdiyi imkandan maksimum yaralanaraq bir çox maddələri öz aləmlərində tərcümə edərək “milliləşdiriblər”. Və arada ruslardan fərqli olaraq bir maddə bir neçə bəndi müstəqil maddə kimi “milli” məcəlləmizə daxil ediblər.
Bu cür hal bizim qanunyaradıcılıq praktikamızda ilk dəfə deyil. Və belə hesab edirəm ki, sonuncu da deyil.
Bu məcəllədən vətəndaş nə əldə edə bilər?
Məcəllənin yaxşı bir maddəsi var: 104.3-cü maddəsi. Həmin maddədə göstərilir: Tikintilərin Dövlət reyestrinin məlumatları ictimaiyyət üçün açıqdır və müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində dərc edilir. Reyestrin məlumatları informativ və statistik xarakter daşıyır.
Bu maddəyə əla qiymət verib keçirik maddədə göstərilən müvafiq icra hakimiyyəti olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin rəsmi saytı olan http://www.arxkom.gov.az saytına.
Buranı ha axtardım, amma tikintilərin dövlət reyestri haqqında məlumatı əldə edə bilmədim.
Dedim bəlkə səhv etmişəm, müvafiq icra hakimiyyəti orqanı Fövqalədə Hallar Nazirliyidi. Ərinmədim, və  http://www.fhn.gov.az/ saytına daxil oldum. Burada da tikintilərin dövlət reyestri haqda məlumat tapa bilmədim.
İndi keçək əsas mətləbə. Bu məcəllə vətəndaşların işini yüngülləşdirirmi?
“İnformasiyalı Cəmiyyət Uğrunda” İctimai Birliyinin sədri, hüquqşunas Mehman Muradlı bildirir ki, bu məcəlləyə qalsa maddi imkanları məhdud olan vətəndaşlar gərək ev tikməsinlər. Hüquqşunas bunu məcələnin 54-cü maddəsindəki tikinti materiallarına və məmulatına dair tələblərin sərt olması ilə əsaslandırdı: həmin maddəyə nəzər yetirsək, görərik ki, məcəllənin “ictimai” müzakirəsi zamanı “səsləndirilən hər kəs ev tikə biləcək” fikri boş söz birləşməsindən ibarətdir.
Ekspert daha sonra bildirdi ki, hətta bahalı tikinti materiallarının və məmulatının uyğun xassəli digər tikinti materialları və məmulatı ilə əvəzlənməsi tikintinin layihəçisi və sifarişçisi ilə razılaşdırılır. Tikinti materiallarının və məmulatının fərqli xassəli materiallarla və məmulatla əvəzlənməsi üçün tikintiyə icazə vermiş orqanın icazəsi tələb olunur.
Bu məcəlləyə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Buradan o nəticəyə gəlmək olur ki, hətta fərdi mənzil tikintisi sahəsində dövlət öz dominantlığını həyata keçirtmək niyyətindədir.

Fərdi evlərin tikintisi neçəyə başa gəlir?

Ekspert bildirir ki, məcəllə insanların hüquq və azadlıqlarını nəinki qorumur, əksinə pozur. Ekspert bu fikrini məcəllədəki bəzi boşluqlar və lazımsız tələblərnən əsaslandırdı.
Hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də binanın tikintisinə yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir.
Məcəllədə tikinti obyektinin müvafiq tələblərə uyğun layihələndirilməli və tikilməsi qeyd olunub. Burada göstərilir ki, yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır, sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir, istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır, səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir, istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır, enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalıdır, əlillərin və hərəkət imkanları məhdud digər şəxslərin tikinti obyektindən istifadəsi ilə bağlı zəruri infrastruktura malik olmalıdır (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektləri).
Məcəllə insanların qarşısında elə tələblər qoyub ki, sıradan olan şəxslər ev tikməkdən məhrum edilir. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Və bu tələblərdən sonra gəl ev tik görüm necə tikirsən.
Bunları nəzərə alsaq görər ki, məcəllə kor-koranə kimlərinsə diqtəsi əsasında qəbul edilib.
Bir faktı dəyərli oxucun nəzərinə çatdırmağı lüzum bilirəm ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsində əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
Burdan o nəticəyə gəlmək mümkündür ki, məhkəmələr “istəsələr” özbaşına tikiliyə mülkiyyət hüququnu tanıya bilərlər.
P.S. Baxır nə və nə qədər istəyəcəklər.

Yazı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi” layihəsi çərçivəsində “Azərbaycan Respublikasının yeni Şəhərsalma və Tikinti Məcəlləsi” müsabiqəsinə təqdim edilib.

Комментариев нет:

Отправить комментарий