Страницы

23.03.2013

Elşad Əmənov - cəfakeş tədqiqatçı

İbrahim Sel

 Sizə həyatını sevdiyi və fəxr etdiyi millətinin tarixini öyrənməyə sərf edən Elşad Əmənov adlı biri haqqında danışmaq istəyirəm. Sadə vətəndaş, təvazökar ziyalı görüntüsü ilə heç kimdən fərqlənməyən Elşad müəllim, deyərdim ki ölkəmizin fəxri vətəndaşıdır.
 Məhz təvazökarlığı, gördüyü böyük işlərin müqabilində qədir-qiymətinin verilməməsi onun haqqında yazmağa daxili bir ehtiyac doğurdu. Onun böyük milli yanğı hissi ilə araşdırdığı Vətən tarixinə, bu yolda çəkdiyi zəhmətlərin saysız-hesabsız bəhrələrinə nəzər salanda özümə bir təskinlik tapmaya bilmirəm. Həmvətən kimi qəlbim qürur hissi ilə dolur ki, belə fədakar insanlarımız var. Milli tariximizin qədim dövrünün öyrənilməsində onun gördüyü iş müstəqillik qazandıqdan sonra bir çox başqa sahələr kimi deqredasiyaya uğramış Tarix institutumuzun gördüyü işlərdən qat-qat artıqdır. 
 Elşad Səfərəli oğlu Əmənov 14 dekabr 1957-ci ildə Cəlilabad rayonunun Şatırlı kəndində anadan olmuşdur. Desəm ki onun həyat yolunun müəyyənləşməsində məhz həyata göz açdığı bu tarixi oylaqların böyük təsiri olub, yəqin ki yanılmaram. Elşad müəllimin yaşadığı ərazi şahlar torpağı, Nizamil-mülk diyarı, Dədə Qorqud yurdudur. Bu torpağın hər qarışında bir tarix yatır. Muğan qədim İran şahlarının andiçmə yeri olub. Bəcrəvanın qədim adı Boqrəvandır- bu isə Allahlar şəhəri deməkdir. Cəlilabad rayonu tədqiq olunmamış kurqan-təpələrlə doludur. Burovar dağlarından Xəzər sahillərinə kimi sıra ilə 7 kurqan düzülmüşdür; son tədqiqatlara görə piramidaların primitiv forması olan bu kurqanlardan kosmik əlaqə üçün istifadə olunmuşdur. Yəni kurqanlar bir növ qədim RLS-lər rolunu oynamışdır.
 Bəcirvan kəndindəki atəşpərəst məbədi Pir-Həsən adı ilə məşhurdur. Ziyarətgahdır. Başqa bir atəşpərəst məbədi Xənəgah kəndindədir. Eneolit dovrundən qaldığı guman edilən daxma bişmiş kərpicdən inşa edilib. Divarında qoc buynuzu hörülüb. Bu da sitayiş predmeti hesab edilir. 
 İndiyədək yaşlı nəsil rayonun özünü Həməşərə adlandırır. 12-ci əsr coğrafiyaşünası Həmdullah Qəzvini burada olub və şəhərin dəniz kənarında yerləşdiyini göstərib. Sonradan isə dəniz quruya-quruya getmiş, indiki ərazilər meydana gəlmişdir. Həməşərə adı da Zərdüştdən qalan yadigardır. 
 Qazan köşkü qayalardan ibarət təbii abidədir. Köşk Qazan xanın yay istirahət düşərgəsi olub, onun adı ilə adlanıb. Köşkün ətrafındakı toponimlərin hamısı Dədə Qorqud dastanında adları çəkilən yerlərdir. Yardımlının Aruz kəndi köşkdən 20 km aralıdadır. Elşad müəllim deyir ki, Dədə Qurqud dastanında bəhs edilən yerlər məhz Muğan əraziləridir, tarixi yanlışlıqlara aydınlıq gətirilməlidir.  
 O cümlədən, Elşad müəllimin doğulub boya-başa çatdığı diyar kişilik və mübarizə səhifələri ilə zəngin tarixə malik Cənubi Azərbaycanımızla sıx bağlıdır; sərhədin o tayında yaşayan soydaşlarımıza olan həsrət yanğısı da bu insanın tarixşünaslıq kimi şərəfli sənətə gəlməsində mühüm rol oynayıb. Bir çox müəmmaları hələ uşaq vaxtından dərk etməsi də yurdumuzun keçmişinə olan marağını, həyata özünəməxsus baxışını istiqamətləndirmişdir. 
 Deyir ki bu sahəyə marağı uşaqlıqdan oxuduğu kitablar yaratmış və onlara tarixi tədris edib sevdirən Əsəd müəllim inkişaf etdirmişdir. Bu sevgi onu Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakultəsinə aparıb çıxarmışdır. 30 ildən çoxdur ki öz ixtisası üzrə pedaqoq kimi çalışır. 1979-cu ildən mütəmadi olaraq arxeoloji qazıntılarla məşğuldur. Tarixi qalaları və yurd yerlərini araşdırır. Şübhəsiz, vətən torpağında ucalan hər qala mərdlik, igidlik, qəhrəmanlıq rəmzidir. Burovar sıra dağlarında düzülən qalaları saymaqla qurtaran deyil: Qazan köşkü, Bərə qalası, Narın qala, Oğlan qala, Qız qalası qədim tarixə malik mədəniyyət abidələridir. Aralarında bəzən 10 kilometrlərlə məsafə olan, bir-biri ilə əlaqəli bu qədim yaşayış məskənləri arasında sən demə gizli yeraltı keçidlər varmış.
 Elimizin soykökünü araşdırmaq, igidlərin ayağı dəyən müqəddəs yerlərin ləpirçisi olmaq onun alnına yazılıb. Vətənin ulu tarixini öyrənməkdən gözəl missiya ola bilməz- bu, Elşad Əmənovun həyat devizidir. Saxtalaşdırmalar baş alıb gedir. Tarixə mason-iudey ştampı vurulur. Hər şeyi iudey “sivilizasiyası” ilə bağlamağa çalışırlar. Elşad müəllim isə öz yolu ilə gedir. O tarixin elə bir dövrünü araşdırır ki, onu saxtalaşdırmaq mümkün deyil. Vətənin qədim tarixində elə açılmamış səhifələr var ki, onların açılması böyük xidmət hesab olunmalıdır. Digər tərəfdən arxeologiya tarixin elə sahəsidir ki, onun təkzibi imkansız sayılır. Çünki tarix elminin bu sahəsi yazılı qaynaqlara yox, birbaşa maddi abidələrə söykənməklə öz sözünü deyir ki, həmin sahədə əldə olunmuş tədqiqatlar az qala dəqiq elmlərə xas olan üstünlüyü qoruya bilir.
 Bu yerdə istər-istəməz Vətənimizə, onun təbii sərvətlərinə göz dikən, onun zaman-zaman tarixini saxtalaşdırmağa çalışan xarici düşmənlərimizə cavab olaraq bir şairin “Nə yaxşı Qobustan qayaları var!” misralarını xatırlamamaq olmur. Axı hər şeyin yerini, ünvanını dəyişməklə onu saxtalaşdırmağa çalışan qüvvələrin tarixi abidələrimizi daşımağa sadəcə imkanları yoxdur. Muğan ellərindən tapılan qoç abidələrinin hara aparıldığı, indi hansı dövlətin muzeyində saxlanıldığını təxmin edirik. Qahirədə iğtişaşlar zamanı firon mumiyalarını məhv etmək istəyən xarici güc qrupu müəyyən olundu. Qlobal Prediktor keçmişi silmək, öz tarixindən xəbərsiz zombilər sürüsü yetişdirmək niyyətindədirlər.
 Elşad müəllim tutduğu yolun çətinliklərinə rəğmən duyduğu şərəf hissi ilə enerjisini bütünlüklə arxeologiya sahəsinə yönəldib. Digər elm sahələrindən fərqli olaraq belə bir çətin sahəyə üz tutan Elşad müəllim təkcə zehni fəaliyyətlə öz işini bitmiş hesab etmir. Bu işin yayın qızmar günəşi altında həm də ağır fiziki zəhməti də var. Arxeoloqun bir elm adamı kimi həm də ağır fiziki işə qatlanması ondan seçdiyi peşə naminə böyük fədakarlıq tələb edir. Di gəl ki Elşad müəllimin özünün də qeyd etdiyi kimi, qazandığı uğurlar çəkdiyi zəhməti unutdurur.
 Yüksək intellektuallığı, mütaliləsi, həm də məşğul olduğu sahəyə dərin həvəsi onun işinə təkan verən amillərdəndir. Böyük xoşbəxtlik ondadır ki, işinlə hobbin üst-üstə düşsün. Elşad Əmənov kimi adamlar hal-hazırda vətənimizdə tək-tükdür. Əlbəttə, Sovet hakimiyyəti yaşasaydı, Elşad Əmənov kalibrdə tədqiqatçılar diqqət mərkəzində olardı və gördüyü işin müqabilində layiq olduğu mükafatını da alardı. Müstəqillik adlanan nəsnə bərqərar olandan sonra bir çox başqa vacib sahələr kimi belə məsələlər də dövlət qayğısından kənarda qalıb. Bu gün entuziazm üzərində çalışan Elşad müəllim necə milli düşüncə sahibi olmasını bir daha ortaya qoymaqdadır. O, vətən tarixinin tədqiqinə mənəvi ehtiyac duyduğu üçün müqəddəs amal naminə belə bir fədakar xidmətə qatılır. 
 Elşad Əmənovun gördüyü böyük işlər və əldə etdiyi nailiyyətlər nə vaxtsa özünün qədir-qiymətini alacaqdır. Bu ömrün özünün bir tarix olduğu qəbul ediləndən sonra. Bir tədqiqatçı kimi onun arxeologiya elminə verdiyi töhfə misilsizdir. Qeyd etdiyimiz kimi, onun bu sahədə sahib olduğu yer müəyyən edilməyib, qiyməti verilməyib. Elşad müəllim kimi insanlarımız nəinki Azərbaycan xalqına, bütün dünya xalqlarına təqdim olunmalı, bu cür dəyərli insanlarımız tanıdılmalıdır. Təəssüf ki bu gün Kəlbəcər dağlarında bayatı toplamaqla baş girləyənlərə hansısa etnosa mənsub olduğuna görə alim adı verilir, mükafata layiq görülür, amma arxeologiya kimi çətin bir sahədə bir institut adamın görə bilmədiyi işi görən cəfakeş bir azəri insanına isə qiymət verilmir. 
 Tanıyanlar yaxşı bilir ki, Elşad müəllim təkcə öz yaşadığı ərazidə yox, yaxın bölgələrə də araşdırma aparmağa böyük bir məmnuniyyət hissi ilə gedir. Bu isə böyük maddi xərclər tələb edir. Bütün çətinliklərə baxmayaraq Elşad müəllim əzmlə çalışır və və gəldiyi nəticələri elmi məqalələrlə ictimaiyyətə çatdırmağı da bacarır. Bir çox qəzetlərdə, əsasən yerli mətbuatda ara-sıra böyük rezonans doğuran elmi-tarixi məqalələri ilə çıxış edir. Oxucular hər dəfə onun yazılarını böyük səbirsizliklə gözləyirlər. Belə məqalələrin şəxsən özü tədqiqatlar aparan, araşdırdığı tarixi yerləri qarış-qarış gəzən, hər cığırına bələd olan müdrik və təcrübəli tarixçi tərəfindən qələmə alınması onların dəyərini daha da artırır. Şübhəsiz bu çox ağır, amma eyni dərəcədə şərəfli bir işdir.
 O cümlədən Elşad müəllimin bir çox şagirdləri vardır ki, onun tutduğu şərəfli yolu əzmlə davam etdirirlər. Şagirdləri dəfələrlə ümumrespublika bilik yarışmalarında fərqləniblər. Hər il onun dərs dediyi uşaqlar müxtəlif ali məktəblərə qəbul olurlar. Deyir ki, mənim əsas qayəm öz ruhumu şagirdlərimə ötürməkdir. İki oğlu, dörd qızı var. Özündən sonra tarixi tədqiqatlarını bu sahəyə böyük marağı olan oğlu Tərlan Əmənov davam etdirəcək.
 Elşad müəllim bu gün bir tədqiqatçı kimi yeni qayğılarla yaşayır: tədqiq etdiyi yerləri təbii aşınmalardan və insan amilindən qorumaq. Maddi tarixi xəzinəni saxlayıb gələcək nəsillərə çatdırmaq istəyi Elşad müəllimi hər an məşğul edir. Elşad müəllim el yolunda bir növ qəlbini məşələ çevirmiş Prometeyidir.  Bu güb o, xalqınmızın tarixi yaddaşının mühafizəçisi olmaqla yanaşı, həqiqətləri xalqa çatdırmaq üçün heç nə ilə əvəz oluna bilməyən missiyanı öz çiyinlərində daşımaqdadır. Onun elmi-tarixi məqalələri xalqımızın tarixi keçmişi ilə bağlı narahatçılıq çağırışları kimi də qəbul oluna bilər.
 Elşad Əmənovun ömrü bir tədqiqatçı alim kimi vətəndaş yanğısı ilə millətin xidmətində göstərdiyi yorulmaz fəaliyyətdə ötüb keçməkdədir. O, öz şərəfli ömür yolu ilə millət və məmləkət maraqları üçün elə bir dəyərli xidmət göstərmişdir ki, misli yoxdur. Millətin qaranlıq tarixinə işıq salan ömür özü tarixləşir. Ən azından millət üçün qaranlıq qalan bir tarixin millətə çatdırılması işinə həsr olunduğundan bu ömür ellərimizin tarixi yaddaşında özünə yer tutacaqdır.

Комментариев нет:

Отправить комментарий