Страницы

23.03.2013

Muğanın Ədəbi Mühiti və Qanlı Günəş Poeması Barədə

Elşən Böyükvənd

GİRİŞ : Güney Azərbaycan ədəbiyyatıının ən axsaq yerlərindən biri, onu hər tərəfli şəkildə araşdırmaq və  tənqid gözlüyü arxasından süzdürmək məsələsidir. Ədəbiyyatımızın bu problemini yeni nəfəs və düşüncə ilə meydana ayaq basmış gəncliyimiz aradan qaldırmalıdır. Bildiyiniz kimi, hələ də bizim Güney ədəbiyyatımızı düzgün şəkildə araşdıran tənqidçilərimiz  ortaya çıxmayıbdılar. Buna görə biz gənclər bu boşluğu doldurmağa çalışmalı və öz üzərimizdə işləməliyik. Nəsrimizin gəlişmə prosesi və kökü barədə, habelə çağdaş şeirimizin bütün ədəbi özəlliklərini araşdırmadığımıza görə, bu günün gənc ədəbiyyatçısı bir çox problemlərlə üz bə üz qalmaqdadır.


 Ədəbiyyatımızın çox şaxəli problemlərindən biridə hər bölgə və şəhərin ədəbi kitablarını mövzu, janr,dil, üslub,estetika və içərik baxımından ardıcıl ve sistematik şəkildə araşdırlmaması və tənqid obyektinə çevrilməməsi məsələsidir. Bu problemin hələ də ortada olmasının bəlli siyasi,tarixi və ədəbi illətləri mövcuddur. Amma, bu günün gəncliyi bu problemləri yox etmək və yeni Güney ədəbiyatını bərpa etmək əzmində olmalıdır. Muğan ədəbi mühitinin ümum Güney ədəbiyyatına veridiyi töhfələri vurğulamaq bu çalışmalarda bizim tutduğumuz yerin nə səviyyədə olduğunu göstərəcəkdir.  S.C.Pişəvəri zamanından bu günə qədər, ayaqdan başa Ana Dilimizdə ilk samballı modern dərgini sayın Dr.Eyvaz Taha, ədəbi toplumumuza vermiş və eyni halda Güney Azərbaycanda "Şeir Varlığın Evidir" kitabı ilə ilk fəlsəfi əsəri ortaya qoymuşdur. Farscada Azərbaycan Çağdaş Şeirinin Araşdırması kitabı ilə müasir şeirimizi  araşdıran tənqidçimiz sayın Hümmət Şəhbazidə Muğan elçəmizin yetirməsidir. Muğan ədəbi mühitinin çox gənc olmasına baxmayaraq, siyasət bilimi və stratejik araşdırma ixtisası üzrə  Güney Azərbaycanı bütünü ilə dşünüb araşdıran ilk yazarımızda sayın Arif Kəskin olmuşdur. Biz yeni-yetmə uşaqlar kitab yoxluğunun acısını çəkdiymiz illərdə isə, ilk dəfə olaraq Güney ədəbi mühitində Çağdaş Türkiyə şeirini bir antologiya şəklində əziz dostum Şəhram Qolkar Azərbaycan Türkcəsinə çevirmişdir . Bir sıra fikir ayrılığıma baxmayaraq Tarix, Düşüncə və Roman shələrində yazı yazmaqla bir çox boşluğu doldurmaq istəyən sayın Güntay Gəncalpda bu torpağın yetirməsidir. Bu gün isə, onun yubleyi mərasimini qeyd etmək istədiyimiz hörmətli şairimiz,  Azərbaycan Tarixinin ən böyük şəxsiyyətlərində bir olan Babəki, Güney ədəbiyyatında ilk dəfə olaraq öz poemasında canlandırmış və Güney ədəbiyyatına pay vermişdir.
Bu qıssa məlumatı verməklə Muğan ədəbi mühitinin nə dərəcə də qabaqcıl və yenilikçi bir axıma və kökə malik olmasını vurğulmaq istədim. Muğan ədəbi mühiti təkcə bu yenilikçiliyi və uğuru ilə qiymətləndirilməməlidir. Güney ədəbiyyatında ən eybəcər problemlərdən biridə, meyar Azərbaycan Türkcəsində yazmamaq və Güneyin yerli dialektlərinə üstenlek verməkdədn ibarətdir. Bu problemi isə mən bir gənc şair və yazıçı kimi Muğan bölgəsində yaşayan yazarlar və şairlərdə az görür və az oxuyuram.
Muğan ədəbi mühitinin ən sevilən və hörmətli imzalarından biridə sayın M.Cəill Hüseyni bəydir. Yeni yetmə bir gənc olduğum zaman ilk qoşmalarımı sayın şairimizə oxuyardım, onun ürək-dirək vermələri və alqışları olmasydı bəlkə bu gün, heç ədəbiyyatçı və şair də deyildim.
Qanlı Günəş poeması bir dövrün ədəbi məhsuludur. O dövrün ədəbi materiallarının əsas özəlliyi siyasi-ictimai, milli və tarixi mövzulara üstünlük vermək və Güney insanı və toplumunun siyasi-ictimai problemlərini göstərməkdən ibarət omuşdur. Yəqin ki, o dövrün ədəbi əsərlərini diqqətlə araşdıracağımız  zaman ədəbi əsərlərin ədəbiyyat sınırından çıxıb siyasi nitq,manifestvari yazılar və Türk və Azərbaycan kimliyi heyranlığını  hayqıran yazılar şəklinə çevriləcəiyini görəcəyik. Əlbəttə, bu sözüm o dövrün bütün əsərlərini hədəfə almamaqdadır.  Babək poemasını yazan şair də məncə qılıncın dili üzərində yeriyən yazıçıya bənzəyir.  Bəri başdan deməliyəm ki,bu əsər Çağdaş Divan poemalarımızın içində yerləşməlidir.Sayın Mir Cəlilin əsas uğuru poemaçılığın ən yayğın problemindən ustaca yaxa qurtarmasıdır. O, öz poemasını neçə ayrı-ayrı bölümdə yazmaqla yorucu və bezdirici misralardan yaxa qurtara bilmişdir. Poemaçılıq, əsəsən hikayəçilik elementlərini daşımaqla bir başa mənzum təhkiyəçilik xarakteri qazanır. Qanlı Güneş poemasında mənim marağıma səbəb olan ən əsas məsələlərdən biridə Babəkin metaforlaşması məsələsidir. Poemanın sona yetməsi ilə hər bir oxucu Azərbaycan tarixinin şəxsiyyətlərini öz düşüncəsində formalaşdırır, məncə. Bu bir uğurdursa, şairin "bizə üstün ola bilməz qoçağım, Tazi Mələxxar"  misrasını gördyüm zaman, çağdaş və əski fars ədəbiyyatının rasizm qoxusunu duymağa başladım. Bu misranın poema içində artıq olduğunu hiss etmək heç də çətin bir iş deyil. Bu misranı, kitabın ikinci basımında silməklə, çağdaş divan  ədəbiyyatımızın humanist dəyərlərə yaxınlaşacağına tanıq olacağıq. Qanlı Güneş poemasında mənim diqqətimdən yayınmayan başqa bir şey də Azərstan termininin yaranmasıdır. Bu kitabda Aərsatan adı ila birlikdə Azərbaycan adının qeyd edilməsi problemi daha mürəkkəbləşdirir. Bu coğrafiyanın adı Azərstandır yoxsa Azərbaycan ?
Qanlı Günəş poemasının quruluşuna diqqət yetirdiyimiz zaman, sayın Dr.Rza Bərahəni demişkən zehni forma ilə zahiri formanın uzlaşmağına tanıq oluruq. Yəni, bu epik əsərin cəryan etdiyi məcranın alovlu və sürətli atmosferi, əsərin forması ilə birlikdə necədə sürətlə hərəkət etdiyi, göz qabağındadır. Epik şeir və epik poema yazmaq hər bir şairin işi deyil, Necə ki uşaq və sevgi şeirini hər bir şair bədii formada yaza bilmir. Epik şeir (Qanlı Günəş kitabı şeir kitabı deyil , poema kitabıdır) yazmaq, epiklik kürəsində qovrulan ruhun məhsuludur, məncə .  Epiklik ruhu və atmosferi yalnız döyüş və savaş meydanında yaranmır. Epikanın əsas özəlliyi, durğunlq və sukutun can usandırıcı atmosferi gecəsinə at çapmaqdan ibarət olmuşdur .
Ədəbiyyat tənqidində ən son mövzulardan biridə əsərin yazılmamasından öncə hansı formada və hansı şəkildə olması qonusudur. Mən ne demək istəyirəm ? . Qələmə aldığımız hər bir ədəbi əsərin kağız üzərinə köçməsindən öncə hansı  formada olduğunu necə göstərmək olar ?. Məncə, hər bir ədəbi əsərin tarixi və psixi kökləri var . Bu soruya cavab vermək üçün öz əsərlərimizin tarixi və psixi köklərini göstərməliyik. Orxun Yenisey abidələrində "Tanrı kimi göydə olmuş Türk Bilgə Xaqanı, bu zamanda oturdum " dedikdən sonra adlarını yazdığı millətləri düzənə saldığını və zəfər çaldıqdan sonra xaqanlıq taxtına yüsəldiyini vurğulayır, Xaqan.  Orxun Yenisey abidələrində ən qabarıq element hərəkət və ötkənlik ruhudur. Uyğur mətinlərində isə Tanrıya həsr edilmiş bir şeirdə bu epiklik ruhuna tanıq oluruq " Tan tanrı gəldi,Tan tanrı özü gəldi,Tan tanrı gəldi,Tan tanrı özü gəldi,qalxınız bütün bəylər qardaşlar, Tan tanrını öyəlim ". Ümum Türk abidələrində zaman sürəci boyunca formalaşan epiklik və bir başa hərəkət və axmıvari başlanış və deyim formasının kökü, Orxu Yenisey yazılarındadırsa, bu başlanış və deyim forması növünün mükəmməlləşməsini Kitab-i Dədə Qorqudda da görürük. "Bir gün Qam Ğan oğlu xan Bayındır yerindən durmuşdu. Şamı günlügü yer yüznə tikdirmişdir. Ala seyvanı gök yüzünə aşanmışdı "  bəndlərinin şairin  bilinc altısında mamırlanıb "Atların kişnəsi qovzandı yenə düşdü savaşlar- Nizə xəncər savaşında kəsilib oynadı başlar"  şəklində püskürməsi heç də təsadüfi deyil. Fars divan şeində Mövlananın epikası zirvəsini fəth edən ikinci qəzəl yazan şairin olmaması və çağdaş Fars şeirində epikvari şeir dili və ləhni ilə yadda qalan Əhməd Şamlunun Türk və Azərbaycanlı olduqları hamıya bəllidir. Poema başlanışının dinamikası ilə Tarix dinamizi yaşayır və meydanın içinə daxil oluruq. Poemanın başlanışı M.Cəlilin bilinc altısından püskürdüyü üçün, onun tarix və psixi köklərini üzə çıxartmağa çalışdım. Ədəbi tənqidin əsas işlərindən biridə əsərə fərqli və yeni bucaqdan baxaraq onu deşifrə etməkdən ibarət olmuşdur. Məndə öz növbəmdə ümum türk abidələrində epkia ənənsinin köklərini göstərməklə, əsərin niyə o misralarla başlandığına nisbi şəkildə aydınlıq gətirdim. Hər bir əsərin necə və nə şəkildə başlanması məsələsi məni düşündürdüyü üçün bu yazımda Qanlı Günəş poemasının ilk misralarının tarixi-psixi köklərini deşifrə etməyə çalışdım.
Sayın M.Cəlil Hüseyni bəyə uzun ömür, can sağlığı və ədəbi yaradıcılığında yeni uğur qazanacağını arzulayırıq. Məqaləmi Qanlı Günəş poemasında ən çox sevdiyim misralarla bitirmək istəyirəm.

Üfüqün al şəfəqi ruhuna günbəzli otaqdır.
Dənizin dalğaları sanki üfüqlərlə qonaqdır.
Baxasan göy üzünə yerlərə bir mavi papaqdır.
Nə bilim bəlkə qapaqdır.

* Bu mühazirəni sayın Mir.Cəlil Hüseyni bəyin əzizləmə mərasimində oxudum.

Комментариев нет:

Отправить комментарий